Ömürdən uzun gecədəki bəşəri ağrı və yurd dərdi

 

HİDAYƏTİN ƏSƏRİ ƏSASINDA HAZIRLANMIŞ TAMAŞANIN PREMYERASI BARƏDƏ QEYDLƏR

 

Şahanə MÜŞFİQ

 

Təsəvvür edin ki, adidən də adi günlərin birində həmişəki kimi səhər oyanıb işinizə gedir, axşam isə həm işinizin bir parçası kimi, həm də fürsətdən istifadə edərək, mənasız informasiyayla, qayğılarla dolan beyninizi boşaltmaq, yorğun ruhunuza dinclik yaşatmaq üçün teatra üz tutursunuz.

 

Müəllifinin və adının əvvəlcədən bizi gözəl bir əsərin gözlədiyinə muştuluqçu olduğu bir tamaşanın premyerasıdır. Necə deyərlər, həm ziyarət, həm ticarət edəcəksiniz...

 

İşıqlar sönənə, pərdələr açılana, tamaşa başlayana qədər hər şey normaldır, hər zaman olduğu kimidir. Amma artıq neçənci dəfədir tamaşa izlədiyin o tanış, o doğma zal bu gün bir qəribə dəyir gözünə. Sanki fərqli və gözlənilməz bir hadisə baş verəcəkmiş kimi qeyri-müəyyən hisslərin ağuşunda taparsan özünü. Səbəbini bilmədən gah yorğunluğunla əlaqələndirər, gah beynini məşğul edən fikirlərə göz ağardar, gah da çöldə əsən küləyin qarasınca deyinərsən canıma üşütmə saldı - deyə... Nə biləsən ki, indi qarşısında oturduğun pərdənin arxasında daha böyük təlatüm, daha böyük qasırğa gözləyir səni...

 

Elə gözlədiyin də baş verir. Guya dinclik tapmaq üçün getdiyin tamaşa özünün dərin fəlsəfi qatları sayəsində əksinə, bütün dincliyini, rahatlığını əlindən alır.

 

Birdən birə, heç gözləmədiyin, ummadığın bir gecədə ömrünün o gecəyə qədərki çağına aid bütün səhvlərin, günahların başqa görkəmdə qarşına çıxsa, mən səninəm, səndənəm, nə qədər qovsan, qaçsan belə, məni də getdiyin hər yerə özünlə aparırsan. Çünki sən mənsən, mən də sənəm. Mən sənin beyninin içərisindəyəm, sənin düşüncələrinəm, vicdanınam, - desə, nə edərdiniz? Mən sadəcə baxmaq və Allahın bəxş etdiyi düşünmək qabiliyyətimdən istifadə etməklə kifayətləndim. Çünki özümü tapmağıma, özümü görməyimə (inanıram ki, o zaldakı hər kəs həmin an səhnədə özünü görürdü!) baxmayaraq, səhnədəki mən deyildim, Təvəkkül idi. Varlı, imkanlı, vəzifəli Təvəkkül. Artıq başqalarının taleyinə biganə yanaşmaq qanımızdadır, təki bizə toxunmasın. Etiraf edim ki, buna bənzər bir düşüncədə idim.

 

Mayın 30-u Akademik Milli Dram Teatrının səhnəsində izlədiyim C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının görkəmli şair, nasir və dramaturq Hidayətin Ömürdən uzun gecə əsəri əsasında hazırladığı tamaşanın premyerasından danışıram sizə. O qəribə, ağlasığmaz, mistik gecədən.

 

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə (Qərib), rejissoru Tural Xəlilzadə, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, rəssamı Vahid Mürsəliyevdir.

 

Rollarda Əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, Rəşid Rzayev, aktyorlar Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Səmayə İsmayılova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Müdvər Nemətova, Xatirə Süleymanova, Natiq Həziyev, Oktay Mehdiyev, Ceyhun Əliyev, Bəhruz Hikmətoğlu və Rövşən Cəfərov çıxış edirlər.

 

Pərdələr açılar-açılmaz ilk diqqətimi cəlb edən səhnə dekorasiyası olur. Səhnənin ortasında boks rinqinə oxşar dörd tərəfdən sərhədlənmiş dar bir qəfəs hazırlanıb. Lap başda böyük saat var. Gecə 00:00-ı göstərir. Qəfəsin ətrafında çoxlu kətillər var və insan seli vahiməli musiqi sədaları altında mənasını anlamadığımız hərəkətlər edirlər. Bu, nə rəqsdir, nə etiraz, nə də oyun. Onların hərəkətləri hansısa ayin təsiri bağışlayır. Yaşlı, cavan, kişi, qadınların içərisində bir obraz var ki, nə olduğunu öncə aydınlaşdıra bilmirik. Qara paltarlı, ürkütücü görünüşə və hərəkətlərə sahib bu varlıq şeytana oxşayır. Amma qərar çıxarmaqda tələsmək olmaz.

 

Musiqi isə getdikcə ruhuma sanki iynələr batırır. Bütün zal bircə anın içərisində boşalır elə bil. Səhnədəki təlatümlə baş-başa qalırıq. Axı, bu, nə iş idi mən düşdüm? Bu, necə tamaşadır? Bu musiqi nədir belə? Hətta bir anlıq durub ordan qaçmaq fikrinə də düşürəm. Amma bura qədər gəlmişdim, geriyə qayıda bilməzdim. Həm də hadisələrin sonrakı gedişatı, daha doğrusu, başlanğıcı (göstərilən bu qəribə hərəkətləri tamaşadan hesab etmirdim) maraqlı idi. Qalıb sona qədər tamaşanın, elə bu hərəkətlərin də mahiyyətinə varmalıyam. Qalıram da.

 

Musiqidən sonra hər kəs sakitləşib öz yerində (kətillərdə) hərəkətsiz oturur. Sanki bircə anın içərisində hamısı cansız heykələ çevrilir. O qəfəsin içərisində bircə nəfər qalır. Orta yaşlı, səliqəli, klassik geyimdə saçlı bir adam. Bir də onun ətrafında sürünən şeytan.

 

Mistik dram janrında hazırlanmış bu əsər insanı əhatə edir. Şüurun işləyə bilmədiyi mücərrəd, naməlum ruhsal dünyadan bəhs edərək içində olduğumuz, lakin anlamadığımız tale proseslərini analiz edir. Hiss olunur ki, məqsəd insanlara mənəvi təmizlənmə üçün bir-birlərinə yardım etmələrini aşılamaqdır. Mövzu və məzmun dünənimiz, bu günümüz və sabahımızdır ki, məkan və zaman anlayışı bu tamaşada nisbidir.

 

O məkanın hara olduğu sona qədər də açılmır. Obrazların versiyasına görə baş qəhrəman Təvəkkülün beyninin içi, düşüncələr aləmidir. Zaman isə gecənin bir yarısıdır. Ərtafında incitdiyi, maraqlanmadığı, hətta unutduğu, amma hansısa izlərlə ruhunda, düşüncəsində özünə əbədi yer etməyi bacarmış bütün insanlar Təvəkkülün beyninə toplaşıb.

 

O, yaşadığı rayonun ən hörmətli, sayılıb-seçilən vəzifəli bir məmurudur. Əlinin altında yüzlərlə işçisi var. Tale üzünə gülüb. Bütün gün hansısa xarici səfərlərdə, görüşlərdə, konfranslarda olduğundan xəstə atasına, tək-tənha bacısına aylardan bəridir gedib baş çəkə bilmir. 3-4 aydır atasının suallarına, səni görmək istəyirəm, oğul - çağırışlarına məhəl qoymur, işlərinin çoxluğunu bəhanə gətirib getmir.

 

Ancaq bir gecə yarısı sanki qəflət yuxusundan ayılır. Aylardır onu axtaran atasına can atır və nəticədə o, dəhşətli xəbərlə qarşılaşır: sən demə, 3-4 aydır dayanmadan oğlunu arzulayan ata amansız xəstəliyə tutulubmuş, ömrünə az qalıbmış, ona görə də oğlunu səsləyirmiş. Amma oğlu onun bu çağırışlarına məhz o öldüyü gün cavab verir. Təəssüf ki, gecdir.

 

Gecikmək... Həyatımızdakı ən böyük peşmanlıqlarımızın başında harasa, kiməsə gecikməyimiz dayanmırmı?! Ən sadə gecikməkdən, ən mürəkkəbinə qədər hamısı insan həyatına amansız təsirlərini göstərmədən ötüşmür. İşə, evə, hansısa mühüm toplantıya, görüşə, sevgiyə, sevdiyinə, insanlara, yaşamağa, həyata, ölümə gecikmək...

 

Qəhrəmanımız da sevdiklərinə, doğmalarına, ən əsası isə atasına gecikmişdi. Və bu gecikmək onu qəflət yuxusundan ayıldır. Tamaşa boyunca düşünürəm, görəsən, onun həqiqətləri dərk etməsi üçün mütləq atası ölməli idimi? Sonra isə deyirəm, başqa kim öləcəkdi ki? Səndən, səni sənə qaytarmaqdan ötrü ölə biləcək yeganə varlıq atadır! Düşdüyün bu ağır, təlatümlü vəziyyətdən səni çiyinlərinə alıb çıxara biləcək tək insan da Odur! Özü sənin çiyinlərində son mənzilinə gedə bilməsə də... Amma eybi yox, atalar anlayar, atalar bağışlayar, atalar görməməyi bacarar... Əsas odur ki, sən xilas ol! Beyninin içində, ətrafında, nəfəsində dolanan, sürünən cinssiz İblisdən canını qurtar! Bir dəfə, ömründə bircə dəfə özünlə üzləş! Bu üzləşmə sənə ağrılar, əzablar yaşatsa da, paklaşmağının, yenidən həyata qayıtmağının tək yolu ondan keçir!

 

Ağrı demişkən, tamaşa başdan sona ağrıdır. Bir insanın deyil, bütün insanlığın ağrısı. Və o ağrı aktyor Vaqif Kərimovun hər nəfəsi ilə səhnədən böyük, qaranlıq zala - bizlərə ötürülür. İndicə fərqinə varıram ki, səhnə ilə zalın arasında qatı duman var. Bəlkə də ağrıların buxar şəklidir.

 

Tamaşada müəllif xalqın ümumi ağrısını da unutmur: torpaq, Qarabağ! Təvəkkülün ölüm yatağındakı atası da 25 ildən artıqdır can verən bütün qarabağlı atalar, babalar kimi son dəfə öz dədə-baba yurdunu - Zəngilanını arzulayır. Ora ilə bağlı xatirələrini bəlkə yüz dəfə oğluna danışsa da, hər dəfəsində eyni həyəcan, eyni kövrəklik qalır. İndi bunları xatırladıqca ağrıdan olduğu yerdə qıvrılan Təvəkkül isə vaxtilə buna da biganə idi. Atasının doymadan anlatdığı o xatirələri dinləmək onu sadəcə bezdirirdi. Amma atasının ölümü sanki Zəngilanı, Qarabağı yenidən itirirmiş kimi onu incidir.

 

Sərhədlərlə çevrələnmiş o dar qəfəs və onun ətrafındakı insanlar (Təvəkkülün beynindəkilər) bir müddətdən sonra dəlixananı, dəlixana sakinlərini xatırladırlar.

 

Bir əzabın, ağrının şiddətini ifadə etmək üçün elə ağrıyır ki, indi ağrıdan dəli olacam - deyirik ha, bax, bu ağrı insanı dəli edən, şüurunu, ağlını quzğun canavar kimi dişlərinin arasında çeynəyən cinsdəndir. Bəs ağrıdan xilas yolu nədi? Axı, insanlıq gözümüzün önündəcə məhv olmaq üzrədir.

 

Bu yerdə müəllif və rejissorun birgə işi gecəni örtən qaranlıq pərdəni yavaş-yavaş, aramla açıb ordan işıq selinin süzülməyinə imkan yaradır. Nicat yolu yenə də doğmalardadır - deyir müəlliflər. Təvəkkülün beyninin içərisində bacısı var. Atasına baxmaq, qulluq etmək üçün qırx yaşına kimi ərə getməyən, atasının ölümündən sonra tamamilə tək-tənha qalan bacısı. Və atası ölərkən onu qardaşına əmanət edir.

 

Təvəkkülün beyninin içərisində qardaşı var, sən ki məni çoxdan unutmusan, mənim burda nə işim var? - deyir.

 

O beynin içərisində həyat yoldaşı, işçiləri, katibəsi, hətta ev üçün yanına müraciət edərkən kobudluqla rədd etdiyi süpürgəçi qadın belə var. Hərəsi öz ağrıları, öz problemləri və öz gileyləri ilə ora-bura var-gəl edirlər, illərdən bəri şikayətçi olduqları Təvəkküllə axır ki, üzləşmək, şikayətlərini onun öz üzünə demək şansı qazanıblar və bu şansı deyəsən, çox yaxşı da dəyərləndirəcəklər. Adi vaxtlarda qapısına gələnlərə evdə olmadığını deyən, zənglərini cavabsız qoyan, min bir bəhanələrlə onlardan qaçan qəhrəmanımız isə bu dəfə o dar qəfəsə elə pərçimlənib ki, ordan qaçışı yoxdur. Bütün bu giley-güzarları dinləməli, özü özünə bir əncam çəkməlidir. Yoxsa ətəyində sürünən, onu cənginə almaq üçün fürsət gözləyən İblisə qurban getməyinə sadəcə bir nəfəs qalıb.

 

Yenə də ondan küskün olan doğmalar onu bu ağrıların cəngində yalnız qoymurlar. Məhz o doğmalar Təvəkkülün ruhunu gəmirən İblisi ondan ayırmağı və məhv etməyi bacarırlar. Bundan sonra qəhrəmanımız tədricən xilas olmağa başlayır.

 

Və müəllif bu ruhi paklanmanı, bu xilası azan səsi ilə süsləyir. İblisin nifrət etdiyi, insanların isə nicat tapdığı o səs ruhumuzu oxşayır. Bu dəfə əli-ayağı bağlı, bir dar qutuya pərçimlənən isə İblisdir!

 

Ömürdən uzun gecə bir insanın- Təvəkkülün deyil, sürətlə inkişaf edən, elektronlaşan dövrümüzdə bir-birinə elə eyni sürətlə yadlaşan insanlığın dramıdır. Hələ pul və vəzifə varsa, xarakterində kiçicik boşluq olan hər kəsin üzləşdiyi, ya da üzləşə biləcəyi bir faciədir. Əsas məsələ gec olmadan yaxanı İblisin əlindən qurtarmaq, əllərini doğmaların əllərinə bərk-bərk sıxmaqdır. İşığı axtaran bir gün o işığa mütləq çatacaqdır, yetər ki, onu yanlış yollarda gəzməsin! Yolun yarısından qayıtmağı da bacarmaq gərək!

 

 

525-ci qəzet 2018.- 2 iyun.- S.17.