Polkovnik İsrafil bəyin "Azərbaycan ordusu haqda xatirələr"inə sözardı

 

 (Əvvəli ötən sayımızda)

 

Polkovnik İsrafil bəy öz xatirələrində hərbi nazir S.Mehmandarovun Lənkəran yürüşünün nəticələri ilə bağlı imzaladığı əmrin mətnini də vermişdir.

 

Mətn orijinala çox yaxındır. Bu isə onu deməyə əsas verir ki, öz xatirələrini yazarkən İsrafil bəyin əlində müəyyən sənədlər olmuşdur. Lənkəran yürüşünün nəticələri ilə bağlı hərbi nazirin 19 sentyabr 1919-cu il tarixli 420 nömrəli əmrinin orijinalının tərcüməsi isə aşağıdakı kimidir: "Lənkəran şəhərinin tutulması, həmin rayonda qayda-qanunun bərpa edilməsi və Azərbaycan hökumətinin hakimiyyətinin təsdiq edilməsi üçün mənim tərəfimdən Lənkərana Ümumi qərargahın rəisi general-mayor Səlimovun komandanlığı altında üç qoşun növündən ibarət xüsusi dəstə təchiz edilmiş və göndərilmişdi.

 

Hacıqabuldan Lənkərana və geriyə olan 430 verstlik məsafəni güclü istidə bizim gənc ordumuz xəstələr və arxada qalanlar olmadan 15 günə qət etmişdir. Bütün yürüş ərzində dəstədə qanun-qayda pozulmamış, yerli sakinlərdən heç birinə kiçik bir ziyan vurulmamışdır. Yolboyu şəhər və kəndlərin əhalisi dəstənin zabit və əsgərlərinin nəzakətli davranışlarını böyük minnətdarlıqla qeyd edirlər. Mən buna dəstənin getməsindən sonra Lənkərana olan şəxsi səfərim zamanı əmin oldum. Öz əsl görkəmi və nümunəvi nizam-intizamı ilə hamıda güclü təəssürat yaradan dəstə zəngin hərbi qənimətlə Lənkəran qəzasını və Muğanı əzizimiz Azərbaycanın ağuşuna qaytardı, zülmdən və anarxiyadan əziyyət çəkən əhalini sakitləşdirdi və əmin-amanlığı təmin etdi. Bütün bunlar bir damla qan tökülmədən həyata keçirildi.

 

Yürüşün bu cür yaxşı nəticələrinə, başlıcası isə hərəkətin nizamının qurulmasını təşkil edən, qoşunun ehtiyaclarına qayğı və ağıllı tələbkarlıq göstərən dəstə rəisinə, general-mayor Həbib bəy Səlimova xidmətlərinə görə səmimi təşəkkürümü bildirirəm. Dəstənin tərkibinə daxil olan hissələrin rəislərinə, bütün zabitlərə və sanitar heyətinə qayğıya, yol və dayanacaqlarda tam qayda-qanunun qorunmasına görə təşəkkür edirəm.

 

Azərbaycan Ordusunun birinci hərbi yürüşündə özlərini qoçaq və şərəfli döyüşçü kimi göstərən gənc əsgərlərə ürəkdən "sağ ol" deyirəm".

 

İsrafil bəy müxtəsər şəkildə Azərbaycan ordusu hissələrinin Zəngəzura da yürüşü haqqında məlumat vermişdir. Bu yürüşdə məqsəd Dığ ətrafında toplaşmış erməni hərbi qüvvələrinə zərbə vurulması idi. Müəllif yazısında bu yaşayış məntəqəsini "Dıka" kimi göstərmişdir. Bu xatirələrin tərcüməçisi isə bu yer adının Tuğ kəndi ola biləcəyini ehtimal etmişdir. Əslində isə, söhbət Gorus yaxınlığındakı Dığ kəndindən gedir. İsrafil bəyin Zəngəzur ekspedisiyasının tarixi, bu yürüşdə iştirak edən qüvvələrin sayı və bu qüvvələrin rəhbərləri haqqında verdiyi məlumatlar dəqiqləşdirmə tələb edir. Dığ əməliyyatında iştirak edən qüvvələrin əsasını Cavad bəy Şıxlinskinin komandir olduğu 1-ci piyada diviziyasından olsa da, əməliyyatın rəhbəri o yox, süvari diviziyası komandirinin müavini Davud bəy Yadigarov təyin edilmişdi. Dığ əməliyyatı 1919-cu ilin oktyabrında deyil, noyabr ayının 3-7-si arasında keçirilmişdi. Noyabr ayında  əməliyyat keçən ərazilərdə çoxlu qar var idi və bu da əməliyyatın gedişinə öz mənfi təsirini göstərdi. Nəhayət, Dığ əməliyyatında İsrafil bəyin qeyd etdiyi 1-ci Cavanşir piyada alayı, 2-ci Zaqatala piyada alayı, 2-ci Qarabağ süvari alayı və bir artilleriya divizionundan başqa, Şəki süvari alayı, habelə yerli əhalidən təşkil edilmiş partizan dəstələri də iştirak edirdi.

 

İsrafil bəyin xatirələrində 1920-ci ilin Novruzunda keçirilən hərbi paradla bağlı tarixşünaslığımız üçün yeni olan maraqlı məlumatları vardır. İsrafil bəyin qeydlərinə görə, həmin paradda Hərbi məktəb, 5-ci Bakı piyada alayı, 6-cı Göyçay piyada alayı, 4-cü Quba piyada alayının bir batalyonu, 1-ci Tatar süvari alayı, 2-ci artilleriya briqadası, süvari-dağ artilleriya divizionu, topçu bölməsi, "Qars" və "Ərdəhan" gəmiləri istehkamçılar məktəbi və ehtiyat polis alayı iştirak etmişdi. İsrafil bəy bu paradın Hərbi Nazirliyin qarşısındakı meydanda təşkil edildiyini yazmışdır. Tərcüməçi isə bu meydanın Azneft meydanı olması barəsində İsrafil bəyin xatirələrinə öz qeydlərini əlavə etmişdir. Həmin dövrdə Hərbi Nazirlik Bakı şəhərinin indiki Səməd Vurğun küçəsi ilə Zərifə Əliyeva adına prospektinin tinindəki binada, Muzey mərkəzinin arxasında yerləşmişdi. Belə olan təqdirdə, İsrafil bəyin haqqında danışdığı parad çox ehtimal ki, indiki Muzey mərkəzinin yerində baş tutmuşdu.

 

İsrafil bəyin 1923-cü ildə "Yeni Qafqasiya" jurnalında işıq üzü görmüş xatirələrində 1920-ci ilin Novruz bayramı haqqında belə qeydləri vardır: "1920 sənəsi 22 mart Novruz bayramı münasibətilə icra edilən son rəsmi keçidi dəxi təxəttür etməmək qeyri-mümkündür. Əcəba, hansı azərbaycanlı o məsud günü xatırlamır? Ordunun qabiliyyət və intizamə, mənəviyyatı təsəvvürüb fövqündə idi. Əcnəbi səfirləri az bir zamanda, vasitəsizlik içində, bu qədər münəzzəm təşkilata malik bir əsgəri-qüvvət vücudu gətirildiyinə heyran qalırdı. Əhalidən bir çoxu duyduğu fərt məhzuziyyətdən ağlayırdı. O gün Azərbaycanın ən şanlı, ən bəxtiyar günü idi. Fəqət... Fəqət, Azərbaycan Ordusunun son rəsmi-keçidi idi".

 

Bu fikirlər İsrafil bəyin sonradan yazdığı xatirələrindən qismən öz əksini tapmışdır. Onun son Novruz paradı ilə bağlı qeydlərində də dəqiqləşdirilməsi zəruri olan məqam vardır. İsrafil bəy yazır ki, mart ayının 20-də paraddan sonra axşam ziyafət təşkil etdi, Hərbi Nazirliyin rəhbərliyini, hərbi paradda iştirak edən hissələrin komandirlərini bu ziyafətə dəvət etdi. Onun sözlərinə görə, S.Mehmandarov bu ziyafətə gəlsə də, orada çox dayana bilmədi və hökumətin iclasında iştirak etmək üçün ziyafəti təşkil etdi. İsrafil bəy sonra yazır ki, Həbib bəy Səlimovdan ermənilərin Qarabağda geniş hücuma keçməsi və bu hücumun qarşısının alınması üçün İsrafil bəyin komandiri olduğu alayın da təcili Qarabağa yollanmalı olduğunu dedi. Bu tapşırığı alandan sonra İsrafil bəy də alayı ilə birlikdə mart ayının 21-də Bakıdan Ağdama doğru hərəkətə balşladı.

 

Arxiv sənədləri ilə dəqiq məlumdur ki, erməni hərbi qüvvələrinin Qarabağda kütləvi hücumları mart ayının 22-dən 23-nə keçən gecə başlamışdır. Belə olan təqdirdə Novruz bayramı ilə əlaqədar Azərbaycan ordusunun son paradının keçirilmə tarixinin dəqiqləşdirilməsinə ehtiyac vardır. İsrafil bəy 1923-cü ildə çap olumuş xatirələrində bu paradın mart ayının 22-də keçirildiyini yazmışdır. Əgər bu tarix doğrudursa, onda çox güman ki, İsrafil bəyin təşkil etdiyi ziyafət martın 22-də deyil, martın 23-də olmuşdu. Çünki Qarabağa erməni hücumu Bakıda martın 23-də məlum olmuşdu.

 

İstənilən halda məlumdur ki, İsrafil bəy İsrafilov öz alayı ilə birlikdə Qarabağ müharibəsinə yollandı və bu müharibədə çox fəal iştirak etdi. Özü də İsrafil bəy bu müharibəyə artıq polkovnik rütbəsində yollanmışdı. Azərbaycan hökumətinin 21 mart 1920-ci il tarixli qərarı ilə xidmətdə xüsusi fərqlənməsinə görə İsrafil bəyə polkovnik rütbəsi verilmişdi.

 

1920-ci ilin mart-aprel aylarında erməni təcavüzünə qarşı Cümhuriyyət ordusunun apardığı uğurlu döyüşlər elmi-tarixi ədəbiyyatda artıq kifayət qədər işıqlandırılmışdır. Doğrudur, bu uğur elə də asanlıqla əldə edilmədi. Döyüşlərin başlanğıcında itkilər də baş verdi, təchizat və təminat məsələlərində çətinliklə də özünü göstərdi, bəzi hissələrin formalaşmasında nöqsanların mövcud olması da aşkar oldu. Lakin düzgün təşkilatçılıq, ümumi qətiyyət və müstəqilliyə sədaqət çox tezliklə çətinliklərin aradan qaldırılmasına, erməni təcavüzünün yatırılmasına zəmin yaratdı.

 

Ermənistanın daşnak-millətçi dairələri 1920-ci ilin Novruz bayramı günlərində kütləvi hücum və təcavüzə başlamaqla qarşılarına çox böyük planlar qoymuşdular. Qarabağla bərabər, ermənilər eyni zamanda, Qazax-Ağstafa istiqamətində Azərbaycan ərazilərinə soxuldular və onların niyyətləri baş tutsaydı, onda erməni hərbi qüvvələri Qarabağı bütünlüklə ələ keçirib Gəncəyə doğru irəliləməli idi. Qazax-Ağstafa istiqamətindən hücuma başlayan hərbi qüvvələr də uğur qazanacağı halda Gəncəyə doğru irəliləməli və Gəncə də daxil olmaqla Qarabağdan Qazaxa qədər olan ərazilər işğal altına düşməli idi.

 

Ermənilərin bu niyyətlərinin həyata keçməsinə yol verməmək üçün S.Mehmandarov dərhal Gəncəyə yola düşdü və orada öz qərargahını qurdu. Qarabağa göndərilən hərbi qüvvələrə rəhbərlik general-mayor Həbib bəy Səlimova tapşırıldı. Ə.Şıxlinski isə Bakıda qaldı və cəbhə bölgəsinin ehtiyaclarının ödənməsi üçün S.Mehmandarov tərəfindən verilən tapşırıqların icrasının təşkili ona həvalə olundu. Yəni S.Mehmandarov, Ə.Şıxlinski və H.Səlimovdan ibarət döyüşü idarəetmə üçbucağı yaradıldı.  Bu idarəetmə üçbucağı öz xidmətini çox uğurlu şəkildə qurdu və nəticədə erməni hərbi qüvvələrinin Azərbaycan ərazilərini işğal etmək üçün göstərdikləri bütün cəhdlərin qarşısı qətiyyətlə alındı.

 

İsrafil bəy xatirələrində Əsgəran qalasının erməni hərbi qüvvələrindən təmizlənməsinə geniş yer ayırmışdır. Onun təsvir etdikləri Əsgəran qalası üzərinə həyata keçirilən hücumun mənzərəsinin yaradılması baxımından xeyli maraq kəsb edir. Müəllifin toxunduğu məqamlar elmi-tarixi dövrüyyəyə ilk dəfə gətirilmişdir. Tariximiz üçün maraq kəsb edən maraqlı məsələlərdən biri hərbi nazir Səməd bəy Mehmandarovun Əsgəran üzərinə hücum ərəfəsində Qarabağa gəlməsidir. Bu barədə elmi-tarixi ədəbiyyatda hər hansı bir məlumat mövcud deyildi. İsrafil bəyin yazdığına görə, S.Mehmandarov aprel ayının 2-də Qarabağa gəldi, aprel ayının 5-də isə Əsgəran qalası üzərinə hücum başladı. Onun qeydlərindən belə bir qənaət hasil olur ki, S.Mehmandarov aprelin 5-də Əsgəran üzərinə hücum uğurla başa çatana kimi Qarabağda idi.

 

Mənbə məlumatlarına görə məlumdur ki, Əsgəran  qalası üzərinə Azərbaycan Ordusu hissələrinin uğurlu hücumu aprelin 3-də baş vermişdi. Ona görə S.Mehmandarovun uzun müddət Qarabağda qalması inandırıcı görünmür. Çünki S.Mehmandarov Qazax-Ağstafa istiqamətindən gedən döyüşlərin idarə edilməsini öz üzərinə götürmüşdü və o da məlumdur ki, aprel ayının 5-də erməni hərbi qüvvələri Qazax istiqamətində güclü hücuma keçmişdi.

 

Hər halda S.Mehmandarovun Qarabağda olması orada olan hərbi hissələrin şəxsi heyətini xeyli ruhlandırdı və hərbi nazir özü də ordu hissələrinin fəaliyyətindən xeyli razı qaldı. İsrafil bəy Qarabağdakı hərbi qüvvələrin qərargah rəisi polkovnik Zeynalova istinadən S.Mehmandarovun Qarabağı tərk edərkən milli hərbi qüvvələrlə bağlı aşağıdakı sözləri deməsini qələmə almışdı: "Çox şadam ki, həyatımın son illərini doğma xalqıma xidmətə həsr edə bildim. Gənc ordumuz ümidlərimi doğrultdu. Qarşıya qoyulan vəzifənin öhdəsindən şərəflə gəldi. Zabitlərə təşəkkürümü çatdırın, əsgərlərə isə ürəkdən "Sağ ol!" deyin".

 

İsrafil bəyin xatirələrində iki yerdə 8-ci Ağdam piyada alayının adı çəkilmişdir. Burada yəqin ki, texniki xətaya yol verilib. Çünki Cümhuriyyət ordusunun 8-ci alayı Ağdaş alayıdır. Cümhuriyyət ordusunun tərkibində Ağdam alayı adlanan alay, ümumiyyətlə, olmamışdır.

 

Polkovnik İsrafil bəy İsrafilov Cümhuriyyət ordusunun formalaşmasında, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində fədakarlıqla xidmət göstərmiş milli ruhlu zabitlərdən biridir. Onun Azərbaycanın müstəqilliyinə olan sədaqətini şübhə altına almaq mümkün deyildir. Bununla belə, öz xatirələrində İsrafil bəyin Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna təsir göstərə biləcək bəzi hərbi-siyasi amillərə olan münasibəti ilə razılaşmaq çətindir.

 

Müəllif yazır: "Üsyançılar tərəfdən artıq heç bir təhlükə gözlənilməsə də, general Şıxlinskinin cavab teleqramında dəstəyə xüsusi sərəncam verilənə qədər Qarabağda qalmaq əmr olunurdu. Bu sərəncam hadisələrin sonrakı gedişində və Azərbaycanın taleyində mühüm rol oynadı".

 

Yəni İsrafil bəy belə bir qənaəti bölüşür ki, əgər Ə.Şıxlinski (1920-ci ilin aprel ayının ortalarında o, bir müddət xəstə olan S.Mehmandarovun vəzifəsini icra etmişdi) Qarabağdakı hərbi qüvvələrin geri qayıtmasına razılıq versəydi, onda bolşevik işğalının qarşısını almaq olardı.

 

Amma Qarabağda erməni təhlükəsi heç də aradan qalxmamışdı. Bunu Qarabağ dəstənin rəhbəri Həbib bəy Səlimovun Hərbi nazirliyin rəhbərliyi ilə məlum olan yazışmaları da təsdiq edir. Məsələn, Həbib bəy Səlimov təxminən 1920-ci il aprel ayının ortalarında Hərbi Nazirliyə yazdığı məktubunda Qarabağa göndərilmiş hərbi hissələrdə verilən itkilərdən sonra qalan sağlam şəxsi heyətin sayını açıqlayır və yenidən fəallaşmaqda olan erməni hərbi qüvvələrinin qarşısının alınması üçün ona əlavə qüvvələrin göndərilməsini xahiş edirdi. Aprelin 16-da hərbi nazirə göndərdiyi teleqramında general-mayor Səlimov bildirirdi ki, Şuşa və Xankəndi ətrafında xırda dəstələrdə birləşmiş olan erməni silahlıları sakitləşmək bilmirlər. Belə vəziyyətdə Qarabağdakı qüvvələrin zəiflədilməsi arzuolunmaz nəticələrə gətirib çıxara bilərdi. General Səlimov teleqramında daha sonra yazırdı: "Siyasi vəziyyət şübhəsiz ki, Sizin üçün daha aydındır. Ancaq cəsarət edərək öz fikrimi bildirirəm ki, biz iki cəbhədə mübarizə apara bilmərik və belə mübarizənin nəticələri bizim üçün çox pis ola bilər. Qəti hücuma keçmək üçün əlavə köməyin göndərilməsini xahiş etmək istərdim. Cəbrayıl dəstəsini möhkəmləndirmək üçün mənim indi heç nəyim  yoxdur".

 

Bolşevik qoşunları Azərbaycanın şimal sərhədlərinə yaxınlaşdıqca erməni silahlı dəstələrinin fəallığı da artırdı. Geniş cəbhədə Azərbaycanın qoşun bölmələrinin təzyiqinə davam gətirməyən erməni silahlıları ailələrini Zəngəzura köçürüb kiçik dəstələrlə Azərbaycan kəndləri üzərinə hücum edirdilər. Onların partizan taktikasının qarşısını almaq qoşun bölmələri üçün heç də həmişə mümkün olmadığı üçün yerli əhali arasında da bir qorxu və təlaş var idi. Aprelin 19-da Bakıya göndərdiyi teleqramında general-mayor Səlimov ermənilərin bu taktikasının qarşısının alınması üçün də canlı qüvvənin, silah və sursatın ayrılmasını xahiş edirdi. Aprelin 27-də Hərbi Nazirliyə göndərdiyi teleqramında isə H.Səlimov bildirirdi ki, onun dəstəsində qalan qüvvə yalnız Şuşa-Ağdam yolunu qorumağa çatır.

 

Yəni Qarabağda ağır döyüşlərdə iştirak etmiş hissələr xeyli itki vermişdilər və onların bərpası üçün vaxt da yox idi. Elə İsrafil bəyin komandiri olduğu 5-ci Bakı piyada alayında 300 nəfər şəxsi heyət qalmışdı. Halbuki piyada alaylarının ştat heyəti 2500 nəfərə yaxın idi.

 

Belə olan halda İsrafil bəyin aşağıdakı qeydləri anlaşılan deyil: "Onların qarşısında (Azərbaycanı işğal etməyə hazırlaşan bolşevik qüvvələri nəzərdə tutulur - M.S.) yalnız 4-cü Quba və 6-cı Göyçay piyada alaylarının hər birinin iki batalyonu, habelə topçu bölüyü dayanmışdı. Vəziyyət çox təhlükəli şəkil almışdı. Qarabağa  göndərilmiş hərbi dəstə (üç piyada, üç süvari alayı və artilleriya divizionu) bolşeviklərə qarşı dayanmaq üçün dərhal Dağıstan sərhədinə yola düşmək əmrini aldı. Döyüşçülərimizin artıq Yevlaxda vaqonlara mindikləri vaxt general Şıxlinskinin imzası ilə əvvəlki əmrin ləğv edildiyi və ordunun Qarabağdakı dislokasiya yerinə qayıtmalı olduğu barədə yeni əmr alındı. Sonradan bu ikinci əmri hökumətdən xəbərsiz şəkildə bolşevik agentlərinin və "bolşevik cildinə girmiş siyasi məşhurlar"ın saxtakarlıq yolu ilə hazırlayıb göndərdikləri aşkara çıxdı".

 

Cümhuriyyətin elmi dövriyyədə olan arxivində Qarabağdakı hansısa hissələrin şimal sərhədlərinə göndərilməsi üçün Qarabağı tərk etməsi barəsində hər hansı qeyd mövcud deyil. Buna yol verilməsi heç həmin tarixi şərait üçün məntiqə də uyğun deyil. Cümhuriyyətin süqutu ərəfəsində öz vəzifəsinin icrasına qayıtmış S.Mehmandarov da Qarabağdakı hərbi qüvvələrin oradan çıxarılmasına razı deyildi. O, yaxşı bilirdi ki, bu, Qarabağın əldən getməsi ilə nəticələnə bilər.

 

1920-ci il aprelin 27-də bolşevik qüvvələrinin Azərbaycan sərhədini pozması xəbərini alan kimi hərbi nazir S.Mehmandarov 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinskiyə teleqram göndərib şimal sərhədinin müdafiəsinə əlavə qüvvə ayrılması barəsində əmr verdi: "Bolşeviklər Yalama stansiyasına hücum etdilər. Onlar dayanmadan irəliləyirlər. Xudatı ələ keçiriblər. Çıxılmaz vəziyyətdəyik. Günü bu gün Qızılburuna Qazaxdan bir tabor və Gəncədən bir tabor göndərməyinizi əmr edirəm. Hər bir taborda ən azı 500 süngü və pulemyot olmalıdır. Yük qatarını artıq göndərmişik. Həmin hissələrin gəlməsi vaxtını teleqrafla bildirin. Biz taborları sabah gözləyirik".

 

Göründüyü kimi, S.Mehmandarov belə böhranlı anda da bolşevik işğalınını qarşısının alınması üçün Qarabağdan deyil, Gəncə bölgəsindən hərbi qüvvə göndərilməsini lazım bilirdi. Azərbaycan hökumətinin rəhbərliyi Qarabağda yerləşən hərbi qüvvələrin oradan çıxarılmasına razı deyildi. Ona görə İsrafil bəyin guya alayların Yevlaxa kimi gəlməsi və sonra geri qayıtması haqqında yazdığı anlaşılan deyil.

 

1920-ci ilin aprel işğalı ərəfəsində şimal sərhədlərini 4-cü Quba və 6-cı Göyçay alaylarının hər birindən iki taborun və bir topçu bölüyünün qoruması haqqında İsrafil bəyin yazdığı məlumat dəqiqləşdirmə tələb edir. Tam dəqiqliklə məlumdur ki, 1920-ci il aprel ayının 25-nə aid olan bir məlumata görə, Şimal sərhədləri boyu 4-cü Quba alayının polkovniki knyaz Tumanovun rəhbərliyi altında 4 piyada bölüyü, dağ batareyası və bir zirehli qatardan ibarət qüvvə var idi.  Piyada bölüklərindən biri Yalamada, biri Şirvanda, 2 bölük və bir batareya isə Xudatda dayanırdı. Zirehli qatarla dəstənin qərargahı da Xaçmazda yerləşdirilmişdi. Konkret tarixi şəraitdə şimal sərhədinin qorunmasına bu dəstə məsuliyyət daşıyırdı (Mərkəzi dövlət arxivi, fond 2896, siyahı 1, iş 7, v. 284).

 

İsrafil bəy öz xatirələrini aşağıdakı cümlələrlə bitirir: "Bolşevik işğalına qədər Azərbaycan Avropa hərbi prinsipləri əsasında qurulmuş 30 000 nəfərlik orduya malik idi. Milli orduda 8 piyada, 3 xüsusi piyada alayı, 3 süvari alayı, 3 artilleriya briqadası, 2 zirehli qatar, 6 zirehli avtomobil, 2 hərbi gəmi ("Qars" və "Ərdəhan"), 8 hidroplan vardı. Əgər bu hərbi güclər zamanında tam tərkibdə Dağıstan sərhədində cəmləşdirilə bilsəydi, ölkənin müdafiəsini təmin etmək olardı. Üstəlik də bizim dost və qonşu Gürcüstanla qarşılıqlı müdafiə ittifaqımız vardı. Bu vəziyyətdə XI qırmızı ordunun başıpozuq və qeyri-mütəşəkkil hissələrinin Azərbaycan sərhədlərini keçməsi qeyri-mümkün işə çevrilərdi".

 

Cümhuriyyət ordusunun struktur tərkibi haqqında yuxarıda qeyd edilmişdir. İsrafil bəyin bu qeydlərində olan 3 xüsusi piyada alayı və 3 artilleriya briqadası haqqında olan məlumatların dəqiqləşdirilməsinə ehtiyac vardır. Cümhuriyyət ordusunda 2 topçu briqadası var idi. Bundan başqa, əlahiddə topçu hissə və bölmələri var idi və əgər onlar birləşdirilsəydi, bir briqada yaratmaq olardı. Amma rəsmi olaraq 2 topçu briqadası var idi. 3 xüsusi piyada alayının olması haqqında məlumat doğru deyil. Cümhuriyyət ordusunun zamanımıza qədər gəlib çatmış arxivi kifayət qədər zəngindir və ordunun strukturunu bütünlüklə müəyyənləşdirməyə imkan verir. Hətta arxiv sənədlərində Cümhuriyyətin hərbi strukturlarının siyahıları da vardır. Birmənalı şəkildə məlumdur ki, Cümhuriyyət ordusunun tərkibində 8 piyada alayı və 3 süvari alayı var idi. Başqa hər hansı bir alay mövcud deyildi.

 

Cümhuriyyət ordusunun sayının 30 min nəfər olması ilə də razılaşmaq çətindir. 1920-ci ilin mart döyüşləri ərəfəsində Cümhuriyyət ordusunun ümumi sayının 20-25 mindən artıq olması mümkün deyildi. Əlimizdə dəqiq statistika olmasa da, ən azı piyada və süvari alaylarının ştat sayı məlumdur və bütün ştat vahidləri tam komplektləşdirilmiş olsaydı, onda biz dediyimiz rəqəm alınardı. Amma ordunun sayının artırılması üçün potensial mövcud idi. Hərbi Nazirliyin rəhbərliyi də 1920-ci ilin sonuna kimi ordunun sayının 40 minə çatdırılmasını planlaşdırırdı. Lakin bu iş tədricən görülməli idi. Çünki yalnız çağırışçı yaşına çatan gəncləri toplayıb bir yerə yığmaqla ordu yaratmaq mümkün deyildi. Xidmətə cəlb edilən kontingenti həm yetərli sayda zabit kadrları ilə, infrastruktura ilə, geyimlə, silahla, ərzaqla, təlim-tərbiyə ilə təchiz etmək lazım idi. Bunlar isə tədricən həll edilməli idi və yalnız bu məsələlər həll edildikdən sonra çağırışçıların sayı artırılmalı idi.

 

İsrafil bəy ittifaq müqaviləsi bağlandığı Gürcüstanın yardımından istifad edilməsilə bolşevik işğalının qarşısının alınmasının mümkünlüyünə də toxunmuşdur. Doğrudan da belə bir ittifaq mövcud idi və müvafiq sazişlə hüquqi bazaya malik idi. Hətta zərurət yarandığı halda hər iki tərəfdən qarşı tərəfə hərbi kömək göndərilməsi üçün qüvvə və vəsait müəyyənləşdirilmiş və onların çatdırılması da planlaşdırılmışdı. Amma Azərbaycanın şimal sərhədləri boyu hərbi-siyasi proseslər elə sürətlə inkişaf etdi ki, Gürcüstandan hərbi yardımın gətirilməsi fürsəti olmadı. Bundan başqa, bolşevik qoşunlarına qarşı yalnız Gürcüstanın hərbi qüvvələrinin çıxarılması da mümkün deyildi. Şimal sərhədlərində yetərli sayda milli hərbi qüvvələrin olacağı təqdirdə Gürcüstanın hərbi yardımına da bel bağlamaq olardı.

 

Cümhuriyyətin süqutu ilə bağlı İsrafil bəyin dərin təəssüfü başa düşülən olsa da, əslində, konkret tarixi şəraitdə Azərbaycanın müstəqilliyinin qorunub saxlanması və bolşevik təcavüzünün qarşısının alınması reallıqdan çox uzaq olan bir möcüzə ola bilərdi.

 

Bununla belə, İsrafil bəy və onun silahdaşları fədakar xidmətləri ilə xalqımız və hərb tariximiz üçün çox zəngin və şərəfli bir irsi miras qoymuşlar və bu miras minnətdarlıqla anılmalıdır.

 

Mehman SÜLEYMANOV

Tarix elmləri doktoru

 

525-ci qəzet  2018.- 7 mart.- S.6.