İtki

 

hekayə

 

Qadın əlindəki torbaları bir-bir yerə qoydu. Yayın istisi bir yandan, ağır günü bir yandan onu lap yormuşdu.

 

Bütün günü işdə iki mərtəbə arasında qaçırdı, sənədləri aparıb-gətirmək, onlarla bağlı icraatların vəziyyəti ilə maraqlanmaq, vaxtaşırı hesabatları hazırlamaq heç az deyildi. İşdən sonra yüngülvari axşam bazarlığını eləyib evə tələsərdi ki, onun yolunu səbirsizliklə gözləyən ev əhlinin axşam yeməyinə kimi bir şey hazırlaya bilsin. Biş-düş, ev təmizliyi gecə hamı yatandan sonraya qədər çəkərdi.

 

Özünə vaxt ayırmağa macal tapmazdı, saçlarına sığal çəkər, dırmaqlarını boyayardı. İş yerində gündə əyin-başına bir yeni rəng qatan, saçını ayda ən azı bir-iki dəfə rənglədən həmkarlarını başa düşmək onun üçün çox çətin idi. Fikirləşirdi ki, görən, bu tovuzquşuna bənzəyən, yeni il yolkası kimi işım-işım işıldayan qadınların bu dünyadan istədikləri nədir axı? Bəzi qadınların şaqqıldayan gülüşü isə ona dünyadakı ən qəribə hadisə kimi görünərdi. Heç cür anlaya bilmirdi ki, insan hansı hissləri keçirməlidir ki, elə gülə bilsin. Özünün belə güldüyünü xatırlaya bilmirdi. Heç gülürdü ki....

 

Torbaları yerə qoyub, ondan əvvəl dayanmış iki nəfərin işlərini bitirib getməsini səbirlə gözlədi. Növbəsi çatanda kartını bankomata daxil elədi. Amma gözlədiyinin əksinə olaraq hesabında pul yox idi. Yox, dəqiq bilirdi ki, maaşı hesabına köçürülüb. Hələ üstəlik bu ay üçün nəzərdə tutulmuş mükafatı da. Bəs onda pul hara olub? Bankomatdan uzaqlaşmağa ayağı getmədi. Tələsik mühasibatlıqdakı yoldaşlarından birinin nömrəsini yığıb dəqiqləşdirdi, maaş həqiqətən onun hesabına vurulmuşdu. Sanki bir anda əllərindəki bazarlıq torbalarının ağırlığını yaddan çıxardı, ayaqlarını sürüyə-sürüyə, könülsüz şəkildə dayanacağa doğru addımlamağa başladı. İndi onun yükü daha ağır idi. Maaşı bu ayın axırına birtəhər çatsa da, hələ çox işlərin həllini yeni maaşa qədər təxirə salmışdı. İndi neyləməli?

 

Hardasa bir il əvvəl yaşadığı buna bənzər daha bir günü yadına saldı. Onda heç olmasa maaşının bir  hissəsini ala bilmişdi. Gecəni birtəhər keçirib səhər banka getdi. Məlum oldu ki, maaşının az qala yarısı ərinin kredit borcu üçün bank tərəfindən tutulub. Səkkiz ay valideyinlərinin köməyi ilə evi birtəhər dolandırdı. Ancaq həmin borc üç ay idi ki, tamamlanmışdı. Fikrində çək-çevir eləməyə başladı, bu pulu ala bilməsə, işləri necə yoluna qoyacaq? Evi, uşaqların problemlərini düşündü. Özünü zorla inandırmağa çalışırdı ki, bu dəfə onu zərbə altında qoya biməz. Çünki bu qəpik-quruşdan təkcə özünün yox, balalarının da aqibəti asılı idi. Amma dumanlı da olsa, yenə zərbənin hardan gəldiyini yaxşı bilirdi.

 

Çiyninə birdən-birə, gözlənilmədən qoyulan yük əlindəki torbaların ağırlığını azaltmışdı. Yolu necə gəldiyini, həyət qapısından necə içəri keçdiyini heç hiss eləmədi. Pilləkanın başında oturan balaca qızının onu görüb cəld ayağa qalxması qadını elə bil fikir dumanından çəkib çıxardı. Başı havalı şəkildə uşaqların suallarına cavab verdi, dərslərini xəbər aldı. Nimdaş ev ayaqqabılarını geyinə-geyinə atalarını soruşdu. Məlum oldu ki, nahardan sonra bütün günü yatıb, uşaqlara tapşırıb ki, anaları işdən gələnə yaxın onu oyatsınlar...

 

Qadın əsəbdən dodaqlarını çeynəyirdi. Öyrəşmişdi belə sözlərə. Yazıq uşaqlar hər gün soruşurdular ki, ataları ilə küçədə qarşılaşmadı ki? Axı onu qarşılamaq üçün çıxmışdı. Bu yalan uzun müddət idi ki, belə sürürdü. Qadın işdə olan vaxtlarda əri evdə yatırdı, onun gəlməyinə az qalmış onu "qarşılamağa" çıxardı. Bir uşaqlar yatandan sonra, gecədən xeyli keçmiş evə qayıdardı. Əvvəllər qadın ev işlərini bitirsə , onun gəlməyini gözləyərdi, yatmazdı. Amma bu, çox əvvəllər olmuşdu.

 

Bu gecə yatmadı. Nəhayət, əri oğru pişik kimi səssizcə qapıdan girib mətbəxdə yeməkdən ona saxlanılan payını axtarmağa keçdi. Şkafın üst gözünün cırıldayan qapısının açılmasından hiss elədi ki, "rumka" axtarır. Dilini dişləri arasında sıxıb səssizcə yemək dəstgahının bitməsini gözlədi. Bir müddət sonra qarnını qaşıya-qaşıya, əsnəyə-əsnəyə gəldi. Tanımayan deyərdi, yəqin bir maşın daşı təkbaşına əllə boşaldıb ki, bu qədər ah-uf eləyir. Gecənin səssizliyində qadının səsi eşidildi:

 

- Bu gün maaş olmalıydı. Bankomatdan götürmək istədim, amma balans sıfır gəldi. İşdən maraqlandım, onlar diyir, biz vurmuşuq. Amma hesabda pul yoxdu. Səhərdən fikirləşirəm ki, hara olmuş olar. İnan ki, beynim ağrıdı fikirləşməkdən. Başım yox ee, beynim. Sən bilmirsən, hara olmuş olar?

 

Qadının sualı havada qaldı. Cavab gəlmədi. Bir az gözlədi, cavabın gəlməyəcəyindən əmin olandan sonra yenə başladı:

 

- Səhər tezdən banka getmək lazımdı. Bir maraqlanaq, görək bu pul hara olub....

 

Sözü ağzından qurtarmamış qaranlıqdan kişinin narazı səsi eşidildi:

 

- Yaaat, gecdi.

 

Bundan sonra daha bir kəlmə deməyə cəsarəti çatmadı. Səssizcə, guya kiminləsə dərdləşirmiş kimi içində danışmağa başladı. qədər dedisə , cavab ala bilmədi. Yatağına qor düşmüş kimi yerində eşələnməyə başladı. Tərslikdən köhnə çarpayı cırıldayırdı. Bu dəfə fısıltılı səslə dodağının altında buna etiraz eləyən tapıldı. Aydın məsələ idi, çox o yan, bu yanına çevrilsə, bunun üstündə əməlli-başlı hay-haray düşəcəkdi. Öz gününə ağladı, amma yenə səssizcə, içində, çoxlarının bacarmadığı kimi. Bir tərəfdən fikirləşdi ki, olardı ki, hamı kimi hönkürüb ağlaya bilərdi.

 

Səhər çox yorğun idi. Belə vaxtlarda rəhmətlik nənəsinin sözləri yadına düşərdi. Dərdi, fikri çox olanda yata bilməməsindən gileylənən arvad deyərdi ki, bir qatır karvanı duzu səhərə kimi o tərəfə daşımışam, bu tərəfə daşımışam. İstər-istəməz, öz-özünə düşündü ki, görən, mən neçə maşın duz daşımışam?..

 

Uşaqları məktəbə yola saldı. Mətbəxi, otaqları əlüstü səliqəyə saldı. Yataq otağında bilərəkdən bir az səs saldı. Güzgünün qabağında saçlarını səliqəyə salarkən öz-özünə danışırmış kimi, asta səslə dedi:

 

- Vaxtında çıxım, işdən bir saatlığına icazə almışam. Gecikərəm. Bankda da həmişə növbə olur. Gedim, bir maraqlanım görək puldan xəbər tuta bilirəm.

 

Qapıdan çıxanacan beləcə danışdı. Hiss edirdi ki, oyaqdı, özünü eşitməzliyə vurur, cavab vermir. Aralarında keçməsindən asılı olmayaraq, bəzi yerlərə tək getmək ürəyincə deyildi. İstəyirdi heç olmasa, yanında olsun. Təhsil, , heç onun içindəki çəkingənliyi aradan qaldıra bilməmişdi. Çox qarışıq rəsmi yerlərdə sözünü deməyə utanırdı. Amma ərindən əlini üzüb qapıdan çıxdı.

 

Evdən dayanacağa qədər yolun yarısını getməmişdi ki, arxadan kiminsə gəldiyini elə bil hiss elədi. Arxaya boylananda ərini gördü. Ürəyindən keçdi ki, yəqin cavab verməsə , onu tək buraxmaq istəməyib. Addımlarını ləngidib onun yaxınlaşmasını gözlədi. İstidən pörtmüş əri çatıb dedi:

 

- Beş manat pul olar səndə? Pul lazımdı.

 

Eşitdiyi sözdən bütün bədəni əsdi. İllərdi beləcə, salamsız-kəlamsız, xitabsız istəklərini çox eşitmişdi, amma bu dəfə başqa idi. Bir an belə tərəddüd etmədən pulqabını çıxarıb beşliyi kişiyə uzatdı. Kişi sevincək pulu havada əlindən aldı, iri addımlarla küçənin o tayına keçib, uzaqlaşmağa başladı. Qadın bir-iki dəqiqə onun arxasından baxdı yoluna davam etdi. Anladı ki, daha ərinə nifrət eləmir.

 

Pakizə ZAKİROVA                      

 

525-ci qəzet 2018.- 26 iyun.- S.8.