Xoreoqrafiya Akademiyasında Tofiq Quliyevə həsr olunmuş konsert

 

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində görkəmli bəstəkar Tofiq Quliyevin yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

 

Konsertdə BXA-nın professor-müəllim heyəti, tələbələr dəvət olunmuş qonaqlar iştirak ediblər. Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbinin direktoru Bəşarət Hüseynova tədbirdə çıxış edərək, Tofiq Quliyevin həyat yaradıcılığı haqqında fikirlərini səsləndirib.

 

O, Tofiq Quliyevin Azərbaycan musiqisindəki əvəzolunmaz rolundan, 200-dən çox bir-birindən gözəl və yadda qalan mahnıların müəllifi olmasından, 40-dan çox kinofilmə musiqi bəstələməsindən bəhs edib. Həmçinin, onun geniş yaradıcılığının yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmadığını, eyni zamanda, gözəl pianoçu, dirijor, pedaqoq, Azərbaycan estradacaz musiqisinin banilərindən biri olduğunu da vurğulayıb.

 

Konsertdə BXA-nın tələbələri konsertmeysterlərin müşayiəti ilə görkəmli sənətkar, T.Quliyevin "Dörd dost", " Sənə də qalmaz", "Axşam oldu", "Marş" ," Bakı Nəğməsi" və digər mahnılarını səsləndiriblər.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 8 mart.- S.3.