Ümumrusiya müsəlman syezdi

 

Azərbaycan Respublikasının Prezidenti 2018-ci ili - Azərbaycan Xalq Cümhuriyyəti İli elan etmişdir

 

 

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Ümumrusiya müsəlman syezdi*

 

(Xatirat və təəssürat)

 

Hürriyyətdən sonra birinci Rusiya müsəlman ictimaini Moskvada yığan müəssislər buna nə nəduvə, nə qurultay deməyib syezd adı vermişlərdi.

 

Mayın əvvəlində yığışacaq bu syezdə müvəqqəti Rusiya mərkəzi bürosunun təsəvvürünə görə ən çoxu beş yüz vəkil gəlməli imiş. Halbuki həqiqət intizarın çox fövqünə çıxmış, beş degil doqquz yüzə qədər vəkil gəlmişdi. Rusiyanın ən hücrə guşələrindən, Vol-qaboyunun böyük, kiçik şəhərləri degil, hətta kəndlərindən belə vəkillər göndərmiş. Həm də bir degil, öylə kənd cəmaəti vardı ki, ikişər, üçər vəkil göndərmişlərdi.

 

Beş yüzə qədərlik adam göndərilənədək hazırlanan Əsədullayev binası bu qədər “izdihamı” sığışdıracaq hövsələdən məhrum. Fəqət başqa bir bina bulmaq dəxi əngəlsiz degildir. Çünki burası hər cəhətcə syezd ehtiyacına görə hazırlanmış, bu hazırlığa nəzarət edən Zahid Şamil əfəndinin səyi və bacarığı ilə syezd adətən mükəmməl bir parlaman kibi şöbələrə, bölmələrə, rəyasət otağı, katiblər bölməsi, qruplar yığınacağına bölünmüş, divarlara xəritələr, diaqramlar asılmış, böyük Rusiya xəritəsi üzərinə qırmızı bayraqlı sancaqlarla hanki tərəflərdən vəkillər gəldigi göstərilmiş və bu lentalar (şəritlər) haman gətirilib də mərkəzə rəbt olunmuşdur. Salonlardan birisində böyük Rusiya müsəlman mət-buatına məxsus bir stol qoyulmuş, bir az aralı əlifba üsul və qaidəsilə xanələrə bölünmüş iki qutu qoyulmuşdur ki, bunlardan biri kağız, o birisi də teleqraflara məxsusdur.

 

Bunlardan əlavə yemək yeri, bufet, yataqxanalar dəxi hazırlanmış. Moskvada yer tapmaq müşkül bir məsələ olduğundan mehmanxanələrdə yer bulamayan qonaqlar xüsusi evlərdə, məktəb binasında və sair məkanlarda yerləşdirilmişlər. Moskva müsəlmanlarının mehmannəvazlıqlarından istifadə etmişlərdir. Xülasə tərtibat və təşkilatca syezddə nöqsan yox. Görülüyor ki, təcrübəli və səykar bir əl hər şeyi qabaqcadan görmüş, hazır elə-mişdir. Yalnız ki, yapsın birdən bu qədər vəkil gələcəgini biləməmişdir. Ona görə də vəkillərdən qismi-mühümi ayaq üstə qalıyor. Digər bir qismi də kalyorkada tamaşaçılar içində oturuyordu.

 

Biz Bakı vəkilləri aprelin 29-da Moskvaya çatdıq. Gecə saət 12 idi. Kursk vağzalında qollarında müsəlman syezdi yazılı cavanlar bizi istiqbal etdilər. “Syezdəmi gələmiz?” - deyə sordular. Yol göstərdilər, fayton tutdular, adresi verib bizi yola saldılar. O gecə məscid cünbindəki məktəb binasında müəllimin odasında dərvişanə sabah elədik. Bildik ki, “xəlq” çox gəlmiş, yer yurd bulunmayır. Sabahkən müəllim əfəndiyə təşəkkür edərək Moskva çayı ötəsindəki Əsədullayev yeni binasına, qurultayın qurulacağı məkana gəldik, bir həyatdır qaynayır, qarışıyordu. Dörd qatlı binanın hamısında girintilər, çıxıntılar, qiylü qal. Anladıq daha imdidən syezd qruplara bölünmüş. Kəndçi, əmələ, soldat, molla, qadın və ətraf qrupları. Qruplardakı mövzu həp yarınkı rəsmi məclisin nə cür açılacağı və kimlərin rəyasətə keçəcəkləri həqqində, müvəqqəti Büro odasına keçdik, təqdim olunduq. Tanış olduq. Burada da bəhs, təklif var ki, Əhməd bəy Salikov birinci rəis, Ayaz əfəndi İshakov da ikinci rəis olsun. Bu təklif əleyhində bulunanlar da var. Hər iki tərəf yek-digərini qane etmək meylində, fəqət nəticə alınmıyor.

 

Bu gün ayın 30-da axşam saət 7-də görüş məclisi xüsusi iclası təyin olunmuş. Görüş məclisi məktəb uşaqlarının tatarca marselyoz, milli nəğmələr oxumasilə açılıyor. Sonra rus operası aktrisalarından “müsəlman” müğənnisi Xanım Muxtarova rus romansları oxuyaraq hazirunə bir “zövqi-ədəbi” veriyor.

 

Sonra yarınkı məclisin əhəmiyyəti sərkər natiqlər tərəfindən anlatılıyor. Əhməd bəy Salikov cənabları diyorlar ki, imdi degil yalnız otuz milyonluq Rusiya müsəlmanlıq degil Rusiya cəmaəti, bütün dünyanın gözü bizdədir. Amerika qəzetələrinin müxbirləri öz idarələrindən əmr almışlardır ki, müsəlman syezdi həqqində qəzetələrinə məlumat versinlər. Demək müsəlmanlar böyük imtahan verməkdədirlər. Sabahkı gündən bu imtahana başlanacaqdır. Kömək ediniz ki, bu imtahanı yaxşılıqla verəlim.

 

Sabah çox söz və danışıq olmasın - deyə bu gündən sabah kimlərin rəyasətə seçiləcəklərini təhti-qərara alınması lüzumi ortaya gəliyor. Nəzərlər çarpaşıyor. Əhməd bəy Ayazı siyahısı elan edilmiş kibi oluyor. Protestolar gəliyor. Büro müxtəlif qrupların nümayəndələri ilə birlikdə xüsusi məşvərətə gediyorlar. İki-üç saət məşvərətdən sonra qərar elan olunuyor. Qərar veriliyor ki, məclisin bir və ya iki sədri olmayıb rəislər özləri öz aralarından günü-gününə rəis seçəcəklər ki, məclisi idarə eləsin. Buna razı oluyorlar.

 

---

 

Mayın 1-də məclis rəsmən açıldı. Zal xıncaxınc dolmuş. Göz başqa bir mənzərə qarşısında. Rusiya müsəlmanlığının hamısı burada. Müxtəlif sima və qiyafələr göstərən bu böyük məclis Rusiya müsəlmanlığını bütün xüsusiyyət və şöbatilə təmsil etməkdə. Uzun cübbəli əmmaməli türkmankənd papaqlı, geniş qurşaqlı qırğız, başqırd, qaraşinli, gözəl boylu qafqazlı, yapon baxışlı işlək duruşlu tatar mülkdarı, kəndli, sahibkar, əmələ, molla, əvam, kişi, arvad hamısı hazır. Sanki bir qələyə çıxmışsan da böyük Rusiyanın böyük müsəlman vilayətlərinə nazir bir mövqedə oturmuşsan. İştə, səhralarda, dağlarda, ovalarda, istilərdə, soyuqlarda müxtəlif iqlim və şərait altında yaşayan, fəqət bir qan və bir ruhla canlanan türk tatarlığı, Rusiya müsəlmanlığını seyr ediyorsun.

 

Bu böyük mənzərəyi daha müvafiq bir surətdə seyr edə bilmək üçün yəqin ki, Moskva qülləsinə degil, başqa bir qülləyə çıxmaq daha müvafiq olurdu. Ehtimal ki, Sevim Bikə minarəsi bu xüsusda da əlverişli olurdu. Fəqət bu nöqsanı ilə bərabər Moskva qülləsi dəxi Rusiya müsəlmanlığının nə kibi mənazirə malik olduğunu bir dərəcəyə qədər göstərmiş oldu.

 

---

 

Büronun əvvəlcə elan elədiginə görə syezddə hər kəs türkcənin hanki şivəsi ilə və ya rusca istəsə danışa biləcək. Bu əsasa görə “Moskva qülləsi” eyni zamanda bir növ “Babil qülləsi”nə bənzəməkdə müxtəlif türk-tatar şivələri, kəndilərinə məxsus şivə və ahənglərlə eşidilməkdə. Fəqət bu ixtilaf-numa bir musiqi dəstgahındakı müxtəlif nəğamat qəbilindən bir ixtilaf olduğu üçün türk sameəsini təxriş degil, oxşamaqda. Fəqət heyhat ki, rusca danışanlar ruscayı kəndi şivələrinə, ümumi türkcəyə tərcih verənlər bu ahəngi xələldar etməkdədirlər. Bunlardan daha ziyadə saməyi təxriş edən şey vardır ki, tatarca ilə ruscadan qarışıq “Volqaboyu volepuki”dir.

 

“Svabodnı Asiyanın svabodnı qrajdanları, bu xüsusda iki mnenynə bitne mojet” kibi cümlələr bu “volepuk”a məxsus cümlələrdəndir. Fəqət əlbəttə, zənn olunmasın ki, bütün tatar böylə danışıyor. Əstəğfürullah, bu cinayəti-tarixiyyənin məşum əsərlərindən hala baqi qalmış parçalarıdır. Yoxsa müəllimlər, mollalar və ədiblər tərəfindən söylənən tatarca nə qədər fəsih, nə qədər türkcədir...

 

Fəqət heyrət olunacaq, canı sıxacaq bir şey var ki, onu bəncə heç bir “bəhanə” ilə müdafiə etmək olmaz. Bu da məclisin əksərən rusca ilə idarə olunmasından ibarətdir. Sədrlər rusca danışıyor. Sonra lazım görüldükdə tatarcaya tərcümə ediyorlardı. Həmçinin Büro tərəfindən, Büro və naminə hazırlanan məruzələrin əksəri rusca tərtib edilmiş və surətlə ərz olunuyordu.

 

Xülasə, qiyafələr qədər dillər də müxtəlif. Fəqət ruhlarda ittihad, qiyafələrdəki ixtilafa mane olmadığı kibi başlı və əsaslı nöqtələrdəki mənalara, dillərdəki ixtilafın dəxi məmaniəti görülmüyor.

 

Hər kəs acı məcburiyyətlə müxtəlif dildə danışıyor. Fəqət ürəkdə ümumi və ədəbi bir türkcənin lüzumunu da hiss ediyor.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 21, 23 may 1917, ¹478, 479

 

Fitnələr həqqində

 

Həqiqi sosialist qəzetəsi bolşevik “B.Raboçi”nin pək doğru bir təbirincə tazə hürriyyət zamanında müsəlmanların halı köhnə istibdad zamanındakı yəhudilərin halına döndü. Heç şübhə etmiyoruz ki, bolşevik qəzetəsi yuxarıdakı cümləsini həmdərdinin hissilə yazmışdır. Fəqət mətləbə başqa bir nöqtədən baxılarsa, bu sözdən başqa bir məna dəxi sezilir. Yəhudilər hürriyyətpərvər olduqları üçün müstəbid Rusiyada fəlakətlərə uğrayorlardı. Azad Rusiyada müsəlmanların fəlakətlərə uğraması əcəba, necün? Hürriyyət əleyhinə olduqları üçünmü?

 

Bir dəqiqə başqalarının nöqteyi-nəzərində dayanıb müsəlmanları şiddətli din təəssübi ilə ruhlanmış bir xəlq - deyə təsəvvür etsək belə, onların hürriyyət əleyhində degil, bütün varlıqları ilə azadlıq lehində olmalarına hökm vermək gərək. Çünki köhnə üsuli-idarənin ən çox sıxışdırdığı şey məhkum millətlərin, bilxassə müsəlmanların hissiyyati-diniyyələri idi. Halbuki yalnız dincə degil, müsəlmanlar hər cəhətcə məhkum və məzlum idilər.

 

O halda nədən müsəlmanlara qarşı bir növ məhəbbətsizlik, daha doğrusu bir növ ədavət görülüyor.

 

Hamımızca məlumdur ki, İkinci Nikolay təxtindən uçurulduğu günə qədər Rusiyada bir çox qara qüvvələr, soyuzniklər, rasputin becərən xuliqanlar vardı. Hürriyyət elan olunması ilə artıq Rusiyada istibdadpərəst bir kəs qalmadı. Bir növ möcüzə oldu. Adam-lar bir göz qırpımında birər inqilabçı, birər sosialist kəsildilər.

 

Bəsirət əhlləri heç şübhəsiz bilərlər ki, bir din bizə böylə bir təbdili-vaqe olamaz. Çox yaxşı dərk ediyorlar ki, köhnə idarənin adamları rahət durmayıb işləyəcəklərdi. Və aşkar işdir ki, bunlar xəlqi qəlbən tazə hökumət əleyhinə çağıra bilməyəcəklərdi. O halda əllərində bir vasitə qalıyordu. Ortaya fəsad salmaq, millətləri çalışdırmaq. Bundan ötrü hər şeydən əvvəl bu günün həqiqi qüvvəsini təşkil edən ordunu zəhərləmək lazım idi. Bundan ötrü də slavafil əskərlərdən istifadə etmək mümkün idi. Fəqət ordu daxilində hamı millətlərin nümayəndələri mövcud olduğundan bittəbii müftinlər ən az müqavimət göstərmək imkanında olan tərəfi - müsəlmanları - aldılar. Bu xüsusda Qafqasiya gözəl bir zəminə idi. Çünki Qafqasiya müharib Türkiyə ilə sərhəd olub əhalisinin də çoxu türk idi. Əlavə olaraq burada milli hirs və mənfəətlər də fitnəyə müsaid idi. O halda niyə durmalı: “Bu hiyləkar türklər Rusiya əleyhinə hazırlanıyorlar” - deyə şayiə buraxmalı. Bu şayiəyi qüvvətləndirmək üçün dəxi “İştə, silahlanıyorlar” - deyə göstərməli. Yalan-yalnış dəlillər iqamə etməlidir.

 

İştə, irtica tərəfdarlarının eninə-uzununa istifadə elədikləri material.

 

Böylə bir fitnə əlbəttə ki, yəhudilər, gürcülər, maloruslar həqqində də edilə bilərdi, edilər də. Fəqət faidə vermiyor. Haman dəf və rəf olunuyor. Çünki ordu içində gürcü var, yəhudi var. Fitnə başlandığı kibi yatırılır. Halbuki müsəlmanlar bu vəziyyətdə degildirlər. Onlar ordu içində bulunmadıqlarından bu fitnələrdən ancaq müəssif vaqeələr halına yendikdən sonra xəbər tutuyorlar. Məlum işdir ki, bu surətlə onlar fitnə ilə əsaslı surətdə mübarizə edəmiyorlar.

 

Çox yerdə fitnələrə səbəb olmaq üzrə müəyyən bir taifəyə mənsub adamlardan bəhs olunuyor. Şübhəsiz ki, müsəlmanlar həqqində mövcud olan fitnədə bu adamların da iştirakı var. bundan ötrü cəhət də, səbəb də vardır. Keçirdigimiz əhvali-tarixiyyə öylə bir takım şərait meydanə gətirmişdir ki, bu şərait daxilində müsəlmanlar əleyhinə olan fitnədə əksəriyyətlə bir qism əhali nümayəndələri fəzlə qeyrət göstərə bilərlər. Fəqət bu fitnələrin mütləq bir cəmaət və bir millət tərəfindən vaqe olduğunu güman etmək dəxi doğru olamaz. Çünki dünyada heç bir millət yoxdur ki, başdan-ayağa fitnəkar və müfsid olsun.

 

Əvvəldən bəri söylədiklərimizdən görülüyor ki, müsəlmanlar əleyhiə vaqe olub da bütün Qafqasiya müsəlmanlarını bir növ “asma qılınc” altında bulunduran fitnə irtica qüvvətinin zəif bir nöqtə tapıb da oradan baş qaldırmaq istəməsindən başqa bir şey degildir. Bu nöqtədən müsəlmanlar həqqində xüsusi bir kin və ədavəti olan şəxslərlə bərabər müsəlmanlara məxsus bir kin olmuyub, onların fəlakətilə əlindən acıqlı və yanıqlı olan, hürriyyətə zərbə vurmaq istəyən xain mürtəcelər də az degildir. Bu mürtəcelər ermənilərdə olduğu kibi ruslarda da çoxdur. Ehtimal müsəlmanların öz aralarında da vardır.

 

İştə, fitnədən bəhs olunduğu zaman burasını daima nəzərdə tutmalı, ona görə də hərəkət eləməlidir. Bu xüsusda heç şübhəsiz ki, ən faidəli çarə müdafiəyi-hissə mühəyya olmaq, bundan ötrü də bu gün inqilab və əskəri müəssisələr ilə həqiqəti-əhvalı anlatmaq lazım. Zənn olunmasın ki, bu xüsusda müsəlmanların səsi eşidilməz. Zənn olunmasın ki, çoxmilyonlu xəlq bir kaç müfəttin məqsəd mürtəcenin bazıcəyi-həvəsati olub qərəzkar bir takım adamların sözünə böyük bir millət suyi-zənn altına alınar da fəlakətlərə məruz buraxılar.

 

Milli komitənin rəisi Məhəmməd Həsən Hacınskinin Milli Şura iclasında dedigi söz, yerində söylənilmiş sözdür. Qeyri millətlər arasında həqiqi sosialistlər vardır ki, onlar öz tə-şəbbüslərilə, bizim tərəfimizdən heç bir xahiş vaqe olmadan müsəlmanlar həqqində olunan fitnələrə diqqət edib səslərini onların müdafiəsinə qalxızmışlardır.

 

Əvət, min dürlü fitnələrə məruz olduğumuza baxmayaraq Bakı Əmələ və Əskər Vəkilləri Şurasının nəşri-əfkarı “sərkeş başımız”ın Rusiya inqilabı qarşısında əgilməsini tələb edib durduğu zaman ancaq “B.Raboçi” qəzetəsi idi ki, rəfiqinin bu hərəkətinə “yabançı sosialistlik” namı verərək protesto eləmişdi.

 

Fəqət təəssüf olunuyor ki, bizi fitnələrə qarşı müdafiə edən həqiqi sosialistlər özləri dəxi az fitnələrə məruz degildirlər.

 

M.Ə.Rəsulzadə

”Açıq söz”, 30 iyun 1917, ¹509

 

Bazicə - oyuncaq

Suyi-zənn - pis xəyal

Müəssif - təəssüf doğuran

 

Bu nədir?

 

Bəyazidov, köhnə idarənin bu rəzil xidmətkarını bilərsiniz. O xidməkarı ki, bu gün Rusiya müsəlmanlarının etiraz və lənətlərinə baxmayaraq Nikolay hökuməti onu müftiligə təyin eləmişdi. O Bəyazidov ki, inqilab elan olunur-olunmaz müsəlmanların müraciəti üzərinə bir mürtəce kibi həbs olunmuşdu. İştə, bu mürtəce imdi inqilab hökuməti tərəfindən sosialist Kerenski idarəsində bulunan hərbiyyə vəzarətinin əskəri axundluğuna təyin olunmuşdur.

 

Ümumrusiya Müsəlman Şurası gərək bu axundun təsbitini və gərək müsəlmanlardan ötrü daha müzürr olmayan Tarnovskinin ruhani işlər dəftərxanəsi müdürliginə məmuriyyətini protesto eləmiş, qeyri-məzhəb işlər idarəsinin müdiri professor Kotlyarovskidən bu iki adamın əzlini istəmişdir. İki gün əvvəl aldığımız şura teleqrafından anlaşıldığına görə Milli Şuranın bu müraciəti Kotlyarovski tərəfindən rədd edilmişdir. Demək ki, bütün Rusiya müsəlmanları naminə vaqe olan müraciət etinasız buraxılmışdır. Kotlyarovski bütün Rusiya demokratiyasının etimadından məhrum Kadet firqəsinə mənsub professorlardandır. Burasını nəzərə aldıqda Bəyazidov kibi adamlarla həmkarlıq edə bilər - deyə təsəvvür olunur. Fəqət demokratiyanın etimadını qazanmış yarım sosialist bir hökumət nümayəndəsi olmaq sifətilə professorun bu etimadsızlığı şübhəsiz ki, yalnız knyaz İvanovun degil, qrajdanin Kerenskinin də hesabına daxildir. Bilxassə ki, Bəyazidov kibi bir mürtəce haman Kerenski idarəsindəki hürriyyət ordusunun axundluğuna təyin olunmuşdur.

 

Milli Şura həqli tələbi qarşısında gördügü etimadsızlıqdan bütün Rusiya müsəlmanlığı naminə inciyərək təəssüflə bütün Rusiya müsəlmanlarına müraciət eləmiş, Milli Şuranın qərarına əməl oluncaya qədər başqa məzhəb işləri dairəsi ilə hər növ əlaqələrini kəsməyi tövsiyə etmişdir.

 

Milli Şura ilə hökuməti-müvəqqətəsində zühur edən bu ixtilaf daha rəf edilməmiş və zehnlər onun təsirilə həyəcanda ikən ikinci qara bir xəbər də alındı. Kazandan gələn bu xəbər dünki nömrəmizdə dərc edilmişdir. Bu xəbərdə müvəqqəti müsəlman əskərləri şurasının rəisi İlyas Alkin cənabları iyulun 15-də yığılması müqərrər olan ümumrusiya müsəlman əskərləri syezdinin müsəlmanlardan ötrü təhqiri mütəzəmmin gəlmələrlə rədd edildigini bildiriyor. Təəssüf olunuyor ki, teleqraf böylə mühüm bir məsələdə çox müxtəsər çəkilmişdir. Teleqrafın müxtəsərligi üzündən “təhqiramiz gəlmələrin” nədən ibarət olduğu məlum degilsə də, syezdin məni aşkardır.

 

Kerenski cənabları hərbiyyə vəzarətinə keçər-keçməz sosialistlərə yaraşan tovla və təbliğdən ziyadə əmr və təshi ilə iş görməgə başlamış. Bu tövr əmr insanı da bilxassə inorodistlər həqqində göstərmişdir.

 

Əvət, Kerenski Finlandiyada söylədigi təhdidamiz nitqindən sonra ukranıyalılara qarşı amiranə bir vəziyyət aldı. Ukrayna Məclisi-Kəbiri-Millisini ictimadan mən etdi. Fəqət ukranıyalılar dinləmədilər, bilaicazə ictima etdilər.

 

Müvəqqəti Müsəlman Şurası Əskəriyyəsi dəxi ukranıyalılar kibi bilaicazə yığışmaq qərarını almış və iyulun 15-də hökmən toplanmaya əzm etmişdir.

 

“Ən gözəl müdafiə hücumdur” şüarı ilə qarşı çıxıb da hücumun hürriyyətə degil, irticayə xidmət edəcəgini iddia edən Rusiya amədpərvərləri görünüyor ki, pək də həqsiz degildirlər. Hücum başlanıyor-başlanmaz hürriyyəti rəxnədar edəcək bir çox əlamətlər görünməgə başladı. O əlamətlərdən birisi də iştə, müsəlman syezdinin mənidir. Məlum olduğu üzrə inqilabın elan elədigi müqəddəs əsaslara görə sair hürriyyətlərlə bərabər ictima azadlıqları da mütəntən bir surətdə elan olunmuşdur. Syezdin məni isə hürriyyətin ən böyük rüknü olan ictima azadlığına bir zərbədir.

 

Azadlığa endirilmiş hər zərbə təbii olaraq əks zərbəyi mucib olur. Müsəlman əskərlərinin bilaicazə olsa da, syezdi toplamaq əzmində olmaları iştə, məcburiyyətlə hasil olmuş əks zərbələrdən biridir.

 

Əcəba, hanki məntiqlədir ki, yarım sosialist hökuməti bu kibi qatı tədbirlərə mən və imtinah siyasətlərinə müraciət ediyor? Kəndisinin böylə mən və imtina siyasəti nəticəsində iş başına gəldigini və bütün vücudilə şiddət politikasının doğurmuş olduğu bir novzad olduğunu unutdumu? Nə tez unutdu? Unutmadısa da bu hərəkətlər nədir?

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 5 iyul 1917, ¹513

 

Böhrani-inqilab

 

İyulun ikisi ilə dördü arasında Petroqradda hadis olan qanlı vaqeələr, biri digəri ardından gələn böhranlı vaqeələrlə başa çıxıyor. Kabinədə böhran, küçələrdə üsyan, məmləkətdə həyəcan, bunların hamısının üstündə hücuma başlamış ordunun sınıqlığı, ikinci Kornilov armiyasının hər bir cəhətcə düşmənə üstün ikən məğlub olması məmləkəti, inqilabı yeni bir böhran ilə qarşı-qarşıya qoyuyor.

 

Fevral inqilabi-əzimini işıqlı ümidlərlə qarşılayan əməlpərvər ürəklər iyul ibtidasında çıxan bu qanlı və əndişəli böhranları nə surətlə qarşılayacaq, hələ bu böhran nəticəsində elan olunan “inqilab diktatura”sına hanki bir baxışla baxacaqlar?

 

Diktatura demək, idareyi-mütləqə deməkdir ki, tarixdə, inqilab zamanlarında, ixtilal və qarqaşılıqların qabağını saxlamaq üçün müəyyən bir şəxs və ya heyətə hər növ fövqəladə tədbirlər görmək həqqi verməkdən ibarətdir. Diktatura əksərən əksinqilaba müncər olub müvəffəq olduğu zaman hürriyyətlərin təhdidi ilə nəticələnər, olmadığı təqdirdə məmləkəti daha ziyadə bir fəlakət və böhrana uğradır.

 

Tarixi zamanlarda zamana hökm edə bilmək üçün iqtidarlı ələ malik olmaq ehtiyacı ilə bərabər o zamanın iqtizasını dərkə dəxi böyük ehtiyac vardır.

 

Bugünki dərdin çarəsini diktatura elanında görən inqilabçılar və hər növ ictima və məclisləri icra komitələrinin pişəzvəqt verəcəkləri icazələrə bağlamaq surətilə “ifratpərvər” cərəyanlarla mübarizə etmək istəyən demokratlar məmləkətin istedad və arzusunu düşünməyərək hücuma başlamaları ilə zamanın iqtizasına həqqilə arif olmadıqlarını bildirməmişlərmidi?

 

Fevral inqilabı istibdadı bitirdi və o məqsədlə də elan olundu. İmdiki ixtilal isə müharibəyi bitirmək istiyor. Çünki müharibənin davamında həm məmləkətə, həm cümhuriyyətə, həm də demokratiyaya faidə degil, zərər görüyor. Həm həqiqətən də böylədir. Rusiya giriftar olduğu bu qədər müsibətilə bərabər bu qanlı hərbi bir an əvvəl bitirməzsə, əksinqilaba xidmət etmiş olacaq və müharibənin vücudilə bərabər elan olunan hər hanki bir diktatura isə hürriyyət və cümhuriyyətdən ziyadə, irtica qüvvələrinin artmasına xidmət edəcəkdir.

 

Bu mülahizələr göz qabağına gətirildikdə son günlərdə hadis olan əhvalın nə kibi nəticələrlə qurtaracağı əndişəyi mucib oluyor.

 

İstibdadın sayılmış sonuncu günlərindən bəri təkrar edilə-edilə hər növ təsir və əhəmiyyətini itirmiş olan “vətən xətərdədir” cümləsi təkrar qəzetələrin baş səhifələrinə keçiyor. Fəqət zamanın əsl bəlası bir kənarda buraxılıb da hər növ günahı məqami-iqtidarda duranlara xas bir zehniyyətlə müharibənin bir an əvvəl tamam olmasını istəyən “ifrat” sosialistlərdən görmək və bu görüş göstərməsilə hərəkət edib inqilab diktaturasını o yolda işlətmək Rusiyayı xətərdən qurtara biləcəkmi?!.

 

Kadetlərin kabinədən çıxdıqlarından sonra müvəqqəti sosyalist hökuməti kadetlərdən sol burjualarla etilaf edərək bu yeni etilaf hökumətinə diktatura məqamını vermək istiyor. Əcəba, “müdafiəçi” olsa da fəhlə və soldat vəkillərindən ibarət olan demokratiya təşkilatı ilə hökumət tərəfdarı sosialist firqələr diktaturayı qəbul edəcəklərmi?

 

Diktatura başında Kerenski ilə Seretelinin bulunmasına nəzərən güman etməlidir ki, elan olunan diktatura bu firqə və qüvvətlərin aldığı qərar nəticəsidir. Fəqət teleqraflarda görülən bir xəbər bu mülahizənin hələ tez olduğunu bildirir. Petroqraddan gələn bir teleqraf diyor ki, Fəhlə və Soldat Vəkilləri Mərkəzi Şurası diktaturayı qəbul etməməgə qərar vermişdir.

 

Bu xəbərlərdə bir növ təzad vardır. Baxalım, hadisələrin cərəyanı nə kibi istiqamət alır.

 

“Açıq söz”, 12 iyul 1917, ¹517

 

Tazə Şurayi-Milli

 

Tazə təşkilat üsuli ilə təsis olunan Şurayi-Milli əmələ gəldi. İyulun 12-də bu Şura ilə üz-üzə gəldik: üzünə baxılır, kəndisilə anlaşılır, vicdan və idrakına inanılır bir Şura!

 

Millətin hər bir təbəqə və sinfinin burada nümayəndəsi var. Məhəllə, həmkar, məarifmənd, üləma, sinif və məslək hamısı burada, millət etimad elədigi, kəndisindən iş istədigi adamlarının hamısını, heç olmasa çoxusunu burada görə bilər.

 

Şuranın sayı 200 adama qədər çıxa biləcək bir halda. Hazırda 150-yə qədər adam mövcud. Bu Şura qabaqkı şuraya bənzəmiyor. İnqilab zamanının 3-4 ayı təsirsiz keçməmiş, fikirlərdə, təsəvvürlərdə bir növ kamal hasil olmuş. Hər kəs bir məsləki-siyasiyə doğru getməkdə, cəmaətdə siyasət axımları seçilməkdədir. Burada bu axımlardan hamısının nümayəndələri var.

 

Komitəyə seçilmiş 33 adam eynilə Şuranın kiçik bir nümunəsi.

 

Komitə seçkisi əsnasında Şura bütün sürətlə toplanmasına rəğmən təşkilata istedad əsəri göstərdi. “Müsavat”çılardan bir heyətin təşəbbüsilə hazırlanmış olan namizədlər siyahısının layihəsi seçkiləri nəticəli bir hala qoydu. 60 ilə 80 arasında sabit bir əksəriyyətlə heyətin siyahısı keçdi. Anlaşıldı ki, Şura əzası arasında müxtəlif cəmiyyət və heyətlərin nümayəndəsi olmaq üzrə qüvvətli və disiplinə tabe müsavatçılar vardır. İştə, bu hal Şurayı işlək bir hala qoydu.

 

Şübhəsiz ki, işin ibtidası olduğundan və firqə həyatına biz tazə girdigimizdən “Müsavat” firqəsinin bu ilk təcrübəsində nöqsanlar yox degildi. Fəqət nöqsanlı da olsa bu hal özü bir kamaldır.

 

Şura tərəfindən seçilən komitə bu günə qədər iki iclas etmiş. Bu iclasların da sədrini, müavinlərini, katibini intixab eləmişdir. Bu günlər dəxi 5 şöbəyə bölünüb öz işinə başlayacaq.

 

Əvət, işə başlayacaq. Fəqət olduqca ağır, məsuliyyətli, zəhmətli bir işə başlayacaq.

 

15 üzvlük birinci komitə təşkil olunduğu zaman inqilabın ilk günləri, ballı günləridi. Hər kəsdə böyük ümidlər və könüllərdə həyəcanlı fərəhlər vardı. Fəqət bununla bərabər təşkilat naminə heç bir şey yox idi. Öylə bir zamanda müsəlman cəmaət işini idarəyə təşəbbüs edən komitə qüvvəti yetdigi qədər çalışdı. Nəhayət, xəlqimizin təşkilat və özünü idarəyə olan istedadı kəndisini göstərib dairəsinin genişlənməsini istədi. Bu istəyiş iştə, bugünki Şura ilə Komitəyi vücuda gətirdi.

 

Fəqət yeni vücuda gələn bu komitə bir şeyi dəxi göstərdi ki, cəmaət öz işini öz əlinə almaq istəməsi ilə bərabər bu günə qədər kəndisinə xidmət edən qüvvələrə hala etimad bəsləməkdə və onlardan bundan sonra xidmətlər də gözləməkdədir. Köhnə komitə ərkanının eyni ilə haman yeni komitəyə də seçildikləri bunu göstərməkdədir. Bu hal şübhəsiz ki, xadimlərimizi təşviq edər, ağır vəzifələrini ifa etdikdə kəndilərinə sühulət verər. Böylə bir sühulətə heç şübhəsiz ki, bu günlərdə iş başında bulunmaq vəzifəsilə vəzifələnən millət xadimləri yerdən göyə qədər möhtacdırlar.

 

İnqilab böhran keçiriyor. Məmləkət təhlükə içərisindədir. Anarxiya gözünü ağardıyor. Bütün Rusiya ilə bərabər millətimizin, əzcümlə Qafqasiya müsəlmanlarının halı da qorxular içindədir. Bu zaman inqilabın ilk günlərindəki zamandan daha məsuliyyətli, daha ciddiyyətlidir. Böylə bir zamanda cəmaət işinə məşğul olanların fikri şübhəsiz ki, hər cəhətcə əmin olmalıdır.

 

Şuranın, cəmaətin etimadına əmin olan Komitə əlbəttə ki, cəsarətlə öz yolunu gedə bilər və xəlqin etimadı sayəsində məqsədlərinə irişib, milləti də saxlar.

 

Bu etimad hazırda var. Lazımdır ki, bu etimad davam etsin. Lazımdır ki, bu etimadın həqli olduğu anlaşılsın. Bunun üçün də lazımdır ki, tazə seçilmiş Komitə əzaları gecə-gündüz işləsinlər.

 

İşləsinlər... Müvəffəqiyyətlər!

 

“Açıq söz”, 16 iyul 1917, ¹520

 

Sühulət - asanlıq, əlverişlilik

 

(Ardı var)

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2018.- 17 mart.- S.20-21.