Multikulturalizm Mərkəzi jurnalistləri mükafatlandırdı

 

Dünən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Milli Mətbuatının 143 illiyi münasibətilə yerli KİV nümayəndələri ilə dəyirmi masa keçirib.

 Dəyirmi masada çıxış edən BBMM-nin icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycan mətbuatının tarixindən söz açıb, onun keçdiyi keşməkeşli yollardan bəhs edib.

Deyib ki, zəngin tarixi, mütərəqqi ənənələri olan Azərbaycan milli mətbuatının 143 yaşı tamam olur:

"1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşrə başlaması ilə böyük maarifçi və naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərbaycan milli mətbuatı həmişə qabaqcıl ideyaların carçısı, öz dövrünün güzgüsü olmuşdur. İctimai fikrin digər ifadə vasitələrinin kifayət qədər mərkəzinə gətirmiş, ictimaiyyətin müzakirəsinə çıxarmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında və zənginləşməsində, Azərbaycan ədəbi dilinin inkişafında milli mətbuat müstəsna xidmətlər göstərmişdir".

BBMM-nin yaranmasından və dörd illik fəaliyyəti çərçivəsində keçirdiyi layihələrdən söz açan Rəvan Həsənov qeyd edib ki, bu layihələrdə mətbuat daim mərkəzin yanında olmuş, onun fəaliyyətinin ictimaiyyətə çatdırılmasında müstəsna xidmət göstərmişdir. Buna görə də dəyirmi masada Azərbaycan dövlətinin multikulturalizm siyasətini həyata keçirməkdə və onun təbliğində BBMM-lə sıx əməkdaşlıq edən 13 KİV mükafatlandırılıb.

Mükafatçılar arasında "525-ci qəzet" də var.

Daha sonra dəyirmi masa müzakirələrlə davam edib.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.-2018.- 20 iyul.- S.7.