İşğal zülmətindəki muzeylərimiz və abidələrimiz

 

AZƏRBAYCANIN DÖVLƏTÇİLİK TARİXİNİN, MİLLİ ADƏT-ƏNƏNƏLƏRİNİN, ELM VƏ MƏDƏNİYYƏTİNİN TƏBLİĞİ

 

Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin, alimlərin əsaslı araşdırmaları nəticəsində Azərbaycanın ilk yaşayış məskənlərindən biri olduğu sübut edilmişdir.

Qədim insan yaşayış məskəni olan Azərbaycan torpağında əsrlərdən bəri çox zəngin bir mədəniyyət də yaranaraq formalaşıb. Biz tariximizin bir sıra açılmayan qatlarına arxeoloji qazıntılar zamanı üzə çıxarılan maddi sərvətlər vasitəsilə bələd oluruq. Eləcə də bu qədər böyük tarixə, qədim keçmişə malik Azərbaycanın keçdiyi yolları, fərqli dövrlərinə aid məlumatları dövlətimizin ərazisində fəaliyyətdə olan müxtəlif təmayüllü muzeylər və abidələr vasitəsilə öyrənirik. Xalqımız əcdadlarımızdan bizə miras qalan bu abidələrə layiqincə sahib çıxır, onun qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün əlindən gələni edir.

 

Hazırda ölkəmizdə 201 muzey fəaliyyət göstərir: bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir.

 

Həmçinin, Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər də fəaliyyətdədir. Həmin muzeylər sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan Tarix Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Azərbaycan Xalça Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini göstərmək olar.

 

Bunlardan əlavə, ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən və həmin bölgənin maddi-mənəvi, mədəni tarixini özündə ehtiva edən muzeylərimiz də az deyil. Ümumi şəkildə Tarix və diyarşünaslıq muzeyləri adlanan bu müəssisələr xalqımızın qədimlərdən üzü bəri formalaşan tarixi mədəniyyətinin qorunduğu, mühafizə edildiyi, təbliğ olunduğu məkanlardır.

 

Ölkəmizdə tarix-diyarşünaslıq muzeylərinin yaradılması və inkişaf dövrü ötən əsrin 60-70-ci illərinə təsadüf edir. 80-ci illəri isə tarix-diyarşünaslıq muzeylərinin infrastrukturunun inkişafında, habelə eksponatların toplanılmasında zirvə nöqtəsi kimi hesab etmək olar.

 

Azərbaycanın elə bölgəsi yoxdur ki, orada tariximizin izlərini yaşadan maddi-mənəvi, tarixi-mədəni abidələrimizin qorunduğu tarix və diyarşünaslıq muzeyləri olmasın.

 

Yolumuzu gözləyən muzeylər

 

Sözügedən muzeylərin bir qismi də artıq 27 ildir düşmən tapdağından olan qədim tarixə malik Qarabağın payına düşür. XX əsrin sonlarında mənfur qonşularımız olan ermənilərin törətdiyi pozuculuq fəaliyyəti, münaqişə və müharibə buradakı maddi mədəniyyət abidələrinin taleyini təhlükə altına qoydu. Müharibə ərəfəsində abidələrin qeydinə qalmağa imkan belə olmadı. İnsanlarla bərabər onun tarixi mədəniyyət və memarlıq abidələri də terror qurbanına çevrildi. Maddi-mənəvi xəzinəmiz sayılan neçə-neçə tarixi abidəmiz, muzeylərimiz işğalçı erməni quldurları tərəfindən zəbt edilərək ya qarətə, ya da dağıntıya məruz qaldı. Yeraltı, yerüstü sərvətlərimiz, var-dövlətimiz, tarixin daş yaddaşı sayılan abidələrimiz, muzeylərimiz, mədəniyyət ocaqlarımız, Azərbaycan qadınının duyğu və düşüncələrinin, göz nurunun əksi olan qədim xalça məmulatları, Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları digər eksponatlar talançıların əlinə keçərək mənimsənildi. İşğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını yoxa çıxarıblar.

 

1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalıb. Təkcə tamamilə məhv edildiyi bildirilən Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyində 30 mindən artıq tarixi əhəmiyyətli əşya olub. Zəngilan, Qubadlı, Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeylərində də minlərlə abidə talan edilib.

 

Bu muzeylərdə qorunub saxlanılan eksponatlar ermənilər tərəfindən ərazidən çıxarılıb. Bir qism muzey əşyalarımız 3-cü ölkələrə də aparılıb. Hətta 2011-ci ildə Londonda Laçın Diyarşünaslıq Muzeyindən götürülmüş gümüş işləmədə bir qadın əl çantasının 16.000 ABŞ dollarına satıldığı da bilinir.

 

Canlı muzey hesab olunan Şuşa şəhərində 8 muzey fəaliyyət göstərirdi. Şuşanın işğalı zamanı yalnız Xalça və Tətbiqi Sənət Muzeyinin Şuşadakı filialı, Üzeyir Hacıbəyovun Şuşadakı Ev Muzeyinin eksponatları və Rəsm Qalereyasının eksponatları çıxarılıb. Amma həmin muzeylərin fondu tam xilas edilməyib. 200-dən artıq xalça və xalça məmulatı xilas edilərək Bakıya gətirilib. Hazırda həmin xalçalar Azərbaycan Xalq Tətbiqi Sənəti Xalça Muzeyində saxlanılır və sərgidə nümayiş etdirilir. Şuşa şəhərində Şuşa və Xankəndi diyarşünaslıq muzeyləri tamamilə dağıdılıb.

 

Dövlət Qarabağ Tarixi Muzeyi, Natəvanın, Bülbülün, Əbdürrəhimbəy Haqverdiyevin, Mir Mövsün Nəvvabın və başqalarının ev muzeyləri, Qurban Primovun Ağdamdakı xatirə muzeyi, Ağdam, Füzuli, Xocalının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Eyni zamanda Ağdamdakı unikal Çörək muzeyi də digər muzeylərin aqibətini yaşayıb. O dövrdə dünyada analoqu olmayan bu muzey şəhərin bombalanması zamanı tamamilə yerlə-yeksan olub.

 

4,6 milyon kitab və əlyazmaları saxlanılan 927 kitabxana, 808 klub, 85 musiqi və incəsənət məktəbi, 10 istirahət və mədəniyyət parkı, 20 konsert təşkilatı, bundan əlavə əhalinin şəxsi evlərində saxlanılan 100 minlərlə dekorativ-tətbiqi sənət nümunələri - xalçalar, tikmənaxışlı qədimi geyimlər, zərgərlik və misgərlik əşyaları və s. yandırılıb, talan-qarət edilib, Ermənistana daşınaraq saxtakarlıqla özününküləşdirilib.

 

Qarabağ tarixi... Erməni terroru...

 

Təəssüflər olsun ki, təkcə muzeylərimiz deyil, tarix və mədəniyyət abidələrimiz də erməni vandalizminə məruz qalıb. Təkcə işğal olunan ərazilərimizdə 74 məscid, 23 muzey, 4 şəkil qalereyası, 2550 digər tarix və mədəniyyət abidələrimiz faktiki olaraq yolumuzu gözləyir.

 

Erməni vandalları İslama qədərki Alban abidələrini də məhv ediblər. Əksər hallarda isə onların üzərində dəyişiklik apararaq, özününküləşdirməyə, bütün dünyaya erməni abidələri kimi təqdim etməyə çalışırlar. Mənfur düşmən rayonlarımızın tarixi mədəni abidələrinin, muzey eksponatlarının şəkillərini "erməni mədəniyyətinin nümunələri" adı altında müxtəlif saytlarda yerləşdirir, kitablarda nəşr etdirməklə abidələrin özlərinə məxsus olması ilə bağlı təbliğatlar aparır. 1700 tarix və mədəniyyət abidəsinin (xristianlığa qədər olan dövr və eləcə də xristianlıq dövrü alban abidələri) üzərindəki tarixlər, divar yazıları götürülərək erməni mətnləri ilə əvəzlənib. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə alban yazıları silinib. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdılıb. Yelisey məbədində saxlanılmış Alban hökmdarı III Vaçaqanın qəbri və sövməsindəki yazı tamamilə məhv edilib. 500 sayda Qafqaz Albaniyası dövrü sövmə, bazilika və digər memarlıq abidələrinə erməni kilsəsi statusu verilib.

 

İslam abidələri dağıdılıb yer üzərindən silindi. 1600 müsəlman dini abidəmiz (məscid, türbə, qəbirüstü abidələr, at-qoç fiqurları, inanc yerləri və digər ibadətgahlar) dağıdılıb. Məscidlərdən yalnız 3-4-nün bünövrəsi salamatdır. Bunlar Şuşa şəhərində Aşağı, Yuxarı Gövhərağa, Saatlı və Ağdam Cümə məscidləridir. Digər məscidlərimiz isə yerlə yeksan edilərək, hətta daşları da o ərazidən kənara aparılıb.

 

200 qəbiristanlıq tamamilə, 600 qəbiristanlıq isə qismən dağıdılıb. Ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbiristanlığı texnika vasitəsilə darmadağın edilib. Mənfurlar Xocalıda və Şuşada bu vandalizmi ifrat dərəcəyə çatdırdılar. Məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim beşiyi olan Xocalı kurqanlarını yer üzündən sildilər. Şuşada Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomat güllələri ilə deşik-deşik etdilər.

 

300 monumental abidə və bağ-parklar tamamilə məhv edilib. İşğal dövrü xaraba kəndlərimizdə 15 erməni kilsəsi tikilib. İşğal ərazilərinə Ermənistanda yonulub hazırlanmış 2000 ədəd erməni xaç daşları basdırılıb. İşğal dövrü Azərbaycan ərazilərində 27 arxeoloji qazıntı işləri aparılıb. 128 bədii daş nümunəsi işğal ərazilərindən götürülərək İrəvana aparılıb.

 

Bəşəriyyətin ulu əcdadlarının beşiklərindən biri olan Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevrilib.

 

Azərbaycanın işğal altındakı ərazilərində tarix və mədəniyyət abidələrinə vurulan zərər 177 milyard dollardan çoxdur.

 

"Bu haqsızlığa dünya ictimaiyyəti hələ də susur"

 

Ölkəmizin xarici siyasətinin əsas istiqaməti şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə nizamlanması və işğal olunmuş ərazilərin azad olunması, məcburi köçkünlərin doğma yurd yerlərinə qaytarılmasıdır. Lakin işğal olunmuş ərazilərimizdəki mədəni mülkiyyətin və sərvətlərin beynəlxalq hüququnun ermənilər tərəfindən vandallıqla tapdalandığı da danılmaz faktdır. Bunu həmin ərazilərdə ermənilərin vaxtaşırı olaraq gündəmə gətirdikləri arxeoloji qazıntıların aparılması məsələsi bir daha təsdiq edir.

 

Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin tərkib hissəsi olduğundan işğal altındakı ərazilərimizdə qalan tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən problemdir. İşğal altındakı ərazilərimizdə erməni qəsbkarlarının törətdikləri vandalizm "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Dünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

 

Mədəniyyət naziri Əbülfəs Qarayev dəfələrlə bildirib ki, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində orada dağıdılan mədəniyyət nümunələri tək Azərbaycan xalqının deyil, bütün islam dünyasına, ümumilikdə isə bəşəriyyətə aiddir. Bu, bəşər mədəniyyətinə qarşı təcavüzdür.

 

Ancaq sevindirici haldır ki, düşmən işğalında qalan tarixi memarlıq və mədəniyyət abidələrimizin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan təbliğatlar Azərbaycan dövləti başda olmaqla ictimaiyyətin, diaspora təşkilatlarının, ayrı-ayrı təşkilatların dəstəyi ilə get-gedə daha da genişlənir. Əvvəlki illərlə müqayisədə ölkəmiz Qarabağ abidələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük nailiyyətlər əldə edib. Beynəlxalq tədbirlərdə, konfranslarda ortaya çıxardığımız əsaslı faktlar qarşısında ermənilər aciz qalıblar. Belə ki, abidələrin istər memarlıq üslubu, istərsə də əvvəlki vəziyyəti onların azərbaycanlılara məxsus olduğunu sübut edir.

 

Qeyd edək ki, Azərbaycanın istəyi əsasında Beynəlxalq Muzeylər Şurası, o cümlədən, YUNESKO Ermənistana müraciət göndərib. Hələ ki, qarşı tərəfdən bu müraciətə hər hansı cavab verilməyib. Belə ki, Mədəniyyət Nazirliyi və İKOM-un milli komitəsi işğal olunmuş ərazilərdə qalan muzeylərin və onların eksponatlarının taleyi ilə bağlı YUNESKO qarşısında dəfələrlə məsələ qaldırıb. Bu məqsədlə problemin öyrənilməsi üçün YUNESKO-nun Azərbaycana iki missiyası göndərilib (1994, 1995-ci illərdə) və bunun da nəticəsi olaraq YUNESKO baş direktorunun müavini işğal olunmuş ərazilərdə mədəni dəyərlərin müdafiə edilməsinə çağıran müraciət imzalayıb. Həmçinin, YUNESKO-nun yardımı və onun loqosu altında qəsb olunmuş qiymətli muzey əşyalarının bəzilərinin təsvirini və onlar haqda informasiyaları əks etdirən liflər nəşr olunub.

 

İnanırıq ki, qısa zamanda mənfur düşməndən bütün bunların qisası alınacaq və Azərbaycan xalqı öz tarixi torpalarına qovuşacaq, gözü yollarda əsirlikdə qalan abidələrimiz əsl sahiblərini tapacaq.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet 2018.- 26 iyun.- S.8.