Avdı Qoşqarın 60 yaşı qeyd olundu

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB ) "Natəvan" klubunda şair, publisist Avdı Qoşqarın 60 illiyilə bağlı yubiley tədbiri keçirilib.

 

Mərasimdə AYB rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar, şairin qələm dostları, ailə üzvləri jurnalistlər iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan professor Rüstəm Kamal yubilyarın həyat yaradıcılığından söz açıb, onun poeziyasının publisistikasının özünməxsusluğunu vurğulayıb. Avdı Qoşqarı xalqına, elinə, torpağına bağlı bir şəxsiyyət kimi səciyyələndirən professor onun etnoqrafik yaddaşının güclü olduğunu, lakin bunun poeziyasında deyil, müəllifi olduğu televiziya verilişlərində özünü daha qabarıq göstərdiyini deyib. O deyib ki, əsl şeir odur ki, orada şairin düşüncəsinin səsini eşitmək mümkündür. A.Qoşqar da şeirlərində düşüncəsinin səsi eşidilən müdrik şairlərdəndir.

 

Şair Yusif Həsənbəy yubilyarla tanışlığından söz açıb, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Deyib ki, A.Qoşqar zərif, həssas ürəyə malik insan olduğu üçün onun poeziyası da yaşından asılı olmayaraq hər bir oxucunun hisslərinə toxuna bilir.

 

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Ensiklopediyasının direktor müavini, şair Vaqif Bəhmənli ədəbiyyata A.Qoşqarla eyni dövrdə gəldiyini deyib: "Avdı Qoşqarı fərqləndirən əsas cəhətlərdən biri öz duyğularını heç kimə bənzəməyən tərzdə yaza bilmək bacarığıdır. Ancaq o, bu şeirlərdə özünü yazsa da, hər kəs öz hisslərindən, öz yaşantılarından nəsə tapa bilir. Avdı Qoşqar öz şair adını qorumaq üçün hər zaman mərdliklə sözün keşiyində dayanıb. O, öz qələm dostlarının yaradıcılığına qarşı da çox diqqətli, şeirin ruhunu duyan, poeziya nümunələrini əsl ədəbiyyatşünas alim kimi təhlil etməyi bacaran bir şairdir. Avdı Qoşqar həm jurnalist kimi illərdir xalqımıza ləyaqətlə xidmət edir. 60 yaş müdriklik dövrünün başlandığı yaşdır. İnanıram ki, o, bu mərhələdə daha gözəl şeirlər, əsərlər qələmə alacaq".

 

Azərbaycan Dövlət Televiziya Radio Verilişləri şirkətinin redaktoru, yazıçı Sadıq Elcanlı çıxışında deyib ki, A.Qoşqar həm şair, həm publisist, həm vicdanlı vətəndaş kimi bu sənətdə hər zaman sözünü layiqli şəkildə deməyi bacarıb: "O, ədəbi proseslə üz-üzə yaşayan adamdır. Publisistik məqalələri Azərbaycanın çağdaş mətbuatının ən yaxşı nümunələrindən biridir. Avdı Qoşqar Televiziyada özündən əvvəlki ənənəni ən yaxşı şəkildə davam etdirənlərdəndir".

 

"Onun şeirlərində Azərbaycan dili özünün bütün gözəlliyi ilə əks olunur, onun poeziyası fəlsəfi cəhətdən dərindir, əsl Azərbaycandır" - deyən Əməkdar artist Eldost Bayram şairin "O çay bu yatağa sığmaz" kitabından şeirlər səsləndirib.

 

Fəlsəfə elmləri doktoru Rahid Ulusel çıxışında A.Qoşqarın poeziyasını Azərbaycan təbiəti ilə müqayisə edib: "Poeziyası Avdı Qoşqar haqqında deyir ki, onun şeirləri Azərbaycan təbiətinin bağrından qopub. Təbiətin qəribə özünəməxsusluğuna onun da yaradıcılığında rast gəlirik. Onun şeirləri sözün müsbət mənasında adamı diksindirir. Bu şeirlərdə cəmiyyətin ağrıları, problemləri var. Amma nədənsə o qədər dərin deyil. Sanki Avdı müəllim bunlarla onsuz da problemlərin içərisində boğulan oxucusunu yükləməkdən çəkinir. Bu şeirlərdə həm özünəməxsus tərzdə sarkazm, yumor, satira da var. İnsan kimi sakit hər zaman fikirli olan Avdı müəllimin susqunluğu da təlatümlüdür".

 

Yubilyarla ilk tanışlığından söz açan şair Əlisəmid Kür A.Qoşqarı hisslərilə yazan nadir sənətkar adlandırıb.

 

Daha sonra çıxış edən Qulu Ağsəs, Musa Ələkbərli, Mais Yanardağ, Yaqub Babayev, Qafar Sarıvəlli başqaları A.Qoşqarı yubiley münasibətilə təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları diləyiblər. Rəssam Qafar Sarıvəlli özünün çəkdiyi "Avdı Qoşqarın portreti"ni yubilyara hədiyyə edib.

 

Sonda çıxış edən yubilyar ona göstərilən diqqətə görə başda AYB rəhbərliyi olmaqla tədbirin təşkilatçılarına, çıxışçılara iştirakçılara təşəkkürünü bildirib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet 2018.- 1 iyun.- S.7.