Poetik düşüncədəki sevdalar

 

AVDI QOŞQARIN 60 İLLİYİNƏ

 

Qarşımda "Bu çay bu yatağa sığmaz" adlı kitab, Nizami Cəfərov kimi idrak sahibinin yazdığı ön sözü hər misrası poetik məna ilə yüklənmiş şeirlər, ustad bir nasirin təhkiyəsi, peşəkar bir səyyahın müşahidələri üslubunda yazılmış "Mən gördüyüm Amerika" səyahətnaməsi.

Beynimdə fikirlər, gözlərim önündəsə illərlə tanıdığım, tələbə yoldaşım, ürək dostum, bir az sadəlövh, bir az müdrik, bir az iddialı, bir az da Tanrının verdiklərinə şükranlıq edən Avdı Qoşqarın aydın, parıltılı qaranlıq görünən portreti.

Bu iki situasiya, bir məndən öncə "Ədəbiyyat qəzeti"ndə gözəl bir yazı ilə Avdının 60 illiyini təbrik etmiş dostum Mehman Qaraxanoğlunun orijinal mətn basqısı...

 

Bütün bunlara rəğmən nəsə deməli, dostluq oxuculuq borcumdan çıxmalı idim. Oxuyacağınız bəlkə , pərakəndə mətn təəssüratı buraxacaq bu yazının baiskarı sevgi borcdur.

 

Əslində, "Bu çay bu yatağa sığmaz" poetik hökmündə Avdının haqlı olduğunu çoxdan bilirdim. Onu da bilirdim ki, o, tələbəlik illərində gah Şekspir, gah Balzak, gah da Füzuli olur, yumruğunu auditoriyalardakı sınıq-salxaq mizlərə möhkəm vuranda zərbədən doğan ağrının gözlərini doldurmasına rəğmən, nitqindəki səlisliyi itirmir "Baxarsınız, mən dahi olacam, siz mənimlə fəxr edəcəksiniz", - deyirdi. O vaxt biz düşünürdük ki, bu çılğınlığı gətirən "Ulduz"da, "Ədəbiyyat"da dərc olunmuş şeirlərin ab-havasıdır. Ya da, doğrudan, biz gözümüz önündə böyüyən dahini görmürük.

İllər illəri qovdu, məişət qayğıları, zamanın ruhu onu vədinə əməl etməyə imkan verməyəndə "Məni qoymadınız şair olmağa", - deyib, "günahı" dağ-dərənin üstünə atmağa çalışdı:

 

Məni qoymadınız, a dağ, a dərə,

A qaynayan bulaq, qoymadın dolam.

Məni qoymadınız, a qaya, bitəm,

Məni qoymadınız, a çiçək, solam.

Məni qoymadınız şair olmağa.

 

Amma Avdı dahilik baryerini keçə bilməsə , söz-sənət aləmində dəst-xətti görünən şairlərdən biri, peşəkar televiziya işçisi, Əməkdar jurnalist, ən əsası isə gözəl ailə başçısı ola bildi. Avdının böyüklüyü dost, ailə, yurddaşlar yanında daha aydın göründü.

 

Doğrudan da, Avdıda bir "yatağa sığmazlıq", gözdən-könüldən uzaq dayanıb, qəflətən "mən varam" demək gücü var. Onun "yatağa sığmazlığı" ilə sevdyi şair Nəsiminin cahana sığmazlığı arasında bir ruh körpüsü, obrazlı desək, bir bədii qohumluq var. Klassikləşməyə iddalı olmasa da, onu özünütəsdiq yolunda yormayan bir inam, bir qürur hissi var. Mübaliğəsiz deyirik ki, onu ədəbi mühitdə, tanıyanlar arasında uca saxlayan da bu iddiasızlıq, təkəbbürsüzlükdür. Avdının şeirləri mövzu baxımından göyqurşağından da rəngarəngdir. Bu rənglər içində yalquzaqlıq, dəli bir sevda təbiətə ruhani bağlılıq xüsusi çalarları ilə seçilir.

 

Bir ağacın kəsilməsini ürək ağrısı ilə qarşılayan Avdı, elə 60 yaşında da Qazaxdan qopub gəldiyi kimidir... İçi şəfqət, mərhəmət, sevgi ilə doludur. O, ağacı ona görə ağlamır ki, kəsilir, ona görə ağalayır ki, o, öz ruhuyla torpağın dərin qatlarında quruyan rişələri, ağacın bətnindəki sızıltıları duyur:

 

Necə kəsirsiniz, - güclə dayanır,

güclə dayanmaqdı dünyadan payı.

Yer altda kökləri, təşnədir-yanır,

Yer üstdə dəhnədən kəsilib çayı...

 

Avdı hamı ilə bir yerdə, izdihamda tənha olmağı bacarır bu tənhalıq onun hamını daha dərindən duymaq istəyindən, eyni zamanda, hamını fərd olaraq xöşbəxt görmək marağından doğur:

 

Heç kim yoxdu gözümdə,

heç kimsədə mən yoxam.

Yatıb durdum - beş-üç gün,

durub gördüm ki, yoxam.

 

İllər boyu torpaqdan boylanmaqla Tanrını duyan Avdı təyyarə qanadlarında buludların üstünə qalxdıqca, Tanrıya yaxınlaşdığını hiss edir. Yerdəki bağırtını, hay-harayı həzin bir pıçıltı əvəzləyir. Sanki Tanrını yaxında olduğu üçün, haylı-küylü, həm şirin Qazax şivəsi ilə narahat etmək istəmir, pıçıltı ilə danışır:

 

Yerdəsən, göydəsən, buludlardasan,

Yağan yağışlarda, tökən qardasan,

Mənim nəzərimdə ucalardasan,

ucadan görünür sırtın, İlahi!

 

Düşündürücüdür ki, Avdı anası ilə bağlı şeirlərində belə sakit, pıçıltı ilə danışmağı, ifadəni boyasız verməyi sevir. Onu qorxudan anasının sağlığıdır. Bu qorxu da ondan doğur ki, "yatağa sığmazlığın" bir gün ananı narahat edəcəyinə, anaya dərd gətirəcəyinə əmindir. Bu "yatağa sığmazlıq" haqqın özü olmaq, haqlının yanında olmaqdır. Zəmanəmizdəsə kiminsə haqsız olduğunu demək baş ağrısı gətirir. Ana bunu qalın-qalın kitabları oxumadan, axın-axın informasiyaları dinləmədən bilir, analıq hissi ilə duyur. Avdını da narahat edən odur ki, ayağına dəyən daş onun dırnağını, ananınsa bağrını göynədəcək. Şair düşünür ki, onun "dilini saxlamaması", "tünlükləri sevməsi", haradasa, bəla gətirsə, ananı da bəlalara salacaq. Ona görə anasının dərdsiz ölümünü Tanrı qisməti kimi qarşılayır, bir növ, onun rahat ölümünə şükranlıq edir:

 

Anam yaşayırdı gözümdə çıraq,

sakitcə yanırdı ömür dağında.

Mənim bu dünyaya sığışmamağım-

onu göynədirdi qürub çağında...

Gözündə min illik kədər varıydı,

Qorxurdum dərd üstə dərd gətirəm mən.

Ayını, gününü pərt gətirəmmən-

Məni qorxudurdu onun sağlığı.

Göylə əlləşirdim - gözündən iraq,

ruhuyla gözümü sığallayırdı.

Oxlovu səhəngə salıb, qurd-quşun,

guya ki, ağzını qıfıllayırdı

balama xətəri dəyməsin deyə...

Məktub yazdırardı - "başını qoru",

İsmarıc gələrdi - gəlib gedəndən

"İçini bilirəm - sakit ol, oğlum,

tünlüyə çox girmə,

bir azca gendən"

Məni qorxudurdu onun sağlığı...

 

Avdı bəzən şeirlərində Yunis Əmrəyə, Mövlanəyə, dədə Ələsgərə bənzəyir, zahirən sadəlövh görünən Avdını filosof, dünyanın gəliş-gedişini bilən Avdı əvəzləyir:

 

Ayının yüz oyunu var,

Hər sözün - düz ayini var,

Kəndçinin yüz qoyunu var,

Kürəndi - məndən savayı.

 

Yaxud:

 

Boz qayaya, daşa yaxın,

adam olmuş daşa baxın,

daş kitabə yığın-yığın

çöküb qalım varağında.

 

İlk baxışda bu misralarda bir bədbinlik, dünyanın faniliyi duyulsa da, kamil oxucu bunu müəllifin Tanrı ilə səmimi söhbəti kimi qəbul edir. O, Tanrıdan cəza umanda belə, veriləcək cəzanın Tanrı adına layiq olacağını bilir. "Tanrı nə cəzam var, ver özüm çəkim" təmənnasında bir ata, bir vətəndaş, bir oğul narahatçılığı var. Özü durmuşkən başqalarının əzab çəkməsini istəmir.

 

Onun ürəyindəki döyüntü, narahatlıq, ovudula bilməmək Tanrıdan umduqlarını ala bilməməyindən, Göy Türkdən bu yana başında şimşəklər oynayan yurdun narahat taleyindən doğur. Onun ürəyini narahat edən dünənki savaşda basılan oğuz bəyləri, bugünkü savaşda uduzan azərbaycanlılardır. Onun ürəyini narahat edən "ayağına alabəzək ayaqqabı geyib, özgə ayağına sürünən Vətən"dir, "gözləri on yerdən ovulan" yurddur.

 

Avdının poetik yanaşmalarındakı daş vaxtında deyilməyən sözü, vaxtında açılmayan sevgini qoruyan arxivdir, məbəddir. Tanrı "Ol!" - deyib üfürsə canlanacaq varlıqdır.

 

Ayrılıq söz deyil,-

can yonqarıdı,-

Daşıdım aylarla, illərlə "qoşa".

Sən olan ürəyi -

sənə vermədim,

Sən olan ürəyi -

döndərdim daşa.

 

Avdı qoşqar bu daş adamın diriləcəyinə, bu daş ürəyin döyünəcəyinə inanır. İnanır ki, onun axırına çıxan bu nağıllara bir reallıq işığı düşəcək, həm də inanır ki, gözlədiyi bir əl ona uzanmaqla onu daş adamlıqdan çıxaracaq:

 

Uzat əllərini bu daş adama,

uzat axırıma çıxdı nağıllar...

 

Avdını daşürəkli edən, daş adama çevirən təkcə kiməsə bağlı sevgi deyil, onu donduran, damarlardakı qanı ürəyə vurmağa qoymayan bir dərd var, bu, Vətən dərdi, yurd dərdi, köç dərdidir:

 

Çapıb şum elədi, torpağı yağı,

Diz-diz söykəli

dağ-dağa yaxın,

Mənim ürəyimə çəkilən dağın -

biri Kəlbəcərdi, biri Göyçədi.

 

Avdı Qoşqar poeziyasındakı SEVDA bütün anlamıyla mənalı, güclü kövrəkdir. Onu həyata bağılayan da bu SEVDAdır, sevgidir. Ailəyə, sevdiyi qıza, dostlara, insanlara, Azərbaycana, Türk dünyasına, nəhayət, ulu Tanrıya olan SEVDA. Oynayan küləklərin sədasında, ana itkisinin boz rəngində, Vətən torpağının cadar-cadar olan sinəsində, "Əbləh"lərlə döyüş anılarında bu SEVDA həmişə onunla olacaqdır. Altmışdan yüzə gediləcək yolda ona bələdçilik edəcək böyük bir SEVDA!

 

Adil HƏSƏNOĞLU

 

525-ci qəzet 2018.- 8 iyun.- S.7.