Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi diplomatiya

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramın göstəricisidir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoyub. Ulu öndərimiz Heydər Əliyev bunu həmişə yüksək dəyərləndirirdi.

 

Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: “...Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb”. Bu zəmin 1991-ci ildə gerçəkləşdi, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.

 

“Azərbaycan Xalq Cümhuriyyəti İli” – 2018-ci il həm də Azərbaycan Ordusunun 100 illik yubiley ilidir.

 

AZƏRTAC bu münasibətlə Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti, polkovnik Atamalı Şahbazovun arxiv materialları əsasında hazırladığı "Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi diplomatiya" sərlövhəli məqaləsini təqdim edir.

 

Azərbaycan Xalq Cümhuriyyətinin qərar tutduğu geostrateji məkan və mürəkkəb hərbi-siyasi şərait, əldə edilmiş müstəqilliyin qorunması üçün bütün sahələrdə olduğu kimi, hərbi diplomatiya sahəsində də fəal siyasətin həyata keçirilməsini tələb edirdi. Belə bir siyasət, bir tərəfdən Azərbaycanın müstəqilliyinə qarşı istiqamətlənmiş ciddi hərbi təhlükənin qarşısının alınmasında, beynəlxalq şəraitin formalaşmasına zəmin yaratmaqla bərabər, həm də zəruri bazası və infrastrukturu olmayan Cümhuriyyət Ordusunun formalaşmasına əlavə imkanlar aça bilərdi. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən dərhal sonra ilk hərbi diplomatik fəaliyyət məhz Azərbaycan ilə Osmanlı Türkiyəsi arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, tarixi hərbi əməkdaşlığın qurulması ilə başlamışdı. Azərbaycanın müstəqilliyi və bütövlükdə xalqımızın mövcudluğu üçün real təhlükə olan bolşevik-daşnak təcavüzünün qarşısının alınması üçün Osmanlı Türkiyəsinin məhdud sayda hərbi qüvvələri Azərbaycana gəldi. Osmanlı hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı. Hər iki ölkə arasında çox səmərəli və faydalı hərbi əməkdaşlıq 1918-ci ildə Bakının yad qüvvələrdən təmizlənməsinə və bu şəhərin Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrilməsinə imkan verdi.

 

Birinci Dünya müharibəsinin nəticələrini özündə əks etdirən Mudros sülh müqaviləsinin şərtlərinə əsasən, Osmanlı hərbi qüvvələri Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalanda, hökumətin qərarı ilə Cümhuriyyətin Hərbi Nazirliyi bərpa edildi. Hərbi Nazirliyin təşkilatlandırılması çar Rusiyası ordusunda tam artilleriya generalı rütbəsinə qədər yüksəlmiş Səməd bəy Mehmandarova həvalə edildi. Onun hərbi nazir təyin edilməsi, ordusu çox zəif olan Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun səmərəli və peşəkar səviyyədə aparılmasında, istiqamətləndirilməsində və müdafiə qabiliyyətinin gücləndirilməsində müqayisə edilməyəcək dərəcədə sıçrayış yaratdı. Hökumət və eyni zamanda, Hərbi Nazirlik ölkənin daxili imkanlarını səfərbərliyə almaqla yanaşı, həm də fəal xarici siyasət aparılmasına diqqəti xeyli gücləndirdi. İlk növbədə, Mudros sülh müqaviləsinin şərtlərinə görə, Azərbaycanın nəzarət altına alınması üçün müttəfiq dövlətlər adından Bakıya göndərilmiş ingilis hərbi qüvvələrinin komandanlığı ilə qarşılıqlı əlaqələrin qurulmasına səy göstərildi. İngilis hərbi komandanlığının tələbi ilə Hərbi Nazirlik Bakıdan Gəncəyə köçürülmüşorada fəaliyyət göstərməli olmuşdu. Eyni zamanda, həmin tələbə əsasən, bütün milli hərbi qüvvələr də Bakıdan çıxarılmışdı. Sonradan Hərbi Nazirliyin rəhbərliyinin fəal siyasəti nəticəsində 1919-cu il aprelin 5-də Azərbaycanın məhdud sayda hərbi qüvvələrinin Bakıya qayıtmasına icazə verilmişdi.

 

Bundan başqa, çar Rusiyasından Azərbaycana miras qalmış bir neçə hərbi gəmi də ingilis qüvvələrinin nəzarəti altına keçmişdi. Həmin gəmilərin geri alınması üçüningilis hərbi komandanlığı ilə fəal məsləhətləşmələr aparılmışdı. Azərbaycan Hökumətinin ingilis komandanlığı ilə apardığı yazışmalar bunu sübut edir. Amma bütün cəhdlərə baxmayaraq, ingilis komandanlığı Xəzər donanmasına aid olan hərb gəmilərin əsas hissəsini Azərbaycana deyil, Denikin ordusuna təhvil vermişdi. Lakin sonradan həmin gəmiləri geri almaq mümkün olmuşdu.

 

Denikin ordusunun hücum təhlükəsinin qarşısının alınması Azərbaycan Xalq Cümhuriyyətinin hərbi diplomatiyasının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi. Denikin təhlükəsi yalnız Azərbaycana qarşı deyil, bütünlükdə Cənubi Qafqaza qarşı istiqamətlənmişdi. Bu təhlükənin qarşısının alınması üçün Azərbaycan ilə Gürcüstan arasında çox fəal və səmərəli hərbi diplomatik əlaqələr quruldu. Məhz mövcud şəraitdə Gürcüstan ilə qarşılıqlı hərbi əlaqələrin qurulması hər iki dövlət üçün strateji əhəmiyyət kəsb edirdi. Həmin hərbi əməkdaşlıq özünün hüquqi əksini 1919-cu il iyunun 16-da iki respublika arasında imzalanmış hərbi sazişdə tapdı.

 

Sazişi Azərbaycan hökuməti tərəfindən xarici işlər naziri Məmmədyusif Cəfərov, hərbi nazir, tam artilleriya generalı Səməd bəy MehmandarovBaş Qərargah rəisi, general-leytenant Məmməd bəy Sulkeviç, Gürcüstan tərəfindən isə xarici işlər naziri Geqeçkori, hərbi nazir Ramişvili, hərbi nazirin köməkçisi Qedevanovgeneral Odişelidze imzalamışdılar. Tiflisdə imzalanmış üç il müddətinə nəzərdə tutulan on maddəli həmin sazişin əsas mahiyyəti respublikaların hər hansı birinə xarici müdaxilə olacağı halda digər respublikanın ona mümkün hərbi kömək göstərməsi idi.

 

Bu sazişin imzalanması həmin dövrdə Azərbaycanın dövlət və hökumət rəhbərliyi, habelə siyasətçilər tərəfindən son dərəcə yüksək qiymətləndirildi. 1919-cu il iyunun 27-də Parlamentin fövqəladə iclasında həmin saziş ratifikasiya olundu. Sazişdən əlavə, iki dövlət arasında hərbi-texniki əməkdaşlıq haqqında sənəd də imzalandı. Həmin sənədə müvafiq olaraq, Gürcüstan həm hərbi-texnika və sursat baxımından, həm də kadrların hazırlanması baxımından Azərbaycana əhəmiyyətli kömək göstərdi.

 

İki ölkə arasında hərbi əməkdaşlığın uğurlu davamı kimi, 1920-ci il yanvarın 20-də Azərbaycanın və Gürcüstanın müştərək Hərbi Şurası təsis edildi. Azərbaycan tərəfindən bu şuraya hərbi nazirin köməkçisi, general-leytenant Əlağa Şıxlinski və Baş Qərargah rəisi, general-leytenant Məmməd bəy Sulkeviç, Gürcüstan tərəfindən isə general Odişelidzegeneral Kutatelidze təyin edilmişdilər.

 

Qarşılıqlı hərbi əməkdaşlığın yüksək səviyyədə qurulması üçün Gürcüstanda Azərbaycan Xalq Cümhuriyyətinin hərbi attaşeliyi də təsis edildi. 1919-cu il martın 26-da hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarov 148 nömrəli əmri ilə o zaman Hərbi Nazirliyin hərbi topoqrafiya şöbəsinin rəisi olmuş podpolkovnik Məmməd bəy Əliyevi bilavasitə Ordunun Baş Qərargah rəisinə tabe olmaqla, Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstandakı diplomatik missiyasında hərbi attaşe vəzifəsinə təyin etdi.

 

İkitərəfli hərbi əlaqələr üçün hərbi attaşelik aparatının vacibliyini nəzərə alan hərbi nazir Səməd bəy Mehmandarov 1919-cu il mayın 27-də 271 nömrəli əmrlə Gəncə Praporşiklər məktəbini fərqlənmə ilə bitirmiş praporşik (Cümhuriyyət dövründə ilkin zabit hərbi rütbəsi) Əsgər Əsgərov-Kəngərlinskini Gürcüstandakı diplomatik missiyada hərbi attaşenin tapşırıqçısı vəzifəsinə təyin etmişdi (Sonralar praporşik Əsgər Əsgərov-Kəngərlinski sovet dövründə - 1921-ci ilin iyulundan 1922-ci ilin iyununa kimi Türkiyədəki Azərbaycan Sovet Respublikasının diplomatik missiyasında hərbi attaşe vəzifəsində xidmət etmişdiplomatik missiya bağlanarkən "Azərbaycanın faciəsi" adlı əlyazmasına görə sovet xüsusi xidmət orqanları tərəfindən cəzalandırılması üçün konvoyla geri gətirilərkən qaçmış və böyük ehtimalla Türkiyədə gizlənmişdi).

 

Gürcüstanda hərbi attaşeliyin təsis edilməsi bütünlükdə Azərbaycanın hərbi diplomatiya tarixində yeni bir səhifə idi. Çünki bu, Azərbaycanın müstəqilliyi dövründə ilk hərbi attaşeliyi idi. Attaşeliyin səmərəli fəaliyyəti nəticəsində həm Gürcüstandan Azərbaycan Ordusunun təchizatı üçün zəruri olan xeyli sayda silah və hərbi texnika almaq, həm də həmin ölkənin hərbi məktəblərində xeyli sayda Azərbaycan zabitinin müəyyən ixtisaslar üzrə təkmilləşdirilməsi mümkün oldu. Digər tərəfdən, imzalanmış sazişə əsasən,

 

Azərbaycanın şimal sərhədlərinin, Abşeronun və Bakının müdafiə sisteminin yaradılmasına təcrübəli gürcü zabitlər cəlb edildilər.

 

Razılaşmaya əsasən, gürcü zabitlər döyüş əməliyyatlarında iştirak etmədən Azərbaycan Ordusunun sıralarında xidmət imkanı da əldə etdilər.

 

Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun sıralarında xeyli sayda gürcü zabiti xidmət etmişdi. Onlardan ikisi - Azərbaycan Ordusunun general-kvartirmeysteri polkovnik Karqaleteli və hərbiyyə məktəbinin rəisi, polkovnik Çxeidze Azərbaycan Hökumətinin qərarı ilə nümunəvi xidmətlərinə görə general-mayor rütbəsinə layiq görülmüşdülər.

 

Gürcüstanla imzalanmış sazişə əsasən, qarşı tərəfə zərurət yarandığı anda Azərbaycan tərəfindən hərbi kömək göstərilməsi üçün konkret planonun icrası üçün hərbi qüvvə və vəsaitlər müəyyənləşdirilmişdi. Arxiv sənədlərindən aydın olur ki, həmin sazişə əsasən, 1920-ci ilin yanvarında Hərbi Nazirlik Gürcüstana hərbi müdaxilə olduğu zaman göndəriləcək qoşun hissələri barədə məxfi hesabat hazırlamışdı. Həmin hesabata əsasən, Azərbaycan tərəfindən Gürcüstan ərazisinə göndəriləcək və bu ölkənin hərbi komandanlığının tabeliyinə veriləcək hərbi hissələr aşağıdakı kimi təyin olunmuşdu:

 

1-ci piyada diviziyasından 1-ci Cavanşir alayı - Xankəndidən, 2-ci Zaqatala alayı - Zaqataladan, 3-cü Gəncə alayı - Gəncədən, 1-ci artilleriya briqadasından 1-ci və 4-cü batareya Xankəndidən, 2-ci və 3-cü batareya Gəncədən, diviziyanın qərargahı Gəncədən.

 

Süvari diviziyasından: 1-ci Qarabağ alayı - Xankəndidən, 3-cü Şəkı alayı - Gəncədən, Süvari-dağ batareyası - Gəncədən.

 

2-ci Zaqatala alayı Çnoris-Çkali stansiyasına Katexi-Bostanya Balakən-Laqodexi yaşayış məntəqələrini qət etməklə çatmalı idi. Digər hərbi hissələrin isə Gəncə-Tiflis dəmir yolu vasitəsilə daşınması hesabatda göstərilmişdir.

 

Gürcüstan tərəfi də eyni qayda ilə Azərbaycan tərəfinə hərbi müdaxilə edildiyi təqdirdə hesabata uyğun hərbi hissələr göndərməyi öz öhdəliyinə götürmüşdü.

 

Lakin 1920-ci ilin aprelində bolşevik işğalı o qədər sürətlə baş verdi ki, Gürcüstandan hərbi kömək almaq imkanı olmadı. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin əsas hərbi qüvvələri Qarabağda Ermənistan hərbi qüvvələrinin hərbi təcavüzünün qarşısının alınmasına göndərilmişdi. Ona görə də şimal sərhədləri demək olar ki müdafiəsiz qalmışdı.

 

Cümhuriyyət dövrünün hərbi diplomatiyasının tarixinə yazılacaq maraqlı hadisələrdən biri də hərbi təchizat əldə edilməsi üçün Hərbi Nazirliyin nümayəndə heyətinin Avropaya səfər etməsi idi. 1919-cu il oktyabrın 20-də hərbi nazir Səməd bəy Mehmandarovun tapşırığına əsasən, Hərbi Nazirliyin nümayəndələri başda 2-ci Azərbaycan piyada diviziyasının komandiri, general-mayor İbrahim ağa Usubov olmaqla, hərbi ləvazimat idarəsindən kollej asessoru (çar Rusiyasında mülki rütbə) Xanbudaqov İtaliyanın paytaxtı Romaya ikitərəfli əlaqələrin yaradılması və hərbi ləvazimatların alınması məqsədilə səfər etmişdi. Nümayəndə heyəti İtaliyanın Müdafiə Nazirliyi ilə ikitərəfli əlaqələrin yaradılmasına nail olmağa çalışsa da, İtaliya Müdafiə Nazirliyi belə əməkdaşlığa meyilli olmamışdı. Bu məqsədlə general-mayor İbrahim ağa Usubov hərbi nazir Səməd bəy Mehmandarovun tapşırığına əsasən, İtaliyanın hərbi ləvazimat hazırlayan “Kiano Qella Komp” şirkəti ilə 1919-cu il noyabrın 23-də Romada Azərbaycan Ordusu üçün 25 min dəst, yüksək rütbəli zabitlər üçün isə əlavə 500 dəst, onlardan böyük ölçü 20 faiz, orta ölçü 50 faizkiçik ölçü isə 30 faiz olmaq şərti ilə hərbi geyim (piyada botinkası, üst geyim mundir dəsti, sarğı, qış paltosuayaq sarğısı) hazırlanmasına dair müqavilə imzalamışdı.

 

Müqavilənin şərtlərinə görə, göstərilən əmlakın 1919-cu il dekabrın 20-dək çatdırılması planlaşdırılsa da, 1920-ci ilin aprelində Bakıya çatdırıldı.

 

Bakının XI Qızıl ordu tərəfindən işğalı ərəfəsində milli ordunun hərbi hissə komandirləri bolşeviklərin əlinə keçməməsi üçün İtaliyadan gətirilmiş bütün geyim ləvazimatlarını şəxsi heyətə paylasalar da, o zaman hərbi və dəniz komissarı olmuş Çingiz İldırımın əmri ilə bütün ləvazimatlar şəxsi heyətdən geri alınaraq XI Qızıl ordunun zabit və əsgər heyəti tərəfindən mənimsənilmişdi.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşmış hərbi diplomatiya Azərbaycanın hərb və hərbi diplomatiya tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan Xalq Cümhuriyyətinin hərbi diplomatiyasının ənənələri Müdafiə Nazirliyi tərəfindən bu günuğurla davam etdirilir.

 

Polkovnik Atamalı Şahbazov

 

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturaelm şöbəsinin hərb tarixi üzrə dosenti

 

Azərbaycan ordusu.-2018.-3 fevral.-S.5.