Uzaq və yaxın Polşa

Haqqında danışmaq istədiyim "Uzaq və yaxın Polşa" sənədli-bədii povesti 2007-ci ildə yazılıb və ilk dəfə Azərbaycan dilində 10 il sonra - 2017-ci ilin avqust ayında Bakıda işıq üzü görüb.

Kitabın hazırkı nəşri isə onun polyak dilinə tərcüməsidir. "Uzaq və yaxın Polşa" kitabı müəllifin oxucularla 3-cü görüşüdür.

Kitabın müəllifi Rövşən Ağayev (Rövşən Xosrovoğlu) humanitar və texniki ali təhsil alıb. Bir müddət neft sənayesində çalışıb. Daha sonra mətbuat sahəsində fəaliyyət göstərib. Bir neçə kitabın, 40 elmi işin, yüzdən çox məqalənin müəllifidir. 20 ilə yaxın dövlət qulluğunda işləyib.

"Uzaq və yaxın Polşa". Kitabın adından elə görünə bilər ki, bu bir sənədli, bəlkə də publisistik yol qeydləridir. Amma yox, kitabın ana xəttini lirik bir mövzu, bədii bir süjet təşkil edir. Müəllif özü də kitabı haqlı olaraq sənədli povest adlandırıb. Povestdə əsasən polşalıların Azərbaycandakı, azərbaycanlıların isə Polşadakı həyatından bəhs olunur. Bu sənədli povest tarixi olduğu qədər də siyasi məzmunludur. Bütün bunlar quru faktlar, sitatlarla deyil, konkret bədii obrazların dili ilə nəql edilir. Bu surətlər Rüstəm Əlibəyov və Elmardır. Dünya görmüş ahıl yaşlı Rüstəm kişi uzun müddət bir məhəllədə bir həyətdə yaşadığı köhnə dostu Azadın oğlu cavan Elmarla qədim Bakı kafelərinin birində görüşüb söhbətləşir, dərdləşir, ötənləri yada salırlar. Bax beləcə çay masasının arxasında Azərbaycan-Polşa əlaqələrindən, ölkələr arasında siyasi, iqtisadi və mədəni tellərin inkişafından söhbət açılır.

Əsərdə obrazlar çoxdur. Ancaq əsas xətt Rüstəmlə Elmarın üzərində qurulub. Məsələn, Polşa haqqında kitab hazırlanmasında iştirak edən jurnalistlərin və mətbəə işçilərinin də povestdə xüsusi yükü, rolu var. Povestin ikinci hissəsi bütünlükdə onlara həsr olunub. Povesti oxuduqca gözümüzün önündən kimlər gəlib keçmir: İsmayıl bəy Qutqaşınlı, onun "Səadət xanım və Rəşid bəy" hekayəsi və Abbasqulu ağa Bakıxanov. Məşhur mühəndis Pototski və onun Bibiheybət neft mədənləri, tanınmış memarlar Ploşko, Qoslovski və onların şəhərimizdə ucaltdıqları məşhur binalar. Bakının bəzəyi, yaraşığı. Şair-tərcüməçi Tadeuş Lada-Zablotskinin Şamaxı, Quba sürgünü, Bakıxanovla görüşləri, Azərbaycan Cumhuriyyətinin Polşaya pənah aparan ilk siyasi xadimi. Və XII qızıl ordunun önündə gedən polyak əsilli rus generalı Levandovski.

Qeyd edək ki, A.Bakıxanovun yaradıcılığı polşalı şair və yazıçıların diqqətini çəkmişdi. Bakıxanov 1833-cü ildə Polşada olarkən bir sıra poetik əsərlər, həmçinin, Kopernikin təlimlərini izah edən traktat yazmışdı. Burada o, dövlət xadimləri, alimlər, şairlər və yazıçılarla görüşmüşdü. Bu hadisələr haqqında xatirə olaraq həmin məktəbin binasında xatirə lövhəsi asılıb. Hər ilin 6 iyun tarixi Polşada Elm günü kimi qeyd olunur. 2017-ci ildə bu tədbir Bakıxanova həsr olunmuşdu.

Başqa bir foto səhifə: 1912-ci ildə "Sopot-Rekord" firmasında konserti lentə alınan Cabbar Qaryağdı oğlu və onun musiqiçi dostları. Beləcə kitabı oxuduqca Polşa və Azərbaycan mədəni, siyasi tarixi gözlərimizin önündə ardıcıllıqla faktlarla səhifələnir.

Bütün bunlar müəllifin bilik və təcrübəsi hesabına başa gəlib. Kitabda müxtəlif xətlər, söhbət əsnasında baş alıb gedən maraqlı epizodlar var. Bu maraqlı epizodlardan biri də gənc azərbaycanlı Elmarın taleyidir. Çox təsirli epizoddur. Zəmanənin son illərdəki gərdişi Elmarı Polşaya aparıb çıxarır. Orda başını dolandırmaq üçün xırda ticarətlə məşğul olur. Bu kiçik qəsəbədə o, İren adlı polşalı qızla tanış olur. Bir-birlərini sevirlər. Ailə qururlar, Polşada onların Nazim və Cavid adlı övladları dünyaya gəlir. Bu sevinclə bərabər ailəyə bəla da gəlir. Faciə. Elmar həbsxanaya düşür. Niyə? Nə üçün? Qoy gerisini oxucular üçün saxlayaq.

Bu ailənin qovuşmaq şansı olacaqmı? Bu yolda Elmar dünya görmüş Rüstəm kişidən məsləhət istəyir. Yol varmı? Bəli, kitabda bu yol açıq aydın görünür. Bəzən bizə elə gəlir ki, əsərdəki Rüstəm obrazı elə Rövşən Ağayevin prototipidir. Beləcə, həm rus, həm Polşa, həm də Azərbaycan dilində oxuculara təqdim olunan bir kitabın son cümləsinə, son nöqtəsinə, son səhifəsinə gəlib çatırıq.

Ancaq inanın, adam bu sonu görmək, oxumaq istəmir. Onun sabahını görmək arzusu ilə yaşamaq istəyirsən.

Bəzən bizdə dünyəvi sənədli və eləcə də bədii serialların mövzusunun olmadığını söyləyirlər. Bu kitab, bu povest əsl teleserial mövzusudur. Baxın, görün içində nə qədər məlumatlar, bilgilər, tarixi səhifələr var. Bunlar gələcək nəsil üçün əsl örnək ola bilər.

Kitab işıq üzü görəndən sonra, 2017-ci ilin oktyabr ayında Bakı Slavyan Universitetində onun təqdimat mərasimi keçirildi. Tədbir iştirakçılarının istəyini uyğun olaraq, qərara alındı ki, bu sənədli-bədii əsər polyak dilinə tərcümə edilsin. Bu iş Bakı Slavyan Universitetinin müəllimləri tərəfindən həyata keçirildi.

Təqdimat mərasimində qeyd olundu ki, kitabın çapa hazırlandığı müddətdə və onun 2017-ci ilin avqust ayında işıq üzü görməsindən sonra Azərbaycan-Polşa münasibətlərində bir sıra əlamətdar hadisələr baş verib. Bildirildi ki, bu sənədli-bədii povest humanizmə, qarşılıqlı anlaşmaya, iki ölkə arasında müxtılif sahələrdə əlaqələri daha fəal inkişaf etdirməyə çağırır.

Bu yerdə Azərbaycan-Polşa münasibətlərinin inkişafında hər iki dövlətin dövlət xadimlərinin qarşılıqlı səfərlərinin vacib rolunu xüsusui qeyd etmək lazımdır. Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin qurulmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti əhəmiyyətli yer tutur. Onun fəaliyyəti Polşada yaxşı məlumdur. 2009-cu ilin sentyabr ayında Mehriban Əliyeva Polşanın Prezidenti tərəfindən "Polşa Respublikası qarşısında xidmətlərinə görə" ordenlə təltif edilib.

"Uzaq və yaxın Polşa" kitabının polyak dilində nəşri Polşada xalqlarımız arasında siyasi, iqtisadi və mədəni əlaqələrin qurulması tarixi ilə maraqlananlar üçün zəngin mənbə ola bilər. Kitabı oxuyandan sonra əmin olursan ki, Polşa, Rövşən Ağayevin yazdığı kimi, o qədər də uzaq deyil. Çox yaxındır bizə - ürəyimizdə, şəhərimizdə, ölkəmizdə və doğma tariximizdədir.

 

Yusif HÜSEYNOV

525-ci qəzet.-2018.-5 iyun.-S.4.