İsa Muğanna - Sonuncu: Ənəlhəq deyən kişi...

 

            (esse)

 

"Qarayazı meşəsində Anadil adlı

bir quş var, Mənim sevdalı qəlbim

tək asılmışdır ayağından".

 

                              Səməd Vurğun

 

Yenə yaz gecəsiydi...

Kəndin bağ-baxçalarında, yaxınlıqdakı Qarayazı meşəsində Anadillərin ötən vaxtlarıydı.

Ötmürdülər, inləyirdilər.

Görəsən, nə deyirdilər?                                                                                                          

Bu sirli quşların səsinə Kürün o tayında Qazaxın Muğanlı kəndində bir aylı gecədə bir uşaq da heyranlıqla qulaq kəsilmişdi. Babasının "Şolloy" deyə öydüyü bu uşağın da bilmək istədiyi bircə şey vardı: o quşlar gecənin bu vaxtında niyə inləyirlər? Babası deyirdi:

"Oğlum! O quşlar haqda bir əfsanə var. Deyirlər ki, padşahın bir danasını itirəndən sonra Allaha yalvarıblar ki, bizi quş eylə, padşahın danasını tapaq, sonra dönək evə. Hələ də axtarırlar. Biri deyir: "Musa, tapdınmı?" o biri deyir: "Yox, İsa, tapmadım".

 

Ancaq mənim balam, əslində, o quşların gəzdikləri dana deyil "Daaanadır", yəni Bilici! O Bilici sən olacaqsan!

Baba dedikləri azmış kimi, qayıdıb nəvəsinin başını sığallaya-sığallaya özü də dönüb Anadil olurdu, "oxuyurdu":

 

Şolloyun atı kürəndi,

Yıxıldı, burnu yerə dirəndi.

Şolloyu belə balaca görməyin,

Şolloy yaman biləndi.

 

Bu oxşamadan sonra evdə uşaqmı durardı? Bəzən gizlicə qaçırdı Qarayazıya, Anadillərə qoşulub ötmək, oxumaq istəyirdi. Axı, babası demişkən o, bilici olacaqdı. O, hər şeyi biləcəkdi. Yox, elə bəlkə hər şeyi indidən bilirdi?!

"Mənin ulu babam Oljabay nə vaxtsa deyib: Mənim 7-ci nəslimdən kimsə Qalım olacaq. Yəni geniş mənada: Bilici!

Millət daha çox biliyə ehtiyac duyur. Gəncliyimdə Ulu əcdadımın bu vəsiyyətini biləndə özüm üçün məqsəd seçdim: öyrənmək və millətimizə hardan gəlib hara gedəcəyimizi demək.

Uzun illərdir ki,  bununla məşğulam" (Oljas Süleymanov).

İsa Muğanna da məhz bu işlə məşğul idi. Millətin kimliyini müəyyənləşdirməklə. Odər sivilizasiyasının başına gələn faciələri araşdırmaqla. Bütövlükdə  bəşər tarixinin, (tariximizin) təhrif olunduğunu hamımıza, bəşəriyyətə başa salmaqla!

İnsanın İlahi varlıq olduğunu göstərməkdə davam etməklə!

İnsanın saflaşdıqca saflaşmasını istəyirdi. İnsanın sadəcə "Həqqəm" deməyini yox... Həqq-Saf Ağ İnsan olmasını istəyirdi. Onun da bütün sözlərinin canı bir sözdəydi: "Ənəlhəq" sözündə-insanın öz-özünü dərk etməsində, öz özünü tapmasında, zatını, kökünü bilməsində, Tanrı zərrəsi olduğunu anlamasında!

"Allahın Ünü" dediyi Anadillərə  qulaq kəsilən yazıçı sonralar özü də  Ün eşidirdi.

"Allah dilədiyinə eşitdirir" ("Fatir" surəsi, ayə 22).

 

***

 

...Qədim türk ədəbiyyatına məxsus Manixey mətnlərinin əks olunduğu XV abidənin Ön tərəfində aşağıdakı sətirlər də yer almışdır:

 4. Yuxarıdan, göydən, qeybdən bir səs (nida) gəldi. 5. Məni çağırdı. 6-13 Ey sən! Vurundad oğlu! Sən buradakılardan artıq görmüsən. İndi vaxtsız ölmə. Cəld buradan qayıdıb get! - dedi. Və sonra bundan başqa cənub tərəfdən Xoruq burxanın (elçinin) səsini eşitdim. Amma özünü qətiyyən görmədim. Bunun ardınca  çox nəvazişlə mənim adımı çəkib çağırdı".

Bu sətirləri oxuduqca bir daha İsa Muğannanın özünün və bəzi qəhrəmanlarının Ün eşitdikləri haqqında məqamlar yada düşür.

Adamların dəli hesab etdikləri tütək çalan Cümrü və "Atam sağdı, ölməyib atam!" deyən Şöşünü heç kim başa düşüb dərk etmək istəmir. Xüsusən də Şöşü "ruh görür", "ruhun" səsini eşidir. Şöşünü bircə "Ərənlərdən nida gəldi" deyən Çürük Aşıq anlayır. O, "Mən görürəm də, eşidirəm də!" deyəndə  "ruhi xəstə" bir az rahatlanır, "Axır ki, bir insan tapdım bu səhrada" deyir.

İsa Muğanna yazır: "Şöşünün səs eşitməyini yazanda özümün Ün eşitməyimi bilmirdim. Yəni həyatımı kökündən dəyişdirən hadisə Od Ağ Üzlə (Yupiterlə) əlaqə gizli başlanıbmış".

Gizlidən səs gəlirdi. Hamının ruhi xəstə hesab etdiyi Şöşü bunu eşidirdi.

Sanki Şöşüdən başqa hamı karıymış.

Göylərdən Ün gəlirdi. Bircə Muğanna eşidirdi bunu. İsa Muğannadan başqa hamı doğrudanmı kardı?!

İsa Muğannanın Ayla bağlı dediyi məsələ - (ruhların Aya uçub getməsi) də təsadüfi deyilmiş. Qədim  uyğur ədəbiyyatına aid X Abidənin Arxa tərəfindəki bir cümlə ap-aydın çox şeyi təsdiqləmirmi? "Ölülərə həyat verən Ay tanrı..."

İsa Muğanna Saf Ağ Elminin qüdrətiylə formalaşan Saf Ağ İnsandan  danışırdı.

Sən demə, qədimlərdə Naqlar-Ağ insanlar  sifətində yarımallahlar nəsli olubdur.

Onlar şimaldan Hiperboriya deyilən yerdən gəliblərmiş.

Bu fakt haqqında amerikalı araşdırıcı Con Motlok "Ey insanlar! Hamınız türksünüz!" kitabında yazır: "Bir neçə min il əvvəl şimal qütbünə yaxın cənnətdə xoşbəxtlik və bolluq içində yaşayan yüksək sivilizasiyaya və mədəniyyətə sahib olan bir xalq var idi. Yəhudilikdə və xristianlıqda bu cənnətə biz "Aden" deyirik. Hindular "Uttara Kuru" tibetli buddaçılar "Khedar Hand" ("Tanrı Şivanın ölkəsi")  "Şambala".

Eyni zamanda, bura Suvariya və Sibir, indiki Siberiya da deyilir.

Qədim qrek (yunan) tarixçiləri və miflər buranı "Hiperboriya" adlı ilə bizə çatdırır.

Çinli Taoçular insanın təbiət ilə vəhdətdə yaşadığı cənnət kimi izah edirlər".

Nizami o cənnətin bir şimal şəhərində olduğunu  "görmüşdü", yazmışdı:

 

Bizdə bərabərdir hamının varı,

Bərabər bölərik bütün malları.

 

...İsa Muğannanın həyatında möcüzəli və heyrətamiz əhvalatlar az olmayıb.

O, yalnız Ün eşitmirdi, o, həm də görücüydü. Görürdü hər şeyi (uzaqları!) 

...Ağstafada bir  payız günü hazırlaşırlar ki, Bakıya yola düşsünlər.

Otururlar maşına. "Görücü" İsa deyir:

- Niyə maşının yolu Qazaxa tərəfdir: (Halbuki maşının yolu Bakıya sarıymış). Həyat yoldaşı Firuzə xanım onu danlayır ki, "Qoy görək, sən allah, yenə başlama!"

Nə isə... Yola düşürlər. Gəncəyə az qalmış birdən Firuzə xanım əlini dizinə çırpıb vaysınır:

- Geri dönün. Bakıdakı evin açarını öydə (Ağstafada) qoymuşam.

Maşın geri qayıdır-Qazaxa tərəf səmt götürür.

Bir cürə başqa bir əhvalat da olub.

Onda yenə Bakıya yola düşürmüşlər. Onda İsa Muğanna bir daha görücülük edib, deyib ki, "yenə maşının yönü niyə Qazaxa doğrudur?"

Yüngülcə gülüşürlər. Pıçıldaşırlar. Amma Tovuza çatanda yolda təsadüfən şair Məstan  Günərlə (yazıçının bacanağı)   rastlaşırlar. Məstan başlayır ki, "Hara buraxıram sizi, getdik Əsrik dərəsinə, qonağımsınız".

Və gedirlər.

Axşam üstü Ağstafaya qayıdırlar ki, səhər tezdən yenidən hazırlaşıb Bakıya çıxsınlar. Bu dəfə İsa müəllim qımışır:

- Bə mən sizə deyəndə ki, niyə maşının yönü Qazaxadı? - inanmırdınız?!

 

***

 

"Mənim arzum Bağların arzusudur".

Allah insanı necə görmək istəyirdisə, İ.Muğanna da elə görmək istəyirdi.

Saf Ağ Elmi İnsan öldürməyi nəhy edir. Əhməd Ağaoğlunun "Sərbəst insanlar ölkəsində" yalan danışmaq yasaq imiş.                

Saf Ağ İnsanlar ölümsüz insanlar olublar. Aristotel deyirdi ki, ölümsüz olmaq istəyiriksə "Ölümsüzlüyə yaxın yerlərdə yaşamalıyıq".

"Allah qulu ol ki, Allahın dilini və sözünü anlaya biləsən. "Allah olasan " demirəm" (Ş.Təbrizi).

"Quran" da deyilmirmi ki, mən məni sevən və mənim sevdiyim qulu o hala gətirərəm ki, o, mənim görən gözüm, eşidən qulağım, danışan dilim olar".

Ün eşitmə xüsusiyyəti   məhz bu cür "qullara" - fövqəl insanlara" dair əlamət sayıla bilər. Təəssüf ki, min illər boyu fövqəl insandan indiki insanlara doğru bəşərin eniş dövrü başlayıb.

"Qabaxlar insanlar - min ildən çox yaşayırmışlar. Günlərin bir günü Allahlıq sevdasına düşüllər. Allah da hirsdənip bınnarın ömrünü azaldıp, özlərini də xırdaladıp bizim günümüzə salır". ("Azərbaycan mifologiyası mətinləri" Bakı-1988).

İsa Muğanna da  çox vaxt bu xırdalıqdan qorxmaqla yanaşı, insanın beyninin qapanmasından qorxub. Deyib ki, indiki  insanların beyni qapalı olduğu üçün Ordan - Kainatdan gələn Ünü eşidə bilmirlər.

...İndiki insanlar özlərinə qapanıb. Ancaq özlərindən danışmağa "dəm vurmağa" çalışırlarsa" beyinləri hardan və necə açıq ola bilər? Onların çoxu öz səslərinin eşidilməsini istəyirlər, haqdan gələn Ünün eşidilməsini yox!

Halbuki unudulub ki, "İnsanlar gizli qalanların aşkara çıxarılması üçün yaradıldı" (C.Rumi) İsa Muğanna öz missiyasını yaxşı bilirdi. O, da "Mən insanam! Qaibi qurdalayan çilingər" deyən böyük türk şairi N.F.Qısakürək kimi qaibi qurdalayan çilingərliklə məşğul idi.

Cek Londonun fikrincə, qəhrəmanı Martin İden  "Allaha yox, insana inanmadığı üçün məğlubiyyətə uğradı".

İsa Muğanna bu baxımdan qaliblərdəndi. Çünki Allaha da, İnsana da inanırdı!

"Dünyada nə ilə fəxr edirsiniz! Sualına çox müdrik şəkildə cavablandırırdı. "Kainata az-çox bələdliyimlə".

"Az-çox biliciliyimlə!" də deyə bilərdi və buna haqqı vardı.

 

***

 

Onlar 2013-cü ilin  yayında Ağstafadakı  evlərinə yenə də dincəlməyə gəlmişdilər. Heç kimin ağlına gəlməzdi ki, bu, onların doğma yurd-yuvaya son gəlişləridir. Amma mən nələri isə duymuşdum.

Bir gün içəri girəndə evin divarlarından böyütdürülüb asılmış şəkillərini gördüm.

"Yoxsa uçmağa hazırlaşırlar?"

Təxminim az keçmədən düz çıxdı.

Biri (İ.Muğanna ) 2014-cü ilin yazında, o biri (Firuzə ana) 2016-cı ilin payızında uçub getdi...

 

Bir gün öldürdülər Molla Pənahı,

Bir gün bu dünyanın Səmədi öldü.

Köçdü bu dünyadan İsa Muğanna,

Deyin Anadilə... "Anadil" öldü.

 

Ölümündən bir az əvvəl İsa Muğanna həyat yoldaşı Firuzə xanımla deyib ki:

"Orda (guya o biri otaqda) bir yer var, ora dəyib gəlirəm".

Ayağa qalxdığı ilə yıxılıb keçindiyi bir olmuşdu.

Lakin O, ölümə yox, Aristotelin dediyi ölümsüz yerə köçmüşdü.

Necə ki, ölümündən əvvəl həyatda iki dəfə Ün eşitmiş "Saz" povestinin qəhrəmanı İsfəndiyar kişi də ölmədiyini övladlarına belə anlatmışdı. "A qızım, yaxın gəlin. Balalarımı da yaxın gətirin, eşitsinlər.

Eşidin, arxayın olun ki, lap yüz yol yıxılsam da, mənə heç nə şey olası deyil. Əzrayıla can vermərəm.

 

Etiqadım, var!

Ölməyəcəyəm!

 

...Bu Yerin Göyü də var. Eylərdi cəmi bəşər  övladının pənahı. Eşitdinizmi, nə dedim?

- Eşitdik baba. Eşitdik.

- İnandınızmı ölməyəcəm?

- İnandıq, baba!

- Lap axrayın oldunuzmu ki, ölmürəm?

- Olduq, baba, olduq.

- Di keçin, ocağınızı qalayın, samavarınızı qoyun!"

 

***

 

İsa Muğanna yaşayanda, "İdeal"ı  yazıb, Odər dilindən, Odər mədəniyyətindən, bütün bəşəriyyətin vahid kökündən - O dərlərdən "Ən qədim türklərdə danışanda, dünyada hər şeyin təhrif olunduğunu deyəndə, yer üzünün Əzəlinin türklərlə başladığını söyləyəndə, heç kim inanmaq istəmədi. Çoxları çaşıb qaldı, əvvəlcə fikirləşdilər ki, bu nədir yazdığı belə? Hansı təhriflərdi bunun dedikləri. Odər dili deyilən nə olan şeydi? Ün nə olan şeydi?

Ey Sar (İsa peyğəmbər) işini-gücünü buraxıb ona əsərmi pıçıldamaqla məşğuldu, nədi? Və sair...

Elə bil unutmuşdular bir daş yonan və bir mamaçanın oğlu olan Sokratın dediklərini:

"Mən kiməm? Qəliz, mürəkkəb, bədheybət bir varlıq, yoxsa ilahiyyata aidiyyatı olan sadə bir məxluq?!"

Sanki bir vaxtlar Xəyyamın da öləndə Allaha üz tutub dediyi vida cümləsi də bu olmamışdı:

"Səni dərk etməyə çalışdım. Məni bağışla!"

...İndicə isa Muğannanın ölümünə o dəqiqə inanmaq istədilər. Halbuki sadəcə olaraq, "yıxılmışdı"...

 

***

 

"7 ildi hər şeydən xəbərsiz kimi yatmışam".

Bunu Səməd Əmirli deyir.

"Bəs biz nə qədərdi, görəsən, yatırıq?

İsa Muğannadan (Muğannalardan) xəbərsiz?!"

Bunu da biz deməliyik.

Səhvimizi boynumuza almalıyıq.

"Öz içində böyüyən", "ürəyində atasının tabutunu gəzdirən" kişini-qədim Odərlərin yadigarını anlamalıyıq.

Anlamalıyıq "Ənəlhəq" (Ün Əl Ağ)-Mən Həqqəm!", Haqqın (Allahın) Ünüyəm".

"Mən surəti həqqəm" (Nəsimi) deyənlərimizin dərdini, Elmini, Eşqini, Məramını!

Anlamalıyıq ki, Anadillərin adı İsaq-Musaq quşları" şəkilində bu günəcən hələ də xalqın yaddaşında yaşayırsa, niyə İsa Muğannanın "İsahəq, Musahəq" əsərini də hələ lazımınca başa düşmək istəmirik. Özü də kimi, kimi?! Ün eşidəndən sonra tamamilə dəyişmiş, axırda gözləri tutulmuş bir Kəsi-Saf Ağ İnsanı!? (Saf Ağ insanın gözləri zəifləyib tutulurmuş).

Anlamalıyıq, gözlərinin son işığını da bəşəriyyətin arzuladığı İşığa qatıb vermiş, fövqalədə bir İnsanı-Bağı! Aman Allahım! İşığa qardaşım   demiş insanın gözləri işıqsız qalmışdı...

 

***

 

Böyük sənətkar müxtəlif ləqəblərlə yazıb yaratdı.

İsa Hüseynov İsa Anadil oldu.

İsa Anadil İsa  Gecəquşu oldu.

İsa Gecəquşu İsa Muğanna oldu.

"Səsimə səs verən həsrətilə qocaldım" dedi. Dedi ki, Saf Ağ işıqdı. Heç kəs görmür. Onu ancaq mənim kimi bədbəxtlər görür".

Dedi ki, "haqq-ədalət xeyrinə söz deyən insan qalmayıb daha. Deyənlərin hamısı öz dərdini, öz ağrılarını deyir".

...Yaradılış təsnifatı 3 yerə  bölünür: (Çəmadat, Nəbadat, Heyvanat. (İnsan üçüncüyə aiddir). Bu heyvanı insana çevirmək cəhdidir.

Səbəb aydındır.

"İnsanı insanlıqdan çıxaran, heyvaniləşdirən bəla Kainatın-Odər bəşəriyyətinin dilindən ayrılığıdır".

"Odər dili beynimizin tarixidir  Bağ Ünün Kainatla əlaqə vasitəsi idi".

"İnsan itirmişəm. Qanandan ötrü bu çox ağır sözdü".

"Bağ İnsandı ay oğul, İnsandı!"

Göründüyü kimi, İsa Muğanna babasının "Daaana" (bilici) hesab etdiyi bu böyük insan (sənətkar) bizim bildiyimiz adi Bilicilərdən deyildi. Adi axtarıcılardan deyildi.

O, babası Musanı sonuncu Bağ adlandırsa da, bir az təvazökarlıq etmişdi. Onun yazdığına görə, sonuncu Bağı-Musa ağanı Yer kürəsi hədsiz dözülməz hala düşdüyü üçün Ordan-Kainatdan gələn işıq gəmisinə mindirib aparmışdılar. Dəqiq tarix də göstərilib: 1899-cu ildə.

İsa Muğanna ömrünün son illərində tez-tez göylərə boylanır, "incidiyini" bildirirdi: "Bu işıq gəmiləri harda qaldı, gəlib çıxmadı?"

Və gəmi bir gün  axır ki, gəlib çıxdı. 2014-cü il aprelin 1-də onu da götürüb apardılar. Ən sonuncu Bağ kimi!

 

***

 

İsa Muğanna nələr düşünürdü və nələr düşünmürdü?

İsa Muğanna nələr deyirdi və nələr demirdi?

Ona "Sirli adam" deyirdilər.

"Muğanna" - "Bizim Muğlar" - Etiqadını gizləyən adam deməkdir.

Ona Sonuncu Mogikan da deyirdilər.

 

***

 

Nəsimi "Ənəlhəq" sözünü guya Yerdə demişdi. Yalandır!

Nəsimi bu dünyaya, "Ənəlhəq" deyib gəlmişdi.

İsa Muğanna bu dünyadan  Ənəlhəq deyib getdi...

 

P.S. İsa Muğanna babasının  dediyi "Daaana" - Bilici ola bildimi?

Yaxud sualı belə də qoya bilərik:

"Anadillər Şolloyun babası dediyi "Daaana" tapa bildilərmi?!

"Tapdılar!" demək istərdim.

Amma tapa bildilərsə, bəs onda niyə susmayıb hələ də ötür, inləyirlər?!

 

 

08.05.2018

Barat VÜSAL     

 

525-ci qəzet.- 2018.- 12 iyun.- S.8.