Mikayıl Azaflı: Azərbaycanın qoca qartalı

 

Mikayıl Cabbar oğlu Zeynalov saz-söz beşiyi Tovuzun Azaflı kəndində anadan olmuş, gənclikdən aşıq sənəti onu ovsunlamış və ömrünü bu ulu sənətə həsr etmişdir.

 

Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi. O, təkcə aşıq sənətini kamil bilməyi ilə deyil, eləcə də şairlik təbinə malik olmağı ilə seçilirdi. Erkən yaşlarında “Solğun” və “Coşqun” təxəllüsləri ilə şeirlər yazan aşıq-şair az sonra təxəllüs kimi öz doğma kəndinin adını götürmüşdür.

 

Azaflı Mikayılın öz sənət aləmi, saz-söz dünyası vardır. Bu dünya ulu qaynaqlardan su içib müdriklik zirvəsinə yüksəlmişdir.

 

Şübhəsiz, buna görədir ki, Mikayıl Azaflının yaradıcılığına dissertasiya həsr edən türkiyəli tədqiqatçı Əli Kafkasyalı onu “Müasir Azərbaycan aşıqlarının bayraqdarı”, professor Əzizə Cəfərzadə isə “Çağdaş aşıq sənətinin ən ulu aşıq-şairi” adlandırmışdır.

 

Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Aşığın şeir bağçasında yer alan bir-birindən gözəl gəraylılar, təsniflər, qoşmalar, müxəmməslər, divanilər, vücudnamələr, cahannamələr, sicilləmələr, ustadnamələr, ithaflar, nəzirələr, bağlama-qıfılbənd deyişmələr, şeirlə məktublaşmalar, bayatılar, hətta rübai və qəzəllər, dastan və poemalar saz-söz pərəstişkarlarını məftun edir. Bu, onun həm klassik aşıq sənətinə dərindən bələd olması, həm də yazılı ədəbiyyatımızı yaxşı bilməsi ilə bağlıdır.

 

Azaflı Mikayılın yaratdığı “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı sənəti”, “Azaflı dünyası”, “Azaflı gəraylısı”, “Azaflı himni”, “Mikayılı”, “Məzahiri”, “Azaflı dağları”, “Azaflı bəhri”, “Azaflı müxəmməsi”, “Şah sarayı” kimi saz havaları dillər əzbəri olmuşdur.  Bu havaların hər birinin öz ritmi, ahəngi, gözəlliyi və təkrarsız melodik zənginliyi vardır. Təsadüfi deyildir ki, vaxtilə Azaflı simli alətlər üzrə Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilmişdi.

 

Azaflı Mikayıl lap cavanlıqdan, güman ki, istedadlı, ilahi vergili olduğuna görə ötkəm olub. Qorxu bilməyib. Tovuzun Qaraxanlı kəndindən olan el şairi Seyid Bəndənin Sovet dönəmində nəinki məclislərdə oxunması, hətta dilə gətirilməsi belə təhlükəli olan:

 

Əlimizdə zorba çomaq,

Başımızda motal papaq,

Ağ şalvarda qara yamaq,

Kommunizmə gedirik biz.

 

- misraları ilə başlayan şeirini hansısa məclisdə oxuduğuna görə Dövlət Təhlükəsizliyi orqanlarının qara siyahısına düşmüş, qara buludlar başının üstünü almışdı. Bu, aşığı həbsxanaya qədər gətirib çıxarmışdı. “Oğurluqda və evində silah saxlamaqda təqsirli bilinib” damğası ilə sənətkar dörd il (1961-1964) azadlıqdan məhrum edilmişdi. O zaman aşıq-şairin hələ qırx yaşı yox idi. Bu, aşığın sənətinin və yaradıcılığının çiçəkləndiyi bir dövrdə baş vermişdi. Onun günahsız olduğu, Sovet quruluşunun riyakarlığı hamıya bəlli idi. Azaflını zindana başqalarına görk olsun deyə atmışdılar.

 

Həmişə xalq içində, xeyirdə-şərdə olan aşıq həbsxanada xiffət çəkirdi. Otuz yeddi yaşında olan aşığın saçı tamam ağarmışdı. Bunu onun “Ağarmayın, ay saçlarım, amandı” şeirindən də görmək olur:

 

Olmazmı ki, qəm çəkincə güləsən,

Nədən oldu yanıb döndün külə sən.

Qırx yaşına çatmamısan hələ sən,

Ağarmayın, ay saçlarım, amandı.

 

Azaflının “Zindan şeirləri” başlığı altında 150-dən artıq qoşması toplanmışdır. Onun “Bülbül”, “O mənəm”, “Ağarmayın, ay saçlarım, amandı”, “Sən demə”, “Deyəmmərəm”, “Ağlama”, “Döndü körpələrin qana yaşları”, “Bənzər”, “Dar günü”, “Əl aman, aman”, “Ağlar, ağlar”, “Zindan”, “Mən qocalmazdım” kimi bir çox qoşmaları şair hələ zindandaykən dillər əzbəri olmuşdu. Bu şeirlərdə Azaflı Mikayıl zəmanədən şikayətlənirdi:

 

Bu dövran ustadsız aşıqlar kimi,

Düz hava çalmayıb, çalmayacaqdır.

 

Lakin bir aşıq-şair kimi Azaflını fərqləndirən iki cəhət vardır. Birincisi, o, heç vaxt mövcud quruluşa yaranmamış, onu mədh etməmiş, ikincisi isə odur ki, o, sovet quruluşunun eybəcərliklərini tənqid atəşinə tutmaqdan çəkinməmişdir. Öz tutumu, dərin mənası ilə qalaq-qalaq kitablara sığmayan tale yüklü dərdlərimizi, xalqımıza üz vermiş bəlaları aşıq dördcə misrada tam çılpaqlığı ilə açıb göstərmişdir:

 

Qoca Azaflıyam, dilim var, lalam.

Təbrizdə qardaşım, Sibirdə balam.

Elə dərd varmı ki, çəkməmiş olam,

Bax onlar ağartdı saçımı mənim.

 

Aşıq azadlığa çıxdıqdan sonra onun şöhrəti daha da artmış, yaradıcılığı daha da kamilləşmişdi. Bununla belə, XX əsrin 80-ci illərinə qədər aşıq-şair televiziya, radio və mətbuat üzünə həsrət qalmışdı.

 

Azaflı yaradıcılığının ana xəttini fəlsəfi fikirlər təşkil edir. Onun elə bir şeiri yoxdur ki, orada həyat fəlsəfəsi özünü bariz şəkildə göstərməsin:

 

Azaflı Mikayıl, yaranan köçür,

İnsan bir zəmidi, Əzrayıl biçir.

Əsrlər dolanır, ömür-gün keçir,

Dünyadan payını al vədəsində.

 

Və ya:

 

Alim olsan, qafan olsa,

Həkim olsan, şəfan olsa,

Gözəl olsan, vəfan olsa,

Milyonlar arzular səni

 

- deyən Azaflı, poeziyanın füsunkar dili ilə oxucunu haldan-hala salır.

 

Azaflını məşhur edən amillərdən biri də onun dilidir. Aşığın gəraylı, qoşma, təcnis, divani, təsnif, müxəmməs və s. aşıq şeir şəkillərini ehtiva edən yaradıcılığı göstərir ki, aşığın dili bir örnəkdir, zəngin xalq dilini yaşadan bir aləmdir. Bir sözlə, Azaflı Azərbaycan dilinin intəhasız imkanlarından məharətlə istifadə etmiş, dilin saflığı uğrunda mübarizə aparmışdır:

 

Sözlər saxtalaşır, sözlər tapdanır,

Çoxları bu işi yenilik sanır.

 

Alman alimi Leybnisin məşhur kəlamı var: “Mənə mükəmməl dil verin, sizə mükəmməl mədəniyyət verim”.

 

Göründüyü kimi, ustad aşıqların, o cümlədən də Azaflı Mikayılın folklorumuzun, musiqi mədəniyyətimizin yayılmasında, sevilməsində, dilimizin saf, təmiz, duzlu, şirin olmasında xidmətləri böyükdür.

 

Burada mühüm bir məsələni qeyd etmək gərəkdir. Klassik poeziyamızda əsl şairlərin “Divan” bağlaması sərt olduğu kimi, ustad aşıq məqamına yüksəlmiş sənətkarların təcnis yazması da şərtdir. Qüdrətli söz ustadı xəstə Qasım bu işin çətinliyindən söz açaraq yazır:

 

Nə alim işidi, nə də üləma,

Təcnis meydanının öz hünəri var.

 

Hər sənətkar təcnis meydanında “hünər” göstərə bilməmişdir. Ona görə ki, təcnis sənətkardan fitri şairlik istedadı, dilin dərin qatlarına baş vurmaq, onun incəliklərini bilmək, zəngin söz ehtiyatı tələb edir. Çağdaş aşıqlarımızdan Aşıq Şəmşir və Azaflı Mikayıl təcnisin gözəl nümunələrini yaratmışdır.

 

Maraqlıdır ki, professor Vaqif Vəliyev “Qaynar söz çeşməsi” kitabında Azaflı yaradıcılığında təcnisin 29 nümunəsinə təsadüf edildiyini qeyd edir.

 

Xüsusi vurğulamaq lazımdır ki, Azaflının təcnislərində məzmun formanın qurbanı olmur, zəifləmir:

 

Dünyada görmədim dara düşəndə,

Şöhrətin dostlara haraya gələ.

Aşıq deyər: hər aya,

Bahar gəlməz hər aya.

Ağır günün aşnası,

Darda yetiş haraya.

Olsa yüz min qohum, qardaş, aşna, dost,

Bəlkə yüzdə biri haraya gələ.

 

Aşıq sənəti ağır zəhmət tələb edən sənətdir. Dahi Üzeyir bəy bu sənəti yaradıb-yaşadanları yüksək qiymətləndirmişdir.

 

Üzeyir bəy yazırdı ki, aşıq sənəti elə bir aləmdir ki, burada bəstəkarın da, xanəndənin də, rəqqasın da istənilən qədər payı vardır.

 

Əlavə edək ki, aşıq həm də bədii söz ustasıdı, ifaçıdı, şairdi, aktyordu. Çalmağı, oxumağı, oynamağı, dastan söyləməyi var. Ustad aşıqlara qulaq asanda ingilis alimi Raskın dəqiqliklə dediyi sözlər diqqəti çəkir: “Əsl incəsənət nümunəsi onda yaranır ki, insanın beyni də, əli də, qəlbi də eyni vaxtda vurur”. Bu isə həyatını bu ulu sənətə həsr edən, xalqın istək və arzuları ilə yaşaya-yaşaya saç ağardan Azaflı kimi ustad aşıqlara qismət olur.

 

Azaflının ilham mənbəyi insan amalı və mənəvi qüdrəti olmuş, onu riqqətə gətirmişdir. Bu poetik aləm el duyğuları, xalq ruhu ilə qaynayıb-qarışır, insanları pis əməldən, bədxahlıqdan çəkinməyə səsləyir, onlara nəciblik, müdriklik, mərhəmət, məhəbbət, xeyirxahlıq kimi nəcib hisslər, bəşəri duyğular aşılayır.

 

Azaflının şeir bağçasında hər kəs öz zövqünə uyğun misralar, poeziya nümunələri tapa bilər. Çünki bu poeziya klassik ənənələr üstündə köklənən, xalqın özündən gələn təbii sənət bulağıdır.

 

Azaflı poeziyasının rəngarəngliyi oxucunu heyran edir. Çox vaxt ustadın poeziya nümunələrinin hansı janra aid olduğunu ayırd etmək belə çətin olur:

 

Gecə təbiətin qara yorğanı,

Gündüz cəmiyyətin zəhmət meydanı,

Günəş nuru ilə bəzər dünyanı,

Sabah olanda.

 

Azaflı poeziyasında başqa ustadlarda nadir rast gəlinən nümunələr də çoxdur. Sənətkarın “Gözəlim” adlı üçqafiyəli qoşması buna parlaq misaldır:

 

Sənsən maral, gəl canım al, ay maral,

Bir yada sal, yanımda qal, olum lal!

Ağ üzdə xal, dodaqda bal, gülcamal.

Eyləmə naz, gedər qalmaz, gözəlim.

 

Məhəbbətdən, gözəldən, gözəllikdən yazmayan şair yoxdur. Azaflının məhəbbət şeirləri gözlənilməz keçidləri ilə oxucunu heyran edir:

 

Sən necə təbibsən, necə həkimsən,

Səndən şəfa istər loğman, a ceyran!

 

Və ya:

 

Qüdrətindən həyat, aləm yaranıb,

Bahar qızlı təbiətdi məhəbbət.

Cazibəsi yeri göyə bağlayıb,

Möcüzəli ziyarətdi məhəbbət.

İlahidi, zirvəsini qar almaz,

Ətir saçar, gül-çiçəyi saralmaz.

O, dünyada cavan qalar, qocalmaz

Bir əbədi ülviyyətdi məhəbbət.

 

Azaflının sənətkarlığı o qədər güclü olmuşdur ki, on bir övladının və nəvələrinin bir çoxu aşığın yolu ilə gedərək ömürlərini bu ulu sənətə həsr etmişlər. Bəzilərinə isə aşıqdan şairlik keçmişdir.

 

Azaflı görkəmli sənətkar olmaqla bərabər, həm də müdrik bir insan, seçilən şəxsiyyət idi. Adətən, sənətkarlar arasında bir-birinə qısqanclıqla yanaşanlara rast gəlmək olur. Mikayıl Azaflı bu cəhətdən də fərqlənirdi. Ürək genişliyi, sənətə və sənətkara məhəbbətlə yanaşması ona böyük hörmət və ehtiram qazandırmışdı. Sənətkarın çoxlu sayda şəyirdi olmuş, neçə-neçə tanınmış aşıq yetişdirmişdir. Bu, aşıq üçün ən böyük xidmət hesab olunur. Çünki sənəti yaşatmağın ən ümdə yolu budur.

 

Azaflının xidmətlərindən danışarkən rəhbərliyi ilə Tovuz Aşıq məktəbinin adlı-sanlı nümayəndələri tərəfindən “Koroğlu” dastanının dörd qolunun söylənərək lentə alınması olmuşdur: “Koroğlunun Dərbənd səfəri” (Mikayıl Azaflı), “Durna teli” (Əkbər Cəfərov), “Toqat səfəri” (Mahmud Məmmədov), “Koroğlu və Bolubəy” (Əlixan Niftalıyev).

 

XX əsrin ortalarında Sovet sisteminin dayaqları artıq laxlamağa başlamışdı. Odur ki, Aşıqların IV Qurultayında (mart, 1984) sənətkara ehtiram göstərərək çıxış etmək təklif olunmuşdu. Azaflı məruzə səviyyəli çıxışında çoxillik təcrübəsi əsasında aşıq sənətinin incəliklərindən, çatışmazlıqlardan, qarşıda duran vəzifələrdən söz açmışdı.

 

Qurultayda Azaflının aşıq sənətinin inkişafında göstərdiyi fədakarlıq və xidmətləri xüsusi qeyd edilmişdi. O, Aşıqlar Birliyinin sədr müavini seçilmişdi.

 

1989-cu il Azaflı Mikayıl üçün əlamətdar oldu. Novruz bayramı şənliklərində xalqımızın müdrik qəhrəmanı Dədə Qorqud obrazı ona həvalə olundu. Həmin ilin may ayında sənətkar “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görüldü.

 

Təəssüf ki, Azaflı bu sevinc payını dost-tanış, qohum-əqrəba, saz-söz xiridarları ilə çox bölüşə bilmədi. Azərbaycan xalqının taleyüklü Qarabağ nisgili, 20 yanvar 1990-cı il faciəsi bəzi qələm sahibləri, alim və ziyalılar kimi onu da sarsıtdı. Ürəyi tab gətirmədi. İnfarkt keçirdi və 1990-cı ilin oktyabrında dünyasını dəyişdi.

 

Azaflı “Mənim dünyam” adlı şeirində yazırdı:

 

Mən ölsəm də yaşa səni,

Mənim dünyam, mənim dünyam.

 

Əminliklə deyə bilərik ki, Azaflının söz-sənət dünyası yaşayır və ulu aşıq sənəti yaşadıqca onun “Qoca Qartal”ı bu sənətin korifeyləri sırasında zirvədə dayanacaqdır.

 

Qəzənfər PAŞAYEV

Professor

 

525-ci qəzet.- 2018.- 17 mart.- S.14.