Diyadindən dünyaya addımlayan alim - Kamran Əliyev

 

Çağdaş ədəbiyyatşünaslığımızın görkəmli nümayəndəsi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor və Əməkdar elm xadimi Kamran Əliyevin yaradıcılığı haqqında söhbət açmaq ədəbi-nəzəri fikrimizin son 40 illik inkişaf tarixi barəsində düşünmək deməkdir.

Həqiqətən, tələbəlik illəri və ilk yaradıcılığı 70-ci illərə təsadüf edən böyük bir ədəbi nəslin parlaq nümayəndələrindən biri kimi Kamran Əliyev bu müddət ərzində coşğun, mübarizələrlə zəngin və məhsuldar bir yaradıcılıq dövrünü yaşamışdır.

Kamran Əliyevin elmi yaradıcılığına ümumi tərzdə nəzər saldıqda belə, onun qazandığı nəticələr, əldə etdiyi uğurlar, fəth etdiyi zirvələr sizin qəlbinizdə də fərəh və qürur duyğuları oyadır. Zəhmətkeş və görkəmli alim elmi yaradıcılıqla məşğul olduğu bu müddət ərzində çox böyük müvəffəqiyyətlərə imza atmışdır; istedadlı alimin indiyə qədər 20-dən çox monoqrafiyası və fundamental elmi tədqiqatı nəşr edilmişdir. Professor Kamran Əliyev 300-ə yaxın elmi məqalənin müəllifidir. O, 70-dən çox dissertasiyanın müdafiəsində opponent kim işirak edib. 12 doktorluq dissertasiyasına isə bilavasitə elmi rəhbətlik etmişdir. Yüzlərlə dissertasiya, tədqiqat və kitablara rəylər yazmış, bir çox kitabların elmi redaktoru olmuşdur. Bu faktlar və böyük alimin elmi bioqrafiyasını bəzəyən digər həqiqətlər özü onun haqqında, onun elmimizə və mədəniyyətimizə verdiyi töhfələr haqqında şahidlik etməkdədir. Səmimi qəlbdən deyim ki, bütün bunlar görkəmli elm xadiminin həyat və yaradıcılıq yolunu səciyyələndirən, əksər müasirlərindən fərqləndirən ciddi və pozitiv xüsusiyyətlərdir. Cəsarətlə söyləmək olar ki, alimin qazandığı bu nəticələri onun çox az çağdaşlarının uğurları ilə müqayisə etmək olar. Azərbaycanın paytaxtından çox uzaq kənddə doğulan, adi kənd məktəbində təhsil alan bir gəncin müasir elmin zirvələrinə yüksəlməsi və ölkəmizin fəxr etdiyi alimə çevrilməsi, həqiqətən, qürurverici hadisədir.

Kamran müəllimlə mən indiki BDU-nun filologiya fakültəsində təhsil alarkən tanış olmuşam. 70-ci illərin əvvəllərində bu sətirlərin müəllifi də həmin fakültənin tələbəsi idi. Kamrangilin kursu bizimkindən 3 kurs qabaq idi. Amma mən və başqa kurs yoldaşlarım - Muxtar İmanov, Vəli Nəbioğlu, Nizaməddin Şəmsizadə, Akif Azalp və bir çox başqaları Kamran Əliyevə - bizim kimi tələbə olsa da - cavan bir müəllim kimi hörmət edirdik. Kamran müəllim elə ilk gəncliyindən, tələbəliyindən başlayaraq özünü müdrik bir yoldaş və ağsaqqal kimi aparmağı bacarırdı. Məhz buna görə də biz bir sıra ərkimiz çatan cavan müəllimlərlə birlikdə, təkcə elmi və dərs qayğılarımızı deyil, bir sıra həyati problemlərimizi də Kamranla məsləhətləşir, onun öyüd və nəsihətlərinə qulaq asırdıq. Kamran sanki bizim tələbə yoldaşımız deyil, daha çox böyük qardaşımız və ustad təsiri bağışlayırdı.

Kamran Əliyevin və ümumən, hamımızın ilk elmi fəaliyyət dövrü haqqında düşünərkən bir hadisəni vurğulamağı məqsədəuyğun sayıram. 1973-cü ilin əvvəlləri idi. Qış imtahan sessiyası təzəcə yekunlaşmışdı. Birdən filologiya fakültəsində xəbər yayıldı ki, gənc alimlərin iştirakı ilə fakültədə “Düyünlər” adlı dərnək fəaliyyətə başlayır. İstəyənlər, arzu edənlər elmi məruzələrlə çıxış edə bilər. Dərnəyin rəhbəri isə fakültə komsomol komitəsinin katibi Kamran Əliyev idi. Biz birinci və ikinci kurs tələbələri elmi məruzələrimizi hansı mövzularda və necə hazırlamağı uzun müddət Kamranla məsləhət edirdik. O, bizim yazılarımızı oxuyur, redaktə və düzəlişlər edirdi. Nəhayət, “Düyünlər” dərnəyinin fəaliyyətə başlayacağı gün gəlib çatdı. Hamımız yazı-pozumuzu qaydaya salıb, o vaxt böyük ədəbiyyatşünas alim, professor Abbas Zamanovun rəhbərlik etidiyi “Müasir Azərbaycan ədəbiyyatı” kafedrasına yığışdıq. Rəyasət heyətində professor Abbas Zamanov, professor Pənah Xəlilov və başqa müəllimlərlə birlikdə Kamran Əliyev də oturmuşdu. Çıxışlarımız çox yaxşı qarşılandı, yüksək qiymətləndirildi. Xüsusən, bizim səmimiyyətimiz, elmi yaradıcılığa olan sonsuz həvəsimiz və məsuliyyətimiz müəllimlərimizin xoşuna gəlmişdi. Onu da qeyd edim ki, gənc və təcrübəsiz tələbələrin bu ilk uğurunda bizim qayğıkeş dostumuz, böyük qardaşımız Kamran Əliyevin xidməti çox idi. Cəmi bir neçə məşğələsi keçiriləndən sonra, nədənsə “Düyünlər” dərnəyi öz fəaliyyətini dayandırdı. Amma dərnəyin gənc yaradıcı ürəklərdə oyatdığı mübarizə həvəsi və əzmi qətiyyən dayanmadı. Bu dərnəkdə fəal iştirak edən tələbələr görkəmli tənqidçilərimiz akademik Bəkir Nəbiyevin və professor Qulu Xəlilovun tənqid kurslarında fəal iştirak etdilər, gələcəyin tanınmış ədəbiyyatşünas alimləri kimi şöhrətləndilər, bu gün özləri də ustadları, ədəbiyyatşünaslığımızın professorları kimi xalqımıza xidmət etməkdədirlər.

Professor Kamran Əliyevin təxminən 45 illik yaradıcılığını şərti olaraq iki mərhələyə bölmək mümkündür. Birinci mərhələ 1980-2000-ci illəri əhatə edir. İkinci mərhələ isə 2000-ci ildən bugünümüzə qədər olan dövrü öz içinə alır. İstedadlı alimin elmi yaradıcılığının ilk 20-25 illik dövrü Azərbaycan romantizminin və dahi sənətkarımız Hüseyn Cavidin yaradıcılığının tədqiqinə həsr olunub. Məhz bu illər ərzində K.Əliyev istedadlı romantizmşünas alim, özünəməxsus və böyük bir cavidşünas kimi formalaşmışdır. Onun 1985-ci ildə işıq üzü görən “XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri” monoqrafiyası, həqiqətən, elmi-mədəni mühitimizdə çox böyük rezonans yaratdı. Bu tədqiqatı ustad ədəbiyyatşünas alimlərimiz, akademiklər Məmməd Cəfər, Abbas Zamanov, Əziz Mirəhmədov, Kamal Talıbzadə və Yaşar Qarayev yüksək dəyərləndirdilər. “XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri” monoqrafiyası Azərbaycan romantizminin öyrənilməsi və araşdırılması sahəsində akademik Məmməd Cəfərin qiymətli və tarixi tədqiqatlarından sonra irəliyə atılmış mühüm bir addım idi. Bu uğur gənc alimə yeni zirvələrə sarı addımlamaq üçün güclü stimul verir. Ümumən, 80-90-cı illər professor Kamran Əliyev yaradıcılığında Hüseyn Cavid sənətinə aramsız müraciət dövrüdür. O, bu mövzudakı tədqiqatları ilə professor Məsud Əlioğlu və akademik Yaşar Qarayevdən sonra bu sahədə yeni söz demək qüdrətinə və səlahiyyətinə malik olduğunu sübuta yetirir. Zəhmətkeş alimin həmin dövrdən başlayaraq bir-birinin ardınca çap etdirdiyi onlarla fundamental məqalə və tədqiqatlar, Hüseyn Cavid yaradıcılığını kəşf edən və dünyaya tanıdan kitablar fikirlərimizi parlaq şəkildə təsdiq etməkdədir; “Hüseyn Cavidin şəxsiyyəti və poetikası” (1997), “Mirzə Fətəlidən Hüseyn Cavidə qədər” (1998), “Cavid möcüzəsi” (2002), “Azərbaycan romantizminin poetikası” (2002), “Azərbaycan romantizminin nəzəriyyəsi” (2006), “Romantizm və folklor” (2006), “Teoriya azerbaydjanskoqo romantizma” (2006), “Hüseyn Cavid: həyatı və yaradıcılığı” (2008) və s. Bu kitab və tədqiqatlarla professor Kamran Əliyev qabaqcıl dünya elmi səviyyəsinə yüksəlmiş bir alim olduğunu da nümayiş etdirdi. Həmin əsərlərində görkəmli nəzəriyyəçi alim bir tərəfdən dahi Azərbaycan romantikinin yaradıcılığını Avropa romantizm nəzəriyyələri müstəvisində nəzərdən keçirirdisə, ikinci bir tərəfdən Azərbaycan romantizminin öz nəzəriyyəsini və özünməxsus poetikasını araşdıraraq ortaya qoyurdu. Bu elmi axtarışlar və araşdırmalar ustad ədəbiyyatşünaslarımızın gördüyü işlərin yeni keyfiyyətdə və kontekstdə davamı, daha da dərinləşdirilməsi demək idi.

2000-ci ildən etibarən isə professor Kamran Əliyevin elmi fəaliyyətində tamamilə başqa, yeni bir mərhələ başlayır. Görkəmli alimin yaradıcılığında özünü göstərməyə başlayan yeni istiqamətlər onun AMEA Folklor institutunda işə başlaması ilə qırılmaz surətdə bağlı idi. Professional elm nəzəriyyəçisinin və ədəbiyyatşünasın Azərbaycan folkloruna müraciət etməsi təkcə müəllifin öz yaradıcılığında deyil, ümumən, filoloji fikrimizdə ciddi yenilənmənin mühüm göstəricilərindən birinə çevrildi. Elmi ictimaiyyət Kamran Əliyevin bu sahədəki tədqiqat və araşdırmalarını maraqla izləməyə başladı. İlk gəncliyindən fundamental tədqiqatlar yaratmaqdan çəkinməyən təcrübəli alim bir-birinin ardınca yeni-yeni məqalə və araşdırmaları elm aləminə təqdim etdi. Xüsusən, “Romantizm və folklor” kitabı alimin bu yöndəki elmi tədqiqatlarının sanbalı və səviyyəsi barəsində dolğun təsəvvür yaratmağa imkan verir. Azərbaycan folklorşünaslığının köklü məsələlərinə, rəngbərəng və zəngin problematikasına müəllifin cəsarətlə daxil olması və öz elmi səviyyəsini yüksək dərəcədə nümayiş etdirə bilməsi onun elmi-nəzəri potensialının böyüklüyündən və imkanlarının genişliyindən xəbər verirdi. Folklorşünaslıq sahəsində onlarla ciddi və fundamental məqalələrlə yanaşı, bir-birinin ardınca hər biri elmdə mühüm yenilik sayılan monoqrafiya və kitablar işıq üzü görməyə başladı: “Romantizm və folklor” (2006), “Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu” (2011), “Açıq kitab - “Dədə Qorqud” (2015), “Çağdaş folklorşünaslığın problemləri” (2017). Bu kitablar alimin müasir Azərbaycan folklorşünaslığının problem və qayğılarına nə qədər dərindən nüfuz etdiyini açıq-aşkar göstərməkdədir. Müəllif Dədə Qorqud boylarının bədii strukturu və formalaşma xüsusiyyətləri, “Koroğlu” dastanındakı qolların mənşəyi və bir-biri ilə qarşılıqlı əlaqəsi barəsində çox maraqlı və çağdaş folklorşünaslığımız üçün düşündürücü məsələlərin həlli və təhlili ilə məşğul olur. “Dədə Qorqud kitabı” və “Koroğlu” dastanlarının Azərbaycan xalqının mübarizələlərlə zəngin tarixində tutduğu mövqeyi aydınlaşdırmağa çaılışır.

Professor Kamran Əliyevin folklorşünaslıqla bağlı tədqiqatlarını mütaliə edərkən həmişə yaddaşımda bizim professional ədəbiyyatşünas və dilçilərimizin zaman-zaman Azərbaycan folklorunun bir çox məsələlərinə müraciətinin zəruriliyi canlanır. Böyük nizamişünas və füzulişünas, klassik Azərbaycan ədəbiyyatı tarixini dərindən araşdıran və yaradan akademik Həmid Araslının “Dədə Qorqud kitabı” ilə, böyük dilçi alimimiz Əbdüləzəl Dəmirçizadənin “Dədə Qorqud kitabı”nın dili və lüğət tərkibi ilə bağlı araşdırmaları, akademik Tofiq Hacıyevin “Dədə Qorqud dastanları” haqqında onlarla məqalələri və fundamental “Dilimiz, düşüncəmiz” kitabı, xalq yazıçısı Anarın “Dədə Qorqud”la bağlı çoxlu yazıları və eyniadlı məşhur povesti, görkəmli dilçi alimlərimiz akademik Kamal Abdulla və akademik Nizami Cəfərovun “Dədə Qorqud kitabı” barəsində qiymətli araşdırmaları, müxtəlif səpkili əsərləri, qeyri-ixtiyari olaraq, yada düşür. AMEA-nın müxbür üzvü Kamran Əliyevin çağdaş folklorşünaslığımızla, epos və epos mədəniyyəti ilə əlaqədar olan elmi əsərləri öz qiymətinə və tarixi əhəmiyyətinə görə yuxarıda sadaladığımız, xalqımızın sevimli və qüdrətli ədəbiyyatşünaslarının, dilşünas və mədəniyyətşünaslarının yaratdıqları ilə yanaşı duran, bu gün ədəbi və elmi ictimaiyyətimiz tərəfindən etiraf edilən, yüksək dəyərləndirilən ədəbi-mədəni örnəklərdir.

Kamran Əliyevin elmi yaradıcılığının çoxcəhətliliyi və özünəməxsusluğu yuxarıda nəzərdən keçirdiyimiz kitablar və monoqrafiyalarla yanaşı, alimin bir çox başqa elmi əsərləri də nümayiş etdirilməkdədir. Bu kitablar bir vətənpərvər alim kimi professor Kamran Əliyevin daxili dünyasını və maraq dairəsini aydın surətdə əks etdirir: “Ədəbiyyat (dərs vəsaiti)” (2010), “Ədəbiyyat (dərs vəsaiti)” (2011), “Abbas Zamanov olmasaydı” (2011), “Azərbaycan dili (dərs vəsaiti)” (2011), “Tənqidin poetikası” (2012), “Ədəbiyyat tarixinə bir baxış” (2013), “Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar” (2013) və s. Bu kitab və tadqiqatların hər biri zəhmətkeş alimin öz işinə və peşəsinə sonsuz sevgisindən, öz xalqına layiq övlad olmaq məsuliyyətindən, qibtə ediləcək elmi dünyagörüşündən və erudisiyasından, ən mühümü isə çox az-az müasirlərinə müyəssər olan yüksək elmi-nəzəri səviyyəsindən xəbər verməkdədir.

Yuxarıda nəzərdən keçirdiyimiz kitablardan mən ikisinə diqqəti cəlb etmək istərdim: “Abbas Zamanov olmasaydı” (2011) və “Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar” (2013). Bu əsərləri ayrıca vurğulamağımın səbəbi odur ki, Kamran Əliyevin bir alim və insan kimi varlığını, xarakter və xasiyyətini dərindən dərk etməyə onlar yaxından kömək edir. Kamran müəllim son dərəcə təvazökar və qədirşünas bir insandır. O, öz tələbələrinə və şagirdlərinə nə qədər qayğıkeş və mehribandırsa, öz müəllimlərinə də o dərəcədə, bəlkə ondan da artıq minnətdar və sayğılıdır. Mən təkcə həmin kitabları oxuduğuma, onlarla yaxından tanış olduğuma görə bu məsələni ayrıca vurğulamıram. Həm də Kamran müəllimi 46 ildən bəri yaxından tanıyan və müntəzəm ünsiyyətdə olan bir zamandaşı kimi bu sətirləri yazıram. O, həqiqətən, bu mürəkkəb zəmanəmizdə yamanlıqları dərhal yaddan çıxaran, yaxşılıqları yaddaşına yazan və heç zaman unutmayan gözəl bir insandır. Ötən əsrin ən qeyrətli və mübariz azərbaycanlılarından biri, böyük vətəndaş və ziyalı Abbas Zamanov haqqındakı kitabı laqeyd, həyəcansız oxumaq mümkün deyil. Abbas müəllim indiki BDU-nun filologiya fakültəsində işlədiyi uzun müddət ərzində onlarla, yüzlərlə tələbələrə bir ata kimi təmənnasız yaxşılıqlar edib, onların həyatda və elmdə öz yerlərini tutmasında əvəzsiz rol oynayıb. Həmin yüzlərlə tələbələr, şübhəsiz ki, öz ürəklərində Abbas müəllimdən yerdən-göyə razı olublar, ona dəfələrlə alqış ediblər, öz-özlərinə və yaxınlarına, dostlarına dəfələrlə bu barədə danışıblar. Amma gəlin etiraf edək ki, onların hamısı öz müəllimləri haqqında gələcək nəsillərə də nümunə ola biləcək bu cür minnətdarlıq yazıları yazmayıblar və ya yazmağa imkanları olmayıb. “Abbas Zamanov olmasaydı” kitabı yalnız Kamranın yox, sanki bütün Abbas Zamanovsevərlərin qəlb nidası, könül etirafı kimi səslənir, vicdanları oyadır. Və mən bu sətirləri yazarkən ustadım, professor Qəzənfər Paşayevin öz sevimli ustadı Abbas Zamanov haqqındakı dərin səmimiyyətlə yazılmış xatirələrini də ayrıca vurğulamağı özümə borc bilirəm. “Abbas Zamanov olmasaydı” kitabını oxuyarkən bir mühüm həqiqəti bir daha yenidən dərk etdim; Doğrudur, heç kimin köməyi olmadan da, Kamran Əliyev kimi istedadlı bir gənc nə vaxtsa Bakıya gəlib, çətinliklə olsa da, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işə düzəlib, alim ola bilərdi. Amma həmin o gənc alim bugünkü Kamran Əliyev qədər uğurlara və bənzərsiz bir məhsuldarlığa nail ola biləcəkdimi? Onun gücü, enerjisi, istedadı lazımsız maneələri aşmağa sərf edilməyəcəkdimi? Axı biz öz tərcümeyi-halımızda və yaxın yoldaşlarımızın elm yolunda qarşılaşdığı bir-birindən amansız çətinliklərdə dəfələrlə əmin olduq ki, hər bir gənc alimin, istedadının dərəcəsindən asılı olmayaraq, qayğıkeş bir ustada, mehriban bir müəllimə həmişə ehtiyacı var. Əminliklə deyirəm, Kamran öz gücünə arxalanıb, ölkəmizdə tanınmış bir alim kimi yetişəcəkdi. Amma ustad Abbas Zamanov olmasaydı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işlədiyi illərdə böyük ədəbiyyatşünas alim, akademik Məmmədcəfər Cəfərovun məktəbini keçməsəydi, Kamran Əliyev bu dərəcədə əzəmətli alim-şəxsiyyətə və Azərbaycan miqyaslı bir elm fədaisinə çevrilə bilməzdi. Bu söylədiklərimiz, eyni zamanda, artıq XXI əsrdə bizim Azərbaycanımızda yaddan çıxarılmaqda və unudulmaqda olan ustad-şagird münasibətlərinin milli-tarixi əhəmiyyətinə də parlaq bir misaldır. Atalarımız yaxşı deyib: “Ustad görməyən şagird hər məqama yorğalar”. Ustad görməyən şagirdlərin böyük uğurlara imza ata bilməsinin çətinliyinin və əksinə, ustad qayğısı ilə formalaşan alimlərin öz sahəsində, elmi yaradıcılığında ardıcıllığının, fasiləsizliyinin və sabitqədəmliyinin sirri də məhz bundadır.

“Ədəbiyyatşünaslıq və ədəbiyyatşünaslar” kitabı da görkəmli ədəbiyyatşünas alim Kamran Əliyevin şəxsiyyətinə və yaradıcılığına güzgü tutan bir əsər kimi qiymətlidir. Müəllif bu kitabında Azərbaycan ədəbiyyatşünaslığının ta qədimlərdən indiyə qədər, xüsusən, XX yüzildə keçdiyi tarixi inkişaf mərhələlərindən geniş və ətraflı bəhs edir. Azərbaycan ədəbiyyatşünaslığının patriarxı Firudin bəy Köçərlidən tutmuş, çağdaş ədəbiyyatşünaslarımıza qədər elmimizin əksər görkəmli nümayəndələrinə və onların yaradıcılığına Kamran müəllim böyük qayğı və sayğı ilə yanaşır. Azərbaycanda professional ədəbiyyatşünaslıq elminin bünövrəsini qoyan böyük alimlərimiz - akademik Feyzulla Qasımzadə, akademik Həmid Araslı, akademik Məmməd Arif Dadaşzadə, akademik Məmmədcəfər Cəfərov, akademik Kamal Talıbzadə, akademik Əziz Mirəhmədov, akademik Yaşar Qarayev, akademik Bəkir Nəbiyev və başqa elm fədailərindən alim məhəbbətlə bəhs edir. Həmin kitabdakı ən yaxşı məqalələrdən biri xalqımızın sevimli yazıçısı, görkəmli ədib və ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevə həsr olunub. Xüsusi qeyd etməyə dəyər ki, 60-70-ci illərin ədəbi mühitində indiki BDU-nun filologiya fakültəsinin xüsusi çəkisi vardı. Məhz həmin dövrdə Azərbaycan filologiyasına onlarla, yüzlərlə gənc istedadlı mütəxəssislər bəxş edən məşhur fakültənin şöhrətinin yüksəlməsində və cəmiyyətdə nüfuz qazanmasında bir sıra müəllim və alimlərin xidmətləri ayrıca qeyd edilməlidir. O vaxtın ən görkəmli filoloq alimləri içərisində professorlar Mir Cəlal Paşayevin, Abbas Zamanovun, Əkbər Ağayevin, Firidun Hüseynovun, Xalid Əlmirzəyevin və Təhsin Mütəllibovun xidmətlərini bu gün minnətdarlıqla xatırlayırıq. Xalqımızın sevimli yazıçısı və müəllimi Mir Cəlal Paşayevin o dövrün ədəbi gəncliyi arasında böyük nüfuzu və hörməti vardı. Həmin illərdən bizi yarım əsrə yaxın vaxt ayırsa da, o gənclik təəssüratları və yaşantıları hələ də təzə-tərdi, öz təravətini itirməyib. Və Kamran müəllim də özünün və biz tələbələrin böyük alimə sonsuz sevgisindən, Mir Cəlal müəllimə münasibətindən coşğunluqla bəhs edib.

1953-cü il martın 5-i Kamran Əliyevin anadan olduğu gündür. O, həmin gün qədim Naxçıvanın gözəl guşələrindən biri - Diyadin kəndində dünyaya gəlib. Amma bu tarix yalnız Kamran müəllimin ailəsinin və ya təkcə Azərbaycanın deyil, bütünlükdə sabiq imperiyanın tarixindəki ən mühüm günlərdən biridir. Məhz 1953-cü ilin 5 mart günü, dünyanın az qala yarısını öz qanlı və qorxunc əməlləri ilə təhlükədə saxlayan dəhşətli tiran işıqlı dünya ilə vidalaşıb. Mən həmin günlərin üst-üstə düşməsində qəribə, izaholunmaz, bir-biri ilə qırılmaz bir bağlılıq görürəm. Dahi Hüseyn Cavidin amansız qatilinin ölüm günündə Stalin rejiminin ədəbi ittihamçılarından birinin doğuluşu mənə qanunauyğun bir hadisə kimi duyulur. Həqiqətən, Kamran Əliyev Hüseyn Cavid həyatı və yaradıcılığına həsr etdiyi onlarla, yüzlərlə əsərlərində yalnız bədii-estetik problemləri təhlil etmək, araşdırmaqla kifayətlənmədi. Hüseyn Cavidin faciəli ölümünü, həbsini, ona olan iftira və böhtanları, ümumən, dahi insan haqqında formalaşdırılmış, illərlə, aylarla hazırlanmış dəhşətli şər mühitini dərindən təhlil edərək, bütün bunların ən kiçik zərrələrinə qədər antiinsani rejimlə bağlı olduğunu sübuta yetirdi. Kamran Əliyevin hələ 90-cı illərdə nəşr etdirdiyi “Mirzə Fətəlidən Hüseyn Cavidə qədər” (1998) adlı çox gözəl kitabı haqqında yazdığım məqaləyə mən belə bir sərlövhə qoymuşdum: “Ölüm və olum əsrinin vicdanı”. Məncə, Hüseyn Cavidin mühitini və əsrini bu cür səciyyələndirmək daha məqsədəuyğundur. 20-30-cu illərdə - ölüm və faciələrin girdabında yaşayan insanlar ölüm və həyat arasındakı məsafəni daha aydın və əyani şəkildə hiss edirdilər. Proletariat diktaturası ölümü təbliğ edirdi, ölüm günlərini və bayramlarını təntənə ilə qarşılayırdılar. Məhz 30-cu illərdə böyük sənətkarların doğum günlərinin deyil, ölüm günlərinin təntənə ilə qeyd olunmasını Kamran Əliyev çox böyük uzaqgörənliklə kəşf etmişdi. Məsələn, A.S.Puşkinin 1937-ci ildə ölümünün 100 illiyinin bütün ölkə miqyasında təntənə ilə qeyd olunmasını müəllif haqlı olaraq təsadüfi deyil, rejimin təbiətinə və mahiyyətinə uyğun bir hadisə kimi dəyərləndirirdi. Kamran Əliyevin cavidşünaslıqla bağlı tədqiqatlarında böyük Cavidin mürəkkəb mühiti və amansız dövrü haqqında bu cür qiymətli elmi kəşf və müşahidələr çoxdur.

Əziz qardaşım, dostum və ustadım Kamran! Sənin 65 yaşını səmim-qəlbdən təbrik edir, sənə can sağlığı, uzun ömür arzulayıram. Arzu edirəm ki, ədəbiyyatşünaslıq elmimizin korifeyləri Mirzə Feyzulla və Məmməd Cəfər müəllimin uzun ömrü sənə də qismət olsun. Sənin əsərlərinin və yaratdıqlarının ömrü isə, inanıram ki, neçə-neçə nəsillərin mənəvi ehtiyacları və arzuları qədər uzun olacaq!..

 

 

Yaşar QASIMBƏYLİ

Filologiya elmləri doktoru,

AMEA-nın baş elmi işçisi

 

525-ci qəzet.-2018.- 30 iyun.- S.14-15.