ELMAN QULİYEV 60

 

Bugünlərdə filologiya üzrə elmlər doktoru, professor Elman Quliyevin 60 yaşı tamam olur.

Təkcə Azərbaycanda yox, türk dünyasında tanınan, seçilən alim yazdığı əsərləri, kitabları sonsuz sayda məqalələri, ümumtürk ədəbiyyatşünaslıq elminin inkişafı üçün gördüyü işlərlə elmi-ədəbi mühitin sevgisini, sayğısını qazanıb.

Elman müəllim mənə Azərbaycan Dövlət Pedaqoji Universitetində həm bakalavr, həm magistr pillələrində dərs deyib. Onun qədim dövrdən müasir zamana kimi türk xalqları ədəbiyyatını müqayisəli şəkildə öyrətməsi, dərsi bütün ruhu ilə keçməsi, düşündüklərini tələbəyə çatdırmaqdan ötrü sözünü əsirgəməməsi heç yadımdan çıxmır. Bu mənada 60 yaşına çatan müəllimim haqqında hər şeydən əvvəl onu deməliyəm ki, o, qətiyyən qısqanc deyil, özündən sonrakı nəsilə , həmkarlarına qarşı da səxavətlidir. Bildiklərini öyrətməyə, bölüşməyə, əlindən gələn köməyi etməyə hər an hazırdır elmə yeni-yeni gələn bir çox gənclər məhz bundan, Elman müəllimin səxavətindən pay götürüblər. Rəhbəri olduğu "Türk araşdırmaları" elmi-tədqiqat mərkəzində gördüyü səmərəli işlərlə, təşkil etdiyi tədbirlər konfranslarla Elman müəllim bir çox gənclərin yetişməsinə, elm yoluna qədəm qoymasına səbəb olub. Bu məqamda mən öz minnətdarlığımı bildirməyi vəfa borcu hesab edirəm. Dissertasiya işimin müzakirəsində , sonralar da yazılarımın Türkiyə konfranslarına göndərilməsində köməyini əsirgəməyən Elman müəllimə xüsusi təşəkkür etmək istərdim.

Hesab edirəm ki, 60 yaşına qədəm qoyan bəhrəli ömrünün zirvə nöqtəsinə çatan insan üçün ən böyük mükafat elə tutduğu yolun özüdür. Çalışdığımız "Azərbaycan dünya ədəbiyyatı" kafedrasında, professor Himalay Qasımovun rəhbərliyi ilə keçirilən müzakirələrdə Elman müəllimin ən müxtəlif mövzularla bağlı orijinal fikirlərinin, qeyri-adi mülahizələrinin şahidi olmuşam. Bütün bu özünəməxsusluğu, elmi araşdırmalarına da fərqli tərəfdən yanaşması onun əsərlərində, kitablarında görünür. Ümumiyyətlə, məncə, alim haqqında ən dəqiq sözü onun kitabları, araşdırmaları deyir. Amma Elman müəllimin 55 yaşı münasibətiylə çapdan çıxan "Ömür səhifələri" kitabını vərəqləmək bu dəyərli alim haqqında dolğun təsəvvür yaradır.

Haqqında söz açdığım kitabda ədəbiyyatşünaslıq elmimizin nüfuzlu qələm sahiblərindən tutmuş, bu sahəyə yeni qədəm qoyan gənclərə kimi, yubilyarın ailə üzvlərinə, dostlarına kimi hər kəs ürək sözlərini, fikirlərini qələmə alıb. bu mənada kitab bütöv bir ömrü ifadə edir.

Akademik İsa Həbibbəyli "Ədəbiyyatşünaslıq elmində bəlli bir sima" adlı məqaləsində yazır: "Elman Quliyev yeni epoxanın geniş dünyagörüşüna malik, ciddi araşdırmaların ümumiləşdirmələrin müəllifi olan yüksək hazırlıqlı, peşəkar türk ədəbiyyatı mütəxəssisi kimi diqqəti cəlb edir. Elman Quliyevi Azərbaycan elmində yeni dövrün ədəbiyyat ağırlıqlı türkologiyasının yaradıcılarından biri hesab etmək olar. Professor Elman Quliyevin Azərbaycan ədəbiyyatına dair tədqiqatları da həm ölkə ədəbiyyatşünaslığında, həm ümumtürkoloji ədəbiyyatşünaslıq mühitində xüsusi çəkiyə malikdir".

Hörmətli akademik İsa Həbibbəylinin məqaləsindən gətirdiyim bu parça Elman müəllimin elmi araşdırmalarının qısaca şərhi kimi səslənir. Bu mənada elə kitabdakı digər alimlərin - akad.Nizami Cəfərovun, prof.Gövhər Baxşəliyevanın, prof.Himalay Qasımovun, prof.Zahid Xəlilin, prof.Nizaməddin Şəmsizadənin, prof.Məhərrəm Qasımlının, prof.Yaqub Babayevin səmimi yazıları Elman müəllimin bu keşməkeşli yolda gördüyü işləri daha yaxşı anlamağa yardımçı olur.

Professor Elman Quliyev Azərbaycanın gözəl təbiətli Cənub bölgəsində, Lerikdə anadan olub. Heç şübhəsiz ki, o dağların, meşələrin, təbiətin onun xarakterinə, yazılarına təsiri az deyil. Eyni bölgədə dünyaya gələn yazıçı-publisist Novruz Nəcəfoğlu Elman müəllimin uğurlarını həm doğulub boya-başa çatdığı yerlərlə, tərbiyə aldığı ailə ilə bağlayır: "Kələxanlı Quliyevlər cənub bölgəsinin ağır-urvatlı, tanınan söy-köklərindəndir bu soykökündən adı el-obada hörmətlə çəkilən neçə-neçə comərd kişilər yetişib. Keçən əsrin 50-ci illərində, Mircəfər Bağırov rejimi dövründə Respublika prokurorunun müavini vəzifəsində çalışıb, o illərin acı ruzigarından qeyrəti, cəsarəti sayəsində salamat qurtaran Ağa Quliyevlər, Özbək Quliyev, elə Araz müəllimin, Qəhrəmanın, Elman müəllimin ataları Hilal Quliyev. Hələ mənim şəxsən ünsiyyətdə olmadığım daha neçə-neçə kələxanlı alim, müəllim, həkim..."

Yazı masasına bağlanmaq, sanballı elmi araşdırmaları aparıb qalın kitablar yazmaq sadə məsələ deyil əlbəttə. Amma bunlarla yanaşı, ictimai işlər , təşkilati məsələlər xüsusi bacarıq məharət tələb edir. Elman müəllim uzun illərdir ki, rəhbəri olduğu "Türk araşdırmaları" elmi-tədqiqat mərkəzinin xətti ilə qardaş Türkiyə ilə birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı elmi əlaqələrin yaradılması, inkişafı baxımından böyük işlər görüb. Təsadüfi deyil ki, bu günlərdə Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Erkan Özoral professor Elman Quliyevə təbrik təşəkkür məktubu ünvanlayıb. Həmçinin, Beynəlxaql Türk Mədəni Təşkilatı TÜRKSOYla da müxtəlif layihələrin həyata keçirilməsində Elman Quliyevin xüsusi xidməti var. Azərbaycan Dövlət Pedaqoji Universitetində TÜRKSOY kafedrasının yaradılmasında onun da əməyini qeyd etmək lazımdır.

Bütün bu elmi, ictimai, pedaqoji fəaliyyəti ilə bərabər, Elman Quliyev həm doğmalarına qeyri-adi dərəcədə bağlı olan ailə başçısıdır. Haqqında söz açdığım kitabda həyat yoldaşı Səbirə Quliyevanın, oğlu Elmarın, qızları Ülkərin, Fidanın, gəlini Könülün ürək sözlərindən bu ailənin möhkəm təməllər üzərində durması, yumruq kimi bir olması duyulur. Həyat yoldaşı Səbirə xanım "Ailəmizin fərəhi, hamımızın ümidi" məqaləsində yazır: "Elman gözəl ömür-gün yoldaşı, ailə başçısı, mehriban, qayğıkeş ata səmimi insandır. O, həm bütün nəslin qayğıkeşi ağsaqqalıdır. Hədsiz dərəcədə qürurlu olan bu insan haqqında qədər xoş sözlər desəm, yenə az olar. O, öz eli, obası, kəndi ilə nəfəs alan bir insandır. Bakıda yaşamağımıza baxmayaraq, hər gün öz doğma kəndi Kələxanla bağlı xoş xatirələri yada salır, xəyalən bizi keçmişə aparır. O, elcanlı adamdır məncə, ömrünün sonuna kimi onda bu sevgi tükənməyəcək. O, xalqın xidmətində durmağı özü üçün şərəf borc bilir, əlindən gələni heç kəsdən əsirgəmir".

Elman müəllimin qızı Ülkər də onun yolunu davam etdirir, ötən il Mirzə İbrahimov yaradıcılığı əsasında yazdığı fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə edib filologiya üzrə fəlsəfə doktoru adına layiq görüldü. O, atası haqqında yazdığı məqalədə Elman müəllimin valideyn xarakterini dəqiq və səmimi şəkildə şərh edir: "Həyatda mənim idealım atamdır. O, xaraktercə ziyalı bir insandır. Bu xüsusiyyət bizim ailəmizin ruhuna kök atmışdır, bizim formalaşmağımıza təsir etmişdir. Mən qürur hissi keçirir və fəxr edirəm ki, Elman Quliyev kimi bir şəxsiyyətin, şöhrəti nəinki respublikada, həmçinin, respublikadan kənarda yayılmış bir alimin, çoxsaylı kitablar, dərsliklər, monoqrafiyalar müəllifi olan bir professorun, sözün həqiqi mənasında gözəl bir ziyalının, xeyirxah əməlləri ilə hamının sevgisini qazanmış insanın övladıyam".

Professor Elman Quliyevin həyatının, elmi yaradıcılığının müxtəlif yönlərinə toxunmağa, 60 yaşına qədəm qoyan müəllimimin gördüyü işləri fərqli insanların yazılarından nümunələrlə izah etməyə çalışdım. Lakin bu məqamda bir kiçik xatirəmi bölüşmək istərdim. Bir neçə il öncə Elman müəllimin yenidən "Türk araşdırmaları" elmi-tədqiqat mərkəzinin rəhbəri vəzifəsinə seçki keçirilirdi. Seçkinin nəticələri elan olunandaElman Quliyevin yenidən bu vəzifəyə seçilməsi bəlli olanda Himalay Qasımovun öz dostuna görə necə sevinməsini sadəcə görmək lazım idi. Yanındakı, ətrafındakı, dost bildiyi adamlara xüsusi münasibətiylə seçilən Himalay müəllimin Elman Quliyevə həsasslığının, sayğısının, dost sevgisinin şahidi olmuşam həmişə. Ona görə, məncə, Elman müəllimin yubileyinə həsr olunmuş səhifədə professor Himalay Qasımovun "Nurlu şəxsiyyət, əsl ziyalı, nəcib insan" məqaləsi yubilyar haqqında daha dolğun və dəqiq məlumat verər. Ona görə mən öz adımdan, çalışdığım "Azərbaycan və dünya ədəbiyyatı" kafedrasının əməkdaşları adından Elman müəllimi ad günü, 60 illik yubileyi münasibətiylə təbrik edirəm, ona can sağlığı, yeni-yeni yaradıcılıq uğurları diləyirəm, professor Himalay Qasımovun məqaləsini oxucularımıza təqdim edirəm.

 

PƏRVİN

525-ci qəzet.-2018.- 6 iyul.- S.7.