Var olsun ürək!..

 

İttifaq MİRZƏBƏYLİ

 

ƏVVƏLCƏ BİR DAŞ HAQQINDA

 

Onda hələ uşaq idim. Doğulub böyüdüyüm Mirzəbəyli kəndi ilə (Qəbələ rayonu) İmamlı kəndinin arasında, yüz illər boyu "Çinar dibi" adlandırılan geniş əkin sahəsinin kənarındakı kolluqlarda 3-4 metr uzunluğunda, bir metrdən çox eni olan nəhəng daş var idi.

 

Dördkünclü olmasından və üstündəki heç kəsin oxuya bilmədiyi hərflərlə yazılmış mətnlərdən güman edilirdi ki, onu nə zamansa, hansısa məqsədlə insanlar hazırlayıblar. 8-10 il qoyun-quzu, mal-qara otaranda yemişan ağaclarının kölgəsinə çəkilmiş, həmin daşın həndəvərində, ya da üstündə istirahət etmişik.

 

İş elə gətirdi ki, 70-ci illərdə kolxozun əkin sahələrinin genişləndirilməsi üçün xüsusi texnika gətirib sahələrə yaxın olan əraziləri kol-kosdan təmizlədilər. Ağır buldozerlər həmin daşı da yerindən tərpətdilər. O yeri qəbirsanlıq bilən adamlar etiraz etdilər. Kimsə məhəl qoymadı. Söz böyüdü və kiminsə müraciəti ilə alimlər gəlib nələrisə öyrəndilər. Məlum oldu ki, bu daş İslamdan əvvəlki dövrə aiddir. Elə ona görə də kəndin mollaları onun üstündəki yazıları oxuya bilmirlərmiş.

 

Beləliklə, bəlkə də 15-20 əsr sakitcə, heç kəsə mane olmadan, heç kimin toyuğuna "kiş demədən",  Allahın bəxş etdiyi daş ömrünü yaşayan, kiməsə "Mən də varam!" - deməyən, məşhur tikintilərdə, saraylarda istifadə edilən xırda-para, cavan-cahil daşlara paxıllıq, qısqanclıq etməyən  həmin  daş da danışdı. Özü də necə? Səsi haralardan gəlmədi?  Sən demə, qismət belə imiş...

 

SONRA BİR YOLDAŞ HAQQINDA

 

Yazıçı-publisist, Cəfər Cabbarlı Mükafatı laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rafiq Hacıyevi çoxdan tanıyıram. Daha doğrusu, mənə elə gəlirdi ki, tanıyıram. Mən  Dövlət Radiosunda çalışdığım illərdə o, mənim indi işlədiyim "Xalq qəzeti"nin məsul katibinin müavini olub. Deyilənə görə, xeyli vaxt məsul katibi əvəz etdiyi dövrlər də olub. Sonradan onlarca toyda, yüzlərcə məclisdə bərabər iştirak etmişik və bu sətirlərin yaranmasının əsas səbəbi də məhz elə o məclislər oldu.

 

Təkcə İncəsənət İnstitutunu bitirdiyimə görə deyil, həm də qanımda mədəniyyətlə, incəsənətlə bağlı tətbirlərdə iştirak etmək, daha çox öyrənmək, məlumatlanmaq həvəsi olduğuna görə bu yaşda da Ulu öndərin adını daşıyan sarayda, Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Opera və Balet Teatrında, Bəstəkarlar İttifaqında, ümumiyyətlə,  müxtəlif mədəniyyət müəssisələrində  keçirilən yubiley, yaradıcılıq və anım mərasimlərində, eləcə də digər tədbirlərdə çox iştirak edirəm. Etiraf edim ki, həmin tədbirlərin hamısında nə isə yeni bir fakt, məlumat öyrənir, sənət adamlarımızın uğurları ilə tanış oluruq.

 

Maraqlıdır, iştirakçısı olduğum tədbirlərin hamısında Rafiq Hacıyevlə salamlaşmalı oluram. O, ətrafdakı tanışları ilə salamlaşır, öz yerini tutub əyləşir və ... elə əsas fərq də odur ki, Rafiq yerini tutub əyləşəndən sonra diqqəti ancaq və ancaq səhnədə, ifaçılarda, natiqlərdə olur. Bu məqamı xüsusilə qeyd etməyim təsadüfi deyil. Çünki bu gün o qəbildən tədbirlərə şəkil çəkdirmək, videoya düşmək, istirahət etmək, yubilyarın və ya tədbir təşkilatçılarının gözünə görünüb yox olmaq, yaxud da telefonla "canlı yayım" təşkil etmək üçün gələnlər çoxdur. Lap çox. Onlar öz yerində. Bizi sevindirən odur ki, tədbirlərə bilavasitə mədəniyyətimizə bağlı olduğuna, sənət adamlarımızın uğurlarına sevinmək, problemləri ilə tanış olmaq üçün gələnlər də az deyil və Rafiq Hacıyev həmin zümrədən olan soydaşlarımızın öndə gedənlərindəndir. Onu öz qiymətini çox gec tapan tarixi bir daşla müqayisə etməyimiz də təsadüfi deyil. Çünki Rafiq Hacıyev də hələ öz qiymətini ala bilməyib. İnanırıq ki, nə zamansa bu "daş" da öz yerindən tərpədiləcək.

 

... SƏBƏBKAR HƏMİD VƏKİLOV OLDU

 

Belə tədbirlərdən birində, sayı minlərlə olan Azərbaycan tarzənlərinin arasında qeyri-adi  bir  işıqla   parıldayan Həmid Vəkilovun yaradıcılıq gecəsində maraqlı və maraqlı olduğu qədər də gözlənilməz olan bir faktla rastlaşdıq.  Beynəlxalq Muğam Mərkəzində keçirilən məclisin aparıcısı sözü  pedaqoji  elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar müəllim Vidadi Xəlilova verəndə,  bu görkəmli alim  Həmid Vəkilov haqqında danışmaq əvəzinə,  tarzənin yaradıcılığı barədə yazılmış bir məqalədən söz açdı: "Yazıçı-publisist, Cəfər Cabbarlı Mükafatı laueratı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rafiq Hacıyevin  Azərbaycan Respublikasının Əməkdar artisti, novator tarzən, musiqi tədrisi üzrə professor Həmid Vəkilovun geniş, çoxcəhətli yaradıcılığına həsr olunan yazılarını həyəcansız oxuya bilmədim.

 

İlk səhifələrdən müəllifin öz qəhrəmanının yaradıcılığına böyük məhəbbət və bələdlik hissiylə yanaşması, musiqinin - musiqi ifaçılıq sənətinin fəlsəfəsinə, təsviri sənətlə musiqinin üzvi əlaqəsinə xüsusi diqqət yetirməsi, yeni, orijinal fakt, söz və terminlərlə nəzərə çatdırması oxucularda, sənət mütəxəssislərində heyrət və heyranlıq yaradır. Gəlin,  səmimi şəkildə etiraf edək: Rafiq müəllim inandırıcı şəkildə sübut edir ki, rənglər - rəng çalarları musiqi çalarları ilə doğma münasibətdədir. "Oxuyan rənglər", "sakit rənglər", "qışqıran rənglər", "isti, soyuq rənglər" elə musiqidə də var. Növündən, janrından asılı olmayaraq musiqidə bu rəngləri görə bilənlər, onların təsiriylə yaşayıb-yaradanlar ucalığa, zirvələrə inamla addımlayırlar. Nə yaxşı ki, Rafiq Hacıyev elm, sənət prinsipləri baxımından çox böyük əhəmiyyət kəsb edən bu məsələlər üzrə oxucuların zövqünü, dünyagörüşünü inkişaf etdirir.

 

Ustad, novator tarzən, pedaqoq Həmid Vəkilovun sənət tablosundan fraqmentlər ilə ustalıqla, qəlb genişliyi ilə oxucuların maraq dünyasının qapılarını taybatay açır, "buyurun, gəlin" - deyir".

 

Professor bu fikirləri elə qətiyyətlə və inandırıcı şəkildə söylədi ki, mən adıçəkilən məqaləni tapıb oxumaq fikrinə düşdüm və oxudum. Sən demə, Rafiq Hacıyev elə mənim yuxarıda yada saldığım daş kimi sirli, müəmmalı və oxucusunu gözləyən bir ünvan imiş. Daha doğrusu, mən Rafiq Hacıyevi bilavasitə həmin yazıdan sonra tanıdım.

 

HƏMİN MƏQALƏDƏ NƏLƏR VAR İDİ?..

 

"525-ci qəzet"in 10 oktyabr 2017-ci il tarixli nömrəsində verilmiş "Novator tarzən" (Əməkdar artist Həmid Vəkilovun "sənət tablosu"ndan fraqmentlər) adlı məqalədə nələr yoxdur, İlahi?  Rafiq Hacıyev həmin yazıda Həmid Vəkilovun böyük sənətkar olduğunu sübut etmək üçün arsenalındakı  bütün imkanlardan istifadə edir və nəticədə, tarzənin böyüklüyü ilə məqalə müəllifinin də böyüklüyü oxucunun gözü qarşısında qoşa canlanır. Oxucu sanki uzun, sonu görünməyən sənət yolunda yanaşı addımlayan iki siluet görür - Həmid və Rafiq. Yazını oxuyub qurtarandan sonra isə oxucu öz qənaətini dəyişməli olur:  Onlar uzun və sonu görünməyən sənət yolumuzun yolçuları, fəqət siluet və ya xəyal deyil, müasirimiz, real həyatımızın sakinləridir.

 

Məqalə qəzetin üç nömrəsində verilib və hər nömrədən bir sitat gətirməklə fikirlərimizi yekunlaşdıracağıq. Beləliklə, məqalənin 10 oktyabr tarixli qəzetdə verilmiş birinci hissəsində müəllif əvvəlcə öz düşüncəsini yada salır: "Düşünürəm ki, tarın da rəssam fırçasına bənzəri var. Birində müxtəlif musiqi çalarları, digərində isə rənglərin duyğulandırıcı əlvanlığı. Hər ikisi insan əlləri ilə nəfəs alır, insan əlləri ilə danışır, sənətin ecazkar qüvvəsini insan əlləri ilə göstərir. Rənglərdə musiqi, melodiyalarda  isə rəng".

 

Sonra isə öz düşüncəsindən ayrılaraq, reallığı dilə gətirir: "Həmid neçə-neçə sənət sınağından çıxıb, səhnəyə, ifaçılıq dünyasına təsadüfən gəlmədiyini tələbkar tamaşaçılar, mütəxəssislər qarşısında sübuta yetirib. Bu çıxışlardakı incəlik, coşqun daxili ehtiras və gözəl ifaçılıq texnikası göstərib ki, o, seçdiyi sənətə ürəklə yanaşır, təcrübəli müəllimlərinin etimadını doğrultmaq üçün səy göstərir".

 

Məqalənin "525-ci qəzet"in 11 oktyabr tarixli sayında verilmiş ikinci hissəsində Həmid Vəkilovun tarda etdiyi yeniliklərin səbəbi  bilavasitə tarzənin öz dilindən verilir:  "Azərbaycan tarının inkişafı əsasən ustad tarzən Mirzə Sadıq Əsədoğlunun və dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Tarixən çox gözəl tarzənlərimiz olub və şükür ki, bu gün də var. Ancaq onlar tarda texniki imkanlar sahəsində yeniliklər etməyiblər. Nə üçün? Çünki buna ehtiyac duymayıblar. Niyə ehtiyac duymayıblar? Ona görə ki, onlar ya sələflərinin çaldıqlarını (muğamlar, rənglər, diringilər və s.), ya da tar üçün xüsusi yazılmış əsərləri çalıblar. Yaxud da tarın mövcud imkanlarına əsaslanaraq Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini tara uyğunlaşdırıblar. Amma tarı əsərin orijinalına, bədii-estetik gözəlliyinə və fəlsəfi mənasına uyğun olaraq dəyişməyə (kiçicik olsa da belə) cəhd göstərməyiblər. Maraqlıdır, bəs görəsən, başqa sənətkarlar tərəfindən tarda dəyişikliklər etmək təşəbbüsü olubmu? Əlbəttə, müxtəlif dövrlərdə bəzi sənətkarlar tarda dəyişikliklər etsələr də, bu reformalar ifaçılıq həyatında kütləvi hal ala bilməyib. Ona görə ki, bu çalışmalar müəyyən bir klassik musiqinin bədii-estetik və fəlsəfi dəyərinin tam dolğunluğu ilə tarda ifa edilməsi arzusuna əsaslanmayıb. Bu baxımdan həmin çalışmaları bir laboratoriya təcrübəsinə bənzətmək olar..." Çox maraqlı əsaslandırmadır.

 

İndi isə məqalənin üçüncü hissəsinə diqqət yönəldək.  Müəllif yazır: "Həmid tara məxsus musiqi əsərlərinin təfsirini (interpretasiyasını) gələcək nəsillərə çatdırmaq üçün tar ifaçılığında mövcud olan ştrix, üslub və üsulları - "Ayırmasim", "Dəmli mizrab", "Əndər mizrab", "Ləng mizrab", "Cırmaqlı barmaq", "Diringə cırmaq", "Lal barmaq", "Gərmə" və "Qapama" müəyyənləşdirib və yeni işarələri bildirən kəlmələrdən bir termin kimi istifadə olunmasını tövsiyə edib.         

 

Sirr deyil ki, Həmidin səmərəli təklifləri heç də hamının ürəyincə olmayıb. Kimlərsə onu alətin milli görkəminin dəyişməsində, kimlərsə səslənmə akustikasının azalmasında və sairədə günahlandırıb. Lakin Həmid özü də etiraf edir ki, günü bu gün də o, işlərini tam başa çatdırmayıb və tarın rekonstruksiya olunmasında yaradıcılıq axtarışlarını səylə davam etdirir".

 

Eşq olsun dəyərli həmkarımıza ki, geniş bir yazıda novator tarzənimizin həyat və yaradıcılığı, sənətdə qazandığı uğurlar və ən qədim musiqi alətlərimizdən olan tarın imkanlarını artırmaq üçün etdiyi yeniliklərdən lazımınca söz aça bilib. Eyni zamanda, həmin məqalə vasitəsilə  sirli-sehrli tar dünyamızın bəzi özünəməxsusluqları ilə də tanış ola bildik. Buna isə söz, sənət və mədəniyyət üçün döyünən ürək lazımdır.

 

YERİ GƏLMİŞKƏN...

 

Rafiq Hacıyevin sənətə bağlı ürəyi haqqında hazırladığımız yazını böyük şairimiz Rəsul Rzanın Xalq rəssamı Mikayıl Abdullayevə ithaf etdiyi "Rəssam qardaşıma" adlı şeirinin əhval-ruhiyyəsi altında yekunlaşdırmaq istəyirik:

 

Məndə bir can var, səndə bir can,

Mənim qələmim var, sənin fırçan,

Mənimki sözdür, səninki rəng.

Mən yazım, qardaş, sən çək.

Mən əlim olmasa da yazaram,

Gözüm olmasa da...

Sən dilin olmasa da çəkərsən,

Sözün olmasa da.

Ancaq hər ikimiz

Yarada bilmərik ürəksiz.

Mənimki sözdür,

Səninki rəng.

Var olsun ürək!

 

Yanvar, 2018-ci il.

 

525-ci qəzet 2018.- 15 mart.- S.8.