143 yaşlı Azərbaycan mətbuatı: Şərəfli və məsuliyyətli tarix

 

22 iyul tarixində Azərbaycanda Milli Mətbuatının yaranmasının 143-cü ildönümü qeyd edildi. Azərbaycan milli mətbuat tarixi 1875-ci ildə Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti ilə başlayır.

"Əkinçi" nəşri Azərbaycanda jurnalistika sistemini və nəslini formalaşdırdı, peşə prinsiplərini yaratdı, Azərbaycan dilini rəsmi statusda öz fəaliyyətinin əsasına çevirdi. Maarifçilik ideyasının daşıyıcısı olan bu qəzet milli təfəkkürlü ziyalılar nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərdi.

Milli mətbuat tariximizin "Əkinçi"nin nəşri ilə bağlanması tarixi reallıqları özündə əks etdirir. "Əkinçi" özündən sonra bir sıra milli mətbu nümunələrin nəşrinə cığır açdı. Ünsizadə qardaşlarının yaratdıqları "Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Kəşkül" kimi nəşrlər "Əkinçi" ənənələrindən bəhrələnərək mətbuatın inkişafına təkan oldu. 1918-ci il may ayının 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşamasına baxmayaraq, üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq, şərəflə yerinə yetirdi. Bu dövrün reallıqları mətbuat səhifələrində işıqlandırıldı və cəmiyyətin informasiya tələbatının ödənilməsi üçün mühüm addımlar atıldı.  Tədqiqatlar göstərir ki, bu dövrdə 100-ə yaxın müxtəlif adda qəzet və jurnal çapdan çıxıb.

Ümumiyyətlə, ötən müddət ərzində Azərbaycan mətbuatı çox şərəfli, keşməkeşli bir yol keçib. Mətbuat hər zaman cəmiyyətin aynası olub, bu gün də öz rolunu ləyaqətlə davam etdirir. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkəmizdə medianın rolu daha da artmağa başladı. Xüsusilə, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, digər sahələr kimi, Azərbaycan mətbuatının inkişafında da keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən etibarən azad, müstəqil mətbuatın inkişafı istiqamətində davamlı addımlar atıldı, inkişafa mane olan süni maneələr aradan qaldırıldı, qanunvericilik bazası formalaşdırıldı və KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması yönümündə mühüm tədbirlər həyata keçirildi. Belə ki, Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmir edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı ilə mətbuatın üzərindən senzura götürüldü.

Təbii ki, senzuranın mövcudluğu mətbuatın işinə, müstəqil fəaliyyətinə problemlər yaradırdı. Bu vacib qərar yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı. Bundan sonra, qəbul edilən mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. KİV-lərin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı təsdiqləndi, həmçinin, "Kütləvi İnformasiya Vasitələri haqqında", "Məlumat azadlığı haqqında" qanunlar qəbul olundu, qəzetlərin "Azərbaycan" nəşriyyatına borcları donduruldu.

Heydər Əliyevin hər addımında azad mətbuatın inkişafına verilən önəm diqqəti xüsusilə cəlb edir. Milli mətbuatımızın yubileylərinin keçirilməsi, qəzet redaktorları ilə mütəmadi görüşlərin keçirilməsi, onları narahat edən məsələlərlə yaxından tanış olub, aidiyyəti qurumlara göstərişlər verilməsi də həmin dövrün mühüm addımları sırasındadır. Ümummilli lider jurnalist əməyini belə dəyərləndirirdi: "Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq və öz peşəsinə vurğunluq tələb edən əməkdir".

 

Ümummilli lider Heydər Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı, hər zaman mətbuatın yanında olması onun 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi ilə nəticələndi.

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 15 il ərzində də mətbuata diqqət hər zaman ön sırada olub. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər, KİV-lərə birdəfəlik maddi yardımların verilməsi və digər tədbirlər davam etdirilib.  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət hesabına mənzillər inşa olunur. Hazırda 255 mənzilli üçüncü binanın tikintisi aparılır. Bu günlərdə yenidən çap mətbuatına  1 milyon manat ayrılması da bu qayğının yeni parlaq təzahürüdür. Milli mətbuatın 130, 135 və 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, 2005-ci ildə "Əməkdar jurnalist" fəxri adının bərpası, yüzlərlə jurnalistin yüksək fəxri adlara, təltiflərə layiq görülmələri və digər mühüm tədbirlər ölkə rəhbərinin mətbuata qayğısını əyani şəkildə nümayiş etdirir.

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, Azərbaycan mediası çox böyük inkişaf yolu keçib, ölkə mediasının hazırkı vəziyyətini 143 illik inkişaf yolunun zirvələrindən biri saya bilərik. A.Quliyev bildirib ki, bu illər ərzində Azərbaycan mediası yüksək peşəkarlıq göstəriciləri əldə edib: "Jurnalistlərin sosial vəziyyəti yaxşılaşıb, onların mənzil probleminin həlli yönündə əməli və böyük addımlar atılıb. Mediamızın beynəlxalq inteqrasiya yönümündə fəaliyyətində böyük nəticələr əldə olunub. Mediamızın peşəkarlıq səviyyəsinin artırılması istiqamətində böyük nailiyyətlər var".

Baş redaktor vurğulayıb ki, hazırda mətbuatımızın dövlətçilik mənafeləri və vətənpərvərlik prinsiplərini mənimsəməsi yüksək səviyyədədir: "Bir cümlə ilə ifadə etsək, mediamızın bu illər ərzində inkişaf nəticələri qürurvericidir. Ən böyük nəticə isə mediamızın dövlətçi media olmasıdır. Çünki heç zaman Azərbaycan mediası indiki kimi dövlətçi olmayıb. Təbii ki, bu da görülən işlərin nəticəsidir".

A.Quliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin konseptual olaraq həyata keçirdiyi media siyasəti nəticəsində media orqanlarının maddi texniki durumu möhkəmlənib: "Ölkə başçısının sərəncamları ilə bu sahəyə maliyyənin ayrılması, jurnalistlərin mənzillərlə təmin olunması, fərdi yazı müsabiqələrinin keçirilməsi, ehtiyacı olan jurnalistlərə sosial yardım istiqamətində dəstəyin verilməsi ilk növbədə mediamızın dövlətçi mediaya çevrilməsində böyük rol oynayıb".

Baş redaktor əlavə edib ki, görülən işlərlə yanaşı, digər tərəfdən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun həyata keçirdiyi tədbirlər nəticəsində mediamızla icra hakimiyyəti orqanları arasında işgüzar əlaqələr möhkəmlənib: "Təbii ki, sadalananlar Azərbaycan mediasının keçdiyi inkişaf yolunun yalnız müəyyən ümumi mənzərəsi idi. Deyilən hər fikrin arxasında çox sayda element və detallar var".

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib ki, Azərbaycan Milli Mətbuatı keçən dövr ərzində böyük inkişaf yolu keçib. Xüsusilə də Azərbaycan müstəqilliyini yenidən elan edəndən sonra müstəqil medianın formalaşması istiqamətində silsilə addımlar atılıb və medianın qanunvericilik bazası formalaşdırılıb. Həmçinin, müstəqil media resurslarının texniki bazasının gücləndirilməsi istiqamətində işlər görülüb.

Onun sözlərinə görə, bütün bu görülən işlərin nəticəsi olaraq bu gün Azərbaycanda formalaşmış müstəqil, dövlətçi media institutu mövcuddur: "Bu illər ərzində jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı silsilə tədbirlər həyata keçirilib. Onlar artıq uğurlu nəticələrini verməkdədir. Azərbaycanın müstəqil mediasının formalaşmasında dövlətin dəstəyini də xüsusi vurğulamaq lazımdır. Bildiyiniz kimi, Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin inkişafı ilə bağlı Dövlət Konsepsiyası qəbul edilib. O Konsepsiya əsasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb və fəaliyyətə başlayıb. Artıq 10 ilə yaxındır ki, Fond fəaliyyətdədir. Xüsusilə də yazılı medianın ayaqda qalmasında, özünü qoruyub saxlamasında Fond müstəsna rol oynayır. Bu Fond vasitəsilə jurnalistlər arasında fərdi jurnalist yazıları müsabiqəsi keçirilir. Jurnalistlər ildə minimum üç dəfə Fond tərəfindən maddi dəstək alırlar. Bundan əlavə, KİVDF vasitəsilə Azərbaycan mediasının dövlət strukturları ilə əlaqələrinin yaradılması istiqamətində işlər görülür və müxtəlif tədbirlər keçirilir. Bir növ media ilə dövlət strukturları arasında körpü yaradılır.

Həmçinin, Azərbaycan dövləti jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı addımlar atır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla dövlət vəsaiti hesabına artıq iki bina inşa olunub jurnalistlərin istifadəsinə verilib. Xeyli sayda jurnalistin mənzillə təminatı həyata keçirilib. Hazırda üçüncü binanın da tikintisi sürətlə davam etdirilir. 2020-ci ilin iyul ayında da yeni bina inşa olunaraq jurnalistlərin ixtiyarına veriləcək. Bütün bunlar Azərbaycanda medianın inkişafda olduğunu göstərir. Azərbaycan mediasının özünütənzimləmə mexanizmi mövcuddur. Azərbaycan Mətbuat Şurası vasitəsilə jurnalistlər öz rəhbərlərini seçirlər. Eləcə də jurnalistika sahəsindəki bütün məsələləri özləri müzakirə edərək qərarlar qəbul edirlər. Düzü, Mətbuat Şurasının qəbul etdiyi qərarlar ictimai qınaq xarakteri daşıyır, amma bu da sirr deyil ki, son illərdə Mətbuat Şurası xeyli nüfuz qazanıb. Media müstəvisində meydana çıxan problemlər, cari olaraq rastlaşdığımız məsələlər Mətbuat Şurası müstəvisində müzakirə olunur və qərarlar qəbul edilir. Amma bütün bunlar Azərbaycan mediasının problemlərinin həll olunması demək deyil. Təbii ki, bizim problemlərimiz də mövcuddur. Xüsusən jurnalistlərin sosial durumu ilə bağlı vəziyyət bizim istədiyimiz səviyyədə deyil. Eləcə də peşəkarlıqla bağlı müəyyən nüanslar var ki, qarşıdakı dövrdə onlar aradan qaldırılmalıdır. Biz uzun illərdir ki, "Reket jurnalistikası" məsələsini müzakirə edirik. Bu, Azərbaycanı mediasını hörmətdən salır. Qarşıdakı illərdə bu problemin aradan qaldırılması ilə bağlı ciddi addımlar atılmalıdır".

“İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə vurğulayıb ki, Azərbaycan jurnalistikası 143 il ərzində böyük, şərəfli, eyni zamanda, məsuliyyətli yol keçib. Son illər bu sahəyə kifayət qədər önəm verilir. Prezident İlham Əliyevin bu yaxınlarda çap mediasına birdəfəlik yardımla bağlı imzaladığı sərəncam mətbuata göstərilən qayğının bariz nümunəsidir. Dövlət başçısının çap mediasının maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində imzaladığı son sərəncamın mətbuatın inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən baş redaktor söyləyib ki, ümumiyyətlə, dövlətimizin mətbuata göstərdiyi diqqət müstəqil mətbuatın daha da inkişaf etməsinə geniş imkanlar açır. Bu gün Azərbaycanda güclü nətbuat orqanlarının formalaşdığını deyən V. Rəhimzadə əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata göstərdiyi qayğı nəticəsində yüzlərlə jurnalist yeni mənzillərlə təmin olunub: "Buna yalnız sevinmək lazımdır".

Əlavə edib ki, söz azadlığı ölkəmizdə tam təmin edilib. Heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Ölkə əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. İnternetin azad olduğu ölkədə hansısa məhdudiyyətdən danışmaq qeyri-mümkündür: "Müharibə şəraitində yaşayan ölkə olduğumuzu nəzərə alsaq, bu günümüzün əsas tələblərindən, çağırışlarından, ən əsası, yazılı və elektron KİV-lərdən gözləntilərimiz informasiya təhlükəsizliyini qorumaq, dövlətin maraqlarını öndə saxlamaq, vətənpərvərlik, obyektivlik və qərəzsizlik prinsiplərinin vəhdətliyini təmin etməkdir. Ulu öndər Heydər Əliyevin uğurlu gələcəyimizə hesablanmış düşünülmüş və məqsədyönlü siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində günbəgün güclənən, qüdrətlənən Azərbaycan hər birimizin qürur mənbəyinə çevrilərək, bu inamı da ifadə etməyə əsas verir ki, cəmiyyətimizin güzgüsü olan mətbuat zamanın tələbinə uyğun daha da təkmilləşəcək, cəmiyyətin informasiya tələbatını dolğun şəkildə təmin etməklə davamlı inkişafa öz töhfəsini verəcək".

 

PƏRVANƏ

525-ci qəzet.-2018.- 24 iyul.- S.5.