AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-CI İLİ -AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR

 

NURU PAŞA HƏZRƏTLƏRİ ŞƏRƏFİNƏ BÖYÜK BİR ZİYAFƏT

 

Müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsinin 100 ilinin 23 ayı müstəqillik, 71 ili istila-fasilə dövrüdür. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək.

(Əvvəli ötən şənbə sayımızda)

10 təşrini-sani (noyabr) yekşənbə gününün axşamı Bakı şəhər əhalisi tərəfindən qəhrəman ordumuzun şanlı komandanı Nuri Paşa həzrətləri şərəfinə yay klubunun zalında böyük və mütəntən (təntənəli) bir ziyafət verildi.

Klubun içi və dəhlizləri gözəl və pürqiymət xalılar ilə döşənmiş, divarları dəxi ay-ulduzlu al bayraqlarla bəzənmiş idi. Yuxarıda böyük musiqi orkestri, aşağıda da həm Osmanlı və həm Azərbaycan türklərinə məxsus milli sazəndə və xanəndələr tərənnümsaz olmaqda idilər.

Hökumət əhlindən ümum nazirlərimiz Baş nazir ilə bərabər, şəhərimizin bütün böyük məmurları, ümum zabitan əfəndilər, İran konsulu cənabları, ziyalılarımız, böyük tacirlərimiz və sair əyan və əşraf ziyafətdə hazır idilər.

Nuri Paşa həzrətlərinin salona virudi əsnasında musiqi orkestri tərənnümsaz olub məclis əhli səfbəsteyi-ehtiram durub, Paşa həzrətlərini səmimiyyətlə salamladılar; bədə hər kəs mız başında özünə məxsus olan yerini tutub ziyafət başlandı.

Yemək əsnasında Baş nazirimiz Fətəli xan Xoyski həzrətləri birinci olaraq bəliğ bir nitq söyləyib, Azərbaycan türklərinin bəndi-əsarətdən xilas ilə naili-səadət olması yolunda tökülən Osmanlı türk qanına işarə ilə: “Bu qan və bu qan tökülən mübarək yerlər heç bir vəqt unudulmaz və xatirdən çıxmaz”, - buyurdular. Bədə Nuri Paşa həzrətlərinə müraciətən idarei-kəlam edərək, Azərbaycan türklərinin təşəkkürati-əmiqanələrini Paşa həzrətlərinə bildirib qədəh qalxızdı. O halda bütün həzərat ayağa duraraq müzəffər və şanlı komandanımız Paşa həzrətlərinin şərəfinə şərbəti nuş olub, sürəkli alqışlarla izhari-məsərrət və şadmani etdilər.

Həqiqət, bu böyük məclisdə hamının, baxüsus Bakı əhlinin olmazın dərd, möhnət, bəla və zillət çəkdikləri və olmazın həqarətlərə düçar olduqları ağarmış saç-saqqallarından, solğun çöhrələrindən, məhzun gözlərindən bəlli olan üzlərində bu axşam o qədər bəxtiyarlıq və bundan dolayı o dərəcə şükr və səna əlaimi peyda və hüveyda idi ki, keçmiş qara günlərin fəna təsirləri bugün nail olduğumuz ağ günlərin sürurbəxş əsərləri müqabilində unudulmaq üzrə olduğu aydın və aşkar idi!

Əvət, fəna təsirlər unudulur, fəqət o təsirləri buraxan qara günlər unudulmaz, onları unutmaq üçün ya filosof olmalıdır, ya laübalı!..

Nə qərib təsadüf:

Təqribən bir il bundan əqdəm, bu gün ay-ulduzlu türk bayrağı ilə donatlanmış olan bu salonda bolşevik Suxarçev, Nikolay zamanına məxsus bir hakimi-müstəbid vəziyyətini alaraq, hüquqi-siyasiyyə və insaniyyələri xüsusunda ağız açmağa “cürət” edən Bakı müsəlmanlarını təhdid yolu ilə: “Bakıda daşı daş üstə qoymaram!” - deyə meydan oxuyurdu.

Buna qarşı olaraq Şurayi-Milli rəisi Rəsulzadə Məhəmməd Əmin yoldaşımız: “Əvət! Biz istirdadi-hüquq yolunda mübarizə edəriz, nəticədə bizə ya istiqlalımız qalar, ya uçurulmuş daşlar. Fəqət əmin olunuz, müvəqqəti müzəffəriyyət sizin üzərinizdə olsa da, daimi zəfər bizimdir!” - deyə gələcəkdən xəbər vermişdir.

Bu axşam Rəsulzadə cənabları öz səlis nitqində bu fəqərəyi yada salıb qanlı və həqşikən suxarçevlərin rəcəz oxuduğu bu meydanda bugün daimi və azim bir türk zəfərinin bayram edilməsinə işarə ilə həqq sözün həqq yerinə düşməyindən dolayı izhari-məsərrət və məmnuniyyət eylədi.

Əvət! Əgər Suxarçev bu axşam klub salonuna bir nəzər yetirib də bu al bayraqları, bu şanlı komandanları, bu qəhrəman zabitlər, bu cəsur əsgərlər, bu bəşşaş (gülərüzlü) və bəxtiyar çöhrələri görsə idi, hədəsinin nə qədər gülünc və bica olduğunu özü də etirafa məcbur olardı.

Rəsulzadə nitqinə davam edərək: siyasi üfüqdə qara buludlar görünən kibidir, lakin bu qara buludlara qarşı nurilərimizin zülmət şikən nuri var dedikdə bütün əhli-məclis ayağa qalxıb Paşa həzrətlərini xüsüsi bir təzim və təbcil ilə alqışlamağa başladılar.

Bir ildən bəri əziz müsafirimiz və keçirdiyimiz qara günlərə bizimlə bərabər şərik olan Rövşən bəy həzrətlərinin bəliğ nitqi o qədər yanıqlı və qədər atəşin idi ki, hazirun üzərində böyük bir təsir buraxdı. Qayeyi-amalımıza yetmək, istirdad edilmiş hüququmuzu son qüvvəmizlə saxlamaq və bu yolda hər bir fədakarlığa hazır olmaq üçün bu gecənin şərəfinə yəmin lüzumundan bəhslə əhli-məclisin ruhunu yüksəldirdi.

Hazirun aramızda oturan bir zatın nitqinə müntəzir görünürdü, bu zatın (şəxsin) illərdən bəri eşitmədiyi səsini eşitmək, fikrini bilmək, nəzəriyatından xəbərdar olmaq istəyirdi. O möhtərəm zat sevgili ustadımız Əhməd bəy Ağayev idi ki, nitq söyləmək üçün yerindən qalxarkən salonda dərin bir sükunət əmələ gəlib hər kəs bütün diqqətini ona tərəf ətf etdi.

Əhməd bəyin nitqində bəzilərinin gözlədiyi atəş yox idi, amma həqiqi bir səmimiyyət vardı; “Bən Bakıyı İstanbulda və İstanbulu Bakıda görüb də özümü o qədər bəxtiyar görürəm ki, daha ölsəm də, qəmim yoxdur, dünyadan kam almış gedərəm” kibi sözləri o qədər səmimi bir lisan və lisani-hal ilə söyliyordu ki, eşidənlər dəxi özünü Əhməd bəy kimi bəxtavər və bəxtiyar hiss edirdilər.

Biz Əhməd bəyin nitqini icmala cəsarət etməyib, tamamilə qəzetəmizdə dərc üçün lütfən bizə göndərmək ümid və istidasilə oxucularımızı səbrə dəvət edirik.

Bu qədər nitq və alqışlara cavab olaraq Nuri Paşa həzrətləri gözəl İstanbul şivəsilə ruhumuza ləzzət verən və məzmunca qəlbimizi bir taqım əndişələrdən təmiz qılmağla sürur və şadimani-binəhəyəatımızı mucib olan qayət bəliğ və səlis bir nitq iradilə məclis əhlini şərəfyab və minnətdar buyurdular.

Bu nitqin təsiri ilə idi ki, hər kəsdə gələcəyə artıq əndişəsiz bir nəzər əmələ gəlib kəndində böyük bir ümid, yüksək bir ruh hiss edərək xoşbəxt və xoşvəqt bir hal ilə bir-birini təbrik edib, məclisə xitam verdilər.

 

Ü. (Üzeyir)

“Azərbaycan”

 

12 noyabr 1918, ¹37

 

RƏSULZADƏ MƏHƏMMƏD ƏMİN BƏYİN NİTQİ

 

Bugünlərdə Nuru Paşa həzrətləri şərəfinə kəşidə edilmiş olan ziyafətdə Azərbaycan Milli Şurası sədri və İstanbul konf-ransı mürəxxəsləri rəisi Rəsulzadə Məhəmməd Əmin cənablarının söyləmiş olduqları nitqi eynilə qarelərimizə təqdim ediyoruz.

Natiq əfəndi diyor ki:

Böyük türk ordusunun qəhrəman zabitləri, gənc Azərbaycan Cümhuriyyətinin azad vətəndaşları! Şimdi hökumət rəisinin nitqini dinlərkən xatırladım. Bir il əvvəl idi. Xilaskar Osmanlı qardaşlarımızla bərabər olaraq duz-çörək yedigimiz bu salonda o zaman başqaları oturuyordu. Demokratizm prinsipini suyi-istemal edən bolşeviklər burada, türk və müsəlman mərkəzində, yerli əmələ və köylünün protestosuna rəğmən yabancı bir cəmiyyət təşkil eləmiş, bolşevik-daşnaksakan çətələri Bakıya müstövli olmuşlardı.

Bolşeviklər bütün aləm hüzurunda millətlərə kəndi müqəddəratlarını təyin etmək həqqini elan, dünyayı cənnət yapacaqlarını vəd eləmişlərdi. Xüsusi olaraq Lenin tərəfindən Qafqasiya fövqəladə komissarı təyin olunan Şaumyan naminə çıxarılmış əmrnamə ilə Türkiyə Ermənistanının muxtariyyəti dəxi elan olunmuşdu. Biz də Azərbaycan muxtariyyəti tələb ediyorduq. Eyni zamanda da “Müsavat” ümumi intixabla degil, təsəllüt yolilə toplanmış olduğuna mötəriz idik.

Fəqət bu muxtariyyət həqqindəki tələbimiz rus burjua firqələrindən ziyadə Bakı bolşeviklərinin etirazını mucib oluyordu; onlar bizə qarşı əngəllər törədiyorlardı. Nəhayət, açıqdan-açığa təhdidlərinə məruz qaldıq. Bizə dedilər ki: “Nahaq yerə səy ediyorsunuz. Azərbaycan muxtariyyətə layiq degildir. Siz muxtariyyət degil, onun əvəzində xarabazarlara nail olarsınız!

Əgər bu məqsədinizdən əl götürməz də mücahidatınızda davam edərsəniz əmin olunuz ki, görəcəginiz müvəffəqiyyətlər yalnız qış günlərinə münhəsir qalıb müvəqqəti olacaq, yaz açılınca böyük Rusi-ya cəzanızı verməyə gecikmiyəcəkdir”.

O zaman vaqe olan bu təhdidlərə qarşı gərək “Müsavat” iclasında və gərək mətbuat səhifələrində müqabilə edərək - “məqsədimiz yolundakı mücahidədən vaz keçməyiz, Türkiyə ermənilərinə muxta-riyyət vəd edən Leninin bakılı şagirdləri Azərbaycan muxtariyyətçilərini xarabazarlıqlarla təhdid etsələr də, biz kəndi məqsədimizdən əl çəkməyiz, hər növ təhlükələri gözə alaraq mücahidəmizə davam edəriz. Bizim degil, sizin müvəqqəti bir qələbə ça-lacağınızı bilər, bundan dolayı sizi təbşir edəriz. Fəqət bir az da daimi qələbənin kimə aid olacağı həqqində düşünmənizi ixtar eyləriz. Əlbət ki, bir Lenin də çıxar bizim muxtariyyətimizi təmin edər!” - demişdim.

İştə əfəndilər, bir sənə əvvəl təhdid olunduğumuz bu binada şimdi o sırada ümid etdigimiz bir zəfəri elan ediyoruz. Müvəqqəti qələbə onların, daimisi bizimdir! (Alqışlar).

İş sisli “Şimal hürriyyətinə” qalsaydı bu gün məhv olub bitmişdik. Lillahülhəmd ki, teyri-istixlasımız Cənubun bərraq və saf səmasından doğdu, iştə onun həyatbəxş nurları ilə isiniyoruz (Alqışlar). Daimi qələbədən bəhs etdigim bu sırada çəkilməz fəlakətlər keçirmiş olan qəlblərə üfiqi-siyasətdə təraküm edən qara buludlar bəlkə də bəzi əndişələr ilqa edər.

Fəqət bu əndişələrə məhəl yox. Türklər Bakıda ilk dəfə degildirlər. Böylə bir vəziyyəti-siyasiyyəyi Bakı bundan 350 sənə əvvəl dəxi keçirmişdir. O vəqt Özdəmir oğlu Osman paşa bir miqdar əskərlə bu tərəflərə gəlmiş, Şamaxı, Quba, Dərbənd və Bakıyı almışdı. Bir az sonra Hökuməti-Mərkəziyyə əqdi-sülh edərək Özdəmir oğlu yalnız qalmış, İstanbul tərəfindən tərk olunmuşdu. Fəqət o cəsur komandan məyus olmamış, əzminə xələl gətirməmişdi. Hər növ hücumları müdafiə etmək lazım idi. Osman Paşa Bakı neftini inhisar altına almış, ipəgə külli maliyyat vəz eləmiş, bu surətlə büdcəsini yoluna qoymuş, Bakı qalasını təmir edərək müdafiəsini Əhməd bəy namında bir komandana tapşırmış, kəndisi Dəmir Qapıya - Dərbəndə çəkilmişdi. Bu surətlə Bakı altı ay tamam mühasirəyə dayanmış, nəhayət düşməni rəf edə bilmişdi. Tarix yenə təkrar edə bilər, həm etməlidir! (Alqışlar).

Həzərat, maddətən qələbəyi-daimi qazanmış olduğumuz - nəu-zubillah - müvəqqəti olsa belə, Azərbaycan istiqlalı mənən qazanılmış nemətlərdəndir. Dağları, dərələri, susuz səhraları aşıb gələn qardaşlarımızla bərabər şu doğma topraqlarımız üzərində qayalaşdıq, yenidən qardaş olduq. Topraqlarımız əsrlərdən bəri yekdigərini qaib etmiş qardaşların əməl yolunda verdikləri qurban qanları ilə islandı; Turan toxumu əkildi. O böyük fikrin yıldızı doğdu. Dan yeri ağardı. Osmanlıların benami-türkçilərindən:

 

“Vətən nə Türkiyədir türklərə, nə Türküstan,

Vətən böyük və müəbbəd ölkədir Turan”

 

- deyən Ziya Gökalp bəy hərbi-ümuminin ibtidasında təfal edərək:

 

“Rusiya dağılıb viran olacaq,

Türkiyə böyüyüb Turan olacaq”

 

- demişdi. Turan bu gün maddətən qazanılmamışsa da, mənən hasil olmuş; Turan fikri doğmuşdur. Bir kərə doğan fikir bir daha ölməz, bir daha sönməz! Ən qaranlıq gecələrimizdə bizə məşəli-hürriyyət gətirən və ən çətin dəmlərimizdə imdadımıza gələrək bizi xilas edən qardaşlarımızı bizə doğru qoşduran, yolumuzda qurbanlar verdirən iştə bu məfkurə, bu yeni doğmuş əməl günəşidir. O əməl günəşi ki, bir Nuru da (Nuru Paşayı göstərərək) iştə bizimlə bərabər! (Sürəkli alqışlar). Yaşasın əməl yolunda fədayi-can edən türk ordu və zabitanı, yaşasın böyük Turan! (Təkrar sürəkli alqışlar).

 

“Azərbaycan”

14 təşrini-sani (noyabr) 1918, ¹39

 

Kəşidə - düzəldilmiş

Müstövli - ortaq

Təsəllüt - hökmlə

Mötəriz - etiraz edən, müxalif

Mucib - səbəb

Təbşir - şad

Bərraq - parlaq

İstixlas - xilas olma, qurtulma

Teyr - quş

 

ORDUMUZ

 

Bir neçə zaman bundan əvvəl parlaman iclaslarının birində hərbiyyə nazirimiz general Səmədbəy Mehmandarovun ordumuzun təşkili haqqındakı bəyanatını dinlədik. Ordu görməmiş, rəsmi əskərliyə adət etməmiş olan millətimiz içində birinci qədəm olaraq ordu təşkil etmək işinin nə qədər çətin bir əmr və bu işin bu qat-qarışıq zamanda nə tövr müşkülat və maniələr qarşısında əngəllərə düçar olduğunu eşidib, bütün çətinliklərini təsəvvürə gətirməklə bu çətinlikləri rəf və izalə edəcək olan zatın nə qədər sahibi-qüdrət və maliki-qüvvət bir orqanizator olması lüzumunu da dərk etdik. Bu təsəvvüratdan hasil olan təəssüratın o rəng və ya bu rəngdə olması hərbiyyə nazirimiz olan general həzrətlərinin istedadına bağladığımız ümidin qəvi və ya zəifliginə vabəstə idi. Rus ordusunda əskərlik istedad ilə məxsusi bir məqam qazanmış və Port-Artur mühasirəsində böyük qəhrəmanlıqlar göstərməklə ad çıxarmış olan Səməd bəy həzrətlərinin bacarıq və istedadi-əskəriyyəsinə ümidimiz bər kamal idi. O idi ki, general həzrətlərinin bəyanatını dinləyib də ordu təşkili işimizin bütün çətinliklərini təsəvvürə gətirməklə bərabər, general həzrətləri bu çətinlikləri rəf edər deyə ümidvar olduq.

Ümidvar olmağımızda da səhv etmədik. Həqiqət Gəncədə “Novruz” münasibətilə qurulmuş olan Azərbaycan ordusu rəsmi keçidini gördükdən sonra, ordu təşkili işimizin kəmali-intizam ilə irəli getdigini bileyn müşahidə edib qəlbimizdə dərin bir əminlik hasil olduğunu hiss etdik.

Ordu təşkili işimiz bu intizam ilə dəvam edirsə bir qədər zamandan sonra mükəmməl bir ordusilə sayılan bir dövlət olduğumuzu hər kəs iqrar etməgə məcbur olacaqdır.

Arzumuz budur ki, qoşunumuzun bir kərədə manevrasını görək. Boylə manevra ki, böyük bir əndazədə qurulub ordu hissələrimizin hər bir əməliyyatına şamil və came olsun. Ümid edirik ki, havalar düzəldikdən sonra general həzrətləri bunu da bizə göstərməklə qəlbimizi şad etməkdən əlavə, aramızda əskərlik hissiyyat və həvəsini qat-qat artmasına da böyük bir səbəb olarlar. Bunu intizar etməklə bərabər cəhandidə və kar azmudə nazirimizə artıq-artıq müvəffəqiyyətlər diləməkdəyiz.

 

Hacıbəyli Üzeyir

“Azərbaycan”, 26 mart 1919, ¹145

 

“İSTİQLAL” QƏZETƏSİNİN BİR MƏQALƏSİ

 

Bakıda müntəşir türk milliyyətpərvər “Müsavat” firqəsinin vasiteyi-nəşri-əfkarı bulunan “İstiqlal” qəzetəsində M.Ə.Rəsulzadə imzası ilə “Türkiyə məsələsi” ünvanlı vaxtilə “Təsviri-Əfkar” rəfiqimiz tərəfindən iqtibas olunan bir məqaləyi dəxi salifüzzikr (adıçəkilən) nitqlə həmayar olduğundan aşağıda dərc ediyoruz.*

“Həlli gözlənməkdə olan dünya məsələləri arasında bizi ən çox əlaqədar edən ana məsələlərdən biri, yox birincisi heç şübhəsiz ki, Türkiyə məsələsidir.

Türkiyə məsələsi heç bir zaman biz azərbaycanlılar üçün ürəyimizin ən nazik (həssas) pərdələrilə hiss olunur bir məsələ halından xaric olmamışdır. Aləmi-İslamın hər zamandakindən daha həssas, daha rəqiq (diqqətli) və daha həyəcanlı olaraq duyduğu bir məsələ bizim üçün həm türk, həm də azərbaycanlı olmaq etibarilə, daha incə və daha müəssir bir duyğu və qayğı halını iqtisab eyləmişdir. Biz qəddar düşmən əlində biəman düşüb də “Ay haray imdad!...” deyə bağırdığımız ümidsiz bir zamanda “harayımıza” yetişən “dil və din” qardaşlarımızın əndişəli günlərini nasıl duymayız?! Burada, Bakı haləsində, şəhid düşən qazilər və orada İstanbulu müdafiə üçün sinələrini sipər edən fədailərin eyni vəzifə, eyni əməl və məqsəd yolunda öldüklərini nasıl unuduruz?!”

Antantanın Azərbaycan istiqlalını təsdiqi xəbəri yas içində bulunan İstanbulda toy kibi tələqqi edilmiş, istiqlalımızı təsdiq günlərində yapdığımız şənliklərdə İstanbulun türklərdən alınacağına aid çıxarılan qara xəbərlər, xalqımıza toy içində bir yas təsiri hasil etmişdi.

Azərbaycan xalqının türklük, müsəlmanlıq əlaqəsi bir yanda, sadə haqpərvərligi və insani düşüncəsi belə bu qədər miknət, mətanət və mərdlik göstərən Anadolu Türkünü haqqı-təbiisindən məhrum bir halda görməyi qətiyyən təsəvvür edəməz. Çünki bunu nə hövsələsinə sığdırır, nə də vicdani-bəşərə rəva görür. Çünki o, bütün ideallara rəğmən Anadolu türk qardaşında böyük bir həyat qabiliyyəti görür. Bunun dəlili olmaq üzrə də Türkiyənin bugünkü halını göstərir. “Xəstə adam” tələqqi olunan bu məmləkət, bütün talesizliginə rəğmən məğlubiyyətin acı təsirlərinə Rusiyadan da, Avstriyadan da daha ziyadə təhəmmül göstərdi, qəvami-ictimaiyyəsini dağıtmadı, şirazeyi binasını (nizam-intizamını) pozmadı.

Son posta ilə alınan mətbuat, ingilis nöqteyi-nəzərinin İstanbul haqqında getdikcə kəsbi-vüzuh (şübhəlik) etməkdə olduğunu göstəriyordu. Nəhayət axırki günlərdə alınan teleğraflar qəti surətdə göstəriyor ki, İstanbul məsələsi Türklərin faydasına olaraq həll edilmişdir.

Fəqət bir İstanbul, bir İzmir məsələlərinin fövqündə bir də Anadolu Türklügünün həqiqi istiqlalı və iqtisadi inkişafının təmini məsələsi vardır. Türkiyə əski ərazisindən: Rumelisindən, Misirindən, Tunisindən, Fasından, Hicazından, İraqından, Beynəlnəhreynindən həpsindən keçər, beşərtaki Anadolu təkrar kapitülasyonlara məruz qalmasın, beşərtaki artıq kəndi qanını, canını kəndi yurduna, kəndi övladına sərf edən Türk Mehmətcigi yurduna sahib olsun.

 

Ümid edəlim ki, böylə olacaq. Çünki türk milləti böylə istiyor. Çünki vicdani-bəşəriyyət böylə əmr ediyor!”

 

“Yeni Qafqasya”

28 Mayıs 1924, ¹17

 

DARÜLFÜNUNUN 10 İLLİYİ

 

Bakı qəzetələrindən öyrəndiyimizə görə Milli Azərbaycan hökuməti tərəfindən təsis edilmiş Bakı Darülfünunu 10 illik yublesini təsid (qeyd) etmişdir. Bu münasibətlə Bakı komunistləri və komunist keçinən bəzi professorlar qəzetələrdə məqalələr yazmış və Milli Azərbaycan hökumətinin bu şərəfli haqqını kəndilərinə çıxmaq çün müxtəlif provakasyon və iftiralar sovurmağa qeyrət etmişlərdir. “Komunist” qəzetəsi bu münasibətlə yazmış olduğu baş məqaləsində vaxtilə “Müsavat” hökumətinin darülfünun təsis etmək niyətində olmadığını utanmadan söylədikdən sonra diyor ki: “Müsavat” hökuməti Tiflis Darülfünununun Bakıya köçürüləməsi ətrafında nəticəsiz çıxışlarda bulunaraq Darülfünun qapılarını Türk əməkçiləri üçün bağlamaq istəmişlərsə də məqsədlərinə çatmamışlardır”.

Xalqın gözünü pərdələmək məqsədilə bəyan edilən bu qəbil provakasyonlar zənn etməliyiz ki, tarixi bir həqiqət olaraq Azəri xalqının zehnində yerləşmiş olan bu həqiqəti, yəni Darülfünunun Milli Azərbaycan hökuməti tərəfindən təsis edildigi fikrini silmiş olsun.

Darülfünun fəaliyyətinə aid yazılmış olan bir məqalədən anlaşıldığına görə Bakı Darülfünunu təsisindən bu vaxta qədər 1500 mütəxəssis buraxmışdır. Darülfünunda 52 professor və 300-dən fəzlə asisent, elm adamları çalışmaqdadır. Tələbələrin miqdarı 2400-dən fəzlədir.

 

“Odlu-Yurd”

aprel 1930, ¹14

 

AZƏRBAYCAN HƏYAT VƏ MƏTBUATINDAN DARÜLFÜNUNDA MİLLİYYƏTÇİLİK

 

Mütəəddid dəfələr qeyd etdigimiz kibi Azərbaycan xalqının bilxassə münəvvər zümrənin bolşevik kültürü, rus harsı və ələlümum rusçuluğa qarşı yapdıqları milli hars mücadiləsi getdikcə artmaqda və hər vəsilə ilə kəndini göstərməkdədir. Bu hərəkatın bariz bir misalına son gələn Bakı qəzetələrinin bir nüsxəsində dəxi təsadüf ediyoruz.

“Komunist” qəzetəsinin (¹51.4.3) yazdığına nəzərən bir müddət əvvəl Azərbaycan darülfünunu hüquq fakültəsi tələbələri tərəfindən darülfünun daxilində milliyyətçilik və şovinistlik yapan 4 tələbənin açıq mühakiməsi yapılmışdır. Mühakimə edilənlərin 2-si rus milliyyətçiligi yapan Sazanov və Veliçayev nam rus və digər 2-də türk milliyyətçiligini propağanda edən Daşdəmirov və Vəkilov nam 2 türk tələbəsidir.

Sazanov və Veliçayev darülfünunda məcburi olan türk dili dərslərinin tamamilə mənasız və yersiz olduğunu söyləyərək türk dilini “qeyri mədəni bir millətin dili kibi” tələqqi ediyorlarmış.

İmtahlarda mufəffəq olmayan Sazanov və Veliçayev hiddətlənərək “Bu nə dildir ki, biz buna hazırlanıyoruz. Türk dilinə qətiyyən ehtiyacımız yoxdur. Məzun olduqdan sonra biz Bakıda qalacaq degiliz. Həm də Bakıdan türklərə nə var. Türklər yalnız qəzalarda hökmranlıq yapa bilərlər” kibi sözlərlə qapıyı çırparaq müəllim odasını tərk etmişlərdir.

Vəkilov və Daşdəmirov isə rus milliyyətçiligi yapan Sazanov və Veliçayevin əksinə olaraq dərslərin rusca oxudulmasına etiraz və protesto edən və “milli ruhla zəhərlənmiş şovinist” (dırnaq içərisindəki cümlə “Komunist” qəzetəsindəndir) tələbələrdir.

Bunlar dərslərini rusca oxudan professora dərs əsnasında etiraz edərək dərsin türkcə oxudulmasını tələb etmiş və hiddətlənərək: “Azərbaycan türklərindir, hər yerdə eyni zamanda darülfünunda dəxi dərslər türkcə oxudulmalıdır. Biz dərslərin türkcə oxudulmasını tələb ediyoruz” deyə dərsləri tərk etmişlərdir.

Davayı rövyət (müzakirə) edən məhkəmə heyəti uzun-uzadıya isticvadan (dindirmədən) sonra Sazanov, Veliçayev və Vəkilovun qəti olaraq darülfünundan tərdinə və digər Sovet ali məktəblərinə qəbul edilmək haqqından məhrum edilmələrinə qərar vermişdir. Daşdəmirov isə Vəkilov tərəfindən “ixva” edildigindən (yoldan çıxarıldığından) dolayı müəyyən şərtlərlə darülfünuna buraxılmışdır.

Mühakimə cərəyanını təsvir edən qəzetə bu kibi milliyyətçi ünsürlərin darülfünunda qayət çox olduğunu qeyd etdikdən sonra diyor ki: “Müsavat” firqəsinin doğma malı və məşğuliyyətini təşkil edən milliyyətçilik və şovinistliklə mücadiləyi şiddətləndirməli və bu kibi hərəkətlərin önü alınmalıdır”.

Azərbaycan daxilində rusçuluq, rus harsı ilə milli Azərbaycan məfkurə və harsının açıqcasına çarpışdığını göstərən bu xarakteristlik mühakimə əlyövm (hələ də) davam edən milli mücadilə səfahatını göstərdigindən dolayı şayani-diqqətdir.

 

***

 

Bir müddət əvvəl kollektivize işlərilə əlaqədar olaraq Azərbaycan Komunist firqəsi Bakı Komitəsinin ümumi bir ictimai vüqu bulmuşdur. Azərbaycan Komunist firqəsi məsul katibi Çikalo Azərbaycanda tətbiq edilən kollektivize siyasəti, bu siyasətin tövlid etdigi bərbad vəziyyət haqqında məruzatda bulunmuşdur.

Stalinin ricət hərəkətinə dəxi təmas edən Çikalo kollektivize işlərində təsadüf edilən qüvvətli müqavimətdən müfəssələn bəhs edərək daima kəndisini göstərən və aktiv fəaliyyətilə Komunist firqəsinin siyasətinə mane olan sağ və sol cinahın fəaliyyətinə qarşı qəti mücadilə yapılması fikrini irəli sürmüşdür.

Çikalonun kollektivize nəticələri haqqında faktlara müstənidən söylədiginə nəzərən Azərbaycanın müxtəlif yerlərində tətbiq edilən bu siyasət son dərəcə əlim nəticələrə müncər olmuş və “Kollektivizeyi tətbiqə məmur edilən qəza müməssillərinin yanlış hərəkətləri” köylü zümrəsini Sovet hökumətinə qarşı büsbütün düşmən bir vəziyyətə soxmuşdur.

Faktlardan anlaşıldığına görə kollektivize ilə məşğul olan mərkəzi müəssisə köylərə göndərmiş olduğu bir təlimatnamədə hübubatdan başlayaraq hər şeyin: xoruz, toyuq, hətta bardak, tabak və sair bu kibi şeylərin kollektivize edilməsini daha doğrusu köylərin yağma edilməsini əmr etmişdir. Təbiətilə köylərdə bulunan komunist müməssillər də əmri yerinə yetirmiş və zavallı köylüləri soyub soğana çevirmişlərdir. İşin ən şayani diqqət cəhəti şu ki, Azərbaycanın bir qəzasında kollektivize əmrini alan Komunist firqəsi katibi və İcraiyə komitəsi katibi dərhal qolçomaqları imha etmək lazımdır deyərək, işə başlamış və qolçomaqların təkmil buğda, ərzaq, əşya və paralarını aldıqdan sonra kəndi aralarında təqsim etmişlərdir. Bu qəbil hadisələr Azərbaycanın bir çox yerlərində vüqu bulmuş və orta hallı fikir zümrəsi gözətilmədən minlərcə köylü həbs edilmişdir.

Sonra Naxçıvan köylərinin bir çoxunda kolxoz təşkilatı müməssilləri köylüləri zorla toplayaraq ictima toplamış və ictimada heç bir şey haqqında məlumat vermədən köylülərin listesini yapmışlardır. İsimlərinin neçün yazıldığını soran köylülərə yalnız “kolxoz yapacağız” cavabı ilə iktifa edilmişdir. “Bizə yol göstəriniz, məlumat veriniz nə yapacağız, heç bir təlimat yoxmu” - deyən köylülərə müməssillər rusca yazılı təlimatnaməyi verərək: “bunlar rusca da olsa ziyan yoxdur iyi materyallardır” - demişlərdir. Rusca bilməyən köylülər “Biz rusca bilmiyoruz bizim öz dilimizlə yazılması yoxmu” deyincə “Bizdə olan budur çalışın rusca öyrənin” deyərək köyü tərk etmişlərdir.

İştə bolşevizmin təxribkar siyasəti nəticəsində kəndi zəngin yurdunda ac və çıplaq qalan zavallı Azərbaycan köylüsünün vəziyyətini təsvir edən bu faktlar, yalnız rəsmi mətbuata keçənlərdir. Kim bilir ört bas edilən daha qaç minlərcə hadisələr vardır?

 

***

 

Yeni Azərbaycan maarif komisarı təyin edilən Ağa Soltanovun maarif kadrları haqqında “Komunist” qəzetəsinə (¹ 59, 16, 3) yazmış olduğu məqalədən anlaşıldığına nəzərən Azərbaycanın maarif kadrosu çox zəif bir vəziyyətdə bulunuyor. Mövcud məktəbləri idarə üçün 2800-ü türk olmaq üzrə 4360 müəllimə ehtiyac vardır. Bunların yetişdirilməsi üçün şimdiyə qədər heç bir təşəbbüsdə bulunulmamışdır. Məktəbləri müəllimlə təmin üçün orta məktəb və pedaqoji texnikumlarını vaxtından əvvəl buraxmaq və nöqsan təhsillərinə baxmayaraq məzun olanları müəllim olaraq məktəblərə təyin etməgə qərar verilmişdir.

Məktəbə qədərki yeni ibtidai tərbiyə məsələsi büsbütün zəif bir haldadır. Bu məqsədə xadim müəssisələr vəziyyətlərinin fənalığı dolayısı ilə şəhərdə yalnız 8,3, köylərdə isə 0,5 nisbət çocuq ala biləcək vəziyyətdədir. Bu qəfil müəssisələrin zəfi düşməsinə səbəb bir tərəfdən lazımi təxsisatın verilməməsi, digər tərəfdən mütəxəssis pedağokların bulunmamasıdır.

Mütəxəssis müəllim və vəsait olmadığından ziraəti sənaye kibi məslək məktəblərinin vəziyyəti dəxi ötəkilərdən iyi degildir. Müəllim yetişdirmək məqsədilə mövcud pedağoji fakültəsinin bilafasilə yeni bütün sənə müddətincə çalışmasına qərar verilmiş və bunlardan başqa bir çox müəllim kurslarının açılması qərarlaşdırılmışdır.

Müəllimlərin ideolojilərinə təmas edən məqalə sahibinə görə türk müəllimləri ideoloji xüsusunda pək də əmin adamlar deyildirlər. Müəllimlərin çoxu milliyyətçilik “zəhəri ilə zəhərlənmiş” və proletar tərbiyə və məfkurəsinin düşməni olmuşlardır. Maarif komisarına görə əmələ və köylü içərisindən əsil “proletar” müəllim yetişdikdən sonra müəllimlər içərisində qəti bir təmizlik yapmalı və məktəblər “yabançı ünsür”lərdən təmizlənməlidir.

 

Y.Əli

”Odlu-Yurd”, may 1930, ¹15

 

Rövyət - məsələni müzakirə edən, işə baxan

İsticvab - dindirmə

İxva - yoldan çıxarma, azdırma

Əlyövm - hələ də

Ricət - geriyə dönmə, qayıtma

 

(Ardı var)

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.-2018.- 30 iyun.- S.20-21.