Naxçıvan Teatrının ilk baş rejissoru: səhnə vurğunu Həsən Səfərli

 

Hər bir xalqın milli mədəniyyəti tarixində nadir simalara təsadüf olunur ki, onların vasitəsi ilə həmin xalqın varlığı, mənəvi həyatı və milli şöhrəti qol-qanad açır, mənəvi yüksəliş dövrü keçirir.

Belə nadir şəxsiyyətlərin mənəvi dünyası, həyat və mübarizə qüdrəti ümumiləşdirilərək tərəqqipərvər əməllər və arzular aşılayır. Belə işıqlı şəxsiyyətlərin sayəsində xalq da öz tarixi və istiqbalı ilə fəxr edir; o, dünya mədəniyyəti səhnəsində tanınır, xalqın nəzərində yüksəlir və onların məhəbbətini qazanır. Belə insanlardan biri də görkəmli maarif və mədəniyyət xadimi Həsən Səfər oğlu Səfərlidir.

Həsən Səfər oğlu Səfərli 1898-ci il aprel ayının 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər ibtidai məktəbini bitirib, təhsilini İrəvan Müəllimlər Seminariyasında davam etdirib. Seminariyanın dram dərnəyinin fəal üzvlərindən olub. İrəvan şəhərinin teatr truppasında da epizodik rollarda oynayıb.

Həsən Səfərli 1917-ci ildə İrəvan Müəllimlər Seminariyasını bitirib Naxçıvana qayıdır. Naxçıvanda pedaqoji fəaliyyətə başlayır. O, Naxçıvanda müəllimlik etməklə yanaşı, burada teatr həvəskarlarının hazırladıqları tamaşalarda da iştirak edir.

O, Naxçıvana gəldiyi vaxt artıq burada da inqilabi hərəkatın axını nəticəsində müxtəlif dövlət qurumları yaranmış, partiyalar, ictimai təşkilatlar açıq şəkildə fəaliyyətə başlamışdılar. Milli azadlıq və inkişaf uğrunda aparılan mübarizə o dövrdə çarizm milli müstəmləkə zülmünə daha çox məruz qalan müsəlman xalqları arasında xüsusilə güclü idi. Odur ki, Həsən Səfərlinin Naxçıvana qayıdışı çox mürəkkəb və qalmaqallı dövrə təsadüf edir. Azərbaycanın hər bölgəsində olduğu kimi, Naxçıvanda da hakimiyyət uğrunda mübarizə getdikcə güclənirdi.

Həmin illərdə çar xəfiyyə idarəsi bütün Zaqafqaziyada, o cümlədən, Naxçıvanda, xüsusilə, müsəlman ziyalıları üzərində möhkəm nəzarət qoymuşdu. Xalq kütlələrini köləlikdə saxlamağa cəhd göstərir, yerli məktəbi, teatrı, maarif müəssisələrini bağlayır, bu sahədə göstərilən hər bir təşəbbüsü boğmağa çalışırdı. Həmin illərdə xəfiyyə idarəsinin amansız senzura və təqibləri, həbslər, sürgünlər Naxçıvanda çox güclü olan ziyalılar dəstəsini xüsusilə, müəllimləri və teatr həvəskarlarını qorxuda bilmir. Naxçıvan ziyalıları, müəllimlər, teatr həvəskarları siyasətdən kənarda qalmayıb, günün daha vacib və siyasi məsələlərini müzakirə edir, xarici müdaxiləçilərə və daşnak partiyasının siyasətinə qarşı çıxırdılar. Bu sahədə gənc müəllim Həsən Səfərli xüsusilə fərqlənirdi. O, Naxçıvanda 1917-ci ildə təşkil olunan "El güzgüsü" dram cəmiyyətinin fəal üzvlərindən biri idi. "El güzgüsü" dram cəmiyyəti Əliqulu Qəmküsarın rəhbərliyi və Rza Təhmasibin yaxından  köməkliyi ilə yaradılmışdı. "Rüşdiyyə" məktəbinin müəllimləri də dram cəmiyyətində daha fəal iştirak edirdilər.

1917-ci ilin iyun ayının axırlarında "Ölülər" pyesi tamaşaya qoyuldu. Tamaşada Əliqulu Qəmküsar - Şeyx Nəsrulla, Rza Təhmasib - İsgəndər, Həsən Səfərli- Hacı Həsən, Əli Xəlilov - Mir Bağır, Rza İsfəndiyarlı - Şeyx Əhməd, Mirhəsən Mirişli-Nazlı, Qurbanəli Abbasov - Kərbəlayı Fatma rollarında çıxış edirlər. Tamaşaya rejissorluğu Əliqulu Qəmküsar və Rza Təhmasib etmiş, bədii tərtibati isə rəssam Bəhruz Kəngərli vermişdi.

Həmin il Əliqulu Qəmküsarın rejissorluğu ilə Mirzə Fətəli Axundovun "Molla İbrahim Xəlil kimyagər", Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərləri tamaşaya qoyulur. "Molla İbrahim Xəlil kimyagər"də Molla İbrahim Xəlil, "Bəxtsiz cavan"da Fərhad, "Müsibəti-Fəxrəddin"də Fəxrəddin rollarında Həsən Səfərli oynayır.

1918-ci ildə Naxçıvanda "İmdad" dram cəmiyyəti yaradıldı və həmin ilin mart ayının 26-da "Ölülər" əsəri yenidən tamaşaya qoyuldu. "İmdad" dram cəmiyyətinin fəaliyyəti xurafat nümayəndələrinin, yerli hakimiyyət orqanlarının xoşuna gəlmədiyindən onlar bu cəmiyyətə qarşı hər cür təzyiq və təqiblərini davam etdirirlər. Tamaşadan sonra onların təhriki ilə bir dəstə cani "İmdad"ın əşyası saxlanılan otağın qapısını açaraq teatra aid bütün əşyalara od vurub yandırmış, stolun üstünə isə "Bir daha "Ölülər" əsərini tamaşaya qoysanız özünüzü ölmüş bilin" məzmunlu bir məktub qoyub getmişdilər. Əlbəttə, belə hədə-qorxular teatr həvəskarlarının mətanət və əzmini qıra bilməmiş, Azərbaycan incəsənəti, o cümlədən, teatr sənəti sahəsində mühum tədbirlər görülmüşdü.

1919-cu ildə ingilis imperialistlərinin köməyi ilə hökumət başına keçən daşnaklar xalqın iqtisadi həyatını pozduqları kimi, mədəni-maarif işlərini də bərbad hala salmışdılar. Bu zaman Naxçıvanda teatr binası daşnak quldurları tərəfindən tövləyə çevrilmişdi. Vəziyyət olduqca gərginləşir, teatrın fəaliyyəti zəifləyirdi. Yerli aktyorlar il ərzində yalnız bir-iki tamaşa göstərə bilirdilər. Bu tamaşalar Rəşidbəy Əfəndizadənin "Qonşu-qonşu olsa kor qızı ərə gedər" və Mirmahmud Kazımovskinin "Molla Cəbi" əsərlərinin tamaşalarından ibarət idi. Həmin tamaşalarla yanaşı, Mirzə Ələkbər Sabirin, Əliqulu Qəmküsarın, Əli Nəzminin də şeirlərindən parçaları həvəskar aktyorlar ifa edirdilər.

"İmdad" cəmiyyətinin belə çıxışları xanları, bəyləri bərk narahat etdiyindən bu cəmiyyəti dağıtmağa və tamaşaların göstərilməsinə mane olmağa başladılar. Bu hadisədən sonra Kərim xan "İmdad" dram cəmiyyətini bağlatmağa nail olur. Şəhər məktəbinin müəllimləri 1919-cu ildə "Ümid" adlı yeni bir dram cəmiyyəti də təşkil edirlər. Bu cəmiyyət cəmisi iki tamaşa verə bilir. Bu tamaşalar Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası və Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyası idi. Həsən Səfərli Ü.Hacıbəyovun "Arşın mal alan" operettasında Süleyman, M.F.Axundovun "Hacı Qara" komediyasında Heydər bəy rollarında çıxış edir.

"Ümid" dram cəmiyyətinin fəaliyyəti çox qarma-qarışıq bir dövrə təsadüf etdiyindən fəaliyyəti geniş olmur. Çünki iyirminci yüzilliyin 18-19-cu illəri Naxçıvan diyarının çox çətin inkişaf dövrü idi. Rusiyada çarizm devrildikdən sonra imperiyanın əksər əyalətlərində olduğu kimi, Naxçıvan bölgəsində də ikihakimiyyətlilik meydana gəlmişdi. Bir sıra kapitalist dövlətləri yaranmış mürəkkəb vəziyyətdən istifadə edərək Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarına yiyələnmək üçün cəhdlər göstərirdilər. Həmin dövrdə milli burjuaziyanın, demokratik fikirli ziyalıların diplomatik səyləri nəticəsində Naxçıvanda Müsəlman Milli Şurası yaradılır.

1918-ci ilin may ayının 28-də Azərbaycan Demokratik Respublikasının qurulması və Azərbaycanın müstəqil dövlət elan edilməsi Naxçıvan diyarının əhalisində böyük ümidlər yaratdı. Bu bölgənin qarşılaşdığı problemləri dəf etmək üçün həm yerli əhali, həm də Azərbaycan Demokratik Hökuməti təxirəsalınmaz işlər görürdü. 1918-ci ilin noyabr ayının 18-də keçmiş Naxçıvan Müsəlman Milli Şurasının üzvləri Araz-Türk Respublikasını yaradırlar. Aradan iki ay ötməmiş 1919-cu ilin yanvar ayında Naxçıvan ingilislər tərəfindən işğal olunur. Bu dövrdə də erməni daşnakları bu bölgəyə yiyələnmək üçün canfəşanlıq edirlər. Qırğınlar başlayır. Lakin Naxçıvan diyarı Azərbaycan SSR-nin tərkibində Muxtar Respublika kimi qalır, Naxçıvanın tarixi taleyi həll olunur. Naxçıvanın Muxtar Respublika statusu əldə etməsi bu bölgənin sonrakı taleyində, onun ərazisinin qorunub saxlanması, təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatının artırılması və eləcə də maarif, mədəniyyət, səhiyyənin inkişaf etdirilməsində də çox mühüm rol oynadı.

Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublika statusu alanadək həmin dövrdə yerli mürtəcelər də aktyorlara divan tutur, tamaşa göstərməyə imkan vermirdilər. Bu məhdudiyyətlərə dözməyən Naxçıvanın bir sıra artistləri - Əkbər Abbasov, Əkbər Namazov, Hacı Nəsirov, S.Qurbanov, Teymur Qasımov, Rza Təhmasib, Əli Xəlilov, Rza İsfəndiyarlı, Həmid Mahmudov və başqaları Zaqafqaziyanın başqa şəhərlərinə köçüb gedirlər. Cənubi Azərbaycanda mühacirətdə olan naxçıvanlı artistlər də az deyildi.

Sovetləşmənin ilk illərində Naxçıvan ziyalıları böyük həvəslə "Ümid" dram cəmiyyətini yenidən təşkil edirlər. Həvəskarları və məktəbli gəncləri cəmiyyətin ətrafında toplayırlar. 1920-ci il avqustun 12-də M.F.Axundovun "Hacı Qara" pyesi, avqustun 28-də isə N.Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi tamaşaya qoyulur.  Həsən Səfərli "Hacı Qara"da Heydər bəy, "Müsibəti-Fəxrəddin"də Fəxrəddin rollarında iştirak edir. Bu tamaşaların təşkilinə maarif orqanları ilə yanaşı, gənclər təşkilatı da rəhbərlik edirdi. Onlar tamaşalar vasitəsi ilə xalqı inqilab komitəsinin tədbirlərini müdafiə etməyə səfərbər edirdilər.

Yenidən yaradılmış "Ümid" dram cəmiyyətinin tərkibi Həsən Səfərov (Səfərli), Həmid Mahmudov, Rza İsfəndiyarlı, Əyyub Abbasov, Səməd Allahverdiyev, Mirhəsən Mirişli, Heydər Muradov, Heydər Məmmədov, Əkbər Rzayev, M.Ə.Cəlalov, R.Vəzirov, Əliqulu Sultanov, Cümşüd Zülfüqarlı, Ə.Cəfərov, A.K.Sultanov, Seyid Səbrı, A.Qasımov, M.Ə.Abuzərli kimi gənclərin hesabına daha da güclənirdi. Sonradan həmin gənclərdən bir neçəsi talelərini Naxçıvan teatrına bağlayırlar.

1921-ci ilin axırlarında Naxçıvanın fövqəladə komissarı B.Vəlibəyovun təşəbbüsü ilə Naxçıvanda həvəskar qadın aktyorları tərəfindən "Arşın mal alan" musiqili komediyası tamaşaya qoyularaq naxçıvanlı qadınlara göstərilir. Tamaşada Süsən Sultanova - Soltan bəy, Dilbər Sultanova - Gülçöhrə, Gövhər Kəngərli - Xala, Günəş Kəngərli - Əsgər, Tovuz Nəcəfova - Süleyman, Xavər xanım (B.Vəlibəyovun həyat yoldaşı) - Asya, Xanım Əliyeva - Vəli və Qəmər Nəcəfova (Əliqulu Qəmküsarın qızı) - Telli rolunda çıxış etmişlər. Tamaşaya rejissorluğu Həsən Səfərli, suflyorluğu Əliqulu ağa Sultanov etmişdir. Əliqulu Qəmküsarın qızı Qəmər Salamzadə (Nəcəfova) yazırdı: "Yadımdadır ki, Naxçıvanda olduğum bir neçə ay müddətində qız məktəbində tamaşaya hazırlanan "Arşın mal alan" musiqili komediyasında Telli rolunu mənə tapşırdılar. Burada iştirak edən qızların içərisində Soltan bəy və Asya rollarını oynayan Dilbər və Süsən Sultanova bacıları ilə indi də görüşür o illəri xatırlayırıq". O zaman Ü.Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının  Naxçıvanda tamaşaya qoyulması qadın azadlığı və çadraya qarşı mübarizədə, qadınların maarif və mədəniyyətə cəlb edilməsində mühüm rol oynamışdı. Bu tamaşadan sonra Naxçıvan teatrında kişilərin qadın rolu oynamasına son qoyuldu. Bu dövrdə başqa sahələrdə olduğu kimi, teatrın inkişafına ideoloji baxımdan önəm verilir, hər bir tamaşaya sovet hakimiyyətinin yeni təntənəsi kimi yanaşılır, teatr sovet təbliğat maşınının mühüm hissəsi kimi qiymətləndirilirdi.

1921-1922-ci illərdə Naxçıvan teatrında Həsən Səfərlinin quruluşunda NikolayQoqolun "Evlənmə", Süleyman Sani Axundovun "Laçın yuvası", Üzeyir Hacıbəyovun "Məşədi İbad", "Leyli və Məcnun", "Şah Abbas və Xurşidbanu", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", Səməd Mövləvinin quruluşunda isə Mirzə Fətəli Axundovun "Hacı Qara", Rzaqulu Şərqinin "Pul, yoxsa Allah", Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" və s. əsərlər tamaşaya qoyulur.

Naxçıvan Xalq Komissarları Sovetinin 21 yanvar 1922-ci il tarixli qərarı ilə Naxçıvan Xalq Maarif Komissarlığı tərəfindən hazırlanan Naxçıvan milli teatrın qanun layihəsi təsdiq edilir. Naxçıvan Xalq Maarif Komissarlığı teatrın maddi cəhətdən təmin edilməsi, truppa saxlanılması üçün lazımi vəsait buraxır. Həmin qərarla əlaqədar olaraq Naxçıvan MSSR (1924-cü il 9 fevrala kimi Naxçıvan SSR adlanıb) Xalq Maarif Komissarlığının 8 fevral 1922-ci il tarixli 28 ¹-li əmri ilə Naxçıvan ölkəsində bütün teatr işlərini idarə etmək üçün sənaye nəfsə (incəsənət) şöbəsi yaratmaq qərara alınır (Dövlət teatrolar direktoriyası). Həmin şöbəyə Həsən Səfərov - sədr, Həmid Mahmudov və Əli Xəlilov üzv təyin olunurlar.

Naxçıvan Xalq Maarif Komissarlığının 7 yanvar 1924-cü il tarixli əmri ilə teatrın işini yaxşılaşdırmaq, imkanlarını artırmaq məqsədi ilə Naxçıvan Ölkə Teatr Komitəsi təşkil olunur. Komitəyə Qafar Babayev sədr, Əli Ənnağıyev və Mirzə Məhəmməd Münşiyev üzv təyin olunurlar. Həmin vaxt Naxçıvan Dövlət Dram Teatrına Səməd Allahverdiyev - direktor, Əbdülsəməd Mollazadə (Səməd Mövləvi) dekorçu, Həsən Səfərov - baş rejissor, Məmmədtağı Qazıyev - suflyor və Mirhəsən Seyidov (Mirişli) nəzarətçi təyin olunurlar. Həsən Səfərli teatrın baş rejissoru olduğu müddərdə teatrın kadr cəhətdən möhkəmlənməsində müstəsna rol oynayır.

Teatrda quruluşçu və baş rejissor kimi çalışan Həsən Səfərli Mirzə Fətəli Axundovun "Hacı Qara" (1920), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (1920), "Dağılan tifaq" (1920), "Ac həriflər" (1920), "Ağac kölgəsində" (1922), "Pəri cadu" (1923), "Ağa Məhəmməd şah Qacar" (1923), Soltan Məcid Qənizadənin "Dursunəli və ballıbadı", "Xor-xor" (1920), Böyükağa Talıblının "Kef içində", Mirmahmud Kazımovskinin "Vurhavur", "Daşım-daşım" (1920), Şəmsəddin Saminin "Dəmirçi Gavə" (1920), Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" (1920), İvan Turgenyevin "Pulsuzluq" (1920), "Pəhləvanani-zəmanə" (1923), Vasaq Mədətovun "Qırt-qırt" (1920), "Gaveyiahəngər" (1924), Süleyman Sani Axundovun "Laçın yuvası" (1921-1923), NikolayQoqolun "Evlənmə" (1921-1922), "Müfəttiş" (1927), Üzeyir Hacıbəyovun "Arşın mal alan" (1921-1923), "Məşədi İbad" (1922-1923-1924-1927), "Şah Abbas və Xurşidbanu" (1922-1924), "Leyli və Məcnun" (1922-1924), "Əsli və Kərəm" (1924-1926), Zülfüqar Hacıbəyovun "Evliykən subay" (1921), "Aşıq Qərib", "Əlli yaşında cavan" (1922), Cəlil Məmmədquluzadənin "Ölülər" (1923-1924), Cəfər Cabbarlının "Oktay Eloğlu" (1923), "Aydın" (1924-1927), Hüseyn Cavidin "İblis" (1923), "Şeyda" (1924), Nəriman Nərimanovun "Nadir şah" (1924-1927) əsərlərinə verdiyi quruluşlarda müəyyən nailiyyətlər diqqəti cəlb edir.

Həsən Səfərli müxtəlif vaxtlarda Mirzə Fətəli Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah", "Lənkəran xanının vəziri", "Molla İbrahimxəlil kimyagər", "Xırsquldurbasan" əsərlərinin tamaşasında Müsyö Jordan, Vəzir Mirzə Həbib, Molla İbrahimxəlil, Tarverdi, Cəlil Məmmədquluzadənin "Ölülər"ində Hacı Həsən ağa, Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq"ında Nəcəf bəy, "Bəxtsiz cavan"ında Fərhad, "Pəri cadu"sunda Qurban və Əmrah, Cəfər Cabbarlının "Sevil"ində Babakişi və Məmmədəli bəy, "Aydın"ında Dövlət bəy, Hüseyn Cavidin "Şeyda"sında Şeyda, "Şeyx Sənan"ında Şeyx Sədra və Serqo, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin"ində Fəxrəddin, "Hacı Qəmbər"ində Cəbi, Vano Mcedaşvilinin "Qaçaq Kərəm"ində Qaçaq Kərəm, Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Süleyman və Soltan bəy, "Məşədi İbad"ında Rza bəy, "Ər və arvad"ında Mərcan bəy rollarını oynayıb.

Həsən Səfərli pedaqoq kimi də fəaliyyət göstərib. Naxçıvan "Rüşdiyyə", "Məktəbi-xeyriyyə" məktəblərində, Naxçıvan Müəllimlər Seminariyasında, Pambıqçılıq texnikumunda, İkiillik müəllimlər institutunda dərs deyib. Akademiklər Məmmədcəfər Cəfərov, Həsən Abdullayev, Fərəməz Maqsudov, professor Məmmədhüseyn Təhmasib, şair İslam Səfərli, yazıçı Nağı Nağıyev, bəstəkar Nəriman Məmmədov, rəssamlar - Şamil Qazıyev və Əyyub Hüseynov onun şagird və tələbələri olublar.

Həsən Səfərli 1960-cı ilin may ayının 18-də Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülüb. Maarif və mədəniyyət fədaisi Həsən Səfər oğlu Səfərli 1960-cı il iyun ayının 2-də Naxçıvan şəhərində vəfat edib.

Həyat və yaradıcılıqlarını Vətənin, xalqının tərəqqisi yoluna sərf edənlər, maarif və mədəniyyətin inkişafında xidmətləri olanlar heç vaxt unudulmur, həmişə xoş hisslərlə xatırlanır.

 

 

Əli QƏHRƏMANOV

AMEA Naxçıvan Bölməsi İncəsənət,

Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri,

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

aliqehreman@yahoo.com

 

525-ci qəzet.- 2018.- 8 iyun.- S.6.