Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri

 

Azərbaycan tarixinin ən şərəfli, eyni zamanda, ağrılı və acılı mərhələlərindən birini Azərbaycan Xalq Cümhuriyyəti dövrü təşkil edir.

Bütün daxili və xarici təzyiqlərə baxmayaraq, 1918-ci il may ayının 28-də elan edilən və cəmi 23 ay ömür sürən Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə böyük işlər gördü, özündən sonra zəngin mədəni və mənəvi irs qoydu.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin maddi və mənəvi irsinə diqqət artırıldı, həmin dövrün tarixinin öyrənilməsi istiqamətində ciddi addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uzaqgörənliyi ilə davam etdirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il may ayının 16-da "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında, 2018-ci il yanvar ayının 10-da isə 2018-ci il ilin Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması barədə sərəncam imzalaması bu siyasətin uğurla davam etdirilməsinin, Prezident İlham Əliyevin Azərbaycanın zəngin tarixinə və mədəniyyətinə göstərdiyi diqqət və qayğının göstəricisidir.

Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasətində önəm verilən sahələrdən bir dövlət-din münasibətləri olmuşdur. Qısa müddətdə bu sahədə çox ciddi addımlar atıldı, dövlətin din siyasətini həyata keçirən Xalq Maarifi və Dini Etiqad Nazirliyi yaradıldı, qarşısında ciddi vəzifələr qoyuldu.

Həmin dövrün dövlət-din münasibətlərini araşdırmaq üçün o mərhələdə cərəyan edən hadisələri öyrənmək, ictimai və siyasi durumu təhlil etmək xüsusi əhəmiyyət daşıyır.

XIX əsrin sonu - XX əsrin əvvəli dünyada bir çox ciddi dəyişikliklərinbaş verməsi ilə yadda qaldı, sosial-iqtisadi proseslər sürətləndi, burjuaziya cəmiyyəti formalaşmağa başladı, yeni siyasi partiya və təşkilatlar yarandı.

Eyni zamanda, Rusiyada iqtisadi vəziyyət ağırlaşdı, ölkəni tətil hərəkatları bürüdü və siyasi hakimiyyət zəiflədi. Ölkə rəhbərliyi bu gerçəkliyi nəzərə alaraq, ciddi siyasi qərarlar qəbul etdi, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin olunması məqsədilə bir sıra tədbirlər həyata keçirdi. Lakin bütün bu qərarlar ölkədə siyasi sabitlik yaratmaq və hakimiyyəti qorumaq üçün yetərli deyildi.

1917-ci ilin fevral burjua-demokratik inqilabı çarizmin 300 illik hökmranlığına son qoydu. Bu hadisə Rusiya ərazisində yaşayan xalqların azadlıq hərəkatlarını daha da gücləndirdi. Zaqafqaziyada, o cümlədən, Azərbaycanda milli - demokratik hərəkat geniş vüsət aldı. Bu prosesdə milli burjuaziya, xalq ziyalıları fəal iştirak etdilər. Oktyabr çevrilişinin qələbəsindən sonra bölgələrdə milli demokratik hərəkatı xeyli gücləndirdi, milli dövlət quruculuğu hərəkatı daha geniş əraziləri əhatə etməyə başladı, zülmdən azad olmaq, söz, dil və din azadlığı əldə etmək, öz milli dövlət quruluşunu yaratmaq bu hərəkatın əsas hədəflərindən birinə çevrildi.

Bununla Azərbaycan xalqının milli mənlik şüurunun gücləndiyi bir şəraitdə suveren Azərbaycan Respublikasını elan etmək üçün əlverişli şərait yarandı. Müstəqilliyin elan olunması çar hökumətinin milli müstəmləkəçilik əsarətindən yorulmuş və öz milli dövlətini yaratmaq arzusunda olan yerli əhalinin əsas arzusu idi.

Həmin illərdə istedadlı Azərbaycan gənclərinin imperiyanın və dünyanın müxtəlif təhsil ocaqlarına göndərilməsi öz bəhrəsini verdi. Onlar Vətənə qayıtdıqdan sonra milli demokratik hərəkatın yaranmasında böyük rol oynadılar. Avropada mütərəqqi ideyalarla tanış olan gənc mütəxəssislər böyük ideyalara qovuşmaq üçün ilk növbədə qan yaddaşına qayıtmağın, özünü dərk etməyin, millətinin tarixini, mənəvi dəyərlərini araşdırmağın vacibliyini yaxşı anlayırdılar.

Bu məqsədlə milli məktəblər açılır, proqramlar hazırlanır, dərsliklər yazmağa təşəbbüs göstərilir, ayrı-ayrı xarici müəlliflərin ən yaxşı əsərləri Azərbaycan dilinə tərcümə olunurdu. O dövrdə milli ziyalılarımızın qabaqcıl nümayəndələrindən Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyov, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq, Əlimərdan bəy Topçubaşov, Firidun bəy Köçərli, Məhəmməd Əmin Rəsulzadə və başqaları mətbuatda çıxış edərək xalqın şüurunun oyanmasında, millətin formalaşmasında mühüm rol oynayırdılar. Bu işdə Həsən bəy Zərdabinin və Məhəmməd Əmin Rəsulzadənin millətçilik və dövlətçilik, Cəlil Məmmədquluzadənin demokratiya və azərbaycançılıq ideyaları böyük təsir gücünə malik idi.

Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə nəticələnən milli dirçəliş, demokratikləşmə, maarifçilik və xeyriyyəçilik hərəkatlarında din xadimləri də fəal iştirak edirdilər. Maarifçilik, elm və savadın təbliği insanlar arasında böyük təsir gücünə malik nüfuzlu şəxsiyyətlər tərəfindən aparılırdı. Çünki maarifçiliyə yönəlmiş xeyriyyə tədbirlərini, elm və biliyin təbliği işini belə şəxslərin köməyi olmadan aparmaq uğursuzluğa məhkum idi.

Həmin dövrdə uzun müddət Rusiya imperiyasının işğalına məruz qalan Şimali Azərbaycanın milli demokratik qüvvələrinin Bakını siyasi mərkəzə çevirmək üçün təşkilatlanmasında Təzəpir məscidi mühüm rol oynadı. Azərbaycan ziyalıları vaxtilə Çar Rusiyasının sünnilərlə şiələr arasında qızışdırdığı ixtilafları aradan qaldırmaq üçün Qafqaz Müsəlmanlarının Qurultayının çağırılmasını qərara aldı. Bu qərarı hər iki məzhəbin din xadimləri razılıqla qarşıladı və 1917-ci ilin aprelində "İsmailiyyə" binasında (indiki AMEA-nın Rəyasət Heyətinin binası) geniş toplantı keçirildi. Üç gün davam edən qurultaya Şimali Azərbaycanın bütün qəzalarından, o cümlədən, Dağıstan, Basarkeçər, Borçalıdan nümayəndələr dəvət edildi. İclas başa çatdıqdan sonra tədbir iştirakçıları İsmailiyyədən Təzəpir məscidinə yollandılar, yüzlərlə din xadimi müfti və şeyxülislamın iştirakı ilə məsciddə Cümə namazı qıldılar. Sonra isə sünni-şiə ixtilafına son qoymaq üçün şeyxülislamla müfti qucaqlaşıb Qurana əl basaraq Çar hökumətinin qızışdırdığı ədavəti aradan qaldırmağa çalışacaqlarına and içdilər.

1918-ci ilin may ayının 28-də Azərbaycan Milli Şurası müsəlman dünyasında ilk dəfə olaraq müstəqil və demokratik respublikanın yaradılmasını elan etdi. Azərbaycan Demokratik Respublikasının istiqlal bəyannaməsində milli və dini məsələlərlə bağlı müddəalar öz əksini tapdı.

1918-ci il iyunun 17-də hökumət təsis olundu, milli ənənələrə qayıtmaq, əhalinin dini ehtiyaclarını təmin etmək məqsədilə Xalq Maarifi və Dini Etiqad Nazirliyi (XMDEN) yaradıldı və N.B.Yusifbəyli bu quruma rəhbər təyin olundu. Nazirlik dərhal din xadimləri və dini qurumlarla sıx əməkdaşlığa başladı. Ölkənin parlamentində Azərbaycanın milli, dini tərkibi nəzərə alındı, müsəlmanlara 80, xristianlara 35 yer ayrıldı, özü də ən çox yer ermənilərə verildi. Onları parlamentdə 21 deputat təmsil edirdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına, şiə və sünni ruhani idarələrinin əməkdaşlığına nail oldu. Azərbaycanın müstəqilliyinin elan olunmasına qədər bu idarələr Tiflisdə yerləşirdi. Lakin bölgədə cərəyan edən son dərəcə mürəkkəb hadisələri nəzərə alaraq, hər iki ruhani idarəsinin rəhbərləri Məhəmməd Pişnamazzadə və müfti Mustafa Əfəndizadə Azərbaycana köçmək qərarına gəldilər. XMDEN-nin 10 avqust 1918-ci il tarixli qərarı ilə onlar Gəncəyə köçdülər və könüllü olaraq 1918-ci ilin sentyabrın 1-də vahid orqanda birləşdilər. Sentyabrın 7-də XMDEN bu qərarı təsdiq etdi və Bakı 1918-ci ildə Bolşeviklərdən azad olunduqdan sonra ruhani idarəsi buraya köçürüldü.

Həmin dövrdə dini təyinatlı məkanlar xalqın məşvərət yerinə çevrilmişdi, din xadimləri milli oyanışa dəstək verirdilər. Təzəpir məscidi və İsmailiyyə binası bu qəbildən olan mərkəzlərdən hesab edilirdi. Düşmən Azərbaycan xalqının birliyinin təmin olunmasında Təzəpir məscidinin oynadığı rolu yaxşı bilirdi. Ona görə də mart ayının 31-də müsəlman əhalisinə qarşı soyqırımına başlayan daşnak-bolşevik birləşmələri XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında, eləcə də milli şüurun oyanmasında, elmi-dini maarifçiliyin təbliğində xüsusi rola malik möhtəşəm memarlıq abidələrindən biri olan "İsmailiyyə" binasını, "Kaspi" qəzetinin redaksiyası və mətbəəsini, orada yenicə çap olunmuş Qurani-Kərimin 5 min nüsxəsini yandırıb külə döndərdilər.

1918-ci ilin oktyabrında Pişnamazzadənin təşəbbüsü ilə həm şiə, həm də sünni cərəyan başçılarının yığıncağı keçirildi. Müfti Hüseyn Qayıbzadə 1917-ci ildə dünyasını dəyişdiyindən və bu, çar Rusiyasının dağıldığı illərə təsadüf etdiyindən yerinə yeni müfti təyin edilməmişdi. Müftinin vəzifəsini İdarənin yığıncağında işçilər tərəfindən seçilən Mustafa Əfəndizadə icra edirdi. Mustafa Əfəndi Pişnamazzadə ilə yaxın münasibətdə idi və uzaqgörən, millətini sevən, müdrik şeyxülislama dərin hörmət bəsləyirdi. 1918-ci ilin 30 oktyabrında Şeyxülislamın imzası ilə hökumətə 367 N-li təkliflər məktubu ünvanlandı. Təkliflər 4 bölmədən ibarət idi:

1. Azərbaycan Cümhuriyyəti hüdudlarında "Məşixət-i İslamiyyə" adlı ruhani idarəsi təsis edilsin və ona Türkiyədə mövcud olan Məşixət kimi tam müstəqillik verilsin;

2. 7 sentyabr tarixli 311 saylı təqdimatda göstərilən Məşixətin iki sədrindən birinə Şeyxülislam, digərinə müstəşar, yaxud müşavir adı verilsin.

3. Şeyxülislam iclaslarda iştirak etmək hüququ qazanaraq rəsmən Nazirlər Şurasının üzvü hesab edilsin;

4. Ruhani heyətin komplektləşdirilməsi üçün Məşixətin birbaşa sərəncamına kredit ayrılsın. Sadalanan və digər bu kimi məsələlərin həll edilməsi məqsədi ilə bizim də iştirakımızla fövqəladə yığıncaq çağırılsın.

Şeyxülislam M. Pişnamazzadə başda olmaqla ruhanilər bu çətin ideyanın təşəbbüsçüsü oldular və sonra da onu həyata keçirdilər. Bununla məzhəb ayrılıqlarından istifadə edərək Qafqazda müsəlmanlar arasında düşmənçilik yaratmaq istəyən Çar Rusiyasının siyasətinə son qoydular.

Bu, Pişnamazzadənin müstəqil dövlətimizə göstərdiyi xidmətin nəticəsi idi. Belə ki, dini rəhbərlər hökumətin mövqeyini gözləmədən, özləri hər iki idarənin birləşdirilməsi və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Türkiyə nümunəsi əsasında "Məşixət" adı ilə yenidən qurulması təşəbbüsü ilə çıxış etdilər. 1918-ci il 1 sentyabr tarixli birgə qərar ilə hər iki idarə "Məşixət" adlanan vahid bir idarədə birləşdirildi.

1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad olunmasından sonra Məşixətin Bakıya köçürülməsi qərara alındı. Molla Məhəmməd Pişnamazzadə səhhəti ilə bağlı 1918-ci il dekabrın 10-da idarənin sədri və Şeyxülislam vəzifəsindən istefa verdi. Azərbaycan Xalq Cümhuriyyəti Dini etiqad naziri Musa bəy Rəfiyevin tövsiyəsi ilə dekabrın 12-də Təzəpirin axundu 47 yaşlı Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri və Şeyxülislam seçildi. Beləliklə, müsəlmanların dini işlərinin idarə edilməsində bir-birinə münasibətdə muxtar, ikili sünni-şiə ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yaradıldı. Şeyxülislam idarənin rəhbəri, yəni Qafqaz müsəlmanları Ruhani İdarəsinin başçısı, müfti isə onun müavini oldu.

XI Qızıl Ordu Şimali Azərbaycanı işğal edənədək Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddətdə iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid bir çox islahatlar həyata keçirdi, ölkə vətəndaşlarının hüquqlarının təmin edilməsinə yönəlmiş qərar və tədbirlərdə əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tutdu.

Azərbaycan Xalq Cümhuriyyəti milli ənənələrin qorunması, o cümlədən, əhalinin dini ehtiyaclarının ödənilməsi ilə bağlı əhəmiyyətli addımlar atdı, hökumətin qərarı ilə ruhanilər və dini idarələr büdcədən maliyyələşdi, dini vergilər də bilavasitə dövlət xəzinəsinə daxil oldu.

Azərbaycan Xalq Cümhuriyyəti iki ildən az müddət yaşasa da, Azərbaycan dövlət quruluşunun bərpa olunması, Azərbaycan istiqlaliyyətinin dirçəldilməsi, xalqımızın milli mənlik şüurunun oyanması üçün az iş görmədi.

 

 

Ceyhun MƏMMƏDOV

Azərbaycan İlahiyyat İnstitutunun rektoru

 

525-ci qəzet.- 2018.- 21 iyun.- S.6.