Müşfiqin
Şuşalı günləri
“SEVƏRƏK
YAŞAYANLAR, SEVİLƏRƏK ÖLƏNLƏR”
SİLSİLƏSİNDƏN
Şuşada heç olmamışdı Müşfiq. Vur-tut
bircə
dəfə ayaq
basmışdı Qarabağ
torpağına. 1930-cu ilin
payızında. Özü də pambıq
mövsümündə.
Yüzlərlə ali məktəb
tələbəsi
kimi Aşağı
Qarabağa “ağ qızıl” yığımına
getmişdi. Gənc
yazıçı
dostları
Süleyman
Rəhimov
və
Əlyar Qarabağlı da
onunla birlikdə
idilər. Ay yarıma
qədər
burda qalan dostlar imkanlaşdırıb, heç olmasa, bir şənbə-bazar
günü
Şuşaya
qalxmaq,
aranın
cəhənnəm
istisindən
bir qədər
uzaqlaşıb, havalarını dəyişmək
fikrinə
düşsələr
də,
sosializm yarışının
qanun-qaydaları
onların
bu istəklərinin
qarşısına
sədd çəkirdi. Və
nəhayət, üzərlərinə götürdükləri öhdəlikləri
vaxtlı-vaxtında
yerinə
yetirərək
planı
artıqlaması
ilə
dolduran tələbələr
geri döndülər. Şuşanı görmək arzusu, Zakirin, Nəvvabın, Üzeyir
bəyin
müqəddəs
vətənini
ziyarət
etmək
istəyi
isə
Müşfiqin ürəyində Bakıya
qayıtdı...
Otuzuncu illərin mürəkkəb və
çətin poeziya pillələri ilə sürətlə
qalxan və respublikada artıq istedadlı bir şair kimi
tanınan Mikayıl Müşfiq zamanın tələblərinə
cavab verən mövzulardan yazmağa daha çox
üstünlük verirdi. Onun daim şeir deyən şaqraq və gur səsi
gah Bakının neft rayonlarının, fəhlə qəsəbələrinin
iri tamaşa salonlarından, gah zavod, fabrik, məktəb klublarından
eşidilir, gah da qonşu respublikalardakı sənət
dostlarının ədəbi məclislərindən gəlirdi.
Geniş dinləyici və tamaşaçı
auditoriyalarında çıxış eləməyi
xoşlayan alovlu şair Azərbaycan Proletar
Yazıçılar Assosiasiyasının (indiki Azərbaycan
Yazıçılar Birliyinin - V.Q.) üzvü kimi
vaxtaşırı fəhlələr, kolxozçular, tələbələr,
məktəblilər, ziyalılar qarşısına müasir
həyatdan bəhs eləyən əsərləri ilə
çıxır, gəncləri təzə həyata, yeni
quruculuq işlərinə səsləyir, dinləyicilərini
ruhlandıraraq onlarda daha xoşbəxt gələcəyə
inam yaradırdı. Ona görə də ədəbiyyata
yenicə qədəm qoyan istedadlı gənc şairlərdən
söhbət düşəndə Mikayıl Müşfiqin də
adı birincilər sırasında çəkilirdi.
Azərbaycan Proletar Yazıçılar
Assosiasiyasının xətti ilə budəfəki
yaradıcılıq ezamiyyəti lap yerinə
düşdü. Müşfiqin
ürəyincə oldu. Bir neçə nəfər
yazıçı və şairlə Dağlıq Qarabağa
yola düşdü və öz Xızısı qədər
ona doğma, əziz sandığı Şuşanı
görmək arzusu birdəfəlik ürəyindən silindi.
...Mikayıl Müşfiqin Şuşaya gəlişi
ildırım sürəti ilə şəhərə
yayıldı. Ədəbi
ictimaiyyət arasında söhbət gəzməyə
başladı ki, məktəblərdə və digər mədəni-maarif
müəssisələrində onunla görüşlər
keçiriləcək. Şəhər orta məktəbinin
ədəbiyyat müəllimi Əyyub Musayev də şagirdlərinə
muştuluq verirmiş kimi, şairin Şuşaya gəldiyini
bildirdi və həmin gün dərsdən əlavə,
Mikayıl Müşfiqin həyat və
yaradıcılığından da danışdı,
haqqında uşaqlara geniş məlumat verdi. Dedi ki, sabah onları şairin görüşünə
aparacaq. Görüşün rayon qəzeti
redaksiyasında olacağını da bildirdi.
Ertəsi gün səhər saat 10-11 radələrində
Əyyub müəllim rəhbərlik elədiyi ədəbiyyat
dərnəyinin üzvlərini də götürüb,
redaksiyaya yollandı. Öz şeirləri ilə
artıq Şuşanın hüdudlarından kənarda
tanınan yerli yazıçı Novruz Heyrani, şairin
yaxın tanışı, pedaqoji məktəbin ədəbiyyat
müəllimi İsaq Məmmədov və tələbələri
Həbib Allahverdiyev, Yaqub Musayev, Kamal Yusifov da burda idilər. İyirmi yeddi-iyirmi səkkiz yaşlarında,
ortaboylu, enlikürək, qıvrımsaç, qaraqaş,
qaragöz, itibaxışlı cavan bir oğlan gənclərə
ədəbi məsləhət verirdi. Onun əynində
düz qoysan, düz duran qəhvəyi rəngli kostyum
vardı və ona uyğun da köynək, ayaqqabı
geyinmiş, qalstuk taxmışdı. Qəzetin redaktoru
bu səliqəli oğlanı Əyyub müəllimə və
gənc poeziya həvəskarlarına təqdim eləyib:
“Tanış olun, şair Mikayıl Müşfiqdir!” - dedi və
uşaqları da qonaqla tanış elədi.
Ədəbiyyat həvəskarları
Müşfiqin başına toplaşdılar, ona müxtəlif
suallar verməyə başladılar. Şair
gənc dostlarının suallarına ehtiram və nəzakətlə
cavab verirdi. Həmin görüşün şahidi
olmuş mərhum müəllim Mustafa Fətəliyev 1968-ci
ildə Mikayıl Müşfiqin anadan olmasının 60 illiyi
münasibətilə qələmə aldığı xatirəsində
yazırdı: “Görkəmli şairimiz, sən demə, bizdən
əvvəl qəzetin səhifələrini bir-bir nəzərdən
keçirmiş, çap olunmuş şeirləri oxumuş və
cib dəftərçəsində qeydlər etmişdi. O,
adımızı çağırır, biz ehtiramla ayağa
qalxırdıq.
- Əyləşin, lazım deyil, amma
dediklərimə yaxşı fikir verin, gələcəkdə
belə nöqsanlara yol verməyin.
Şeirlərimizin bütün qüsurlarını
bir-bir dedi, hansı sözün yerinə düşmədiyini,
dil və üslub xətalarını, forma aludəçiliyini
göstərdi, şeiri necə yazmaq haqqında öz məsləhətlərini
verdi, sonra bizə müraciətlə:
- Hə, indi hərəniz öz təzə şeirinizdən
birini oxuyun, qulaq asaq, - dedi.
Şairin qarşısında heç kəs
şeirini söyləməyə cəsarət etmirdi. Bunu özü də hiss etdiyindən “belə olmaz,
növbə ilə başlayaq”, - dedi.
Nə demək olardı, başladıq. Bir, iki, üç, dörd, beş...
Növbə mənə çatdı. Mən şeirimi əzbərdən söylədim.
Şeirin birinci bəndi belə idi:
Bir şair könlümün gen damarından
Daşqın ümman kimi söz gəlib-gedir.
Əyilmək bilməyən polad məqsədim
Ellərin eşqiylə düz gəlib-gedir.
Şair məni saxladı və gülümsünərək
dedi:
- Ay bala, könülün gen damarı olmaz! Onu dəyişdir,
belə elə:
Bu şair könlümün təmtərağından.
Müəllimlərimiz xahiş elədilər
ki, şair öz yeni şeirlərini oxusun. Bu, bizim də ürəyimizdən oldu.
Onun şeirlərinin təsir gücü, həyatiliyi,
xüsusilə də, özünün şeir oxumaq qabiliyyəti
bizi valeh elədi.
Axırda şair bizə bildirdi ki, meşəni,
çayı, bir sözlə, təbiəti seyr eləyib, hərəmiz
bir şeir yazaq. Sonralar mənə
aydın oldu ki, Mikayıl Müşfiq, həqiqətən, təbiətin
vurğunudur. O, gözəl təbiət lövhələri
yaradan şairdir.
Söz yox ki, biz onun
tapşırığına əməl elədik. Hərəmiz bir şer yazıb, şairə
göstərdik və görüşdə oxuduq”.
Mikayıl Müşfiqlə ilk
tanışlıq şuşalı şeir həvəskarlarında
poeziyaya, ümumiyyətlə, ədəbiyyata maraq və həvəsi
daha da artırdı.
Aradan bir müddət keçəndən
sonra Mikayıl Müşfiq yenə də Şuşaya gəlmişdi. İlin ən gözəl çağı, may ayı idi. Şuşa Pedaqoji
Məktəbində şairin pərəstişkarları
onunla təntənəli görüş təşkil
etmişdilər. Həm müəllimlərin,
həm tələbələrin, həm şəhər
ictimaiyyəti nümayəndələrinin, elə
hamının sevincinin həddi-hüdudu yox idi. Niyə də sevinməyəydilər. Axı
adını yalnız ədəbiyyat müəllimlərinin
dilindən eşitdikləri və bir dəfə də
üzünü görmədikləri Müşfiqi
çoxları bu gün canlı, üzbəsurət görəcəkdilər,
onun şerlərini dinləyəcək, suallar verəcəkdilər...
Pedaqoji məktəbin foyesində
böyük canlanma vardı. Ətraf yerlərdən də şairi görmək
arzusunda olanlar Şuşaya gəlmişdilər.
Görüşün başlanmasına lap az
qalırdı. Kimisi foyedə gəzişir,
kimisi pəncərə qarşısında dayanıb, söhbət
edir, kimisi də bir küncə çəkilib, siqaretə dəm
vururdu. Yazı-pozu adamlarını çox sevən,
onlarla görüşü keçirməkdən, əsərlərini
müzakirə etməkdən, lazım gəlsə, polemikaya
girişməkdən zövq alan, şeirdən,
sənətdən doymayan şuşalı ədəbiyyat həvəskarları
vaxtaşırı qocaman və cavan ədiblərlə
müxtəlif müəssisələrdə və mədəniyyət
ocaqlarında ədəbi-bədii gecələr keçirsələr
də, bu dəfəki görüş onlar üçün
daha əziz, daha maraqlı idi. Ona görə də
Müşfiq şeirinin pərəstişkarları
qonağı səbirsizliklə gözləyirdilər.
Rayon rəhbərliyinin və şəhər ictimaiyyətinin
nümayəndələri foyeyə daxil olarkən qabaqda gələn
və çoxlarının hələ
tanımadığı qarabuğdayı bir gənc əllərini
iç-içə alaraq hamıya ümumi salam
verib, yanındakılarla birlikdə içəri adladı. Foyedəkilər qonağın Müşfiq
olduğunu bilib, dərhal onların ardınca salona daxil
oldular. Bir dənə də boş yer
qalmadı. Şair səhnəyə
çıxanda tamaşaçılardan hamısı bir nəfər
kimi ayağa qalxıb, onu uzunsürən alqışlara qərq
elədilər. Görüşün aparıcısı
coşqun və canlı bir həyat yolu keçmiş
böyük ilham və istedad sahibi Müşfiqi dinləyicilərə
təqdim edəndən sonra sözü ona verdi.
Şair Müşfiqsevərlərə səmimi təşəkkürünü
və minnətdarlığını bildirib, sözə
başladı, Azərbaycan şeirinin bugünkü vəziyyətindən
danışaraq ədəbiyyatın son illərdəki nailiyyətlərini
xüsusi vurğuladı, müasir poeziyanın
yükünü çiyinlərində daşıyan gənc
şairlərin adlarını çəkdi... Sonra
öz şeirlərini sinədən söyləməyə
başladı. Alovlu, coşğun təbiətli
şairin ürəyi vəcdə gəldi, şair qəlbi
aşıb-daşdı, ilhamı çağladı, nə
çağladı. Ahəngdar, yumşaq,
məlahətli, eyni zamanda da gur və şaqraq səsi
bütün salon boyu yayıldı. Müşfiq
qəlbinin ən incə, ən kövrək tellərindən
qopub-gələn dadlı-duzlu, ləzzətli şeirlər
oxuyurdu. Şair arabir əlini oxuduğu
şeirin ahənginə uyğun qaldırıb-endirir,
alnının üstünə düşən qara, gur
saçlarını əliylə tez-tez arxaya atırdı.
Şeirlərinin məlahətlə, ahənglə
səslənməsi, əllərinin misralara uyğun hərəkəti
tamaşaçıları heyran eləmişdi. Ona
görə də Müşfiq poeziyasının
vurğunları şairi səhnədən buraxmaq istəmir,
dönə-dönə şeir oxutdururdular...
Müşfiq tamaşaçıların tələbi ilə
şeirlərini söylədikdən sonra aparıcı
görüşün birinci hissəsinin başa
çatdığını bildirdi... Şairlə
sual-cavab başladı. Pərəstişkarlarının
bütün suallarını Müşfiq qaneedici
cavablandırdı və ikinci hissə ilə görüş
başa çatdı. Sonra isə
şairin şərəfinə böyük konsert verildi.
Mikayıl Müşfiqlə bu tarixi musiqili-ədəbi
görüş o dövrün
tamaşaçılarının yaddaşına əbədi
yazıldı. Həmin gecənin
iştirakçısı Mustafa Fətəliyev xatirələrini
belə davam etdirir: “Mikayıl Müşfiqi ikinci dəfə
də görmək xoşbəxtliyi mənə nəsib oldu. Bu zaman mən artıq pedaqoji məktəbin tələbəsi
idim. Şair məktəbə gəlmişdi...
Mikayıl Müşfiqin çox iti
yaddaşı vardı. Konsertdən
sonra ona yaxınlaşıb, görüşmək istəyərkən
dərhal məni tanıdı. “Könlümün
gen kanalı” deyib, zarafatla güldü. Texnikumda
oxumağım münasibətilə məni təbrik elədi,
gələcəkdə yaxşı müəllim
olmağımı arzuladı”...
Ertəsi gün Mikayıl Müşfiqlə
Qarabağa yaradıcılıq ezamiyyətinə gəlmiş
şair Q.Samvel Şuşanın ən iri və ziyalı kəndi
olan Malıbəyli məktəbinə görüşə
getdilər. Bu görüş həm
Müşfiqin, həm də malıbəylilərin
yaddaşına tarixi bir gün kimi həkk olundu. Səfər
yoldaşı şair haqqındakı xatirələrində
yazırdı: “Müşfiqin Malıbəyli məktəbliləri
ilə görüşü xüsusilə təsirli oldu. Ora biz ikimiz - mən və Müşfiq getmişdik.
Kənddə bizi ilk qarşılayan balaca
bir uşaq oldu. Müşfiq onu saxlayıb:
- Oğlan, məktəb hansı tərəfdədir? - deyə soruşdu.
Oğlan əliylə kəndin kənarındakı ikimərtəbəli
binanı göstərib:
- Məktəb bax, odur! - dedi.
- Sən də orda oxuyursan?
- Bəli, orda oxuyuram, beşinci sinifdə.
- Bəs Mikayıl Müşfiqi
tanıyırsan? - deyə
mən soruşdum.
- Müşfiqi?! Əlbəttə, tanıyıram!
- Onun şeirlərindən hansını əzbər
bilirsən?
- Şəngül, Şüngül, Məngülü!
- Əzbər deyə bilərsən?!
- Deyərəm! İstəyirsiniz?!
- İstəyirik! Məmnuniyyətlə qulaq asarıq!
Və oğlan şeiri əzbərdən deməyə
başladı:
Ana keçi, hallı keçi,
Məmələri ballı keçi.
O dağlardan, bu dağlardan,
Durna gözlü bulaqlardan,
Yeyib, içib, ətə dolur,
Məmələri südlə dolur.
Ana keçi, ana keçi,
Qurban olum sana, keçi!
Səni gözlər Şəngül, Şüngül,
Yuxa tüklü gözəl Məngül...
Müşfiqin sevincinin həddi-hüdudu
yox idi. O, elə təsirlənmişdi ki,
oğlanı qucaqlayıb, üz-gözündən
öpdü.
- Bilirsən səni kim öpür?!
- Mən oğlandan soruşdum.
- Xeyr, bilmirəm!
- Elə o, Müşfiqin özüdür də!
Mənim sözümdən oğlanın
gözləri dörd oldu, Müşfiqi başdan-ayağa
süzüb, birdən götürülərək məktəbə
sarı qaçdı.
Bir neçə dəqiqədən sonra isə
məktəbin bütün müəllim heyəti və
şagirdləri küçəyə çıxdılar. Qonşuluqdakı evlərin sakinləri də
məktəblilərə və müəllimlərə
qoşuldular”.
Elə bu vaxt Müşfiqgilə bir
maşın yaxınlaşdı. İçəridəkilər düşüb,
salamlaşaraq onlarla birlikdə məktəbə tərəf
getdilər. Sən demə, Mikayıl Müşfiqin
Malıbəyliyə gedəcəyini əvvəlcədən
bilən Şuşa rayon Milis Şöbəsinin əməliyyat
müvəkkili, ədəbiyyat və incəsənət
vurğunu olan Məmmədəli Novruzov görüşün
daha gözəl, daha maraqlı və təmtəraqlı
keçməsi xatirinə Xan Şuşinskinin də bu tədbirdə
iştirakını lazım bilərək cəld dostunun
dalınca Ağdama yollanıb. Görkəmli xanəndə
sonralar həmin o tarixi günü belə
xatırlayırdı: “Bir dəfə Ağdamda çıxan
qəzetdə işləyən Malıbəyli balası, dostum
Məmmədəli Novruzov gəldi ki, dəstəni
götür, gedəcəyik Malıbəyliyə, Bakıdan
qonaqlarımız var. Malıbəyli kənd məktəbində
musiqili, sözlü, söhbətli gözəl bir tədbir
keçirilirdi. Biz də həmin tədbirə
qoşulduq. Qonaqların arasında
çox yaraşıqlı, gözəl simalı bir oğlan
vardı. Gözəl sözləri ilə,
şeirləri ilə hamını heyran etmişdi. Məmmədəli
bizi tanış elədi, dedi ki, Mikayıl
Müşfiqdir...”
Görüş məktəbdə salon
rolunu oynayan böyük və geniş koridorda keçirilirdi. Hərə öz yerini tutmuşdu. Və budur, görüşün ilk dəqiqələridir.
Gəlin yenə də Q.Samveli dinləyək: “Hamılıqla
məktəbə getdik. Bu görüş mənim
qəlbimdə böyük izlər buraxdı. Müşfiqin ünvanına çoxlu sözlər
deyildi, onun neçə-neçə şeirini uşaqlar əzbərdən
söylədilər. Sonra şairin özü
çıxış elədi:
- Mən yaxşı natiq deyiləm! - deyə
başladı. Lakin kimsə dedi:
- Amma yaxşı şairsən!
- Onda icazə verin, ürəyimdə olan şeirlərdən
deyim.
O, şeir deməyə başladı. Bu şeirlərdə
o qədər hiss, həyəcan, duyğu, hərarət
vardı ki... İstər-istəməz
özü də bu şeirləri elə həyəcanla
söyləyirdi ki, çoxlarının gözlərində
yaş gilələri görünürdü. Müşfiqin özü də bərk həyəcanlıydı.
O, öz aləmində idi. Mümkün
olsaydı, mən deyərdim ki, o, gecə yarısına qədər
şeir deyərdi. Hamı da onu məmnuniyyətlə
dinləyirdi. Lakin dərsə mane olmamaq
üçün Müşfiq hamıya öz təşəkkürünü
və minnətdarlığını bildirdi...
Məktəbdən çıxdıq. Onu buraxmaq istəmirdilər, bizdən
qalmağı xahiş edirdilər. Bəziləri
bizi evinə qonaq dəvət edirdi. Lakin biz
razılıq verə bilmirdik, çünki vaxtımız az idi, getmək lazım idi. Məktəbin
bütün şagirdləri, müəllimləri və kənd
sakinləri bizi yola salmağa gəlmişdi. Uşaqların küçənin hər iki tərəfində
cərgəyə düzüldüyünü görmək həyəcanlı
və təsirliydi. Cərgədə
duranlar dəsmallarını yelləyərək bizimlə
vidalaşırdılar. Müşfiq
tez-tez geri çevrilərək mütəəssircəsinə
göz yaşlarını silirdi, sanki ən yaxın
adamlarından ayrılırdı, elə bil ürəyinə
dammışdı ki, onları bir daha görə bilməyəcək”.
“Malıbəylilərdən ayrılarkən Mikayıl
Müşfiq bayaq onlara “bələdçilik eləyən”
oğlanı yanına çağırıb:
- Oğlum, sənin gözəl şeir demək qabiliyyətin
var. Səndən yaxşı ədəbiyyatçı olar. De görüm məktəbi bitirəndən sonra
hansı sənət dalınca gedəcəksən? - deyə soruşdu.
- Ədəbiyyatçı olacağam! - deyə bəstəboy
oğlan şəstlə cavab verdi”.
Həqiqətən də, həmin oğlan sonralar
özünə müəllimlik peşəsini seçdi, ədəbiyyatçı
oldu, Malıbəyli kənd məktəbinin pedaqoji kollektivinə
uzun illər rəhbərlik elədi, ədəbiyyat fənnindən
dərs dedi. Yeri gələndə şagirdlərinə
Mikayıl Müşfiqlə o unudulmaz görüşündən
xatirələr danışdı, şairi uşaqlara daha da
sevdirdi...
Mikayıl Müşfiqlə həmsöhbət
olan həmin o bəstəboy oğlan Şahin Əliyev idi.
... Malıbəyli gəncləri
qonaqlarını kəndin ən səfalı guşələrindən
olan Ceyran bulağına apardılar. Təbiət
qoynunda oturmaq, çalıb-oxumaq şadlanmağı, əylənməyi
sevən Müşfiqin də, digər qonaqların da ürəyincə
oldu.
Həmin gün Ceyran bulağının
başqa hüsnü, özgə gözəlliyi vardı. Axı onun qonaqları adicə adamlar
deyildilər. İki böyük düha,
iki böyük sənət nəhəngi idilər. Xanın da, Müşfiqin də bura təşrif
buyurması sanki bulağın hüsnünü daha da gözəlləşdirirdi.
Bəlkə də, indiyəcən Ceyran
bulağının belə əziz, belə istəkli
qonaqları olmamışdı. Bəlkə də,
durnagözlü bu bulaq bu çağacan belə təmtəraqlı
ziyafət, belə şən məclis görməmişdi...
Bir tərəfdə samovar tüstülənir, bir tərəfdə
şişlər manqal üzərinə düzülür, bir
tərəfdə isə... Hamı artıq
süfrə başındaydı. Müşfiq
xəyala dalaraq qarşıda ucalan əzəmətli, “ağ
çalmalı” Qırxqızı, Dəlidağı, Kirsi,
Sarıbabanı seyr edirdi. Masabəyi Məmmədəli
Novruzovun “xoş gəlmisiniz, həmişə Siz gələsiniz!”
sözləri ilə başlanan ilk sağlığı
şairi dərin xəyallardan ayırdı. Qədəhlər cingildədi, məclis axarına
düşməyə başladı. Tarzən
tarını köklədi, özü də Müşfiqin də,
Xanın da ən çox sevdiyi “Mirzə Hüseyn Segahı”
üstündə. Tar dilə gəldi. Xanın
şaqraq səsi göylərə yüksəldi, cingiltili zəngulələrlə
muğamı başa vurarkən artıq musiqi dəryasına
qərq olan Müşfiqin işarəsi ilə Allahyarın
mizrabı “Bayatı-Şiraz”a keçdi. Müşfiqin
şair xəyalı coşdu, ürəklərin tellərini
dilləndirən sənət incisi, Müşfiq incəliklərinin
bütün gözəlliyini əks etdirən “Oxu tar!”ı
söyləməyə başladı:
Oxu, tar, oxu tar!..
Səsindən ən lətif şeirlər
diləyim.
Oxu, tar, bir qadar
Nəğməni su kimi alışan ruhuma
çiləyim.
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti
Alovlu sənəti!..
Oxu, tar, fikrimdə oyansın
Baharın, Seyidin qəzəli,
Oxu, tar, ruhlansın
Şirvanın, Gəncənin mehriban gözəli!..
Şeir bir musiqi kimi axır, məclisdəkilərin
könüllərini dalğalandırırdı. Müşfiqin ahəngdar, məlahətli
səsi, tarın ecazkar sədası yaxınlıqdakı
ağacların yaşıl budaqlarına qonub, bu büsatı
seyr eləyən quşların səsinə
qarışmışdı. Şeir
misra-misra səsləndikcə Müşfiqin şair nəfəsi,
Xanın ürəkaçan səsi məclisə başqa təravət
gətirirdi. Günortadan başlanan ziyafət
artıq gün qüruba enəndə başa çatdı.
Həmin gün Müşfiqlə Xan poeziyadan və
musiqidən gözəl bir çələng hördülər,
yaddaşlarda qalan, heç vaxt unudulmayan bir çələng.
Şair təzə dostları ilə olan bu
görüşdə sözüylə, söhbəti ilə
onların qəlbinə yol tapa və özünü onlara
daha çox sevdirə bildi.
Artıq ayrılıq dəmi
çatmışdı. Müşfiq
hamı ilə sağollaşdı, halallaşdı. Uzun illərin dostları kimi Xanla mehribancasına
qucaqlaşdılar,
görüşüb-öpüşdülər. “Sağlıq olsun, mütləq biz yenə də
görüşəcəyik!” - dedi Müşfiq. Amma heç kəsin ağlına gəlməzdi ki,
bugünkü məclis onların Müşfiqlə ilk və
sonuncu görüşüdür. Şairin də ürəyinə
dammışdı ki, bir də bu yerlərə ayağı
düşməyəcək, bir də təzə dostları
ilə görüşməyəcək...
Vasif
QULİYEV
525-ci qəzet.-2018.- 30
iyun- S.16-17.