Milyonçu mesenatın nazir övladı: Mirzə Şəmsi oğlu Əsədullayev

 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

 

Azərbaycanda ən böyük sənaye maqnatlarından sayılan milyonçu Şəmsi Əsədullayevin (1840-1913) adı əsrin başlanğıcında təkcə öz vətənində və Rusiyada deyil, Avropanın Bakı neftinə maraq göstərən dövlətlərində də məşhur idi.

 

Şəmsi Əsədullayevin neft mədənləri, sənaye müəssisələri vardı, bir-birindən yaraşıqlı və dəbdəbəli mülklərin sahibiydi. Özü də bu obyektlər və mülklər təkcə Azərbaycanda deyil, Rusiyanın bir neçə iri şəhərində, o cümlədən, Moskvada və hətta uzaq xaricdə də yerləşirdi. Ancaq onu öz vətənində məşhurlaşdıran, hörmət və nüfuz sahibi kimi tanıdan var-dövlət sahibi olmasından daha çox mesenantlığı, onlarla, yüzlərlə adama əl tutması idi. Azərbaycan övladları üçün açdığı məktəblər, millətinə göstərdiyi xeyriyyəçilik xidmətləri, ölkənin gələcəyini düşünərək qabiliyyətli gənclərin Rusiya və Avropanın tanınmış ali təhsil ocaqlarında oxumalarına maddi yardımlar etməsi, ixtisası uyğun gələnləri öz zavodlarında və mədənlərində işlə təmin etməsi idi. Onun sənaye obyektlərində Behbudağa Cavanşir, Məmmədhəsən Hacınski kimi məşhur dövlət və siyasi xadimlər, Azərbaycanın başqa tanınmış şəxsləri işləmişdilər.

 

Bir sözlə, milyonçu mesanat Şəmsi Əsədullayev milli tərəqqi yolunda böyük xidmətləri olan bir şəxsiyyət kimi tariximizdə özünə əbədi yaşamaq haqqı qazanmış bir insandır. Onun zəmanəsinin əsl ziyalısı kimi təhsilə və elmə yüksək qiymət verməsi, bu yolda bütün imkanlarını əsirgəməməsi deyilənləri bir daha təsdiqləyir. O, bir çox soydaşlarımızın təhsil aldığı Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunun əsas himayədarlarından biri olmuş, Bakıdakı təhsil ocaqlarına müntəzəm maliyyə yardımları göstərmişdir.

 

Ş.Əsədulalyev 1903-cü ildə Moskvaya köçmüş və ömrünün axırına qədər orada yaşamışdır. Moskvada dəbdəbəli saraylardan heç nə ilə geri qalmayan bir neçə mülki olan Ş.Əsədullayev bu mülklərdən birini həmin şəhərdə təşkil edilmiş müsəlman xeyriyyə cəmiyyətinə bağışlamışdır. Təkcə bu faktın özü onun necə insan olduğunu, xalqı üçün hansı işlər gördüyünü əyani nümayiş etdirir.

 

Bolşevik hakimiyyəti cəza orqanlarının kütləvi repressiyalarına məruz qalan Cümhuriyyət nazirlərindən biri də Şəmsi Əsədullayevin oğlu Mirzə Əsədullayev idi. Özlərinə sinfi düşmən hesab etdikləri bir şəxsin, üstəlik müstəqil Azərbaycan dövlətində yüksək məqam sahibi olmasını, hökumətin tərkibində millətinin iqtisadi və mənəvi yüksəlişi uğrunda əzm və peşəkarlıqla çalışmasını onlar necə bağışlaya bilərdilər? Bəy-xan hakimiyyəti adlandırdıqları Xalq Cümhuriyyətini devirmələrinə savadsız kütlənin nəzərində haqq qazandırmaq üçün də Mirzə Əsədullayevin həbsi və cəzalandırılması göydəndüşmə bir imkan idi və bu imkandan qanlı rejimin qurucuları məharətlə istifadə etdilər.

 

Həbsə almazdan bir müddət qabaq onun və ətrafında olan adamların izlənilməsini təşkil edir, keçmişi və əlaqələri barəsində müfəssəl məlumatlar toplamağa çalışırlar. Əslində, Mirzə Əsədullayev həm 11-ci ordunun xüsusi şöbəsinin, həm də Azərbaycan ÇK-sının nəzarəti altına düşür. Hər iki cəza orqanına rəhbərlik edən cəllad Pankratov onun cəmiyyətdən təcrid edilməsinin bacardıqca sürətləndirilməsi ilə bağlı tabeliyindəki işçilərə qəti göstərişlər verir. Bir-biri ilə sanki yarışa girən bu əməkdaşlar bütün imkanları işə salırlar.

 

113 -li əməkdaş xəbər verir: "Sizin 1236 saylı tapşırığınıza görə məlumat verirəm ki, Mirzə Şəmsi oğlu Əsədullayev Balaxanı həbsxanasında oturub, ancaq hazırda FK-ya keçirilib, guya onu güllələmək istəyirlər. Bu məlumatlar M.Əsədullayevin yaşadığı Qoqol küçəsindəki evində həbsxanaya ona yemək aparan M.Əsədullayevin xidmətçisindən toplanıb. M.Əsədullayevin qızı hazırda Mərdəkanda bağ evindədəir".

 

Agentura yolu ilə toplanmış bu məlumatlar onun əksinqilabi fəaliyyətdə günahlandırılaraq həbs edilməsi üçün daha tutarlı dəlillərin əldə olunması məqsədi güdürdü. Ancaq təbii ki, heç bir siyasi partiyanın üzvü olmayan və siyasi məsələlərlə çox az maraqlanan bir şəxsə qarşı belə ittihamlar irəli sürülməsi üçün faktlar əldə etmək əslində, mümkün deyildi.

 

Təhlükəsizlik orqanlarının arxivində saxlanılan N saylı iş. Rəngi saralmış vərəqlər Mirzə Əsədullayevin taleyinin ən ağır günlərinin bəlkə də həyatda olan yeganə şahidləridir. İstintaq-arxiv işindən aydın olur ki, o, aprel işğalından 29 gün sonra 1920-ci il may ayının 2-də həbs edilib. Həmin gün Az.SSR FK-nın sədri Pankratov 129 saylı order imzalayaraq komissar Djuravskiyə: "Axtarış aparmaq və Mirzə Əsədullayevi həbs etmək tapşırığı verib. Sənədin arxasında bu əmri yerinə yetirmiş komissarın imzası var: "M.Əsədullayevi həbs etdim 27.05.1920".

 

Eyni gündə Az.SSR FK-da 783 saylı həbs vərəqi doldurulub: "Əsədullayev Mirzə Şəmsi oğlu 45 yaş, təhsili orta, neft sənayesi işləri üzrə mütəxəssis, sənayedən gələn vəsaitlə yaşayır, ailəlidir, 129 nömrəli orderlə həbs edilib. Sənədin arxasında qeyd var: otuz səkkiz min rubl götürüldü".

 

FK-da qeydə alınmaqla həbs edilənlər və saxlanılanlar üçün tərtib olunan Anketdə isə onun barəsində göstərilənlərə özünün dedikləri əsasında bir sıra yeni məlumatlar da əlavə edilir:

 

"Əsədullayev Mirzə Şəmsi oğlu, Azərbaycan dövlətinin vətəndaşı, müsəlman, Bakı şəhərində arvadı və dörd qızı ilə yaşayır. Bitərəf. Neft sənayeçisi, Şəmsi Əsədullayevin müəssisəsində varis, firmanın səlahiyyətli nümayəndəsi. 1919-cu ildə Azərbaycanın ikinci hökumət kabinəsinin üzvü olub. Xəzinədən əmək haqqı alıb. Şəxsi əmlakı olmayıb. Məsuliyyətə cəlb edilməyib. Hərbi xidmətdə olmayıb".

 

"Nə vaxt həbs olunmusunuz? sualının qarşısında "FK tərəfindən order təqdim edilmədən 27 may 1920-ci ildə həbs edilmişəm. Məni həbs edəcəklərini bildiyim üçün evdə qalıb FK agentini gözləmişəm. Qoqol küçəsi 9 nömrəli binada yerləşən mənzilimdə həbs olunmuşam.Tutulduğum üç gün ərzində bir dəfə də dindirilməmişəm. Nəyə görə həbs olunduğum və ittihamın nədən ibarət olduğu mənə aydın deyil".

 

Anketin "Məhbusun qeydləri adlanan hissəsində isə Mirzə Əsədullayev yazıb: "Xüsusi həkimimin rəyinə görə xəstəliyimin cərahiyyə əməliyyatına ehtiyacı olduğuna baxmayaraq, mənim bütün xahişlərim cavabsız qalıb".

 

Az.SSR FK əməkdaşlarının apardıqları axtarış nəticəsində aşağıdakılar aşkar edilib götürülür: "25 min rubl pul, iki gümüş pul, böyük tapança, 40 ədəd gülləsi ilə birlikdə, kiçik "Brauninq" 153859, patron darağı və iki sumka güllə ilə birlikdə, 20 ədəd gümüş qaşıq, gümüş süd qabı 2 ədəd, gümüş qaşıq 4 ədəd, 2 ədəd gümüş şamdan və s. gümüş əşyalar".

 

Oxucu yəqin razılaşar ki, çox məşhur bir soyadın nümayəndəsi olmasına baxmayaraq, Mirzə Əsədullayev və onunla bərabər bu soyadı daşıyanlar barəsində məlumatlı şəxslər barmaqla sayıla bilər. Əlbəttə, sovet rejiminin mövcudluğu illərində Azərbaycanın bu cür əsilzadə, milyonçu ailələri haqqında söhbət açmaq qeyri-rəsmi şəkildə yasaq edilmişdi."Əsilzadə, "milyonçu sözlərinin özünün arzuolunmaz sayıldığı, antisovet ifadələr siyahısına salındığı bir vaxtda quruluşun özünə düşmən bildiyi həmin şəxsləri necə təbliğ etmək olardı. Belə insanlar, onların nəsillərə nümunə olan xeyrirxah əməlləri barədə nüfuz sahiblərinin ara-sıra qeydlər istisna edilməklə yalnız rejimin süqutunun son illərində açıq yazmaq və danışmaq imkanı yarandı. Müstəqil bir dövlətin vətəndaşları 20-ci əsrin Şərqdə ilk demokratik respublikası olmuş Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları barəsində istənilən qədər məlumat almaq və onların şərəfli ömür yolunu öyrənmək imkanı qazandılar. Fəaliyyəti ilə qürur duyduğumuz həmin hökumətin nazirlərindən biri kimi Mirzə Əsədullayevin həyatının hərtərəfli tədqiq və təbliğ olunması da bizlərin mənəvi borcudur.

 

Mirzə Şəmsi oğlu Əsədullayev 1875-ci ildə Bakı şəhrində anadan olmuşdu. Orta təhsilini Bakı gimnaziyasında başa vurduqdan sonra o, atası Şəmsi Əsədullayevin neft şirkətində əmək fəaliyyətinə başlamışdı. Ancaq sonra təhsilini heç bir ali məktəbdə davam etdirməməsinə baxmayaraq, atası onun mükəmməl təhsil görməsi, dövrünün əsl ziyalısı kimi yetişməsi üçün evdə hərtərəfli təhsil almasına lazımi şərait yaratmışdı. Atası Moskvada yaşadığı illərdə Bakıda neft şirkəti ilə bağlı bütün məsələləri həll edən Mirzə üçün bu fəaliyyət ikinci məktəb rolunu oynayır, o, sahibkar kimi şirkətin az qala bütün işləri ilə məşğul olmaqla kifayət qədər püxtələşir. Mirzə Əsədullayevin Avropa ölkələrini gəzməsi də onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamış, Avropa mədəniyyətini qavramasına, bir ziyalı kimi formalaşmasına güclü təsir göstərmişdir. Məktəbdə evdə rus dilində təhsil aldığı üçün türk dilini mükəmməl bilməyən M.Əsədullayev 1912-ci ildə Moskva konservatoriyasında oxuyan Üzeyir Hacıbəyovdan ana dilində dərs almışdır. Ü.Hacıbəyov Parisin Sorbonna Universitetində oxuyan kiçik qardaşı Ceyhun Hacıbəyliyə (1891-1962) 1912-ci ildə yazdığı məktubda bu məsələyə toxunmuşdur ("Ədəbiyyat və incəsənət qəzeti, 4 noyabr 1988-ci il). Üzeyir bəy kimi dahi şəxsiyyətdən, Azərbaycan publisistikasının ən böyük nümayəndələrindən birindən dərs almaqla türk dilini necə öyrənməyin mümkünlüyü barədə isə əlavə nəsə deməyə ehtiyac yoxdur.

 

Bəlkə də elə bu dərslərin təsiri idi ki, onda nəinki Azərbaycan ədəbiyyatına, həmçinin, milli mətbuata çox böyük maraq yaranmışdı. Təsadüfi deyildi ki, 1915-ci il martın 11-də Mirzə Əsədullayev "Qardaş köməyi" adlı qəzet nəşr etdirməyə başlamışdı. Cəmi bir nömrəsi çapdan çıxan qəzetdə göstərilirdi ki, əldə olunacaq gəlir hərbzadə müsəlmanlar nəfinə, o cümlədən, birinci dünya müharibəsi zamanı çar ordusundakı azərbaycanlılardan ibarət (rus mətbuatında "Dikaya diviziya" adı ilə tanınan) süvari qoşun hissələrindəki döyüşçülərə sərf ediləcəkdir.

 

(Ardı var)

 

Lətif ŞÜKÜROĞLU

Tarix üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2018.- 13 iyun.- S.6.