Sabirin işığında

 

ŞAMAXIDA “SABİR POEZİYA GÜNLƏRİ” KEÇİRİLDİ

 

PƏRVİN

 

Uzun illərdir ki, Sabir Poeziya Günləri ədəbiyyat bayramı kimi qeyd olunur. Həm yaz vaxtı səfalı Şamaxıya, Sabirin doğulduğu, yaşadığı və dəfn olunduğu yerlərə səfər, həm söz, şeir, ədəbiyyat söhbətləri, həm də ümumiyyətlə ənənə, təcrübə qələm adamlarını bu günləri bayram kimi yaşamağa sövq edir.

 

Böyük şairimiz Rəsul Rzanın təşəbbüsü və təşkilatçılığı ilə əsası qoyulan bu poeziya bayramı hər il may ayının 30-da Mirzə Ələkbər Sabirin doğum günündə qeyd olunur. Düz 81-ci ilə kimi Rəsul Rza Sabir günlərinə rəhbərlik edib. 81-ci il aprelin 1-də vəfat edib və may ayında ilk dəfə poeziya bayramı Rəsulsuz keçib. Məmməd Araz bu hadisədən təsirlənərək şeir yazıb:

 

Bu il “Sabir günləri”nə

gəlmədi Rəsul

Hər ocağa bu xəbərin

ayazı yetdi.

Avazıdı qara torpaq,

qaraldı ağ su,

Zaman bir də çətin doğa

o planeti!

 

Hər dəfə Sabir Poeziya günlərinə gedəndə, ya o ərəfədə Rəşad Məcid bu misraları yada salır, əzbər deyir. Çünki o zamankı ədəbi gənclik üçün Rəsul Rzanın qəfil ölümü də, Məmməd Arazın bu şeiri də unudulmaz, təsirli hadisələrdən biri olub. Ümumiyyətlə, Sabir poeziya günlərinin əsas özəlliyi məhz budur - ötən illərə qaytarması...

 

Tədbirdən əvvəl Şamaxı Mədəniyyət Mərkəzində Türkiyədən gələn qonaqları gözləyəndə də, Anar müəllimin, Əjdər Olun, Rəşad Məcidin, Ağalar Bayramovun söhbətlərini dinlədikcə o illərin ab-havasını duyuram. Əjdər Ol illərlə söz adamları ilə bağlı əhvalatları toplayıb, kitablar nəşr etdirib. Onun “Canlı lətifələr, əhvalatlar, deyimlər” kitabı yazıçıların, şairlərin, sənət adamlarının başına gələn gülməli, düşündürücü, maraqlı hadisələri əks etdirir. İndi də çay masası arxasında Əjdər Ol bu hadisələri yazmağın sadə məsələ olmadığını dilə gətirir. Qurama söhbətləri yazmaq effekt vermir, çünki oxucunu aldatmaq mümkün deyil. Həmçinin, artıq anekdota çevrilən hadisələri yazmağın da qaydası varmış. Əjdər Ol bu janrın özəlliklərindən danışdıqca başa düşürəm ki, əslində, həmişə, hər yerdə işləyir bu adam. Yəni bir dost məclisində də danışılan söhbətlərə yaradıcı yanaşır, yaddaşında saxlayır. Heç şübhəsiz ki, bu kiçik əhvalatların yazılması xeyli əhəmiyyətlidir. Özü də sadəcə oxuyub gülmək üçün yox, fərqli sənətkarların xarakterini, dünyasını, sənətini anlamaq üçün bu kiçik rəvayətlər açar rolu oynaya bilər. Məsələn, Hüseyn Arifi, yaxud kamança ustası Habil Əliyevi Əjdər Ol rəvayətlərini oxumadan tam anlamaq olarmı?! Yox əlbəttə... Son illərdə Əjdər müəllimin bu həssaslığı Sabir Poeziya Günlərinin keçirilməsində, təşkil olunmasında da duyulur. Görünür, yaradıcı adam hər işə bu cür  yanaşır...

 

Hələ tədbir başlamazdan öncə şairin nəvələri Gündüz Tahirli və Sevda xanım Tahirli ilə, Şamaxı rayon İcra hakimiyyəti başçısı Asif Ağayev və rayon ziyalıları ilə birgə Sabirin ev muzeyinə gedirik. Bir vaxt 60-cı illərdə Sabirin evini xatirələr əsasında yenidən tikmək, ev muzeyinə çevirmək istəyiblərmiş. Gündüz və Sevda Tahirlilərin atası, Sabirin sonbeşik övladı Məmmədsəlimin xatirələri əsasında maket də hazırlanıbmış. Amma sonradan evin inşası təxirə salınıb. Bu il Gündüz Tahirli öz şəxsi təşəbbüsü ilə bu maketə əsasən evi tikdirib və muzey payız aylarında qapılarını ziyarətçilərin üzünə açacaq. İndi hələ boş otaqları, o zamanın ab-havasını əks etdirən daş düzülmüş balaca həyəti gəzdikcə qəribə duyğular keçirir adam. Gündüz Tahirli yenicə inşa edilmiş binada köhnəlik ab-havası, solğun rəngləri yaratmağın texnikasından danışır və mən bütün bunlara baxdıqca qarışıq hisslərin içində baş aça bilmirəm. Sakitcə “Sabirin iş masası olubmu?” - deyə soruşuram. Gündüz müəllim bir az fikrə gedib - mən bilən yox - deyir. Utandığımdan yer tapmıram özümə. Bu yastı-yapalaq otaqlarda, bu sabun bişirməkdən divarları his çəkmiş yerdə yaşayıb şair və nələr-nələr yazıb, nələr edib... Bizsə kreslomuzun narahatlığından gileylənirik, yerimizi rahat istəyirik, komfortu daha böyük komfortla əvəz edirik və hələ də narazıyıq... Əlbəttə, yaradıcı adamın kasıb olması da yanlış “tələb”di... Amma bütün hallarda Sabir düşündürür. Hətta məişəti ilə belə! Göylərə ucaltdıqları ilə kifayətlənməyib yeri də qazdırıb mərtəbələrinin sayını artıranlardan ötrü böyük örnəkdi hər halda. Sən demə, bu şəraitdə də ölməzlik qazanmaq olarmış... Bu cür yarıqaranlıq yerdə də işıq uğrunda mübarizə aparmaq mümkünmüş.

 

Elə bu duyğularla Sabirin, Seyid Əzimin qəbirlərini ziyarət edirik... Üzlərindən nur yağan Şamaxı məktəbliləri şairləri ziyarətə gül-çiçəklə gəliblər. Elə bunun özü də o mübarizənin nəticəsi deyilmi? Seyid Əzim də, Sabir də maarif üçün çalışıblar, nadanlıqla mübarizə aparıblar. Əməkdar artist Ağalar Bayramov Sabirin, Seyid Əzimin şeirlərini oxuyandan sonra məktəblilərə sual verir: Bu cür insanlarla eyni torpaqdan olmağınızdan qürur duyursunuzmu? Bir ağızdan - bəli - deyirlər, alqışlayırlar...

 

Gerçək sənətin təsir gücü heç zaman azalmır, əksinə, vaxt keçdikcə bir az da artır, bir az da dərinləşir. Tədbirdən əvvəl Mədəniyyət Mərkəzinin foyesində Xalq rəssamı Arif Hüseynovun və rəssam Bayram Hacızadənin Sabirin şeirlərinə çəkdikləri illüstrasiyalarla tanış oluruq. Daha öncələr də Hophopnaməyə illüstrasiyalar çəkmiş Arif Hüseynov rəsmlər haqqında məlumat verir. Bayram Hacızadənin müəllifi olduğu rəsmlər daha çox Əzim Əzimzadə ənənəsinin davamıdır, Arif müəllimin rəsmləri isə şeirlərdən doğan təəssüratları ifadə edir. Arif müəllim hər rəsmin qarşısında durub şərhlər verir... “Çərxi-fələk tərsinə dövran edir indi” adlı rəsmin qabağında ayaq saxlayırıq... Tərsinə dövran edən çərxi fələyin üstündə incə bir qadın əli çəkilib. Arif müəllimə yarızarafat sual verirəm: “Bu qadın əli nə deməkdi? Şerşe-la-fam? Yəni çərxi fələyin tərsinə dövr etməsində qadın əli var?” Arif müəllim gülümsəyir, “Bəli, o əl hər yerdə var” - deyir. Görünür, Sabir sənətinin təkrarsızlığı, qeyri-adiliyi həm də bundadır. İllər keçir, zəmanələr dəyişir, bu sənət, burda qoyulan problemlər öz aktuallığını itirmir, Sabir dəryasından ən fərqli sənətkarlar bəhrələnirlər, öz düşüncələrini, ideyalarını ortaya qoyurlar... Arif Hüseynov və Bayram Hacızadə bu rəsmləri Sabir muzeyinə hədiyyə etdiklərini deyirlər... Arif müəllim müxtəlif şərhləri bircə cümlə ilə yekunlaşdırır: “Biz qəlb qanunları ilə hərəkət edirik”.

 

Axı mövzu Sabirdirsə, ayrı hansı qanunlardan söhbət gedə bilər? Yazıçı Anar da elə bu qanunlardan danışır çıxışında. Deyir ki, vətənini, millətini necə sevməyi Sabir kimi sənətkarlardan öyrənməliyik: “Elə şəxsiyyətlər var ki, onlar yaşadığı mühitə, cəmiyyətə işıq salırlar. Sabir də belə dühalardandır. Xüsusilə, bu işıq qaranlıqda daha çox lazım olur. Sabirin də yaşadığı mühit qaranlıq idi. Və bu mühitə Sabir işıq saçdı... Şamaxı şairlər vətənidir. Elə yol boyu şairlərin divardakı qabarma surətlərinə nəzər salsaq, sanki bütün Azərbaycan ədəbiyyatı tarixini yada salmış olarıq. Xaqanidən, Fələkidən, Nəsimidən Bahar Şirvaniyə, Seyid Əzim Şirvaniyə, Bixuda, Abbas Səhhətə kimi... Mən deyərdim ki, bu siyahının zirvəsində Sabir durur. Sabir heç kəsə bənzəməyən bir şair idi. Bəzən cahil fikirlər  səslənir ki, Sabir xalqın mənfi cəhətlərini, nöqsanlarını göstərib. Amma anlamırlar ki, bu, xalqın yox, cəmiyyətin qüsurlarını göstərməkdi. Və bunu yalnız xalqını sevən, onun üçün yanan bir sənətkar edə bilərdi”. Çıxışının sonunda Anar, Sabirin şah misralarını söyləyir:

 

Mən belə əsrarı qana bilmirəm,

Qanmaz olub da dolana bilmirəm.

Neyləməli, göz görür, ağlım kəsir,

Mən günəşi göydə dana bilmirəm.

Derlər usan, hərzəvü hədyan demə,

Güc gətirir dərd, usana bilmirəm! 

 

Rəşad Məcid isə çıxışında yenə Sabirin dili ilə, onun misrasını nümunə gətirərək üzünü gənc nəslə tutub təmkinli, səbrli olmağa çağırır:

 

Sabira, ümmidi-vəsl ilə

qəmi-hicranə döz,

Hansı bir müşküldi kim,

səbr ilə asan olmasın?!

 

Görəsən, dövrün mənzərəsi ilə yanaşı, insan xarakterlərini, insan xislətini də belə dəqiq yaradan ikinci şair varmı?! Əjdər Ol bütün bunlardan danışdıqca Sabirin şah misralarından nümunələr gətirir. Sevdiyi şeirlərdən parçalar oxuyur... Bir sözlə, əsl Sabir ab-havasındayıq və Türkiyədən gələn qonaqlar, İLESAM təmsilçiləri də bundan məmnundurlar.

 

Hər il keçirilən Şairlər günü bu dəfə daha geniş miqyasda qeyd olunur. Azərbaycan Yazıçılar Birliyinin və Türkiyənin İLESAM təşkilatının birgə keçirdiyi tədbirlərə bu dəfə Tbilisidən, Mirzə Fətəli Axundzadənin ev muzeyindən başlanıb. Daha sonra Şamaxıda, Gəncədə, Şəmkirdə, Şabranda keçirilən silsilə görüşlər Bakıda, Müşfiqin xatirəsinə həsr olunmuş tədbirlə yekunlaşacaq... Bütün bunlar haqqında danışan Xəyal Rza və İLESAM rəhbəri Məhməd Nuri Barmaqsız belə görüşlərin yaradıcı adam üçün önəmini vurğulayırlar. Daha sonra Türkiyədən gələn şairlər də təəssüratlarını bölüşür, şeirlərini oxuyurlar.

 

Sonda əməkdar artist Ağalar Bayramov çıxışına Mirzə Cəlilin “Murdar” felyetonu ilə başlayır. Sonra  Mirzə Ələkbər Sabirdən, Məmməd Arazdan şeirlər oxuyur. Bütöv bir kompozisiya kimi, biri digərinin ardı kimi səslənən əsərlər yenə də özümüz haqqında düşündürür...

 

Tədbirdən sonra ədəbi mühit haqqında, ötənlər-keçənlər barədə söhbətlərimiz davam edir. Görünür, Sabirin adı və işığı hələ çox-çox illər belə tədbirlərin, görüşlərin keçirilməsinə yetəcək!

 

525-ci qəzet  2018.- 2 iyun.- S.15.