Şahin Musaoğlunun yubiley tədbiri: "Cənab leytenant-55"

"Cənab leytenant", "And içirik", "İgid əsgər"... Uşaqlıqdan dilimizə düşmüş mahnılarıdır hamısı. Hər biri özündə o qədər gözəl, o qədər doğma xatirələr cəmləyib ki...

5-ci sinifdə oxuyandan əvvəlcə sinfimizin, sonra isə bütün məktəbin tədbir ssenarilərini mən yazar, təşkilatçılıq da edərdim (ilk illərdə ədəbiyyat müəllimlərimin köməyi ilə, sonralar isə təkbaşıma). Məktəbin ən seçilən sinfi olduğumuzdan rəhbərlik bizdən ildə ən az 3-4 tədbir hazırlamağımızı gözləyirdi. Edirdik də. Dövlətimizin tarixində iz buraxmış ən önəmli hadisələr diqqətimizdən yayınmaz, mütləq yad edilərdi. Yuxarıda adlarını çəkdiyim o mahnılar da bu tədbirlərin vaz keçilməzləri idi. İndinin özündə də tez-tez dodaqaltı zümzümə etdiyim, hər dəfə mənə munis hisslər yaşadan nəğmələrdir onlar.

Sonralar həmin mahnıların müəllifi şair, bəstəkar Şahin Musaoğlu ilə də tanış oldum. Öyrəndim ki, Şahin müəllim Xalq şairi Zəlimxan Yaqubun vəfatından sonra Azərbaycan Yazıçılar Birliyinin (AYB) Hərbi vətənpərvəlik komissiyasının sədridir. Əlbəttə, bu təyinat Azərbaycan musiqisinə bu cür vətənpərvlik mahnıları, marşları bəxş edən insana da yaraşardı. O da fərqindədir bu mahnıların bizim uşaqlığımıza həkk olunduğunun.

Bugünlərdə isə Şahin müəllimin 55 illik yubiley tədbirinə hazırlıqlar gedirdi. "Cənab leytenant-55" adlı tədbir iyulun 11-i Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirildi. Mən zala daxil olanda tədbirin moderatorluğunu edəcək AYB-nin katibi Rəşad Məcid sözə hələ yenicə başlamışdı. Bir kənarda dayanıb Rəşad müəllimi dinlərkən gözüm də zalda oturmaq üçün münasib yer axtarırdı. Tədbirin hələ indicə başlamağına baxmayaraq, bütün zal demək olar ki, dolmuşdu. Bu, tez-tez rast gəlmədiyimiz bir mənzərədir. Əlbəttə, bu qədər insanı buraya toplayan Şahin Musaoğlunun şəxsiyyətinə və yaradıcılığına olan sevgidir.

Rəşad müəllim isə qonaqları salamladıqdan sonra yubilyar haqqında məlumat verir: "Şahin Musaoğlu 90-cı illərin əvvəllərindən etibarən yazdığı mahnıları, şeirləri ilə gənclərə vətənpərvərlik ruhunu aşılayan insandır. Onun yazdığı "Cənab Leytenant". "İgid əsgər" kimi mahnıları illərdir ordumuza, əsgərlərimizə ruh verir". O da çıxışında Şahin Musaoğlunun AYB-dəki vəzifəsini vurğulayır: "Bu qısa müddətdə Şahinin hüquq-mühafizə orqanları ilə, ordu ilə yazıçılar birliyinin əlaqələrinin qurulmasında, hərbi vətənpərvərlik işinin təşkilində mühüm xidmətləri oldu".

Rəşad müəllimin tədbiri açıq elan etməyindən sonra ekranda Şahin Musaoğlunun həyat və yaradıcılığına həsr olunmuş kadrlar göstərildi. Burada Şahin müəllim özünün təmkinli, sakit və huzurlu siması ilə özü, ailəsi, uşaqlığı haqqında danışırdı. Videoda diqqətimi çəkən əsas məqam isə onun atası ilə bağlı xatirələri oldu. Şahin müəllim atasını həmişə çox ciddi, sevgisini bildirməyən, hətta onun toyunda belə qol qaldırıb oynamayan bir insan kimi xatırlayırdı. Amma onun bu cür yetişməyində, dünyagörüşünün formalaşmağında, vətəninə, xalqına sevgi ilə tərbiyə olunmağında atasının rolunu da vurğulayırdı. İnsanın öz atası barədə qürurla söz açmağından gözəl nə ola bilər ki...

Videodan sonra Rəşad Məcidin dəvəti ilə Şahin müəllim səhnədəki yerini alır və tədbir rəsmi şəkildə başlayır.

İlk təbrik çıxışı AYB-nin sədri, Xalq yazıçısı Anara aiddir. Anar müəllim özünəməxsus koloritlə çıxış edərək çoxumuzun şair, bəstəkar kimi tanıdığımız yubilyarın həkimliyinə də diqqət yönəldir: "Tarixdən yazıçı-həkimlər çox tanıyırıq. İstər xarici, istərsə də milli ədəbiyyatımızda insanların həm fiziki, həm də mənəvi həkimi olan yazıçılar heç də az olmayıb. Amma həkim-şair-bəstəkar olan insan mənim yadıma gəlmir. Bu özəllik təkcə Şahin Musaoğluna qismət olub. O, hər üç sənəti ilə insanları müalicə edir. Şahinin ən böyük xidməti odur ki, o, indiki zamanda çox vacib olan patriortik mahnılar yazır. İndi belə mahnılar çox azdır. Ehtiyac isə böyükdür. Biz də bunlara görə AYB-nin Hərbi Vətənpərvərlik komissiyasına sədr kimi rəhmətlik Zəlimxan Yaqubdan sonra onu layiq gördük. O da bizim bu etimadımızı hər zaman doğruldur, yazıçıları orduya, əsgərlərimizə bir az da yaxınlaşdırmaq üçün çox böyük işlər görür".

Anar müəllimdən sonra A.Şaiq adına Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyuq" teatr studiyasının aktyorları Rəhim Rəhimov və Selcan Xatunun təqdimatında Rəsul Rzanın "Bir gün mənsiz qalacaqsan" elegiyası əsasında hazırlanan səhnə kompozisiyası nümayiş olundu. Fikrimcə, tədbirin ən təsirli və ağrılı məqamı da məhz bu idi. Ata-qız qəmli mahnının sədaları altında sözsüz jestlərlə anasızlığın acısını, əzabını tamaşaçıya ötürürdülər.

Sonra Əməkdar artist Nazir Rüstəmov Ş.Musaoğlunun "Bəzəksiz düzəksiz yazılır həyat" şeirini səsləndirdi.

Ş.Musaoğlu ilə çox yaxın dost olduğunu deyən şair Ramiz Rövşən isə çıxışında onun əvvəlcə mahnılarını eşitdiyini söylədi: "Bu mahnılar mənə çox təsir etmişdi. İndi də o dövrün havasını, düşüncəsini məndə saxlayan mahnılardır. Daha sonra isə onun şairliyindən və həkimliyindən xəbərdar oldum. O, bütün sahələrdə uğurludur. Ancaq onun sənətindən, həkimliyindən də yüksəkdə duran insanlığı, dostluğudur".

Ramiz müəllimin toxunduğu həkimlik mövzusu məclisdə xüsusi canlanma yaratdı. Rəşad müəllim özünün xatirəsini bölüşdü. Elə bil o musiqinin, şeirin təsiri ilə yadımızdan çıxan həkimlik yenidən hamının yadına düşdü.

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı Şaiq Məmmədov xidmət rəisi, general-leytenant Arzu Rəhimovun təbrik məktubunu oxudu, vətənpərvərliyin təbliğindəki xidmətlərinə görə qurumun diplomunu yubilyara təqdim etdi. Bu təqdimatın ardınca növbəti təltif Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyindən gəldi. Birliyin nümayəndəsi sədr Mehdi Mehdiyevin təbrikini və vətənpərvərlik xidmətinə görə medalını Ş.Musaoğluna təqdim etdi.

Bundan sonra tədbirin ab-havası tamamilə dəyişdi. Nazir Rüstəmov və Püstəxanım Zeynalovanın ifasında "Səfərbərlik marşı" şeiri və "Cənab leytenant-Patriot" qrupunun ifasında "Çağırış marşı" mahnısı (sözləri Xəyal Rzanın, musiqisi Şahin Musaoğlunun) zalda bir coşğunluq yaratdı. Hərbi geyimli oğlanların, həmçinin zaldakı tamaşaçıların əllərində dalğalanan Azərbaycan bayrağı insanda qürur, fəxr hissi yaradırdı. İstər-istəməz yadıma son günlər hamımızı narahat edən Gəncə hadisələri düşdü. Ondan bircə gün əvvəl baş verən və iki polis zabitinin ölümü ilə nəticələnən iğtişaşlar xalqda ruh düşgünlüyü yaratmışdısa, buradakı birlik, qürurla başımız üzərində dalğalanan Azərbaycan və Türk bayraqları bu xalqın heç bir təxribatla, iğtişaşla yenilməyəcəyini, hər zaman dövlətinin ətrafında bir yumruq kimi sıx birləşəcəyini bir daha göstərdi.

Konstitusiya Məhkəməsinin nümayəndəsi Şahin Rüstəmov yubilyarın şəxsiyyətindən, vətənə, elinə, obasına sədaqətindən söz açdı: "Şahin sözün əsl mənasında xalqını, vətənini sevən adamdı. Ona görə də əsgərlərimiz onun mahnılarını sevə-sevə oxuyurlar".

Rəşad müəllim dedi ki, sən demə, həmin gün Ş.Rüstəmovun da doğum günü imiş və hər ikisi bu illər ərzində həmişə birgə qeyd edərmişlər. Elə həmin gün də birgə qeyd etdilər.

Çıxışdan sonra P.Zeynalova Ş.Musaoğlunun "Vətən oğullar üstədir" şeirini, Savalan qrupunun rəhbəri Novruz Novruzlu isə musiqisi yubilyara aid "Heyran türkün bayrağına" mahnısını ifa etdilər. Bütün mahnılar boyu hər iki türk bayrağı bir günəş kimi başımızın üzərində dalğalanırdı.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli çıxışında Səfərbərlik Xidmətinin 100 illik yubileyini xatırladı və bu yubiley tədbirinin bu gün keçirilməsinin təsadüf olmadığını dedi. O, vətənpərvərlik mahnıları ilə ürəklərdə özünə yer tapan Ş.Musaoğluna qələbə marşını yazmağı arzuladı.

Tədbirin davamında P.Zeynalova "Payız" şeirini səsləndirdi. Mərkəzi Zabitlər Evi rəqs ansamblının ifasında söz və musiqisi Ş.Musaoğluna aid "Qəlbin payızı" valsı təqdim olundu.

Bakıdakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmir Azərbaycan və Türkiyə qardaşlığından, Ş.Musaoğlunun türklüyün təbliğindəki rolundan söz açdı.

N.Rüstəmovun "Vətən" şeiri ilə yaşatdığı coşğunu balaca müğənni Nuray Rəhman hamımıza çox doğma olan "İgid əsgər" mahnısı ilə davam etdirdi.

Tədbir boyunca Ş.Musaoğluna ən doğru bənzətmələrdən birini tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu söylədi: Vətəndaş şair.

Qiraətçi N.Rüstəmov həmin gecədə səhnəyə son dəfə "Bura Vətəndir" şeirini səsləndirmək üçün çıxdı. Gənc müğənni Könül Xəlilzadə isə bu şeirin davamında "Yurd həsrəti"ni ifa etdi (söz və musiqi Ş.Musaoğlunundur).

Tarix elmləri doktoru, professor Solmaz Tohidi və "Cənab leytenant- Patriot" qrupunun musiqi rəhbəri Kəmalə Murtuzova da çıxışlarında yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları dilədilər.

Nəhayət, uşaqlığımızın mahnısı "Cənab leytenant"ı Vaqif Gərayzadənin tələbəsi Nərgizdən dinlədik. Nərgizin tək gitara ilə canlı ifa etdiyi mahnıya bütün zal ayaq üstə qoşuldu.

Sonda mikrofonun qarşısına yubilyar keçdi. Həyəcanı və içindəki fərəh gözlərindən, əllərindən bəlliydi. O da sözü çox uzatmadı, tədbirin keçirilməsində əməyi olan, çıxış edən hər kəsə təşəkkürünü bildirib sözü bədii rəhbəri olduğu "Cənab leytenant- Patriot" qrupuna verdi. Balaca ifaçılar bütün qonaqlarla birgə "And içirik" dedilər. Onlarla birgə hər birimiz üçrəngli şanlı bayrağın hüzurunda bir daha and içdik: "Bu xalqa xoş müjdəli bir savaşdan pay verəcəyik!"

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.- 13 iyul.- S.8.