Aygün Səmədzadənin "İstiqlal"ı və "Azərbaycan"ı

İyunun 9-da tanınmış və sevilən bəstəkar, Xalq artisti Aygün Səmədzadənin "Yaşıl Teatr"da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yüz illiyinə həsr olunmuş "Azərbaycan" adlı sənət gecəsi keçirilib.

Sənət gecəsi bəstəkarın yazdığı gözəl musiqi-rəqs nömrəsi və Aygün Səmədzadənin özünün ifasında olan "Biri varmı, biri yoxmuş" mahnısı ilə başlayıb.

Bəstəkar həmin mahnını özünün nədən və birinci olaraq ifa etməsinə açıqlıq gətirirək bildirib ki, son konsertində həmin mahnı ən axırda ifa edilib və sevənləri tərəfindən çox bəyənilib: "Ona görə də bu dəfə konsertimə həmin mahnı ilə başlamaq qərarı verdim". A. Səmədzadə çox həyəcanlı olduğunu da bildirib: "Artıq neçənci dəfədir konsert verirəm, amma çox həyəcanlıyam. Çünki buranın ab-havası, məsuliyyəti tamam başqadır". Sonra bəstəkarın AXC-nin yüz illiyinə ithaf etdiyi "İstiqlal" marşı gənc və istedadlı müğənnilərin ifasında səslənib və gurultulu alqışlarla qarşılanıb.

Bəstəkar "İstiqlal" marşının tarixçəsinə toxunub və bildirib ki, o, cəmi bir günün içində ərsəyə gəlib: "Bilirsiniz ki, bu il AXC-nin yüz illiyidir. Bu, çox möhtəşəm bir hadisədir. "İstiqlal" marşı da məhz bir anın içində, bu ilin mayın 28-də yarandı. İnanıram ki, çox bəyəniləcək. Ümumiyyətlə, Azərbaycanla bağlı yazdığım 3 mahnımdan ikisi məhz mayın 28-də yaranıb..." A. Səmədzadə eyni zamanda, gecənin "Azərbaycan" adlandırılmasına aydınlıq gətirib: "Mən Azərbaycanımızı təkcə onun təbiətinə, təbii sərvətlərinə, gözəlliklərinə görə sevmirəm, bunlar öz yerində, mən Azərbaycanı Azərbaycan olduğu üçün sevirəm. Çünki Azərbaycan Vətəndir! Ona görə də gecəni "Azərbaycan" adlandırdım. Bu, həm də AXC-nin yüz illiyinə kiçicik bir töhfədir".

Bəstəkar, həmçinin, Cümhuriyyətin yüz illiyinə bir gün qalmış bır sıra həmkarları ilə birlikdə yüksək fəxri adlara layiq görülməsinə münasibətini bildirib: "Cümhuriyyətin yüz illiyinə bir gün qalmış Azərbaycanın Xalq artisti fəxri adına layiq görüldüm... Buna görə hər kəsə, Azərbaycan dövlətinə, ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı, təşəkkürlərimi bildirirəm. Eyni zamanda, hörmətli mədəniyyət nazirimiz Əbülfəs Qarayevə minnətdarlıq edirəm. Bu, mənim üçün böyük məsuliyyətdir". Daha sonra bəstəkarın millət vəkili Qənirə Paşayevanın, Xanım İsmayılqızının, Kəmalə Abıyevanın və digər şairlərin sözlərinə yazılmış və bir-birindən gözəl manıları, həmçinin, rəqs nömrələri ifa edilib. Bunlar arasında "Dəniz" vokal kompazisiyasını, "Azərbaycan"ı, "Məktəb illəri"ni, "Eşq"i, "Gecikmiş etiraf"ı, "Bunun adı dəli eşq, bilirəm"i, "Yağış"ı, "Tut ağacı" və s. qeyd etmək olar. Gecənin yaddaqalan anlarından biri bəstəkarın yeni yazdığı və özünün də səhnədə izlədiyi "Humay" rəqsi olub.

Bəstəkar rəqslə bağlı deyib: "Bu rəqsdə, bilmirəm, nəsə dağ havası var... Atam da deyir ki, özün necə rəqs edirsənsə, rəqslərin də ona bənzəyir (gülür)... Bu rəqsin tarixçəsi isə belə olub: mən əslində, heç zaman ailəmi sənət məsələlərimə daxil etməmişəm. Ancaq balaca Humaya lay-lay çalarkən məhz bu cür zümzümə edirdim. O, ancaq bunu dinləyərək, bunu xoşlayaraq, yuxuya gedirdi. "Humay" rəqsi də məhz həmin lay-lay, zümzümə əsasında yaranıb".

Gecənin maraqlı və unudulmayacaq anlarından biri də gənc ifaçılardan birinin bəstəkarın çox məşhur olan və sevilən sənətçi Aygün Bəylərin ifasında səslənən "Tut ağacı" mahnısını ifa etməsi ilə bağlı olub. Belə ki, gənc xanım müğənni "Tut ağacı" ifa edərkən, birdən - tamaşaçılar arasında yer alan Aygün Bəylər yerindən manını ifa etməyə və səhnəyə doğru gəlməyə başlayıb. Bu isə tamaşıçıların riqqətinə və gur alqışlarına səbəb olub. Aygün Bəylər gənc müğənniyə yaxınlaşaraq, mahnını duet şəklində oxumağa davam edib və bu zaman Aygün Səmədzadə də onlara quşlaraq, "Tut ağacını birlikdə ifa ediblər.

Aygün Bəylər öz növbəsində Aygün Səmədzadəyə uğurlar arzulayıb. Gecənin unudulmayacaq anlarından biri isə Türkiyənin korifey sənətçilərindən olan və Azərbaycan cəmiyyəti, musiqisevərləri tərəfindən böyük maraqla izlənilən müğənni Müşərəff Akayın gecəyə qatılması və səhnəyə çıxması olub.

O, gecədə iştirakından və növbəti dəfə Azərbaycanda olmağından məmnunluq duyduğunu bildirib: "Bir gün avtomobilimlə gedirdim. Yolda "Ruhumuz qovuşacaq" mahnısını dinlədim, avtomobilimi kənara çəkib saxladım, təkrar-təkrar dinlədim, mahnı möhtəşəm idi, məni bərk tutmuşdu, xüsusilə də, "qiyamət qopacaq" sözləri. Sonra həmin mahnını repertuarıma daxil etdim, studiyada yazdırdım. Artıq radioda, "Kanal D"də də səslənib. İnanıram ki, bu mahnı da mənə uğur gətirəcək. Ancaq mən mahnını "Əzab" adlandırdım. Mahnını ifa etsəm də, onun bəstəçisinin kim olduğunu bilmirdim. Bu məsələdə mənə yenə 30 illik qədim və əziz dostum Etibar Babayev kömək etdi. Ondan sonra bildim ki, bu, son dərəcədə möhtəşəm mahnının bəstəkarı Aygün xanım imiş..." Daha sonra ünlü sənətçi özünün "Əzab" adı verdiyi, bəstəsi Aygün Səmədzadəyə, sözləri Xanım İsmayılqızına aid olan "Ruhumuz qovuşacaq" mahnısını ifa edib. İfa tamaşaçılar, musiqisevərlər tərəfindən böyük alqışlarla və ayaqüstə qarşılanıb.

A.Səmədzadə də xanım Akaya gecədə iştirakına və gözəl ifasına görə minnətdarlığını bildirib və gələcəkdə birgə albom buraxılacağanın anonsunu verib.

 

 

Kamil HƏMZƏOĞLU

525-ci qəzet.- 2018.- 12 iyun.- S.7.