AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR

 

Şirməmməd HÜSEYNOV

 

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

AZƏRBAYCAN ŞURAYİ-MİLLİSİ TARİXİNDƏN

 

Azərbaycan Şurayi-Millisinin 1918 sənə iyun ayının 17-də Gəncədə Fətəli xan Xoyski hökuməti-hazirəsini təşkil edərək bütün səlahiyyəti-hökuməti kəndisinə tövdi ilə tətil etdigi qarelərimizə məlumdur. İyunun 17-i Azərbaycan tarixi istiqlalına səbt olunacaq günlərdir. Şurayi-Millinin təkrar həyat və fəaliyyətə başlandığı bu gündə fövqüzzikr günün iclasını qaparkən Şurayi-Milli rəisi Rəsulzadə Məhəmməd Əmin həzrətləri tərəfindən irad olunan nitqi nəşr etməyi münasib gördük.

 

İştə nitqin məzmunu

 

Həzərat! Daha sabahkı iclasımızı açdığım zaman nə kibi məsuliyyətli və ağır bir zaman içərisində bulunduğumuzu ixtar eləmişdim. Tarixi məsuliyyətin bütün o çəkilməz yükünü şimdiki qərarınızla Fətəli Xan Xoyski cənablarının təşkil elədigi höku-mətinin omuzlarına yüklədiniz. Bu qərar bir tərəfdən əhvalın icabı, digər tərəfdən də “blok” ilə “Hümmət”in istefaları üzərinə mənən və şəklən alınma məcburiyyətini hasil etmişdi.

 

Dünya müharibəsi və Rusiya inqilabının təsiratı ilə yeni doğmuş və həyati-siyasiyyəyə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçiriyor. Bu yeni türk növzadi-siyasəti  rüşdü-büluğ bulub da millətlər zümrəsinə bir amili-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuqlar kibi südəmər halında ikən tərki-həyat edəcəkmidir!? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zamanki müqəddərati-milliyyəyi əllərinə alanlar üçün Azərbaycan növzadını tələf etdirməmək kibi müşkül, fəqət müşküllügi ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor. İştə böylə bir zamanda və bu böyük məsuliyyəti-əzimənin bari-giranı altına girmiş olduğu halda Fətəli Xan cənabları hüzurunuza çıxıb da etimadınızı istəməklə kəndisinə iqtidar arıyor. Fəqət bunu yaparkən o, diqqət etdiniz yəqin ki, nə qədər sararmış, titrəmişdi. Siz onu ehtimal ki, heç bir zaman və heç bir məkanda bu dərəcədə lərzan və hərasan görməmişdiniz. Bu nəyə bənzər bilirmisiniz? Dəh-şətli həngamlarda səfəhati-hərbin məsuliyyətli dəmlərində ricət yapmaq məcburiyyətində qalan bir ordunun mövqei-məxsusi son dərəcə imkanı qədər mühafizə etmək üzrə bırakdığı məfruzəyi istila edə bilən həras və xəşyətə...

 

Əvət, əfəndilər, Azərbaycanın paytaxti-müvəqqətəsi bulunan Gəncədə naqis də olsa hakimiyyəti-milliyyəyi təmsil edən bir müəssisənin şu surətlə meydandan çəkilmək məcburiyyətində qalması heç şübhəsiz demokrasinin bir ricəti və qüvai-mürtəcenin bir müvəffəqiyyətidir. Bu ricət və pak qüvvətlərə müqabil qara və napak qüvvətləri təqviyə edəcəkdir. Bu nöqteyi-nəzərdən baxılınca ilk nəzərdə bizim halımız o qara binanın halına bənziyor kibidir. Bu hallar bizdə Rusiya məqasidi-inqilabisinin iflasına dair bir əqidə hasil ediyor. Fəqət əfəndilər! Zəvahirlə bakmıyalım, səthi düşün-miyəlim, pək də məyus olmıyalım.

 

Bəncə, Rusiya inqilabi-əzimi hər nə derlərsə-desinlər, qətiyyən iflas etmədi. Rusiyada inqilab nə yapacaqdı? Bu suala “Böyük Rusiya” fikri ilə məsmum olan rus inqilabçıları nöqteyi-nəzərindən degil, inqilabın kəndi təbiətini təhlil edərək cavab verməlidir. Böylə bakılırsa Rusiya inqilabı məzlum və məğdur siniflərlə məhkum millətləri azad etməlidi. Məğdur siniflər, təqdir edəlim ki, istədiklərindən fəzləsini aldılar. Millətlər isə birər-birər kəsbi-istiqlal ediyorlar. Əvət, dünyanın altıdan birini tutan böyük Rusiya parçalanıyor. Fəqət inqilab böyük Rusiya yaratmaqlamı müvəzzəf idi? Qətiyyən degildi. İfrata gedən sinif hürriyyətləri əlbəttə ki, təyid olunacaq və mötədil bir şəklə girəcəkdir. Çünki bu hürriyyətin şəkli-haziri heç şübhəsiz ki, hürriyyət degil, bir afət və fəqət bu yolda yapılacaq ricət əminəm ki, hər halda inqilabdan əvvəl mövcud olan hüdudun ötəsindən degil, bərisində təvəqqüf edəcəkdir. Demək, əhval əvvəlkisinə nisbətlə hər halda iyi olacaqdır.

 

Əfəndilər! Bən sabiq Rusiya ərazisində güzəran etməkdə bulunan vəqaeyə böylə bakıyorum, buna görə də hala ümidlərimlə bərabər olaraq yaşıyorum. Biliyoram, əfəndilər ki, Azərbaycan Rusiya inqilabının vəz etmiş olduğu müsbət nəzəriyyələrlə elan etdigi əqanimi-hürriyyətdən son dərəcədə istifadə edəcəkdir.

 

İştə müstəqil bir Azərbaycan, siyasətən kəsbi-hürriyyət və istiqlal edəcək Azərbaycanda ictimai hürriyyətlər və hüquqi-bəşərə aid  dəsturlar hər halda müstəbid Rusiya zamanından daha geniş, daha əlverişli olacağına şübhə etməm. Hətta əfəndilər, söyləmək istərəm ki, Azərbaycan Qafqasiyada ən hürriyyətpərvər və inqilabçı təsəvvür olunan Gürcüstandan daha məsuddur. Çünki burada bizim daxili hürriyyətlərimizə icrayi-nüfuz edən və edəcəgi mütəsəvvür bulunan qüvvət yabancı bir qüvvət degil, öz qüvvətimizdir (Alqışlar). Burada istiqbal böyük və şanlı bir millətin müxtəlif şöbə və budaqlarını tövhidə doğru gedəcək ki, eyni məqsədimizdir (Alqışlar). İctimai və hüquqi hürriyyətlərdə bərfərz qaib etsək belə, siyasətən qazanacaq, təlafi mafat edəcəgiz. Halbuki Ukrayna, Gürcüstan və sairə öylə degildir. Əvət, əfəndilər! Pək də naümid olmayalım. Tarixin amali-milliyyəmiz nöqteyi-nəzərindən müsaid bir zamanında olduğumuzu, türk ittihadı üçün fürsət ələ keçdigini unutmayalım. Bütün məsaimizi bu hürriyyəti-siyasiyyənin təşəbbüsünə sərf edəlim. Bunun üçün də hər dürlü fədakarlığa amadə bulunalım.

 

Sizi, ey heyəti-hökumət, böylə bir əmri-əzimin ifası üçün tövkil ediyor, bütün məsuliyyəti öhdeyi-hökumətimizə təhmil et-məklə zənn etməyiniz ki, yalnız qalıyorsunuz. Yetişər ki, siz keçirməkdə olduğumuz zamanın əhəmiyyəti ilə mütənasib, amali-milliyyə ilə müvafiq, türklük əlasına, Azərbaycanın hürriyyətinə, türk kütleyi-nasının mənafeyinə mətuf olan icraatınızda kəhalət və müsahilə göstərməyib də, yorulmaz bir əzmlə çalışasınız. Biz hər zaman sizə məin olmaya hazırız, istədiginiz zaman bizi kəndinizlə bərabər bulacaqsınız. Biz hüzurumuzla sizə məin olmaya hazır olacağımız kibi icabı təqdirində başqa yollarla da sizi təqviyəyə hazı-rız. Nitəkim bugünki tətilimiz dəxi bu hisslə və bu məqsədlə icra olunuyor.

 

Şurayi-Millinin heyəti-hazirəsi həqqində vaqe olan tənqidatə qarşı buradan bəhs etməyə lüzum görmüyorum. Siz biliyorsunuz ki, bu tənqidat heyətdən ziyadə əsasa mətufdur. Bu münəqqidlər həqqindəki mühakimatı tarixə həvalə edəlim. Bir kaç ay sonra əgər bu vahi tənqidlərdə arzui-millət arayan ərkan əsasın degil, heyətin əleyhində isələr hürriyyət intixabatı təminilə millətin həqiqi tələqqiyatını görürlər. Millət kəndisi bizimlə onların arasında həkəm, o zaman həqq ilə batil də əyan olur.

 

Şimdi artıq bu ağır günlərdə öhdəsinə bir vəzifə tövdilə tərk etdigimiz hökumətə ərzi-vida edəlim də ayrılalım.

 

Əfəndilər! Sizdən, kəndi həqqimdə əzvi-ehtiramdan başqa bir şey görmədigim əziz arkadaşlarımdan ayrıldığım əsnada öhdəmə vagüzar etmiş olduğunuz vəzifə saiqi ilə yapmış olduğum qüsurlarımın əvəzini diləməgi ayrıca istirham edərim. Şimdi vəqt gəliyor, saəti-vida vuruluyor. Yekdigərinə qardaşcasına əlvida edəlim. Və ayrılırkən - əfəndilər! Bu ümidlə gedəlim ki, inşəallah yakında, Azərbaycanın paytaxtı bulunan Bakıda Azərbaycan Məclisi-Müəssisan dairəsində buluşuruz.

 

Yaşasın Azərbaycan, yaşasın türklük (Şiddətli və sürəkli alqışlar)! Məclis saət ikidə qapanıyor.

 

Azərbaycan”, 16 təşrini-sani (noyabr) 1918, ¹41

 

Tövdi - təslim etmə; vidalaşma

Rüşdü-büluğ - həddi-büluğa çatan

Bari-giran - ağır yük

Lərzan - titrəyən, titrək

Hərasan - qorxaq, ürkək

Təqviyə - qüvvətləndirmə

Məsmum - zəhərlənmiş

Xəşyət - qorxu

Müvəzzəf - vəzifə həvalə edilən

Əqanim - əsillər

Mafat - itmiş, yox olmuş

Tövkil - vəkil etmə

Tövhid - birləşmə

Həkəm - münsif, arbitr

İstirham - yalvarma, xahiş etmə

Məfruzə - ayrılmış, ifraz edilmiş, fərz edilən, vacib olan

Məin - daşan su

 

ŞURAYİ-MİLLİ RƏİSİNİN BİR NİTQİ

 

1918 sənəsi 16 həziranda (iyunda) əqd eylədigi tarixi cələsəsində (iclasında) Azərbaycan Şurayi-Millisi, ikinci Fətəli Xan kabinəsini təşkil və bütün hüququnu məzkur hökumətə tərk edərək, əhvalı fövqəladə həsəbiylə, tətili fəaliyyət eyləmişdi. Gəncədə vüqu bulan bu hadisə bir taqım siyasi mübarizələr nəticəsində hüsul bulmuşdu. İşbu mübarizə məmləkət üsuli-idarəsinə aid demokratik cərəyanlarla aristokratik zehniyyətlər arasında vüqu buluyordu.

 

Demokratik qüvvələr Şurayi-Milli daxilində ikən aristokratik cərəyanlar xaricdə icrayi-nüfuz etməkdə idilər. Azəri qardaşlarının yardımına gələn Türk Ordusu Komandanlığı elan eylədigi “bitərəfliklə” Şurayi-Milli əleyhdarlarını təqviyə (qüvvətləndirmiş) etmiş oluyordu. Bu hal isə, bittəbii Şurayi-Milli əzası üzərində iyi bir təsir icra etməmişdi. Məəmafih, hər tərəfdən düşmən bir qüvvətlə muhat bulunan məmləkətdə daxili mübarizlərə meydan buraxmamaq üçün, Şurayi-Milli səlahiyyəti-vəsiayi (geniş) haiz bir hökumət təşkili ilə elani-tətil eyləmişdi.

 

Bu hadisədə Azərbaycan Şurayi-Millisinin hansı ideal naminə mütəhərrik (hərəkət edən) olub və nə kibi hislərlə mütəhəssis olduğunu göstərmək üçün Şurayi-Milli Rəisi Rəsulzadə Məhəmməd Emin Bəyin ixtitami (son) nitqini qismən buraya nəql ediyoruz.

 

“Həzərat, daha sabahkı iclasımızı açdığım zaman nə kibi məsuliyyətli və ağır bir zaman içərisində bulunduğumuzu izhar eləmişdim. Tarixi məsuliyyətin bütün o çəkilməz yükünü şimdiki qərarınızla Fətəli xan Xoyski cənablarının təşkil elədikləri hökumətin omuzlarına yüklədiniz. Bu qərar bir tərəfdən əhvalın icabı, digər tərəfdən “blok” ilə “Hümmət”in istefaları üzərinə mənən və şəklən alınmaq məcburiyyətini hasil etmişdi. Dünya müharibəsi və Rusiya inqilabının təsirləri ilə yeni doğmuş və həyati-siyasiyyəyə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçiriyor. Bu yeni türk növzad siyasətini rəşid və bəliğ bulub da millətlər zümrəsinə bir amali-həyat olaraq girə biləcək, yoxsa sısqa çocuqlar kibi südəmər halında ikən tərki-həyat edəcəkmidir? İştə bütün zehinləri işğal edən bir məsələ. İştə bir zaman kəsə müqəddərati-milliyyəyi əllərinə alanlar üçün Azərbaycan növzadını tələf etdirməmək kibi müşkül, fəqət müşküllügü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor. İştə böylə bir zamanda və böylə bir məsuliyyəti-əzimənin bargirani altına girmiş olduğu halda Fətəli xan cənabları hüzurunuza çıxıb da etimadınızı istəməklə kəndisinə iqtidar arayır. Fəqət bunu yaparkən o, diqqət etdiniz yəqin ki, nə qədər sararmış, tərləmişdi, zira onu ehtimal ki, heç bir zaman və heç bir məkanda bu dərəcə lərzan və hərasan görməmişdiniz. Bu nəyə bənzər bilirsiniz?.. Dəhşətli həngamələrdə, səfahati-hərbin məsuliyyətli dəmlərində ricət yapmaq məcburiyyətində qalan bir ordunun mövqeyi-məxsusi son dərəcəyi-imkanə qədər mühafizə etmək üzrə buraxdığı müfrəzəyi istila edə bilən hərras və xəşyətə...

 

Əvət, əfəndilər, Azərbaycanın paytaxtı mövqeyini bulunan Gəncədə naqis də olsa, hakimiyyəti-milliyyəyi təmsil edən bir müəssisənin şu surətlə meydandan çəkilmək məcburiyyətində qalması heç şübhəsiz demokrasinin bir ricəti və qüvayi-mürtəcenin bir müvəffəqiyyətidir. Bu ricət və pak qüvvətlərə müqabil, qara və napak qüvvətləri təqviyə edəcəkdir. Bu nöqteyi-nəzərdən baxınca ilk nəzərdə bizim halımız o qara binanın halına pək bənziyor kibidir. Bu hallar bizdə Rusiya məqasidi-inqilabiyyəsinin iflasına dair bir əqidə hasil ediyor. Fəqət əfəndilər, zəvahirlə qalmıyalım, səthi düşünməyəlim, pək də məyus olmuyalım, Rusiya inqilabi-əzimi hər nə derlərsə desinlər, qətiyyən iflas etmədi. Rusiyada inqilab nə yapacaqdı? Bu suala “Böyük Rusiya” fikri ilə məsmum olan rus inqilabçıları nöqteyi-nəzərindən degil, inqilabın kəndi təbiətini təhlil edərək cavab verməlidir. Böylə baxılırsa, Rusiya inqilabı məzlum və məğdur siniflərlə məhkum millətləri azad etməlidir. Məğdur siniflər təqdir edəlim ki, istədiklərindən fəzləsini aldılar. Millətlər isə birər-birər kəsbi-istiqlal ediyorlar. Əvət, dünyanın altıdan birini tutan böyük Rusiya yaratmaqlamı müvəzzəf idi. Qətiyyən degildi. Ətrafa gedən sinif hürriyyətləri əlbəttə ki, təqdir olunacaq və mötədil bir şəklə girəcəkdir. Çünki bu hürriyyətin şəkli-haziri heç şübhəsiz ki, hürriyyət degil, bir afətdir. Fəqət bu yolda yapılacaq ricət əminəm ki, hər halda inqilabdan əvvəl mövcud olan hüdudun ötəsində degil, büryəsində tovqif edəcəkdir. Demək əhval əvvəlkisinə nisbətlə hər halda iyi olacaqdır.

 

Əfəndilər, bən sabiq Rusiya ərazisində güzəran etməkdə bulunan vəqayə böylə baxıyoram. Buna görə də hala ümidlərimlə bərabər yaşıyoram. Biliyoram əfəndilər ki, Azərbaycan Rusiya inqilabının vəz etmiş olduğu müsbət nəticələrə, elan etdigi əqanimi-hürriyyətdən son dərəcədə istifadə edəcəkdir. İştə müstəqil bir Azərbaycan siyasətən kəsbi-hürriyyət və istiqlal edəcək, Azərbaycanda ictimai hürriyyətlər və hüquqi-bəşərə aid düsturlar hər halda müstəbid Rusiya zamanından daha geniş, daha əlverişli olacağına şübhə etməm. Hətta əfəndilər, söyləmək istərəm ki, Azərbaycan Qafqasiyada ən hürriyyətpərvər və inqilabçı təsəvvür olunan Gürcüstandan daha məsuddur. Çünki burada bizim daxili hürriyyətlərimizə icrayi-nüfuz edən və edəcəgi mütəsəvvir bulunan qüvvət yabancı bir qüvvət degil, öz qüvvətimizdir (Alqışlar). Burada istiqlal böyük və şanlı bir millətin müxtəlif şöbə və budaqlarını tövhidə doğru gedəcək ki, eyni məqsədimizdir (Alqışlar). İctimai və hüquqi hürriyyətlərdə bərfərz qayib etsək belə, siyasətən qazanacaq, təlafi-mafüqət edəcəgiz. Halbuki Ukrayna, Gürcüstan və sairə öylə degildir.

 

Əvət, əfəndilər, pək də naümid olmayalım. Tarixin amali-milliyyəmiz nöqteyi-nəzərindən müsaid bir zamanında olduğumuzu, türk ittihadı üçün fürsət ələ keçdigini unutmayalım. Bütün məsaimizi bu hürriyyəti-siyasiyyənin təsbitinə sərf edəlim. Bunun üçün də hər dürlü fədakarlığa amadə bulunalım.

 

Sizi, ey heyəti-hökumət, böylə bir əmri-əzimin ifası üçün təvəkkül ediyor, bütün məsuliyyəti öhdəyi-himmətinizə təhmil etməklə zənn etməyiniz ki, yalnız qalırsınız. Yetişər ki, siz keçməkdə olduğumuz zamanın əhəmiyyəti ilə münasib, amali-milliyyə ilə müvafiq türklügün əlasına, Azərbaycanın hürriyyətinə, türk kütləsinin mənafeyinə münətif olan icraəngiz də kəsalət və müsahilə göstərməyib də, yorulmaz bir əzmlə çalışasınız, biz hər zaman sizə mübin olmaya hazırız. İstədiginiz zaman bizi kəndinizlə bərabər yola çıxınız. Biz hüzurumuzla sizə mübin olmaya hazır olacağımız kibi icabı təqdirində başqa yollarla da sizi təqviyyəyə hazırız. Nitəkim bugünki tətilimiz dəxi bu hisslə və bu məqsədlə icra olunuyor.

 

Şurayi-Millinin heyəti-hazirəsi həqqində vaqe olan tənqidatə qarşı buradan bəhs etməyə lüzum görmüyoram. Siz biliyorsunuz ki, bu tənqidat həpsindən ziyadə əsasə mətufdur. Bu münəqqidlər həqqindəki mühakiməni tarixə həvalə edəlim. Bir kaç ay sonra əgər bu vahi tənqidlərdə arzui-millət arayan ərkani-əsasın degil, heyətin əleyhində isələr hürriyyət intixabatı təminlə millətin həqiqi tələqqiyatını görərlər. Millət kəndisi bizimlə onların arasında hakim: o zaman həqq ilə batil də əyan olur.

 

Şimdi artıq bu ağır günlərdə öhdəsinə ağır bir vəzifə təvəddilə tərk etdigimiz hökumətə ərzi-vida edəlim də ayrılalım.

 

Əfəndilər, sizdən, kəndi həqqimdə əzvi-ehtiramdan başqa bir şey görmədigim əziz arkadaşlarımdan ayrıldığım əsnada öhdəmə vagüzar etmiş olduğunuz vəzifəyi-saiqi ilə yapmış olduğum qüsurlarımın əfvini diləməgi ayrıca isterham edərəm. Şimdi vəqt gəliyor, saəti-vida vuruluyor, yekdigərinə qardaşcasına əlvida edəlim və ayrılarkən əfəndilər, bu ümidlə gedəlim ki, inşallah yaxında Azərbaycanın paytaxtı bulunan Bakıda Azərbaycan Məclisi-Müəssisan dairəsində buluşuruz.

 

Yaşasın Azərbaycan!

 

Yaşasın Türklük!

 

(Şiddətli və sürəkli alqışlar).

 

“İstiqlal”, 28 May 1919, səh.224-226

“İstiqlal”, Bakı, 2015, səh.105-109

“Yeni Qafqasya”, 28 Mayıs 1924, ¹17

 

AZƏRBAYCAN İSTİQLAL GÜNÜNÜN TƏSİDİ

 

28 Mayıs, Azərbaycan İstiqlal Günü münasibətilə milliyyətçi Azərilər hər tərəfdə təsid (kutlama) mərasimi icra eyləmiş, vətənlərinin Rusiya əsarətindən və Qızıl Ordu işğalından xilası üçün təmənnilərdə bulunduqları kibi istiqlal və hürriyyət şəhidlərinin qüdsi xatirələrini yad ilə mücadilədə səbat üçün təcdidi-əhd eyləmişlərdir.

 

İstanbuldakı “Yeni Qafqasiya” idarəxanəsində Rəsulzadə Emin bəyin xitabəsi:

 

Emin bəy dedi ki:

 

“Xanımlar, bəylər! 10-cu sənəyə giriyoruz. Azərbaycan Cümhuriyyətinin elanından sonra şimdi tam 9 sənədir keçiyor. 2 sənə həyati-istiqlal, 7 sənəsi də işğal və istila ilə keçən bu müddət inqitaya (bitməyə) uğramayan bir cidal və mübarizə dövründən ibarət olmuşdur. Bundan 9 sənə əvvəl 28 Mayısda elan olunan İstiqlal Bəyannaməsi ilə Azərbaycan Türkü kəndisinin milliyyət dövründən çıxaraq artıq rüşd (həddi-büluğa yetişmiş) və kamalını bulmuş bir millət olduğunu dərk və müstəqil bir həyat ilə yaşamaq əzmində olduğunu bütün cahana qarşı elan eyləmişdir. Azərbaycan Cümhuriyyətinin elanı ilə beynəlmiləl cahan tarixi Hərbi-Ümumidən sonra qeyd və təsbid etmək məc-buriyyətində qaldığı böyük hərəkatın pək mühüm bir təzahürünü ilk Türk və İslam Cümhuriyyətinin doğduğunu təsbid ediyordu.

 

Heyhat, qısa bir müddətdən sonra, hürriyyət və istiqlal həyatını hənuz tərk edən bu cümhuriyyət xalqı yeni imtahanlara məruz qaldı. Qızıl ixtilal kəsvəsinə (qiyafəsinə) bürünən rusluq təkrar Qafqasiyaya endi. Tarixi epizodun bir əbus (açıq) çöhrəsi Azərinin bayram nəşəsilə şənlənən həyatını təkrar siyahlara bürüdü. İstiqlal bayramımız həzin bir şəkil aldı.

 

Əvət, bayramımız həzin və ələmdir. Fəqət bu ələm yas verici, dondurucu ələmlərdən degil, yaradıcı və ümid verici ələmlərdəndir. Bu ələm bizi yaxın mazidə (keçmişdə) nəşəsini daddığımız şanlı istiqbal ümidi ilə yılmaz bir mücadiləyə sövq eyləmişdir. Bu mücadilənin şanlı qəhrəmanları əmsalı cahan tarixində görülməyən məzalim (zülm) qarşısında əzim və imanlarına bir an üçün olsun fütür (usanma) verməyərək böyük və müqəddəs mücadilələrində davam ediyorlar. 28 Mayıs nəsli namını verəgəcimiz bu Yeni Azərbaycanlılar yeni fəlsəfi həyatla yaşıyor, vücudlarını vicdanlarına fəda ediyorlar. İştə qanlı “Çeka”nın təhdidi altında, bolşevik zindanlarında məhbus bulunan bu gəncligin səsi... O səs diyor ki:

 

“...Bəlkə bən məhv oluram, sarsılmaz vicdanım,

Bunu əmr edir bana, hörmətli yasam, Quranım:

O böyük Türk elinin oğlu ölür, yeltənməz.

Çeynənir kəndisi, vicdanı onun çignənməz”.

 

İştə əfəndilər hər məğlubiyyət və inhizam (basılma) qəti bir məğlubiyyət və inhizam olaraq tələqqi ediləməz! Müqəddəs qayələrinə ermiş məsud millətlərin tarixi zəfər yolunun çox evicaclı (əyri-üyri) olduğunu bizə anlatmaqda, nihayi zəfərə ermədən əvvəl millətlərin az inhizamlara uğramadığını göstərməkdədir. Vicdanını çegnətmədən isə kəndisini çegnətməyi tərcih edən mücahid bir nəsil yetişdirən Azərbaycan böylə bir zəfərə namizəddir, əfəndilər (Alqışlar)!

 

Böyük məqsədin təhəqqüqünə bağladığımız ümidin bilxassə şu sırada qüvvətləndigini təsbit edə biliriz. Qızıl Rusiya kəndisinə mükəddər zavala yaqlaşıyor.Bu sistem müdhiş bir uçurumun kənarına gəlməkdədir. Qızıl sistemlə bərabər, Rusiya istilasının da sonu gələcək, rus çəmbəri içərisində əzilən millətlər hürriyyət və istiqlallarını kəsb edəcəklərdir. Rusiya parçalanacaqdır.

 

Çarizmin süqutu Rusiyanın qəlbindəki millətlərin xilasına mucib oldu. Komunizmin süqutu da Qafqasya, Ukrayna və Türkistan ellərinin xilası ilə nəticələnəcəkdir. Bu mənzərə yalnız qızılları degil, Rusiya xülyasından vaz keçməyən bəyazları da qorxuduyor.

 

İngilis - Rus inqitanın (arası kəsilməsinin) bir hərbə müncər olub-olmayacağı haqqında qəti bir şey söyləmək caiz degilsə də, bu hadisənin Rusiya beynəlmiləl vəziyyətini qəti bir böhran səfhəsinə girdigini göstərdigindən qətiyyən şübhə ediləməz.

 

Qızıl Rusiyanın təhəddüs edən (zahir olan) beynəlmiləl vəziyyət daxilində keçirdigi şimdiki halı ilə Çar Rusiyasının 1917 sənəsində keçirdigi halı arasında böyük bir şəbahət (oxşarlıq) vardır. Bu şəbahəti eyni zamanda Rusiyadan ayrılmaq sədədində bulunan millətlərin əz-cümlə Qafqasya ilə Azərbaycanın vəziyyətinə də təşmil etmək olur. Şu qədər fərqlə ki, Qafqasya, Ukrayna və Türkistanda olduğu kibi, Azərbaycanda da milliyyətçilik və istiqlalçılıq cərəyanı 1917-də olduğundan daha qüvvətli və daha fəaldır. Əvət, sərih bir qayəyə, milli bayrağa və “canını canana vermək” üçün mühəyya idealist bir gəncliyə malik Azərbaycan, şübhəsiz ki, inkişafı möhtəməl hadisatdan keçirdigi təcrübənin verdigi bəsirət və idrakla istifadə edəcək və bəlkə də 28 Mayıs 10-cu ildönümünü kəmali-sürur və qürurla təsid (qeyd) edəcəkdir (Sürəkli alqışlar).

 

“Yeni Qafqasya”, 18 həziran (iyun) 1927, ¹18

 

AZƏRBAYCAN MƏCLİSİ MƏBUSANINDA

 

“Türk ocağının” təşəbbüsü ilə vüqu bulan salifüzzikr (yuxarıda göstərilən) İstanbul təzahüratı ilə Akçura oğlu Yusif bəyin dərc etdigimiz nitqini mucib olan böyük vaqeə Bakıda, Məclisi-Məbusanda münəqqid xüsusi bir cələsə (iclas) iniqadı ilə təsid (qeyd) edilmişdi.

 

14 kanuni-sani (yanvar) tarixi ilə iniqad edən bu cələsədə Rəsulzadə Məhəmməd Əmin bəyin əksəriyyət firqəsi “Müsavat” ilə demokrat bitərəflər qrupu naminə söylədigi və Məclisi-Məbusan kürsülərinin bil ittifaq alqışlandığı nitqini 30 Kanuni sanidə (yanvarda) Darülfünun salonunda izhar olunan fikri, bəyan və ibraz olunan hissiyyatı arizə vəsilə olduğundan eynilə aşağıda dərc ediyoruz (Nim rəsmi “Azərbaycan” qəzetəsinin 15 Kanuni sani (yanvar) 1920 tarixli nüsxəsindən nəql ediyoruz).

 

“Şimdidən böylə cahanca da təsdiq olunmuş hürr Azərbaycan məbusları!

 

Bu gün “Müsavat” firqəsi ilə demokrat bitərəflər qrupu naminə sizi Azərbaycan xalqının ehraz eylədigi (qazandığı) qalibiyyəti tammə münasibəti ilə təbrik edirəm. Azəri türklərinin bu zəfər və nailiyyəti münasibətilə möhtərəm arqadaşlar, sizləri təbrik edərkən gözlərimi bundan bir sənə əvvəlinə, Azərbaycan Məbusanının mütəntən (təntənəli) surətdə iftitah etdigi (açıldığı) tarixi ana döndərmək lüzumunu hiss ediyoram.

 

Əfəndilər, əlbəttə xatırlarsınız ki, o zaman soqaqlarda şimdi duyduğumuz bu gurultu yox idi. Əvət, xalqın, kəndi məbuslarını Biçeraxov sürüsünün möhtəməl hər dürlü təcavüzlərindən siyanət (mühafizə) və müdafiə etməyə mühəyya olduqlarını isbat edən bu şənlik və bu hərəkət yox idi. O zaman soqaqlarda vəziyyətindən əmin xalq nümayişçiləri degil, ingilis zirehli avtomobilləri ilə zabitə nəfərləri vardı. Bütün Azərbaycan xalqı o zaman sanki bu salona tıqılmışdı. Şimdi isə biləks Məclisi-Məbusan kibi bütün məmləkət dəxi geniş bir nəfəs almaqdadır.

 

O zaman ingilis komandanlığı Məclisi-Məbusanı möhtəməl hərəkati-xasmənayə qarşı müdafiə eyləmək təşəbbüsündən ötəyə gedəməmişdi. Şimdi isə ingilis müməssilini Məclis lojasında görüyoruz.

 

Fəqət arqadaşlar, iyiligi unutmayan mütəşəkkir Azərbaycan xalqı istiqlalını təsdiq edən düvəli-müəzzəməyə vəzifeyi-şükranını əda edərkən, istixlas və istiqlalımız yolunda canlarını fəda edən o böyük qəhrəman və fədakar qardaşlarını heç bir zaman unudamaz (“Yaşasın Türklər” sədası ilə sürəkli və gurultulu alqışlar)!

 

Bu mərd mücahidlərin hürriyyət yolunda ibraz eylədikləri fədakarlıq və onların qəhrəmanca fədayi-nəfs etmələri ruhumuzu təqviyə etməli, Türk vətəninin istiqlalı üçün yapacağımız, yapmaq məcburiyyətində bulunduğumuz, mücadilədə əzmimizin mətanətini mucib olmalıdır (Alqışlar).

 

Əfəndilər! Bir millətin hürriyyəti o millətin kəndi işidir. Kəndi həyati-milliyyəsi ilə yaşamağa əzm edən və bu əzmi sarsılmaz bir iman şəklinə qoyan bir millət qətiyyən məhv edilməz, daima müzəffər olur.

 

Milli idealın böylə bir zəfərinə bağladığım imanla, bundan bir buçuq sənə müqəddəm işbu məclisi iftidah edərkən müəzzəm bayrağımıza xitabən “Bir kərə yüksələn bayraq bir daha enməz!” demişdim. O zaman siz bunu alqışlamış və bu alqışlarınızla bütün Azərbaycan xalqının ümid və hissiyyatına tərcüman olmuşdunuz. Şimdi isə nə bəxtiyarız ki, bizimlə bərabər istiqlalımızı bütün dünya alqışlıyor (Gurultulu alqışlar).

 

Əfəndilər, bu səadətli gündə öhtəmizə dəxi ağır vəzifələr tərədtüb etdigimizi də unutmayalım, qəlblərimiz mətin olsun, imanımız sarsılmasın, yalnız bir əzimlə çalışalım və inanalım ki, bu müəzzəz bayraq başımızın üzərində əbədiyyən ehtizaz edəcək (Sürəkli alqışlar).

 

“Yeni Qafqasya” 28 May 1924, ¹17

“Azərbaycan” qəzeti, 15 yanvar 1920

 

(Ardı var)

 

525-ci qəzet.-2018.-15  iyun.-S.20.