Azər Paşa Nemət tamaşalarının estetik özəllikləri

 

Timuçin ƏFƏNDİYEV

Əməkdar elm xadimi, professor

 

Səhnə sənətimizdə yarandığı ilk illərdə dramaturqlar, aktyorlar, müəllimlər rejissorluq missiyasını öz öhdələrinə götürsələr də, mütəmadi olaraq bu sənətlə məşğul olmamışlar. Məhz Hüseyn Ərəblinskinin simasında milli rejissor sənəti Azərbaycan teatr sənətinin daha da professionallaşmasına xidmət etmiş oldu.

 

Hüseyn Ərəblinskidən sonra onun tələbəsi Abbasmirzə Şərifzadə bu böyük sənətkarın yolunu davam etdirmiş, aktyorluq etməklə yanaşı, xeyli tamaşaya quruluş vermişdir. Abbas Mirzə Şərifzadənin bu sahədəki fəaliyyəti sonrakı illər İsmayıl Hidayətzadə, Rza Darablı kimi aktyorlara nümunə olmuşdur. İş orasındadır ki, Azərbaycan səhnə sənətində istər aktyor, istərsə də rejissor kimi böyük xidmətləri olan, onun "dar günündə" keşiyində duran bu sənətkarların heç birinin professional rejissor təhsili yox idi.

 

Səhnə sənətimizə ilk təhsilli rejissorların gəlişi ötən əsrin 30-cu illərinə təsadüf edir. Əvvəl Yusif Yıldız Peterburq Səhnə Sənəti məktəbində, sonra isə Adil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımov Moskva Teatr Sənət İnstitutunda ali rejissorluq təhsili alıb Bakıya qayıtmışlar. Onların hər biri müəyyən dövrlərdə Azərbaycan səhnə sənətinin bayraqdarı - Azərbaycan Dövlət Dram Teatrında (indiki Akademik Milli Dram Teatrında) baş rejissor, bədii rəhbər vəzifələrində çalışmış, bu teatrın ideya-bədii istiqamətlərini müəyyənləşdirmişlər. Akademik Milli Dram Teatrı respublikanın bütün teatrları üçün nümunə olduğundan dolayısı ilə onların yaradıcılığı Azərbaycanın bütün teatrlarına təsir göstərmişdir. Bu böyük sənətkarların çoxu eyni zamanda, əvəzsiz pedaqoqlar idi. Azərbaycan Teatr İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində) onlarla, yüzlərlə tələbə yetişdirmişlər. Elə tələbələr ki, həm onların layiqli davamçıları, həm də müəllimləri kimi səhnə sənətimizə yeni töhfələr vermiş, yeni ruh, nəfəs gətirmişlər. Bu gün Akademik Milli Dram Teatrının bədii rəhbəri, görkəmli sənətkar, Azərbaycanın Xalq artisti Azər Paşa Nemət belə sənətkarlardandır.

 

Azər Paşa Nemət 1970-ci ildə SSRİ Xalq artisti, Azərbaycan səhnə sənətinə akademizm gətirən, məşhur rejissor, teatrşünas, pedaqoq və aktyor Mehdi Məmmədovun kursunu bitirərək iki il onun yanında assistent kimi bir neçə tamaşaya quruluş vermişdir. Onun diplom işi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Anatoli Aleksinin "Qardaşım klarnet çalır" pyesi əsasında hazırladığı tamaşa idi. Tamaşa sənət aləmində razılıqla qarşılandı. Əsərin yaradıcı heyəti gənclər idi. O gənclər ki, həmin dövrdə adları hələ heç kimə məlum deyildi. Amma gənc Azər Paşa onların qabiliyyətini duymuş, hiss etmişdi. Tamaşanın tərtibatını rejissorun həmyaşıdı, dostu Elçin Məmmədov vermişdi. Sonradan Elçin həm səhnə tərtibatçısı, həm də kino aktyoru kimi şöhrət tapdı, Dövlət mükafatına layiq görüldü. "Yeddi oğul istərəm" filmində Mirpaşa rolunun koloritli ifaçısı kimi yaddaşlarda əbədi iz buraxdı.

 

Tamaşanın baletmeysteri adı o vaxt sənət aləmində hallanmayan Nailə Nəzirova idi. Sonradan Nailə Nəzirova Azərbaycanın ən tanınmış baletmeysterlərindən biri kimi Qara Qarayevin "Leyli və Məcnun", Fikrət Əmirovun "1001 gecə" kimi baletlərinə quruluş verdi. Tamaşada Robert Rojdestvenskinin şeirlərindən və o zaman SSRİ-də tanınan bəstəkar Oskar Feltsmanın musiqisindən istifadə olunmuşdu. Bütün bunlar Azər Paşa Nemətin ilk tamaşalarında yeni üfüqlər axtarmaq, sənətə yenilik gətirmək təşəbbüsündən, arzusundan irəli gəlirdi.

 

Onun quruluşunda Anarın "Ötən ilin son gecəsi", Rəhman Əlizadənin "Sabah çoxdan başlanıb" pyesləri uzun müddət teatrın repertuarından düşmədi. Gənc rejissor həmin dövrdə Azərbaycan klassik dramaturgiyasına da biganə deyildi. 1983-cü ilin sonunda Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi" pyesi əsasında hazırladığı eyni adlı tamaşa sənət aləmində əsl hadisəyə çevrildi, teatr ictimaiyyəti rejissorun yozumunu sevinclə qarşıladı. "Danabaş kəndinin məktəbi" əsəri Azər Paşaya qədər heç bir rejissorun diqqətini çəkməmişdi. Pyesdəki nadanlığın ifşasını duyan rejissor bunu incə yumorla və acı sarkazmla vermişdi. Tamaşa üçün güclü, dinamik hərəkət tapılmışdı. Rejissor tamaşada qroteskin köməyi ilə komik situasiyanı bir an belə əldən buraxmırdı. Tamaşanın təravəti bu gün də yaddaşlardan silinməyib. Yada düşəndə istər-istəməz üzümüzdə təbəssüm, qəlbimizdə sevinc parlayır. Eyni zamanda, cəmiyyəti, xalqı bu günə salanlara qarşı qəlbimizdə nifrət oyanır. Həmin tamaşanın ilk quruluşundan təxminən 20 il keçəndən sonra xalq yazıçısı Anar tamaşanı belə xatırlayırdı: "1984-cü ildə Azər Paşa Nemət Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi" pyesini teatr tariximizdə ilk dəfə olaraq səhnəyə gətirdi və elə yalnız bu təşəbbüsün özünə görə ona minnətdarlıq düşür. Amma Azər Paşa bu pyesə elə parlaq quruluş verdi ki, tamaşa teatr sənətimizin hadisəsinə çevrildi. Vaxtilə həmin tamaşa haqqında "Ədəbi məktəbin dərsləri" adlı geniş məqalə yazmışam. Dediklərimi bir daha təkrar etmək istəmirəm".

 

Xalq yazıçısı Elçin isə rejissor dostunu belə təqdim edir: "Mən bu kiçik yazını Azər Paşa Nemətlə bağlı "görkəmli rejissor", "istedadlı rejissor" kimi təşbehlərlə başlamaq istəyirdim (və o, həqiqətən istedadlı, görkəmli sənətkardır!), amma birdən-birə mənim fikrimə "genetik rejissor" ifadəsi gəldi və bilmirəm, belə demək olarmı: genetik rejissor? Güman edirəm ki, demək olar və Azər Paşanın timsalında belə bir mümkünlüyün lap açıqca təsdiqi var. Bəli, Azər Paşa genetik rejissordur. Onun istedadında da, teatrla yaşamasında da, teatr təəssübkeşliyi və teatr sədaqətində də mənim üçün, açıq-aşkar (və təbii) irsi bir bağlılıq var..."

 

O zaman nəinki Elçin və Anar, Azərbaycanın bir çox ziyalıları, teatrşünaslar mətbuatda həmin tamaşa haqqında ürək sözlərini dedilər. Tamaşada iştirak edən aktyorlar sonradan Azərbaycan xalqının sevimlisinə çevrildilər.

 

Azər Paşa Nemət dediyimiz kimi, rejissor kimi ixtisas təhsilini professor Mehdi Məmmədovdan almışdı. Amma onun başqa bir müəllimi də olmuşdu. Əslinə qalarsa, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında o, bu müəllimin yolunu davam etdirirdi. Mehdi Məmmədovla yanaşı, ondan da öyrəndiklərini öz düşüncə, təfəkkür süzgəcindən keçirir, heç kəsi təqlid etmədən, orijinal, yeni ruhlu tamaşalar hazırlayırdı. Elə xalq yazıçısı Elçin də genetik rejissor deyəndə Azər Paşa Nemətin rejissor ailəsindən çıxdığına işarə edirdi. Bu şəxs Azər Paşa Nemətin atası, uzun müddət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına bədii cəhətdən rəhbərlik etmiş, görkəmli rejissor Zəfər Nemətov idi. O Zəfər Nemətov ki, səhnə sənətimizin tarixində Nikolay Qoqolun "Müfəttiş", Uilyam Şekspirin "Romeo və Cülyetta", Süleyman Sani Axundovun pyesi əsasında Abdulla Şaiqin səhnələşdirdiyi "Qaraca qız", Cəfər Cabbarlının "Yaşar", Səməd Vurğunun "Komsomol poeması", Yusif Əzimzadənin "Anacan" əsərləri kimi onlarla tamaşaya uğurlu quruluş vermiş, neçə-neçə aktyor nəslinin yetişməsində əvəzsiz xidmətləri olmuşdu. Bütün bu uğurlar isə Azər Paşa Nemətin gözü önündə baş vermişdi. Bu tamaşalar gələcək rejissorun yaradıcılıq dünyasında izsiz qala, səssiz-səmirsiz ötüşə bilməzdi. Heç ötüşmədi də... Çünki onun yenilik ruhu, axtarışlara meyilli olması 1974-1976-cı illərdə hələ Leninqraddakı (indiki Sankt-Peterburqda) Gənc Tamaşaçılar Teatrında təcrübəçi-rejissor kimi fəaliyyət göstərərkən də diqqəti cəlb etmişdi.

 

Zəngin təcrübə və bilik Azər Paşa Nemətin Azərbaycan Dövlət Milli Dram Teatrında işlədiyi dövrdə özünü daha parlaq şəkildə büruzə verdi. Əgər Gənc Tamaşaçılar Teatrına bağlılığı atası Zəfər müəllimlə əlaqəli idisə, onun Azərbaycan Dövlət Dram Teatrına mehri, yaradıcılıq ünsiyyəti müəllimi Mehdi Məmmədovun sayəsində baş tutmuşdu.

 

Azər Paşa Nemətin Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşaların içərisində xalq yazıçısı Elçinlə əməkdaşlığı xüsusilə üstünlük təşkil edir. Rejissor bu teatrda Elçinin dörd əsərinə - "Ah, Paris, Paris!", "Mənim sevimli dəlim", "Mənim ərim dəlidir" və "Cəhənnəm sakinləri" pyeslərinə quruluş vermişdir. Onlardan üçü komediyadır və hər üç tamaşada cəmiyyətdəki tüfeylilik, haqsızlıq ifşa edilir. "Mənim ərim dəlidir" tamaşasında qaldırılan problemlərdən birini diqqətə çatdırmaq istəyirik. Əsərin baş qəhrəmanı-Kişi jurnalistdir. Baş qəhrəman ağıllı iş görmək, cəmiyyətə xeyir verməyə çalışır. Amma di gəl ki, həyatda günü-güzəranı yoxdur. Ailəsi ac-yalavac dolanır. Ətrafda haram yolla milyonlar qazananlar isə onun taleyinə biganədirlər. Amma elə ki, o, özünü dəliliyə vurub cəmiyyətdəki nöqsanları üzə çıxarmağa çalışır, onda susdurmaq üçün əliəyrilər ona yardım etməyə başlayırlar. Cəmiyyətin inkişafına mane olanlar ağıllı insanı qəbul etmir. Müəlliflə rejissorun iş birliyindən doğan nəticə belə idi. Əvəzində tamaşaçı bu əsəri qəbul edirdi, sevirdi. Çünki tamaşadakı komik situasiyadan mənalı məntiq, mühakimə doğurdu.

 

Bu tamaşada maraqlı aktyor ansamblı vardı. Baş rolda Səyavuş Aslan, onun arvadı rolunda Firəngiz Mütəllimova çıxış edirdi. Tamaşada iki aktyor, xüsusən "qeyri-standart" oyunları ilə seçilirdi. Professor rolunda Telman Adıgözəlov və Falçı rolunda Məsmə Aslanqızı. Hər iki ifaçı rejissorun köməkliyi ilə öz obrazları üçün maraqlı ifa vasitələri tapmışdı. Məsələn, Falçı Ağabacı rolunda Məsmə Aslanqızı indiyə kimi bədii əsərlərdən tanıdığımız falçılardan tamamilə fərqlənirdi. O, cangüdənlərin müşayiəti ilə xüsusi çamadanda səhnəyə gətirilirdi. Telmanın Professorunun bir marağı vardı: Kimdən, haradan oldu nəsə qoparmaq. Sevilən ifalardan biri də Uşaq obrazı idi. Xədicə Novruzovanın ifasında bu obraz tamaşaya bir dinamika gətirirdi. Komediyanı quru ifaçılıqdan xilas edirdi.

 

Azər Paşanın Elçinlə son işi "Cəhənnəm sakinləri" pyesidir. Əsər ötən əsrin 37-ci illərin repressiyalarından bəhs edir. Dramaturqun bir çox pyeslərində olduğu kimi, buradakı obrazların konkret adları yoxdur. Obrazlar Qadın, Kişi, Qonaq, I Zabit, II Zabit adlanır. Dramaturqun fikri aydındır: axı, repressiya ən ağır cinayətdir, insanlığa yad olan "canlıların" əməlidir. Onu milliləşdirməyə, konkretləşdirməyə ehtiyac varmı? Əlbəttə ki yox. Rejissor müəllifin bu fikrinə şərikdir. Bu səhnə işində Azər Paşa özünü tamaşanın müəllifi kimi təqdim edir. Bizcə, buna onun haqqı da var (ümumiyyətlə, quruluş verdiyi əksər əsərlərdə o, özünü tamaşanın müəllifi kimi təqdim edir). Azər Paşa eyni zamanda, tamaşanın rəssamıdır. O, tərtibatçı rəssam kimi tamaşa üçün bir məkan seçmişdir. Tamaşanın "ağırlığı" aktyorların da çiyninə düşüb. Bu yükü əsasən Məleykə Əsədova (Qadın), Elşən Rüstəmov (Kişi), Nurəddin Mehdixanlı (Qonaq) daşıyırlar. Tamaşanın ümumi ahəngindən, işıq tərtibatından tutmuş musiqiyə, ifaya qədər bir xof var. Repressiya xofu. Elə bir xof ki, bu cəmiyyətdə hamı bir-birindən donos verir. İnsanların insana inamı azalıb. Şər qüvvəni tamaşada Qonaq rolunda Nurəddin Mehdixanlı təcəssüm etdirir. Bu şəri öldürmək isə çətindir. Çünki onun arxasında repressiya maşını dayanıb. Bu repressiya maşınını isə biz aktyorlardan Elçin Əfəndinin (I Zabit), Vüsal Mustafayevin (II Zabit) ifasında görürük. Tamaşanın ümumi ruhunda insanları ayıq olmağa, birləşməyə səsləyən bir çağırış var.

 

Azər Paşa Nemətin quruluşunda diqqət çəkən tamaşalardan biri də "Hamlet" tamaşası idi. "Hamlet" Azərbaycan Milli Dram Teatrında əvvəllər də Aleksandr Aleksandroviç Tuqanovun və Tofiq Kazımovun quruluşlarında səhnə təcəssümünü tapmışdı. Bu iki qüdrətli sənətkardan sonra "Hamlet" haqqında yeni söz demək təbii ki, çətin idi. Amma Azər Paşa dedi. Xüsusən, baş rolun ifaçısı Fuad Poladovun ifası ilə. Tamaşanın musiqisini Səyavuş Kərimi yazmışdı. "Hamlet"in tərtibatçı rəssamlarından biri Elçin Məmmədov idi. Tərtibat dedikdə adətən səhnədə dekorlar nəzərdə tutulur. Bu quruluşda isə təkcə tavan vardı, bir də iplər. Tamaşa bir növ boş səhnədə baş verirdi. Yəni bütün ağırlıq aktyor ifasının öhdəsinə düşürdü. Xüsusən də baş rolun ifaçısı Fuad Poladovun. Aktyor isə bu rolun öhdəsindən məharətlə gəlirdi. Tavanın simasında cəmiyyətin sıxdığı Hamlet - Fuad Poladov lirik hisslərlə yaşayan məsum bir gənc idi. Yalanla, riya ilə barışmayan bu insanın faciəsinə tamaşaçı biganə yanaşa bilmirdi. Rejissorun digər aktyorlarla da işi uğurlu idi. Xüsusən də, Sənubər İsgəndərli (Gertruda), Rafael Dadaşov (Klavdi), Səyavuş Aslan (Paloni) tamaşada bir-birindən maraqlı rollar yaradırdılar.

 

Quruluşda Cəfər Cabbarlının, Tələt Əyyubovun, Sabir Mustafanın tərcümələrindən istifadə edilərək, teatr öz "Hamlet"ini Azərbaycan dilində danışdırırdı. Tamaşa uzun müddət səhnədən düşmədi, on minlərlə tamaşaçının qəlbinə yol tapdı.

 

Rejissorun "Sən həmişə mənimləsən" tamaşasında da Fuad Poladovla işi maraqlı alınmışdı. Ümumiyyətlə, bu tamaşa vaxtilə Tofiq Kazımovun bu teatrın səhnəsində hazırladığı "Sən həmişə mənimləsən" tamaşasından fərqli idi. Həmin tamaşanın vaxtilə səhnə sənətimizdə hadisəyə çevrilməsinə baxmayaraq, Azər Paşa Nemətin quruluşunda da bu əsər tamaşaçıların dərin rəğbətini qazandı.

 

Məlum olduğu kimi, "Sən həmişə mənimləsən" pyesi ilə Azərbaycan dramaturgiyasında lirik-psixoloji məktəbin əsası qoyulmuşdur. Vaxtilə Tofiq Kazımovun quruluşunda Azərbaycan Dövlət Dram Teatrında hazırlanan bu tamaşa böyük əks-səda doğurmuşdu. Amaliya Pənahovanın (Nargilə), Əli Zeynalovun (Həsənzadə), Kamil Qubuşovun (Fərəc) rolları xüsusilə seçilirdi. Azər Paşanın quruluşunda isə "Sən həmişə mənimləsən" tamaşası fərqlidir, özünəməxsusdur. Xüsusən də Həsənzadə rolunda Fuad Poladovun ifası. Rejissorun məqsədini duyan Fuad Poladov Əli Zeynalovdan fərqli olaraq Həsənzadə rolunda özünü alicənab, ağayanə aparmır. O, başa düşür ki, Nargilənin həyatında itirdiyi ən başlıca cəhət onun uşaqlığıdır. Ona görə də o, öz təbii ifası ilə sanki Nargilənin uşaqlıq həyatını, gənclik sevincini ona qaytarmaq istəyir. Tamaşanın bir çox səhnələrində öz müdrikliyi ilə Həsənzadə - Fuad Poladov Nargilənin həyata, yaşamağa inamını özünə qaytarır. Bu baxımdan onun Nargilə ilə (Məsmə Aslanqızı) arasındakı dialoqları, görüşləri olduqca təsirlidir. Bir sözlə, "Sən həmişə mənimləsən" tamaşası Azər Paşa Nemətin yozumunda diqqətçəkən və yaddaqalandır.

 

Ümumiyyətlə, Azər Paşa vaxtilə uğurla qoyulmuş tamaşaları özünün yeni yozumunda tamaşaya hazırlamaqdan çəkinmir. Belə tamaşalardan biri də böyük Cəlil Məmmədquluzadənin "Ölülər" pyesidir. Dəfələrlə tamaşaya qoyulmuş bu əsər onun ilk quruluşçu rejissoru Hüseynqulu Sarabskidən tutmuş günümüzə qədər Tiflis, İrəvan və digər şəhərlərin dövlət teatrlarında da özünün parlaq səhnə təcəssümünü tapmışdır. Hər bir quruluşçu rejissor "Ölülər" pyesində yeni söz demək istəmişdir. Bu tamaşanın ən uğurlu quruluşlarından biri də 1966-cı ildə Tofiq Kazımov tərəfindən hazırlanan tamaşadır. Tofiq Kazımovun quruluşunda "Ölülər" din əleyhinə olan tamaşa deyildi. Onun quruluşunda Şeyx Nəsrullah dindar cildinə girib dini nüfuzdan salanların nümayəndəsi idi. Onun soyunarkən "Şeyx" əbasının altından Avropa kiteli görünürdü. Vaxtında bu quruluş ətrafında müxtəlif mübahisələr oldu, amma tarix Tofiq Kazımovun haqlı olduğunu, tamaşaya orijinal traktovka verdiyini ortaya qoydu. Belə bir quruluşdan sonra "Ölülər" müxtəlif teatrların səhnəsində göstərilsə də, heç bir tamaşa Tofiq Kazımovun quruluş verdiyi tamaşanın səviyyəsinə qalxa bilmədi. Azər Paşanın quruluşunda isə bu tamaşa orijinal rejissor tapıntıları, bədii bütövlüyü, fəlsəfi-estetik dəyəri, maraqlı aktyor ifası ilə seçilirdi. Dərin fəlsəfi duyuma malik rejissor hər obrazın xüsusiyyətlərinə uyğun aktyor seçimi edə bilmişdir. Tamaşada Nurəddin Mehdixanlının yaratdığı Şeyx Nəsrullah və Anar Heybətovun ifasındakı İsgəndər obrazları "Ölülər"in əksər tamaşalarındakı obrazlardan uğurlu alınmışdır. Bu tamaşadakı kütləvi səhnələr də xüsusi olaraq diqqəti çəkir.

 

Azər Paşa Nemətin tamaşaları İstanbulda, Daşkənddə, Tiflisdə, Aşqabadda, Moskvada keçirilmiş festival və müsabiqələrdə böyük uğur qazanmışdır. İstedadlı rejissorun Akademik Milli Dram Teatrında quruluş verdiyi Arif Süleymanovun "Tufandan əvvəl", Elçinin "Ah, Paris... Paris!", "Mənim sevimli dəlim", "Diaqnoz "D" ("Mənim ərim dəlidir"), "Cəhənnəm sakinləri", U.Şeksprin "Hamlet", İlyas Əfəndiyevin "Boy çiçəyi", Əli Əmirlinin "Şah Qacar", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Almaz" tamaşaları onun uğurlu sənət nailiyyətləridir. Rejissor "Mənim sevimli dəlim" (1999) və "Hamlet" (2003) tamaşalarındakı seçimli rejissor işinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş", "Ah, Paris... Paris!" tamaşasına görə işə "Humay" (1998) mükafatlarına layiq görülmüşdür. O, 2015-ci ildə TÜRKSOY-un "Haldun Taner", 2017-ci ildə isə "Almaz" tamaşasına görə Cəfər Cabbarlı mükafatlarına və Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülmüşdür.

 

... Azər Paşa Nemət uzun illərdir ki, Azərbaycan səhnə sənətinə örnək olan Azərbaycan Akademik Milli Dram Teatrının bədii rəhbəridir, Azərbaycan Teatr Xadimləri İttifaqının sədridir, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor kimi uğurla fəaliyyət göstərir. Azər Paşa Nemət tamaşalarının estetik özəllikləri yeni-yeni bədii çalarlar əxz etməklə tamaşaçılara inam verir ki, onlar rejissorun daha baxımlı və parlaq səhnə əsərlərini görə biləcəklər. Gözəl insan, mehriban dost Azər Paşa Nemətə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

525-ci qəzet 2018.- 1 iyun.- S.4.