Vəliyulla Novruzun 60 yaşı qeyd olundu

 

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyində tanınmış şair Vəliyulla Novruzun anadan olmasının 60 illik yubileyi və "Görmədiyim Yuxular" kitabının təqdimatı keçirildi.

Tədbiri giriş sözü ilə filologiya elmləri doktoru, Əməkdar elm xadimi,  professor Qəzənfər Kazımov açdi.

O, şairin  yaradıcılığı haqqında  geniş məlumat  verdi.

Söz alan professor İsmayıl Kazımov V.Novruzun  şeirlərində semiotik və mətnqurucu işarələrdən, professor  Qurban Bayramov şeirlərin arxitektor quruluşundan, professor İslam Qurbani şairin vətənpərvərlik duyğularından, "Kredo" qəzetinin baş redaktoru, tənqidçi-ədəbiyyatşünas Əlirza Xələfli payız  duyğulu ədəbi lövhələrdən, ədəbiyyatşünas Nuridə Novruzova şairin poetikasından, filologiya elmləri namizədi Tahir Aslanlı "Söz" və “Bahar duyğuları" şeirlərinin klassik şairlərimizin şeirlərilə müqayisəli təhlilindən,  şair Oqtay Rza onun şeirlərinin axıcılığından söz açdı. Şairlərdən Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, Əfrahim Abbas, Faiq Balabəyli şairin şeirlərindəki maraqlı məqamları  vurğulayaraq onu təbrik etdilər.

Sonda yubilyar  yeni şeirlərini oxudu, oxuculara yeni kitabını imzalı hədiyyə etdi və tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

 

525-ci qəzet.-2018.- 20 iyul.- S.8.