Bakıda Moldova yazıçısının kitabı təqdim edildi

 

Martın 3-də Bakıda Moldova Ədəbiyyatı Günləri çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında məşhur moldovalı yazıçı İqor Vonitskinin Azərbaycan dilinə tərcümə edilmiş "Mənə ölməyi öyrət" kitabının təqdimatı olub. Tədbirdə Moldova Respublikasının ölkəmizdəki səfiri George Leuka Moldova Yazıçılar İttifaqının nümayəndə heyəti iştirak edib.

AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru professor Kərim Tahirov tədbiri açaraq, Bakıda Moldova Ədəbiyyatı Günlərinin keçirilməsinin hər iki ölkənin mədəni həyatında əlamətdar hadisə olduğunu, belə tədbirlərin dost xalqlarımızı daha da yaxınlaşdırdığını qeyd edib. O, Moldova Ədəbiyyatı Günlərinin belə yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinə, Moldova Azərbaycanlıları Konqresinə AYB Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinə təşəkkürünü bildirib.

Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlu vurğulayıb ki, "Mənə ölməyi öyrət" kitabında postsovet məkanı ölkələrinin xalqlarının həyatının ortaq cəhətləri əks olunub: "Məndə yüksək təəssürat oyadan bu romanı, əminəm ki, oxucular maraqla qarşılayacaqlar".

Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov qeyd edib ki, Moldovada Azərbaycan mədəniyyətinə, xüsusən Azərbaycan ədəbiyyatına böyük maraq göstərilir. Bununla əlaqədar, yaxın gələcəkdə Moldovada Azərbaycan Ədəbiyyatı Günlərinin keçirilməsi planlaşdırılır.

Romanın Azərbaycan dilinə tərcüməçisi Azad Yaşar, nəşrin redaktoru Seyfəddin Hüseynli çıxış edərək, İ.Volnitskinin yaradıcılığı bu əsəri barədə fikirlərini bölüşüblər.

Tədbir romanla bağlı müzakirələrlə davam edib.

 

525-ci qəzet.- 2018.- 6 mart.- S.7.