Abbasəli əmi

 

Avara, yaxud səfil adamları görəndə nədənsə başqa bir adamı yox, məhz gözdən əlil olan Abbasəli əmini xatırlayıram.

Abbasəli əmi kənddən gəlib şəhərin ətrafındakı kolxozda işə girmişdi. On altı yaşlı oğlu Ənvər at arabası sürürdü, özü və arvadı Nubar xala sıravi kolxozçu idi; iki qızı məktəbə gedirdi, birinin adı Cəmilə idi, o birinin də adı Lətifə...

Bunları deməyə də bilərdim, amma deməliyəm, çünki Abbasəli əmini oxuculara daha yaxında tanıtmaq istəyirəm. Bilsinlər ki, Abbasəli əmi təkcə işgüzar bir adam deyildi, həm də çox yaxşı bir ata idi...

Abbasəli əmi anadangəlmə kor idi. Amma heç deməzdin ki, kordur; iri gözləri vardı. Əllərini oynada-oynada danışırdı. Əlləri hansı səmtə yönəlirdisə gözləri o tərəfə baxırdı. Bəzən onun görmədiyinə adam şübhə edirdi... Bədənini dümdüz tuturdu çox qıvraq yeriyirdi; sağ əlindəki ağacın ucunu tez-tez yerə vururdu, sanki yerdə qapı vardı, döyürdü o qapını. Ona elə gəlirdi indicə o qapı açılacaq, o da o qapıdan içəri-yeraltı dünyaya daxil olacaq. Amma qapı açılmırdı. Abbasəli əmi isə inadla o qapını döyürdü; yəqin əmin idi ki, günlərin birində o qapı üzünə açılacaq...

Abbasəli əmi bu xüsusiyyətləri ilə diqqətimi çəkmişdi məni özünə məftun eləmişdi.

...Abbasəli əminin evi ilə kolxozun üzüm bağı arasında bir, ya da bir kilometr yarım məsafə olardı. Bu məsafədə nəyin harada olduğunu gözlü adamlardan daha yaxşı bilirdi. Əlindəki çox da yoğun olmayan ağacı onun gözü idi; o ağacın ucu dəyən yer yaddaşına həkk olurdu, o yerdən sərbəst keçib gedirdi...

Abbasəli əmi bağbanın köməkçisi idi: tənəkləri ot-ələfdən, küzdən təmizləyirdi... Boş vaxtı da qalanda həyətində saxladığı beş-altı erkək quzuya xəsil tədarük edirdi; onun "ellisi", Kilidli Məhəmməd kişi ona kömək eləmişdi: kolxoz sədri Bayram kişini inandırmışdı ki, üzüm tənəklərinin ot-alafını Abbasəli kişidən yaxşı heç kim təmizləyə bilməz. Kolxoz sədri Bayam kişi yaxşı adam idi, zındıq deyildi, dırnaq dibi tutmamışdı, Məhəmməd kişi ilə razılaşmışdı. Yoxsa bəziləri kimi olsaydı, min əziyyətlə bəslədiyi beş-altı erkək quzunun ən azı ikisini onun əlindən alardı...

Abbasəli əmi o quzuların ikisini, ya da üçünü payızda qovurub qış uzunu ailəsinin əmirini aşırırdı, qalanını satırdı, kolxozdan əməkgününə aldığı az bir pulla ailəsini birtəhər dolandırırdı...

Yazın burnu açılandan ta qar yerə düşənədək Abbasəli əmi kolxozun üzüm bağında olurdu; bağda ona tapşırılan işi can-başla görürdü, həm bəslədiyi erkəklər üçün ot-alaf daşıyırdı. Elə ki, qar düşürdü, bağdan əl-ayaq çəkilirdi, gedirdi kolxozun idarəsinin həyətindəki emalatxanaya; araba təkəri düzəldirdi. Qış uzunu bu işlə məşğul olurdu. Yazda yenə qayıdırdı öz işinə: bağa...

O vaxtkı üzüm bağı xan-bəy dövründən qalmışdı, indiki üzüm bağlarından fərqlənirdi: tənəklər şpalerə qaldırılmamışdı, kərdilərdə əkilmişdi kərdilər çox dərin idi. Üzüm tənəklərinin qol-budağı kərdinin kənarında, hündürdə idi. Abbasəli əmi sol əlini tənəklərin yan-yörəsinə sürtüb ot-alafı tutur, sağ əlindəki oraqla otu biçirdi. Sonra onları bir yerə yığır, xorumlayır, şələləyib aparırdı. Ot xoruma gəlməyndə iri kisələrə doldurur, ağzını yaxşıca bağlayır, ipi kisələrin kənarlarından səliqə ilə keçirib düyür, dalına alıb aparırdı. Elə ki, tənəklərin ətrafında ot-alafı təmizləyib qurtarırdı, keçirdi xiyabanlara. Barmaq boyda qalxmış otları biçib kisələrə yığırdı...

Abbasəli əmi hər gün evlərinə iki ayaq ot aparırdı: bir səhər, bir axşam; yazda da, yayda da, payızda da...

Onun bu işgüzarlığı sağlam adamları belə heyran edirdi. Abbasəli əmini tanıyanlar uşaqlarına onu nümunə göstərirdilər: - Baxın o kişiyə, utanın, tənbəlliyin daşını atın.

Belə... Bəzi cavanları - işləmək istəməyən, avara, tüfeyli gəzənləri görəndə gözdən əlil Abasəli əmini xatırlayıram ona rəhmət oxuyuram...

 

 

Göz yaşı muzeyi

 

- İtin ağlamağını heç görmüsünüz? , ağlamağını... Bilirsiniz necə ağlayır?

Ayçin Gülçinə, Gülçin Ayçinə baxdı. Başlarını kədərli-kədərli yellətdilər. İtin ağlamağında sanki onlar təqsirkar idilər, günahlarını etiraf etməyə cəsarətləri çatmırdı. - Yox, yox, görməmişik. İt ağlayar? Məgər insandı ağlasın? - Bu sözləri ikisi eyni vaxtda dedilər nigarançılıqla babalarına baxdılar. - Ona daha yaxın oturdular.

- , mənim balalarım, bu, çoxdan olub: mən sizin kimi uşaq olanda... Qarabaş adında qoca bir itimiz vardı; başının qaralığına görə atam bu adı ona vermişdi, bədəni isə idi, üstündə qara xalları vardı, lap əldən düşmüşdü. gələnə hürürdü, gedənə. Vecsiz-vecsiz qurdalanırdı. Yeməyi güc-bəla ilə yeyirdi; bu əngindən o ənginə, o əngindən bu ənginə ötürürdü...

Atam çox götür-qoy etdikdən sonra Qarabaşı azdırmaq qərarına gəldi: anam, mən kiçik bacım qədər təkid eləsək , qərarından dönmədi. Boğazına bağlanmış qayışı açıb küçəyə buraxdı ki, çıxıb getsin. Qoca köpək küçəboyu qaçdı, başqa bir küçəyə dönüb yox oldu. - Qoy gedib ömrünün son günlərini sərbəst yaşasın, çox bağlı qalıb, qayış boynunu balqabaq saplağına döndərib. Baxanda yazığım gəlir, - deyə atam özünə haqq qazandırmaq istədi...

Qarabaşa görə anam, mən bacım narahat olduq; atam da peşman idi, dinib-danışmırdı, tez-tez həyətə çıxırdı, itin boş qalmış damına baxırdı... Baxmaqla olacaqdı ki? Qarabaş yox idi... Daha yuvasının qabağında durub küçə qapısına baxa-baxa hürmürdü...

...Anam axşam süfrəsi açdı. Atam bir-iki tikə yeyib qalxdı, anam da onun kimi. Mən balaca bacım da onlar sayağı nahar etdik. Bacımla dərslərimizi oxuduq; əslində, oxuduğumuzu heç özümüz bilmirdik, fikrimiz Qarabaşın yanında idi. Bacım doluxsunmuşdu, az qalırdı ağlasın, güclə özünü saxlayırdı. Anam paltar ütüləyirdi, atam isə televizora baxırdı; hiss olunurdu ki, onlar da itin barəsində düşünürlər. Əslində, narahat olmağa dəyərdi: axı Qarabaş neçə illər idi ki, bizim qapıda idi, mən , balaca bacım da gözümüzü açıb onu həyətimizdə görmüşdük...

Küçə qapısı döyülən kimi oldu; gah taqqıltı, gah da qapıya sürtünən cırmaq səsləri eşidildi. Atam tez qapıya çıxdı; mən onunla... "Qarabaş, sənsən" deyəndə ürəkləndi, atama sarı getdi, başını ayaqlarına sürtdü. Mən onu qucaqladım: "Qarabaş, yaxşı gəldin" - dedim hönkürdüm. Qarabaş mənim səsimdən diksinən kimi oldu, başını qaldırıb gah mənə, gah da atama baxdı birdən gözlərindən yaş süzüldü. İt ağlayırdı, insan kimi ağlayırdı. İnsandan fərqi o idi ki, hönkürmürdü, səssiz ümidsiz ağlayırdı. Atam yaman kövrəldi, ağlamağını güclə saxladı. Qapını açdı. - Keç içəri, keç, bir səhvdi eləmişəm, - dedi.

Qarabaş göz yaşları tökə-tökə həyətə təpildi, qaçıb yuvasına girdi, tez çıxdı. Atam qayışı onun boynuna keçirdi. Mən evə qaçıb Qarabaşın qayıtması xəbərini anamla bacıma çatdırdım. qədər sevindiklərini təsəvvür edirsiniz? , çox sevindilər; az-az hallarda insan o cür sevinir...

Bir neçə gün keçdi. Qarabaşın halı xarablaşdı, halsız-halsız yerə uzanıb gözlərini bir nöqtəyə dikdi. Bir azdan sonra isə gözləri qapandı.

Qarabaşın ölümünə hamımız kədərləndik; məndən kiçik olan bacım isə hönkürüb ağladı. Anam onu güc-bəla ilə ovutdu. Atam isə qəmli bir səslə dedi:

- Yaxşı ki, qayıdıb gəldi, illərlə yaşadığı, onun üçün bir doğma yerə çevrilmiş yuvasında rahatlıqla öldü... Başqa yerdə belə rahatlıqla ölməyəcəkdi: çox güman ki, yeri əlləri, ayaqları ilə cırmaqlaya-cırmaqlaya öz doğma yuvasına tərəf sürünəcəkdi...

İtin ağlamağna indi inandınız?! - Cavab gözləmədi, davam etdi. - Əlbəttə inandınız... Dili, ağzı olmayan heyvan elə ağlayanda görün el-obasından, doğma ev-eşiyindən zorla qovulan insanlar necə göz yaşları tökürlər. O göz yaşları bir-birinə qarışsa, çaylar əmələ gələr...

Ağlıma bir fikir gəlib: istəyirəm dünyanın ən mötəbər, sözü keçən təşkilatlar qarşısında bir məsələ qaldıram, daha doğrusu, tələb irəli sürəm. Qoy, o təşkilat bir muzey yaratsın: Göz yaşı Muzeyi. O muzey dünyanın ən hündür zirvələrindən birində tikilsin. Oraya dünyanın əzab çəkən millətlərinin, adicə bir vətəndaşın, lap adicə bir canlının göz yaşları qoyulsun. İnsanlar gözəl, səfalı yerləri görməyə can atdıqları kimi, o muzeyi də görməyə can atsınlar. Həmin muzeyə baxsınlar və düşünsünlər: göz yaşı axıtmağa dəyərmi?

Ayçin Gülçinə baxdı, Gülçin də Ayçinə.

- Gülçinim, Ayçinim, sualı sizə vermirəm; gələcək insanlaradır bu sualım. O insanlara ki...

 

Bayram İSGƏNDƏRLİ

525-ci qəzet.-2018.- 12 iyul.- S.8.