Cümhuriyyətimizin xilası və ordu quruculuğumuz naminə fədakarlıq örnəyi

 

SİBİR SÜRGÜNÜNDƏN QAÇARAQ GƏNCƏYƏ GƏLƏN VƏ BURADA MİLLİ MÜCADİLƏMİZƏ QOŞULAN AZƏRBAYCAN ƏSİLLİ HÜSAMƏDDİN TUĞACIN ŞƏRƏFLİ ÖMÜR YOLU

 

Zakir MURADOV

 

(Əvvəli ötən sayımızda)

 

Hüsaməddin Tuğacın xatirələrindəki bu vacib hissədə olduqca maraqlı mətləblərdən bəhs edilir:

 

"Raportumuz əsas bu məqamları özündə birləşdirirdi:

 

a. Rus ordusu əsgərlərinin artıq bolşevik təbliğatı altında komandan və zabit tanımayaraq, necə dağılıb evə döndüyü və cəbhəmizdə bu gün Rus ordusu deyə bir qüvvət qalmadığı,

 

b. Azərbaycandan keçib Rusyaya girmək istəyən rus əsgər qatarlarının Gəncə yaxınlığında  yerli xalq tərəfindən necə dayandırılıb, könüllü və ya zorla silahlarının alınması,..

 

...f. Rus ordusunun çəkildiyi vilayətlərdə tək bir nəfər belə müsəlman sağ qoymamaq üçün erməni daşnak komitəsinin hazırladığı qətliam planı və daşnakların mauzerist dəstələrinin bu bölgələrdə cinayətlərə başladığı,

 

g. Rus ordusunun hərəkət zonasında və geri çəkildiyi bölgələrdə çox miqdarda yiyəcək, geyəcək, hərbi nəqliyyat və ləvazimat buraxmış olduğu (H. Tuğac bununla Türk ordusunun təchizat məsələlərində korluq çəkməyəcəyinə işarə vurur - Z.M.).

 

Şəxsən gördüyüm və eşitdiyim, şübhəyə və tərəddüdə heç bir yer qoymayan yuxarıdakı açıqlamalardan başqa, bu mülahizələri də raportda qeyd etmişdim:

 

1. Ordumuzun vaxt itirmədən irəli hərəkətə keçməsi zərurəti. Nə qədər gecikmə olarsa, ermənilərin girişdiyi qətliamın o qədər geniş olacağı (H. Tuğac burada həm Türkiyə, həm də Azərbaycan ərazilərini nəzərdə tutur - Z.M.) və ruslardan qalan hərbi ləvazimatın hamısını mənimsəyəcəyi,

 

2. Bakı və Gəncədə tanıdığım önəmli kişilərin haqqımızdakı fikirləri və onların bizə faydalı ola bilmə dərəcələri...

 

... Vəhib paşa bu raportu dərinliklə incələdikdən sonra, mənə dedi: "Hüsaməddin əfəndi, bu raportunuzla ordumuza böyük xidmət göstərdiniz. Ruslar haqqında bu qədər aydın və dəqiq bilgi əlimizə ilk dəfə keçir. Biz yalnız may ayının oralarından hücum hərəkətinə keçməyi düşünməkdə idik... Nöqsanlarımızı düzəltmək lazımdır. Ordumuzun hərəkəti zamanı sizin raportunuza istinad edəcəyik".

 

Daha sonra H. Tuğac Vəhib paşanın məsələ haqda teleqraf maşını arxasında Ənvər paşa ilə saatlarla danışdığını qeyd edir.

 

"Baş Komandan vəkili (Ənvər paşa - Z.M.) ilə ordu komandanı (Vəhib paşa -Z.M.) arasında yapılan bu danışıq əhəmiyyətli nəticələr verdi. Mən böyük iftixar hissi duyurdum. Çünki bunda mənim raportumun birinci dərəcəli təsiri vardı... Əgər ermənilər mayın ortalarına kimi vaxt qazanmış olsaydılar, buralarda tək bir insan da qalmayacaqdı... Şərq bölgələrimizdə qətliamdan qurtulanların və onlardan törəyənlərin varlığında təymən Hüsaməddinin verdiyi raportun böyük xidməti vardır".

 

Beləliklə, üç illik fasilədən sonra Hüsaməddin Türk Ordusunda xidmətinə qayıdır və Şərq Cəbhəsində vəzifə borcunu yerinə yetirir, bir qədər sonra, 1919-cu ildə İstanbul Hərb Akademiyasını da bitirir. 1921-1924-cü illərdə Gürcüstanda, Türkiyənin Tiflisdəki Hərbi Attaşeliyində, həmçinin, Türkiyə Böyük Millət Məclisinin Qafqaz Siyasi Nümayəndəliyində çalışır. 1927-ci ildən Tehranda Hərbi Attaşelikdə, bir müddət Milli Əmniyyət Təşkilatının İstanbul və Diyarbakır bölgələri üzrə müfəttişliyində, 1934-cü ildən Vyanadakı Hərbi Attaşelikdə, 1937-ci ildən Xarici İşlər Nazirliyində və digər mühüm dövləti vəzifələrdə işləyir, kurmay yarbay (qərargah polkovnik-leytenantı) hərbi rütbəsinəcən yüksəlir.

 

H. Tuğac üç dəfə Türkiyə Böyük Millət Məclisinə Cümhuriyyət Xalq Partiyasından Qars və Ağrı bölgəsindən millət vəkili seçilir.

 

Hüsaməddin Tuğac, həmçinin, Türkiyənin bir sıra hərbi məktəblərində müəllim fəaliyyəti göstərərək, ordu kadrlarının yetişdirilməsinə əməli töhfə verib.

 

Hər zaman Türk dünyasının milli maraqları naminə vəzifə borcunu şərəflə yerinə yetirmiş H. Tuğac 1920-ci ilin iyulundan 1923-cü ilin avqustunadək Atatürkün başladığı İstiqlal Savaşlarına da qatılıb, millətin xilası və onun tərəqqisi, "mövcudiyyətinin yeganə təməli olan Cümhuriyyət" (M.K.Atatürk) uğrunda dönməz mübarizlər sırasında yer alıb. O, Mustafa Kamal paşa və İstiqlal Savaşının digər rəhbərlərinin ən yaxın məsləkdaşlarından olub.

 

Tuğaclar baba yurdunda

 

2011-ci ilin bir payız günü Gəncənin qədim Uğurlubəy karvansarasının həyətində kübar ədəb-ərkanlı, yaşı 90-a çatsa da, çox qıvraq hərəkətli və sərrast nitqli bir qadın, üzündə böyük maraq və sevinc, onu müşayiət edənlərlə çox təsirli bir söhbətdə idi. Türkiyədən Azərbaycana ilk dəfə gəlsə də, o, doğma baba elində olduğunu hiss edirdi. Bu köhnə karvansaranın həyətinə onu gətirən səbəb yaşından bir qədər əvvəl burada, Gəncədə, atasının da iştirakı ilə baş verən hadisələrin şərəfli tarixçəsi ilə təmas arzusu olmuşdu. Bəli, bu qadın Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin yaradılması ilə nəticələnən əməli tədbirlərdə - konkret olaraq Azərbaycanın ilk ordu hissələrinin və kadrlarının formalaşdırılmasında, ən əsası isə Türkiyənin xilaskar hərbi missiyasının gerçəkləşdirilməsində müstəsna rolu olan bir şəxsin - Türk ordusu zabiti Hüsaməddin Tuğacın qızıdır. Solmaz xanım Tugac Azərbaycana övladı Turkan xanımla birgə gəlmişdi. Hazırda Türkiyənin Adana şəhərində yaşayan Solmaz Tuğacın 97 yaşı var. Türkan xanım isə ailəsilə ABŞ-da yaşayır.

 

Millət və Cümhuriyyət sevgisi Hüsaməddinin övladlarına da sirayət edib. Yeddi il bundan əvvəl Gəncədəki, eləcə də doğma ocaqda - Qaracəmirli kəndindəki təsirli görüşlərdəki söhbətlərdə yaxın insanların qovuşmasının sevinci ilə yanaşı, bu ruh da özünü göstərirdi.

 

"Atam çox müşfiq, dövrünün tələblərinə görə çox kübar, bilikli, eyni zamanda, tələbkar bir şəxs idi. Alman, fransız, fars dillərini, üstəlik, sürgündə öyrəndiyi rus dilini bilirdi. Bütün amalı Türk dünyasına xidmət, Cümhuriyyət ideallarına sədaqət ruhunda idi. Azərbaycanlı mühacirlərin əksəriyyəti bizim evdə tez-tez olurdular. Atamın hələ Azərbaycandan özünə qardaş hesab etdiyi Naki bəy Şeyxzamanlı ilə ən cıcaq münasibətləri burada da davam edidi" - deyə, Solmaz xanım xatirələrini bölüşür.

 

Qızı Solmaz xanımdan başqa Hüsaməddinin daha bir övladı olub. Babasının adını daşıyan doktor Əhməd Tuğac hərbi həkim olub. 1950-ci illərdəki Koreya savaşında iştirak edərkən özü infeksion xəstəliyə yoluxub. Şəraitsizlikdə yanlış müalicə onda şəkər xəstəliyi də yaradıb və səhhətini ciddi surətdə pozub. O, 1977-ci ildə 50 yaşında vəfat edib. Hüsaməddinin həyat yoldaşı Bəratiyyə xanım da həyatla erkən vidalaşıb.

 

Solmaz xanım atasının böyük Atatürklə dostluğundan da xeyli epizodlar danışaraq, bu dahi şəxsiyyətin onu görən hər kəsin yaddaşına əbədilik hopduğunu vurğulayır:

 

"Mustafa Kamal paşa ilə ailəvi dostluq münasibətlərimiz vardı. Yadımdan heç çıxmaz - mən səkkiz yaşında ikən atam, anam və qardaşımla uşaq bayramı ilə bağlı bir tədbirdə idik. Atatürk də orada idi. Məni qucağına götürdü, dizinin üstündə oturtdu. Uşaqların gələcəyi barədə sözlər deyirdi. Onun gözünün içinə baxdım. Sanki mavi dəniz idi və elə bil, adamı işıqlı bir dünyaya aparır, aparırdı..."

 

Hüsaməddinin nəvəsi Türkan xanım da babası haqda xatirələrini bölüşür:

 

"Dədəmiz həm də çox xeyriyyəçi bir şəxs olub. Bir vakf yaratmış və imkansız təbəqədən olan qabiliyyətli uşaqları seçərək, yüzlərlə belə gənclərə təhsil imkanı yaratmışdı. Onların arsında Azərbaycandan da xeyli uşaq olub. Dədəm hətta özünün bütün maaşını belə bu cür işlərə sərf edib".

 

Hüsaməddinin atası Hacı Əhmədin doğma yurdda, Qaracəmirlidə daha iki qardaşı yaşayıb. Onlara da 30-cu illərin repressiya məhbəslərindən pay düşüb. Hazırda Hüsaməddin Tuğacın burada, eləcə də Gəncə və Bakıda xeyli əmisi övladları var. Onlardan biri, Füzuli Əhmədov türk dünyasının qəhrəmanlarından biri sayılası əmizadəsinin mübarizə yolunun yada salınması, eləcə də onun övladlarının doğma ocaqla bağlılığının bərpası üçün xeyli iş görüb.

 

"Özümü çox xöşbəxt sayıram, ona görə ki, cəsurluğu haqda ancaq yaşlı insanların və cümhuriyyətçi mühacirlərin xatirələrindən eşitdiyimiz Hüsaməddin Tuğacın adının, ruhunun və onun övladlarının doğma yurda qayıdışına nail olmaq qismətimə düşdü. Ot kökü üstə bitər, deyiblər. Hazırda Hüsaməddinin nəvə-nəticələrindən Türk Silahlı Qüvvələrində xidmət edənlər də var. Mən də istəyirəm ki, övladlarla ata-babaların idealları arasında bağlılıq yaransın" - deyə, o bildirir.

 

Füzuli müəllim həm də Hüsaməddin Tuğcın ömür yolu ilə bağlı onun Türkiyə və ABŞ-da yaşayan övladlarından xeyli fotoşəkillər yığıb. Onların arasında, həmçinin, Türkiyə tarixininin müxtəlif dövrlərində iz qoymuş olan İsmət İnönü, Cəlal Bayar, Bülənd Ecevit kimi siyasi xadimlərlə birgə fotolar da var.

 

Eyni millətin iki Cümhuriyyətinin qurulmasında əməyi keçmiş Hüsaməddin Tuğac 1975-ci ilin yanvarın 5-də 86 yaşında vəfat edib. Onun qəbri Ankarada, Türkiyənin və Azərbaycanın bir çox cümhuriyyətçi mübarizlərinin uyuduğu Əsri məzarlığındadır.

 

P.S. Bu yazının müəllifi vaxtilə televiziya kanallarının birində Hüsaməddin Tuğac hada film də çəkib. Onu “Youtub”nin axtarış çərçivəsinə Azərbaycan əlifbası ilə "İKİ CÜMHURİYYƏTİN ƏSGƏRİ". SƏNƏDLİ FİLM. ifadələrini yazaraq, tapıb izləmək mümkündür.

 

525-ci qəzet 2018.- 29 iyun.- S.6.