ÖLƏN, SAĞ ƏLİN BAŞIMA

 

Özüm boyda bir daş olub,

Düşüb yığvalım başıma.

Kim deyirdi səni, dünya,

Sevim, çıxarım başıma?..

 

Halal loxmam, halal adım,

Haramına ulaşmadım.

Nə qapazın yaraşmadı,

Nə də sığalın başıma...

 

Mən ki, boyun burub durdum,

Bir ömür uydurub durdum.

Nə oyunlar qurub durdu

Əyrin, cığalın başıma...

 

Kar oldummu, lal oldummu,

Ondan belə bal oldummu?..

Mən qal oğlu qal oldummu,

Ölən, sağ əlin başıma...

 

ÖLÜRSƏM, ALLAH ÖLDÜRSÜN

 

Olurmu yanım oduna,

Zülmünü çəkim olmazın.

Başına dolanım, durum,

Getməyə yolum olmasın?..

 

Nə gəlirsə canım, gəlsin,

Dərd gəldi, dərmanın gəlsin.

Olurmu fərmanın gəlsin,

Altında qolun olmasın?..

 

Nə bir çarə, əlac burax,

Neynək, susuz qoy, ac burax.

Burax, ya da ki aç burax,

Mən adlı qulun olmasın.

 

Haqlıyam, üzüm güldürsün,

Suçluyam, həddim bildirsin.

Ölürsəm, Allah öldürsün,

Qoy, sənin əlin olmasın...

 

SONRA GÖRDÜLƏR

 

Doğrudu, gördülər məni,

Gördülər, sonra gördülər.

Elə bil ki sağırdılar,

Kordular, sonra gördülər.

 

Bu naşı ovçular elə

Qənimim oldular elə.

Qaçdıqca qovdular elə,

Yordular, sonra gördülər.

 

Nə başlar, dəhnələr varmış,

Nə qorxunc səhnələr varmış.

Ürəyimdə nələr varmış,

Qırdılar, sonra gördülər.

 

Beləymiş künclər, bucaqlar,

Beləymiş gözdən uzaqlar.

Yolum üstdə nə duzaqlar

Qurdular, sonra gördülər.

 

Çox kəsildi şərt üstümdə,

Yandım, boğuldum tüstümdə.

Qoşunuydu dərd üstümdə,

Ordular sonra gördülər.

 

Olan olmuş, bitən bitmiş,

İman itmiş, Quran itmiş.

Yan-yörədə hürən itmiş,

Qurd ular, sonra gördülər.

 

Mən ki qayıldım azıma,

Bəxtimə, alın yazıma.

Öldürdülər, namazıma

Durdular, sonra gördülər...

 

GETMƏDİ

 

Sadiq dostum oldu necə,

Aha bax, aha, getmədi...

Fırlandı yan-yörəmdəcə,

Çəkilib dağa getmədi...

 

Heç bilməzdim çəmi belə,

Əzabmış kef-dəmi belə.

Getmədi dərd-qəmi belə,

Məndən uzağa getmədi...

 

Ayrılıq haq kimi gəldi,

Lap elə vaxt kimi gəldi.

Gəldi, qonaq kimi gəldi,

Yurd saldı daha, getmədi...

 

Neynim, kaş ki yan ötəydi,

Keçib yanımdan ötəydi...

Bu eşq canımdan ötəydi,

Canımdan baha getmədi...

 

GƏLMƏMİŞ

 

Ay mənim pərvanə canım,

O arzu, kamın gəlməmiş.

Çox dolanıb, durma belə,

Gəlməmiş, şamın gəlməmiş...

 

Asanmı Məcnunluq, asan,

Gör kimlərə qoşulmusan...

Sən artıq sərxoş olmusan

Mey dolu camın gəlməmiş...

 

Dərilən dərilib, düzdü,

Yuyulub, sərilib, düzdü.

Bir bəxt göndərilib, düzdü,

Yanıca zamın gəlməmiş...

 

Axı paşa-paşa dedim;

Salar dağa-daşa dedim

Sözlə də baş-başa, dedim

Qalma, ilhamın gəlməmiş...

 

QOŞA QANADNAN ÇIXMIŞAM

 

Saatlar bir saat geri çəkildi...

 

Səhər-səhər bu gün evdən

Təzə saatnan çıxmışam.

Bu əlinən, bu gözünən,

Bu ayaq -atnan çıxmışam.

 

O köhnə arzu, diləknən,

O “baxaq”nan, o “görək”nən.

O həmin xəstə ürəknən,

O həmin çatnan çıxmışam.

 

Mən piyada, o qız atlı,

Bir nağılmış tatlı-tatlı.

Sonucunda ömür adlı

Yola arvadnan çıxmışam.

 

Bir yanıq Kərəməm elə,

Ardımca yol gəlir Lələ.

Məcnunnan düşmüşəm çölə,

Dağa Fərhadnan çıxmışam.

 

Bir şey ki qayılam aza,

Çox özün qoymasın naza.

İl olub ki qışdan yaza

Beş-on manatnan çıxmışam.

 

Uyub şeytan, cin oynuna,

Bir qondarma din oynuna.

Düşüb fələyin oynuna,

Çıxanda matnan çıxmışam.

 

Əksilməz ki can bu cannan,

Alınmaz ki qan bu cannan.

Gəzmə, ölüm, mən bu cannan

Qoşa qanadnan çıxmışam...

 

MƏN ADDA BİRİ VAR-DAŞ TƏRƏZİDİ...

 

Kim deyir tək elə fikir çəkənəm,

Çəkir də gözümə gözüm şəklini.

Mən həm də çox gözəl şəkil çəkənəm,

Çox gözəl çəkirəm sözün şəklini...

 

Gündüz gülər görüb surətimi də,

Aldanma, nə çəksəm gecə çəkirəm.

İllərdi mən sənin həsrətini də,

Gülüm, bilirsən ki necə çəkirəm...

 

Canımın bir gizli sirri yox artıq,

Vicdan dedikləri baş tərəzidi.

Dünyada mən adda biri yox artıq,

Mən adda biri var-daş tərəzidi...

 

Dərdi də tuturam dilə, çəkirəm,

Kənardan eşidib, duyanı olmur.

Vallah, ağrını da elə çəkirəm,

Bir qram o yanı, bu yanı olmur...

 

GÖRÜNÜR HƏMİŞƏ YOL MƏNDƏN QABAQ

 

Canım, bircə kəlmə sözə dəymərəm,

Qabaqdı, bir kəlmə “OL” məndən qabaq.

Tək elə yer olsa, göy olsa nə qəm,

Ot məndən qabaqdı, kol məndən qabaq.

 

Bu çapar könlümə, atdı könlümə,

Yaddı sən çəkənlər, yaddı könlümə.

Nə sağım, nə solum yatdı könlümə,

Sağ məndən sonradı, sol məndən qabaq.

 

Almadım vecimə şah oğlu şahı,

Köləsi olmadım, sevdim Allahı.

Mən könlüpaşanın biriyəm axı,

Olmaz kölə məndən, qul məndən qabaq.

 

Özünü özündə gəl də ram elə,

Həm ovam, həm də ki, ovçuyam elə.

Mən ana bətnindən yolçuyam elə,

Görünür həmişə yol məndən qabaq...

 

DÜNYA QONAQ SEVƏN DEYİL

 

Nəyini sev deyim, canım,

Harasına güvən deyim?

Nə dövlətdə dəvən dünya,

Nə övladda nəvən deyil...

 

Eylə başda çətir yası,

Yas üstündən gətir yası.

Nə biryolluq bitir yası,

Nə şivəni şivən deyil...

 

Güc yeridi, zor yeridi,

Çəpik yeri, xor yeridi.

Nə Şuşası gor yeridi,

Nə bayrağı kəfən deyil...

 

Oldun utanc, eyib yeri,

Əy, başını əyib yeri.

Hələ də gəlməyib yerin,

Hələ də girəvən deyil...

 

Öz-özünə göz dağısan,

Öt də, elə son ağısan.

Çox da Allah qonağısan,

Dünya qonaq sevən deyil...

 

ADIM

 

Yaşadım alovlar, odlar içində,

Neynim, görünmədi boyum-buxunum.

Adım seçilmədi adlar içində,

Hələ kimlərdənsə sonra oxunur...

 

Bir mənəm, bir də ki sinəmin dağı,

Nə çəkdim həsrətdən, əzabdan özgə.

Nəyim var adıma, nəyim var axı,

Nəyim var beş-altı kitabdan özgə?..

 

Olmadı qəflətdən oyan, dur, deyən,

Heç vardan, dövlətdən dəvəm də yoxdu.

Bir azca köhnədi, uzundur deyə,

Adımı daşıyan nəvəm də yoxdu...

 

Bura da gəlmədim kefim əlindən,

Gör elsiz-obasız nə urvatdayam...

Zor ilə alındı evim əlimdən,

Hələ də havada qeydiyyatdayam...

 

Qoyub gedəcəyim yolmu, izmi var,

Gör hələ nə düşdü yadıma mənim;

Daha bu dünyada küçəmizmi var,

Sabah da verilə adıma mənim...

 

Di yaşa, günləri günlərə cala,

Şələlə bu zatsız yaddaşın üstə.

Əslində o gündən daş altda qalar,

Elə ki yazıldı ad daşın üstə...

 

Bu boyda alilər, zatlar içində,

Neynim, görünməyir boyum-buxunum.

Adım da seçilmir adlar içində,

Hələ kimlərdənsə sonra oxunur...

 

TUTURLAR

 

Gör necə qoyurlar adam yerinə,

Adını adlara tay da tuturlar...

Qoymurlar qalasan dərdsiz, kədərsiz,

Hər dərddən, kədərdən pay da tuturlar.

 

Nə boyda ara var yanından tora,

Düşmək keçməsə də, canından tora.

Gör necə salırlar qanundan tora,

Boyuna gör necə qayda tuturlar...

 

Çıx üstə, qurusun çay, cəhənnəmə,

Doğmasın üzünə ay, cəhənnəmə.

Özünün saydığı say cəhənnəmə,

Fələyin saydığı sayda tuturlar...

 

Necə biləsən ki, yaxın kimsəni,

Hələ qorxudursa yuxun kimsəni.

Çəkirsən, tutmayır ahın kimsəni,

Elə, ahını da göydə tuturlar...

 

GÖR NECƏ SEVİRMİŞ DƏRDİM DƏRDİNİ...

 

Bu necə qovğaydı, necə qal idi,

Başından aşırdı, gördüm dərdini.

Bir az dəyməmişdi, bir az kal idi,

Bir azca dəyməmiş dərdim dərdini.

 

Qarası qaramdı, ağı ağımdı,

Sinəyə çəkilən dağı dağımdı.

Dərddən bir qalacıq hörən çağımdı,

Dərdimin üstünə hördüm dərdini.

 

Hər işdə xeyir var, şər də var axı,

Yaşamın min dürlü şərti var axı...

Dərdin də namərdi, mərdi var axı,

Çəkməyə nə vardı mərdin dərdini.

 

Hələ ürək deyil, bağrında daşdı,

Mən də ki, o həmin gözləriyaşlı.

Mənimlə gör necə bağrıbadaşdı,

Gör necə sevirmiş dərdim dərdini...

 

ÜRƏYİMİ ÇIXARDIRAM ARADAN

 

Bundan belə nə istəyim, nə umum,

Bumu, canım, ömür bumu, gün bumu?

Gündə yüz yol daşa dəyən arzumu,

Diləyimi çıxardıram aradan.

 

Dərdim vardı, tapılmadı dərmanı,

Çətin daha qəbul ola qurbanım.

Yol üstdədi, köç üstdədi karvanım,

Gərəyimi çıxardıram aradan.

 

Sıcaq-sıcaq azalmaqda sıcaqlar,

Soyuq-soyuq kəsilməkdə qucaqlar.

Veyil-veyil dolaşmaqda bıçaqlar,

Kürəyimi çıxardıram aradan.

 

O yan yoxdu, bəri yoxdu, görürəm,

Biri varsa, biri yoxdu, görürəm.

Nə vaxt, harda yeri yoxdu görürəm,

Ürəyimi çıxardıram aradan...

 

Kəmaləddin QƏDİM

 

525-ci qəzet.- 2018.- 17 mart.- S.23.