“Dəlixanada qətl”in motivləri: ağrılar və doğrular

 

Məşhur İsveçrə yazıçı-dramaturqu, alman dilində yazıb-yaratmış Fridrix Dürrenmattın “Fiziklər” komediyası əsasında hazırlanmış “Dəlixanada qətl” tamaşasına Gənc Tamaşaçılar Teatrının tanış səhnəsində təxminən bir ay öncə, mayın 16-da elə ilk premyerasında baxmışdım.

Düzünü desəm, tamaşaya baxandan sonra haqqında deyə və ya yaza biləcəyim heç nə tapmamışdım. İlk baxışda sadə süjet üzərində qurulmuş, adi komediya təsiri bağışlamışdı. Amma günlər keçdikcə tamaşanın məndə yaratdığı təsirin fərqinə vardım. Ondan sonra çox tamaşalar, filmlərə baxdım, çox yazılar yazdım, amma həmişə beynimin bir küncündə dəlixanada törədilmiş o qətllər vardı. “Dəlixanada qətl” tamaşası kənardan çox yüngül, kalorisiz və bər-bəzəkli görünən, hətta ilk yediyin vaxtda belə təsirini hiss etmədiyin, amma zamanla ağırlığı mədənə çökən, sənə narahatlıq verən bir yemək kimidir. Qurtulmağın tək yolu, deyəsən, haqqında yazmaqdır.

Ötən il dünyasını dəyişmiş dahi alim Lütfi Zadənin xatirəsinə həsr olunan tamaşanın pyesini rus dilindən Dilsuz Mustafayev tərcümə edib. Yeni səhnə əsərinin  quruluşçu rejissoru Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, rejissor assistenti Sevda Hacışəmiyevadır. Əsas obrazları Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqü Hüseynov, Kərəm Hadızadə, Elnur Hüseynov, Rəşad Səfərov, Mehriban Hüseynova, İradə Rəşidova, Gülər Nəbiyeva, Şəbnəm Hüseynova, Anar Seyfullayev, Ramiq Nəsirov, Gülər Nəbiyeva, Ramil Məmmədov, Anar Səfiyev, Güşvar Şərifova və Aygün Fətullayeva canlandırırlar.

İkihissəli komediyadakı hadisələr bir gün ərzində tibb alimi, şəxsi həyatını bu sahəyə qurban verən Matilda fon Tsand (Leyli Vəliyeva) tərəfindən əsası qoyulmuş “Albalı bağı” adlı özəl ruhi xəstəxanaya aid köhnə villada cərəyan edir. Qıraqdan heç də tibb mərkəzinə bənzəməyən villada son üç ayda qəribə hadisələr baş verir. Daha dəqiqi, pasientlər tibb bacılarını öldürürlər. Polis müfəttişi Rixard Foss (Elnur Hüseynov) bu müddətdə baş verən  ikinci qətl hadisəsini (axşamadək qətllərin sayı üçə çatacaq) araşdırmaq üçün psixiatriya sanatoriyasına gəlib. Əslində, araşdıracaq bir şey də yoxdur, ölən də məlumdur, öldürən də. Əsas problem isə öldürənlərin məsuliyyətə cəlb oluna bilməməsidir. Axı, onlar dəlidirlər. Bütün xəstələri köçürülmüş sanatoriyada cəmi üç pasient qalıb, üçü də fizikdir. Birinin adı Herbert Georq Beytlerdir, amma özünün Nyuton olduğunu (Nofəl Vəliyev) iddia edir, ikincisi Ernest Henrix Emestidir ki, o da özünü Eynşteyn kimi (Kərəm Hadızadə) qələmə verir, üçüncü fizik -  ən köhnə pasiyent isə özünə heç bir məşhur ad götürməyib, eləcə Lohan Vilhelm Mebius (Şövqi Hüseynov) kimi bilinir.

Hadisə özünü Nyuton və Eynşteyin adlandıran xəstələrin tibb bacılarını öldürmələri ilə başlayır. Əslində, ortada cinayət var və günahkar mütləq cəzalanmalıdır. Amma bu işdə polis müfəttişi Rixard Fossa öncə qanunlar mane olursa, ikinci tərəfdən sanatoriyanın baş həkimi Matilda fon Tsand, baş tibb bacısı Marta Bol da əngəllər törədir, israrla bu qətllərin bədbəxt hadisə kimi qəbul edilməsinə çalışırlar. Çünki cinayəti törədən ağıllı-başlı adam deyil, ruhi xəstələrdir. Özü də heç kimlə işi olmayan, fağır, sözəbaxan, bir az da komik fiziklər. Onların bu vaxta qədər zərər verdikləri yeganə insanlar tibb bacılarıdır ki, onları da öldürüblər.

Biz bu vaxta qədər cinayətin niyə baş verdiyini bilmirik. Çünki hər iki cinayət bizdən öncə baş verib və biz məsələyə həmin cinayətlərin araşdırılması ilə daxil olmuşuq. Ancaq hadisələrin gedişatında gözümüzün önündə yeni bir cinayət törədilir. Deyəsən, elə digər iki cinayətə oxşar səbəblərdən (bunu sonradan ruhi xəstələrin, yəni fiziklərin söhbətindən anlayırıq). Bu cinayəti isə Lohan Vilhelm Mebius törədir. O, öz tibb bacısı ilə söhbətində (Şəbnəm Hüseynova) kifayət qədər ağıllı, savadlı, özünü, sözünü bilən insan təsiri bağışlayır. Elə bu söhbətlə tamaşaçının içinə bir şübhə düşür, bəlkə heç bunlar dəli deyillər? Bəs burda nə işləri var?

Aydın olur ki, Mebiusla tibb bacısı bir-birinə vurulublar. Tibb bacısı onun xəstə olmadığının da fərqindədir və tezliklə buradan çıxıb onunla evlənməyin xəyallarını qurur. Elə Mebius özü də bunu istəyir. Öz baxıcısını böyük məhəbbətlə sevir. Amma onu öldürür! Bəs niyə? Nədir bu qətllərin səbəbi? Ağlı başında olan insanlar, hətta alimlər necə olub ki, öncə dəliyə, sonra isə soyuqqanlı qatilə çevriliblər?

Aydın olur ki, Mebius çox böyük alimdir, hansısa fövqəladə elmi kəşflər edib. Amma onun etdiyi bu elmi kəşflər bəşəriyyətin məhvinə səbəb ola bilər. Əlbəttə, o kəşfi edərkən bunu düşünməmişdi. Çünki bıçaq bir əldə çörək doğramaq üçün alətdirsə, digər əldə soyuq silaha çevrilə bilir. Eləcə də Mebiusun kəşfi qana susamış, torpaq davası, mal-mülk hərisliyi ilə bir-birinin ətini didən bəşər övladının əlində hətta dünyanı məhv edə biləcək bir silaha çevriləcək. Bütün bunların fərqində olan alim isə öz elmi kəşflərinin gerçəkləşmə qorxusundan burdadır. Çünki Mebius əmindir ki, fərdin bütün bəşəriyyəti məhv edəcək riskə getməyə haqqı yoxdur. O, öz azadlığını, ailəsini, övladlarını, sevgisini də məhz bunun uğrunda fəda edir. Bütün bəşəriyyətin xilası üçün özü də daxil olmaqla bir neçə fərdi qurban verməkdən çəkinmir. Və bütün bunları öyrənən tamaşaçı o qatil olsa belə ona haqq qazandırır. Şair Nazim Hikmətin də dediyi kimi, “insanlar üçün ölə biləcəksən, həmdə üzünü belə görmədiyi insanlar üçün...”

Bu etiraflardan sonra biz özünü Nyuton və Eynişteyn kimi qələmə verən pasientlərin də əslində, Mebiusun izində olan, onun kəşflərini ələ keçirməyə çalışan, buna görə də özlərini dəliliyə vuran fiziklər olduğunu öyrənirik. Sən demə, baş həkim Matilda da onların kimliyindən xəbərdardır və bütün xəstələr köçürüldüyü halda, bu üç nəfərin köhnə villada saxlanılmasında məqsəd onları öyrənmək, elmi kəşflərini üzə çıxartmaq imiş.

Dürrenmatt bu pyesini görkəmli alman aktrisası Tereza Gizeyə həsr edib. Müəllifin pyesdə qoyduğu məsələ çox düşündürücü, hətta bir yerdə qorxuducudur. O, hələ 1962-ci ildə elmin, texnikanın bu cür sürətli inkişafının bəşəriyyəti məhvə sürükləyə biləcəyini görür və öz pyesi ilə dünyaya sanki bir SOS siqnalı ötürürdü. Bəs nəticə? Pyesin yazıldığı dövrdən ötən yarım əsrdən artıq müddətdə elm-texnika o qədər inkişaf edib ki, bu inkişaf, saysız-hesabsız kəşflər insanları xoşbəxt etmir, əksinə, ən uzaq məsafələrdən belə onları məhv edəcək, ölkələri xaraba qoyacaq silahlar yaradır! Artıq dünya bir balaca düymənin və o düyməni əlində oyuncaq kimi oynadan bir neçə psixopatın ixtiyarındadır!

Müəllifin bu cür ağır və bəşəri mövzuya komediya janrını seçməsi də maraqlıdır. Deməli, o da sələfləri kimi belə düşünürdü ki, komediya - müasir gerçəkliyin hələ də adekvat əks oluna bildiyi yeganə janrdır. Çünki qətlin araşdırılması ilə başlayıb, bəşəri bir problemin dilləndirilməsi ilə bitən pyesdə tez-tez komik səhnələrə, mövzuya bilavasitə bağlı olan və insanlarda gülüş doğuran nüanslara, bəzən istehzaya da rast gəlirik. Amma bütün hallarda o gülüş sonluqda üzümüzə çırpılan həqiqətlə dodaqlarımızdaca donub qalır.

Tamaşa istər rejissor işi, istərsə də aktyor oyunu və səhnə tərtibatı ilə pyesin əks etdirdikləri və ötürdüyü mesajlarla səsləşir. Cənnət Səlimovanın peşəkar və bir az da qadın kövrəkliyi ilə əlavə etdiyi ştrixlər tamaşaçıda ümidin ölməməyinə, gələcəkdən əl üzməməyinə səbəb olur. Hiss olunur ki, baş roldan tutmuş, epizodik rollara qədər bütün aktyorlar hansı mövzuda rol aldıqlarının fərqindədirlər.

Fikrimizcə, sezonun son aylarında Gənc Tamaşaçılar Teatrı uğurlu bir tamaşa ilə izləyənlərini sevindirməyi bacardı və ümidvarıq ki, növbəti sezonda bu səhnə əsəri teatrın ən çox baxılan və sevilən işlərindən biri ola biləcək.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2018.- 30 iyun.- S.12.