"Bir edam məhkumunun son günü" Bakıda

 

İyun 18-də Qazax Dövlət Dram Teatrının kollektivi paytaxt Bakıya qastrol səfərinə gəlib.

 

Kollektiv səfərdə Viktor Hüqonun "Bir edam məhkumunun son günü" əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edib. Səhnə əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunub.

 

Bu dəfə paytaxt sakinlərinin görüşünə gələn tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi ilə teatrın rejissoru Allahverdi Musayev tərəfindən hazırlanıb. Əsas obrazı teatra dəvət olunan aktyor, teleaparıcı Mehman Dilqəmoğlu (Piriyev) canlandırıb. Digər rolları Əməkdar artist Hacı Hacıyev, aktyorlar İlqar Hacəliyev, Yusif Qoca, Arif Almədədov, Aydın Orucov, Nəsimi Aşpazov ifa edibər. Tamaşanın quruluşçu rəssamı Səyyat Məmmədovdur. Əsəri dilimizə gənc şair Hikmət Orhun uyğunlaşdırıb.

 

Tamaşadan öncə çıxış edən teatrın direktoru Saqif İskəndərov Bakı sakinlərini salamlayıb, uzun müddətdən sonra onların görüşünə gəlməkdən duyduqları məmnunluq hissini dilə gətirib.

 

Direktor qəzetimizə açıqlamasında bu il 80 yaşını qeyd edən teatrın tarixinə qısa nəzər salıb: "Qazax Dövlət Dram Teatrı 1939-1940-cı illərdən fəaliyyətə başlayıb və 1949-cu ilə qədər fəaliyyətini davam etdirib. Yenicə böyük bir müharibədən çıxmış ölkədə maliyyə çətinliyi yaşandığından bir neçə teatr, o cümlədən, Qazax teatrı da özünü maliyyələşdirmə sisteminə keçdi və daha artıq davam gətirməyib digər teatrlar kimi fəaliyyətini dayandırmalı oldu. Üstündən təxminən 40 il keçəndən sonra bizim teatr yenidən bərpa olundu. 1988-ci ildə Nazirlər Sovetinin qərarı ilə öz işinə başlayan teatrın açılışı 1989-cu ilin iyunun 1-də Bəxtiyar Vahabzadənin "Dar ağacı" tarixi faciəsi ilə oldu. Mən də həmin tamaşada aktyor kimi rol almışdım və həmin dövrdən bu günə kimi orada işləyirəm. Aktyor, rejissor, truppa müdiri, direktor müavini işləmişəm və nəhayət, uzun illərdir ki, direktor vəzifəsini icra edirəm. Demək olar ki, teatrımızda təxminən ildə dörd əsər hazırlanır. Bu zamana kimi 80-dən çox tamaşa hazırlamışıq. Hazırkı repertuarımızda 10-dan çox tamaşa oynanılır. Burada müxtəlif janrlarda tamaşalar var: klassik, faciə, dram, uşaq, komediya və s. Həm klassik, həm müasir yazarlarımıza, həm də dünya dramaturgiyasından əsərlərə müraciə edirik. Ancaq doğrusunu deyim ki, son illərdə xarici əsərlər səhnələşdirmirdik. Və nəhayət, bu il teatrımızın gənc rejissoru Allahverdi Musayevin təklifi ilə məşhur fransız yazıçısı Viktor Hüqonun "Bir edam məhkumunun son günü" əsərini tamaşaya hazırladıq. Teatr sənətçisindən əlavə bir tamaşaçı kimi tamaşanın uğurlu alındığını deyə bilərəm. Mayın 6-da Qazaxda premyerası keçirildi. Tamaşaçılar tərəfindən böyük maraq və coşğuyla qarşılandı. Ondan sonra bir dəfə də orada nümayiş olundu və nəhayət, bakılı tamaşaçılarımızın görüşünə gəldik. Artıq 10 ilə yaxındır ki, Bakıya qastrola gəlmirdik. Bu il teatrımızın 80 illik yubleyi ilə əlaqədar Bakıda televiziyalardan dəvətlər vardı, biz də düşündük ki, bu tamaşaya bu cür maraq varkən burada da nümayiş etdirməyimiz yerinə düşər".

 

"Bir edam məhkumunun son günü" adından da göründüyü kimi, edama məhkum olunmuş bir insanın ölümünə günlər, saatlar qalmış keçirdiyi mənəvi sarsıntıları, psixoloji durumunu əks etdirir. Əsərdə o dövr Fransasının ağır despot rejimi, insanların çətin həyatı, ölümlə üz-üzə, göz-gözə dayanan bir oğulun, bir ərin, bir atanın və nəhayət, bir insanın addım-addım qorxduğu ölümə yaxınlaşması, başının gilyotinlə kəsilməsindən öncə ruhunun qorxu və peşmanlıqdan ölməsi göstərilir.

 

Səhnə əsərinin quruluşçu rejissoru Allahverdi Musayev tamaşanın yaranmasından danışıb, paytaxt sakinlərinin xoş münasibətindən məmnunluğunu dilə gətirib: "Bu əsəri hardasa iki ildir ki, nəzərimdə saxlamışdım. İnternetdə axtarış verdim ki, görüm bizdən öncə haradasa oynanılıbmı, bircə Türkiyədə hazırlanmış radio versiya ilə qarşılaşdım. Dostumuz, tamaşada da rol almış aktyor Yusif Qocayla uzun müzakirələrdən, məsləhətlərdən sonra qərara gəldik ki, əsəri ssenariləşdirək. Əsəri dilimizə uyğunlaşdırmaqda şair Hikmət Orhun kömək etdi. Mən, Yusif Qoca, Hikmət Orhun və baş rol ifaçımız Mehman Piriyev təxminən iki il ərzində az-az da olsa bu əsərin üzərində işlədik. Əslində, keçən il bu əsər Mədəniyyət nazirliyinə tərəfimizdən təklif olunmuşdu, amma həmin il başqa bir xarici əsər olduğundan təsdiqi bu ilə qaldı. Tamaşa oynanılandan sonra tamaşaçıların marağı bizi çox sevindirdi və məmnun etdi. Qazaxda olduğu kimi, burada da tamaşaçıların böyük marağı və sevgisi ilə qarşılaşdıq".

 

Aktyor Mehman Piriyevin tamaşaya dəvət olunduğunu deyən rejissor teatrdakı kadr çatışmazlığı məsələsinə də toxunub: "Mehman Piriyevi bir aktyor kimi artıq uzun illərdir tanıyıram. Onun potensialına və istedadına bələdəm. Bu əsər hazırlananda da baş rol üçün onu məsləhət bildik və təklif elədik. Çox sağ olsun ki, təklifimizi qəbul etdi. Və elə ilk premyera bizim seçimimizdə yanılmadığımızı göstərdi. Ümumiyyətlə, təəssüf ki, teatrda kadr çatışmazlığı var. Xüsusən gənc aktyor və aktirsalara çox ehtiyac yaranır və biz də kənardan mütəmadi olmasa da, bəzən dəvət etməli oluruq".

 

Sonda rejissor əyalət teatrına maraqdan da danışıb: "Ümumiyyətlə, elə zamanda yaşayırıq ki, teatra maraq heç Bakıda da kütləvi şəkildə deyil. Teatrı sevən və mütəmadi izləyən müəyyən təbəqə var. Bizdə də elədir. Kütləvi olmasa da, tamaşaçılarımız var. Təbii ki, əyalətdə teatr işini davam etdirmək, insanları tamaşalara cəlb etmək çox çətindir. Fikrimcə, aktyorlar, rejissorlar buna görə fədakar insanlardır. Onların və daimi tamaşaçıların sayəsindədir ki, bu gün əyalət teatrlarımız da öz işini davam etdirir".

 

"Bir edam məhkumunun son günü" əsərinin baş rol ifaçısı, teatra dəvət olunmuş peşəkar aktyor Mehman Piriyev hələ Bakıya gəlməzdən öncə bu cür böyük auditoriya və anşlaq gözlədiyini deyib: "İstər əyalətdə, istərsə də paytaxtda oynayaq, mənim üçün heç bir fərq eləmir, səhnə səhnədir. Bütün hallarda o səhnənin məsuliyyətini üzərimdə hiss edirəm. Bu tamaşaya dəvət olunacağımı gözləmirdim. Sağ olsunlar ki, dəvət etdilər və mən də əsərlə tanış olduqdan sonra bəyəndim, razılıq verdim. Əsər özü özlüyündə olduqca ağır və faciəvi sujetə malikdir. Bu ağırlığı hansı dərəcədə tamaşaçıya ötürə bildimsə onu artıq onlar deyə bilər. Özüm isə hər iki səhnədəki nümayişdən yüksək təəssüratlarla ayrılıram. Hələ ilk premyeradan ictimaiyyətin, mətbuatın marağını hiss etdik. Tamaşa haqqında resenziyalar yazıldı. Təbii ki, bütün bunlar bizə əlavə stimul və ruh verir. Paytaxtda teatrı kifayət qədər sevən, dəyərləndirən insanlar var. Onların bu tamaşaya da bu cür yüksək maraq göstərəcəklərinə əmin idim. Səhnəyə Viktor Hüqo yaradıcılığının məhsulu ilə qayıtmaq çox çətin və məsuliyyətli idi. Bu mövsümdən teatrların birində yenidən aktyor kimi fəaliyyətimi davam etdirməyi düşünürəm. Bu şəraiti yaratdıqlarına görə Qazax Dövlət Dram Teatrının rəhbərliyinə, kollektivə və bu cür enerjiyə, sevgiyə görə izləyicilərə təşəkkürümü bildirirəm. Bundan sonra da onları daha böyük işlərlə, tamaşalarla sevindirəcəyimizə ümid edirik".

 

Tamaşada məhkəmə icraçısı rolunu canlandıran Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca bu tamaşaya sonradan daxil olduğunu deyib: "Obraz olaraq deyil, amma aktyor olaraq mən bu tamaşaya sonradan əlavə olunmuşam. Sözün düzü, belə böyük maraq və sevgi gözləmirdim. Hətta əsər səhnələşdirilərkən, hələ məşq zamanlarında tərəddüd içərisində idim. Amma Mehman Piriyev kimi peşəkar və istedadı aktyorla bir səhnəni bölüşmək çox qürurvericidir. Arzu edirəm ki, gələcəkdə daha böyük bir rolum olsun ki, onunla eyni səhnədə daha çox ünsiyyət şansı qazanım.

 

Hələ Qazaxdakı iki nümayişimizdə tamaşaçı sevgisi, marağı, məmnunluğu var idi. Bu gün Bakıda da bunun iki, bəlkə də üç qatını hiss etdik. Hələ səhnədə olarkən onların enerjisini ordanca hiss edə, duya bilirdik. Tamaşa sonrası da bu sevgilərini bizimlə bölüşüb bizi daha çox xoşbəxt etdilər. Ümid edirəm ki, bu tamaşanın qastrol səfəri Bakıyla yekunlaşmayacaq, başqa regionlarımıza, hətta ölkə xaricinə də məhz bu əsərlə səfərlərimiz olacaq".

 

Şahanə MÜŞFİQ

Foto: Valeh ARİFOĞLU

 

525-ci qəzet.-2018.-21 iyun.-S.7.