Nə yaxşı ki, varsınız!

 

ŞAİR ÇİNGİZ ƏLİOĞLUNUN DOĞUM GÜNÜNƏ

 

... Axın-axın adamlar gəlir köçür dünyadan. Niyə nədən gəldiyinin fərqində olmur çox adam. Dörd bir tərəfdən belə adamların əhatəsində yaşadığımızdan ürək ağrısına tutuluruq bəzən...

Bir görürsən qonşudan bir tüstü dumanı qalxdı hər kəsi narahat etməyə başladı. Bəli, bu hələ bircə qonşusuna, bircə uşağa balaca nəlbəkidə pay verilməyən, adına "imam ehsanı" dediyimiz o yerə tökülən bərəkətli tut ağacının yarpaqlarının tüstüsüdür ki, bütün qonşulara "hədiyyə" olunur. Bu da bir adamdır, zalımca əlləriylə pişiyi boğub öldürən birinin dünyaya, həyata, insanlara hədiyyəsi başqa necə olar ki?... Beləcə, ömür keçir, adamlar tüstü olur, duman olur, zülmət olur...Amma adam istəsə yağış olar, topa-topa çiçək olar, günəş olar, işıq olar... Vətən olar, Qarabağ olar, doğma olar, əziz olar... Sevimli, istiqanlı şairimiz Çingiz Əlioğlu kimi...

Ağdamda keçən uşaqlıq çağımda televiziyada görmüşdüm onu... Sonra kəndimiz işğal olundu. Bərdədə sığındığımız dəmir vaqonda möhkəm xəstələndim. Evindən bir çöp çıxara bilməyən yataqxanada məskunlaşan böyük bacım məni Bakıya gətirdi. Elə bir məqam idi ki, oxumaqdan əvvəl işləmək gərəkdi... Amma mən elə oxumaq istəmişdim ki... Hələ kənddə yaşayanda məni oxumağa qoymamışdı anam... Sonra işlədim , oxudum da, yazdım da... bir gün hələ yaxından görmədiyim sevimli şairimiz Çingiz Əlioğlu ilə müsahibə etmək fikrinə düşdüm. Elə bilirdim, asandı hər şey. Üstümdə diktofonum da yox, düşdüm yola. Çingiz müəllim əvvəl mənə bir az sərt görünmüşdü. Amma sonra onun qəlbini duyunca anladım ki, ipək kimi ürəyində necə gözəl, rəngli bir dünyası var... Onun səsi, görünüşü, rəftarı o qədər doğmaydı ki, hər görəndə "Sizi çox istəyirəm" deyə, uşaq sadəlövhlüyü ilə etiraf edirdim... Amma qədər imkansız, işsiz, çətin vəziyyətdə olsam da, heç vaxt Çingiz müəllimdən bir xahiş etməmişdim. Düzü, bu heç mənim ağlıma da gəlməyib... Amma bir gün işimi-gücümü, güzəranımı soruşdu. Onda cüzi qonorarla qəzetdə çalışırdım. Elə "ağıllı" idim ki, onun təklif etdiyi işi qoyub başqa səmtə getdim. Elə yoldaca səhv etdiyimi anladım geri donməyə üzüm gəlmədi. o səhv mənə çox baha başa gəldi. Bir il keçməmiş yüyürə-yüyürə qayıtdım səhvimi düzəltməyə. Elə bundan sonra da işlə bağlı problemim olmadı...

Çingiz müəllim bax belə, çox gəncin əlindən tutub, işə düzəldib, müxtəlif ölkələrdə kitablarını çap etdirib. Hələ mən çoxunu bilmirəm... O, həmişə gənclərin yanında olub. İstər efirdə, istər radioda, mətbuata müsahibələrində harada çıxış etsə, gəncləri dəstəkləyib, onların istedadından danışıb. Elə ona görə Çingiz müəllim özü bir gənc kimi qalıb yaddaşımızda... Biz onun yaşını bilmirik...

Çingiz müəllimin kitablarını, şeirlərini oxumuşam, onunla bir neçə dəfə müsahibə etmişəm, yazı yazmışam. Son vaxtlar isə onun rus uşaq şeirindən tərcümələrini oxudum. 2-ci sinifin sinifdənxaric oxu kitabına salınmış özünün yazdığı "Unnuca" şeirinə isə lap valeh olmuşam...

 

Bizim kənddən o yana,

biyana bax, biyana.

Bir yanda da unnuca!

Bollucadır, bolluca!

Unnucanı yığdılar,

suya salıb sıxdılar.

Nənə

bişirdi xörək -

adını bilim gərək!

- Nənə,

bişirmisən?

- Can bala, bu dovğadı...

İçdim,

içdim dovğanı,

yedim,

yedim doymadım...

 

Bu şeiri oxuyandan az qala hər gün ürəyimdə əzbər deyirəm. Yazarlar getdikcə adətən böyük janrlara üz tuturlar. Mən isə balacalaşmışam, deyəsən...

Çingiz müəllim sözə çox həssas yanaşan, ona fərqli məna verəndir. Onun poeziyası ölkəmizin hüdudlarından çox-çox uzaqlarda oxunur sevilir. O, avanqard şeirimizin görkəmli nümayəndəsi olsa da, balalarımızı da unutmayıb. Belə dəyərli, şirin uşaq şeiri yazmağı, onlar üçün tərcümələr etməyi sanki özünə borc bilib.

Çingiz müəllim insana da münasibətində sözə yanaşdığı qədər həssasdır. Yalançı, pafoslu vətənpərvərlərin, Qarabağ adının kölgəsində adamlıqdan çıxanların bizə vurduqları yaralara Çingiz müəllim kimi çox az sayda işıqlı insanlar məlhəm olur. O, bu gün bizi düşünür, necə ki, Şuşanı, Xocalını... Qarabağı düşündüyü kimi... yaxşı varsınız, Çingiz müəllim!

 

Mina RƏŞİD

 

525-ci qəzet.- 2018.- 29 iyun.- S.7.