Azərbaycan mədəniyyətində İlyas Əfəndiyev fenomeni

 

Vəfa XANOĞLAN

Bakı Xoreoqrafiya Akademiyasının elmi katibi, filologiya üzrə fəlsəfə doktoru

 

Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığında toxunduğu mədəniyyət və mənəviyyat problemləri özəl bədii-estetik dəyərinə, dərin fikir genişliyinə, ictimai-sosial mahiyyətinə görə bu gün də düşündürücüdür, aktualdır, milli düşüncə və əxlaq tərzinin formalaşmasında çox dəyərli əhəmiyyət kəsb edir.

 

Mütəfəkkir sənətkar ən qlobal bəşəri mövzulara, qatı sosial-ictimai problemlərə məhz insan mənəviyyatından pəncərə açdı. Yeni baxım bucağı ilə oxucunu daha böyük ülviyyətlə öz qələminin diktəsinə səfərbər etdi. Unudulmaz sənətkarımız yarım əsr milli teatr sənətimizin şərəfli yükünü öz çiyinlərində apardı, onlarla lirik-psixoloji və tarixi-fəlsəfi dramları ilə teatrımızı yeni zirvələrə qaldıraraq özünün "İlyas Əfəndiyev teatrı" yaratdı.  Xalq yazıçısının çoxçeşidli bədii yaradıcılığı onun mədəniyyət konsepsiyasının nəzəri-estetik özəlliklərinin mahiyyətini açmaq üçün zəngin material verir. Sənətkar milli mədəniyyətimizə böyük təsir göstərmiş şəxsiyyətlərdəndir. O, elə bir şəxsiyyət və elə bir yaradıcı sənətkardır ki, istedadının gücü ilə mədəniyyətimizin müxtəlif sahələrinə nüfuz edə bilmişdir. Xalq yazıçısının zəngin bədii irsində teatr, kino və televiziya sanki bir-biri ilə ilişikli qarışıb yaşayır. Belə ki, Azərbaycan ədəbi mühitində ustad sənətkarın bir sıra əsərləri həm uğurla səhnədə tamaşaya qoyulmuş, həm də kino və televiziya ekranlarına yol tapmışdır. Bütövlükdə İlyas Əfəndiyev yaradıcılığının milli mədəniyyətimizdə xüsusi rolu və müstəsna əhəmiyyəti vardır. Xalq yazıçısı həm də sərhədlərimizdən uzaqlarda yaranan ədəbiyyat, incəsənət və mədəniyyətimizin, milli-ictimai təfəkkür potensialımızın öyrənilməsini də vacib sayırdı. Akademik Bəkir Nəbiyev yazırdı: "İlyas Əfəndiyevin pyesləri bu gün də insanları mənəvi təmizliyə çağırır. Dramaturq bəzən tərəddüd edən, hətta müəyyən səhvə yol verən, lakin sarsılmayan, ən mürəkkəb vəziyyətlərdə belə öz insanlıq şərəfini qoruyub saxlamağı bacaran aydın məqsədli qəhrəmanın timsalında müasirlərinə canlı, həyati xarakterlər təqdim edir, onları meşşanlıq bataqlığına yuvarlanmaqdan çəkindirir, vətənpərvərlik qayələrinə, böyük bəşəri ideallara sədaqət və məhəbbət aşılayırdı". Xalq yazıçısının dram əsərləri ilə yeni rejissor, aktyor, bəstəkar nəsli formalaşdı. "İlyas Əfəndiyev teatrı"nın fəlsəfi-estetik və fikri-bədii təravəti bu gün də oxucuların və tamaşaçıların vətənpərvərlik hissi və zövqünün formalaşmasına öz təsirini göstərir. O, özünəməxsus cəsarətlə bədii əsərlərində azadlığımızı və milli müstəqilliyimizi, xalq həyatını, azərbaycançılıq və türkçülük məfkurəsi ilə təcəssüm etdirərək, XX əsr Azərbaycan ədəbiyyatının klassikinə çevrildi. Dramaturqun yazdığı 22 pyesdən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və bu pyeslər çağdaş teatr təfəkkürünün inkişafına güclü təsir göstərib. Azərbaycan teatr poetikası bədii-estetik siqlətini geniş anlamda "İlyas Əfəndiyev teatrı"nda tapdı.

 

Yazıçının əsərlərinin müsbət qəhrəmanları kənddə mədəniyyəti təbliğ edirlər. Əsərlərinin qəhrəmanları haqqında yazıçı yazırdı ki, "mənim əsərlərimin qəhrəmanları müasir həyatda xarüqələr yaradan gənclərdir. Bu qəhrəmanlar öz fəaliyyətlərində elm və mədəniyyəti təbliğ edir, ucqar kənd və rayonlara yol çəkir, rüşvətxorluğa, ədalətsizlik və haqsızlığa qarşı mübarizə aparırlar". Məsələn, "Söyüdlü arx" romanında əsərin baş qəhrəmanı Nuriyyənin və onunla həmfikir olan gənclərin əsas məqsədi Güney Qışlaqda mədəniyyəti yüksəltməkdir. "Bu saat Güney qışlağın əsas dərdi mədəniyyətsizlikdir" - deyən Qulunu narahat edən də yalnız bu problemdir. Nuriyyənin bir mədəniyyət qurucusu, mədəniyyət fədaisi kimi arzularını həyata keçirməsi onun mənəvi qələbəsidir.

 

İlyas Əfəndiyevin bədii əsərlərində olduğu kimi nəzəri-estetik görüşlərində də xalqımızın milli adət-ənənələri, qonaqsevərlik, toy, nişan mərasimləri mühüm yer tutur. Onun yaradıcılığında ən maraqlı cəhətlərdən biri də baharın gəlişi ilə Novruz bayramını, xalqın suya, oda olan inamlarını öz əsərlərində yaşatmasıdır. 1967-ci ildə qələmə aldığı "Bahara alqış" məqaləsində yazıçı doğulduğu məkanı və uşaqlıq çağlarını xoş duyğularla xatırlayır. "Mənim həyatımda ən güclü xatirələr baharın girməsi ilə bağlıdır" - deyən ədib yazır: "Azərbaycan xalqı baharı mehribanlıq rəmzi olan odla, gözəllik rəmzi olan tər çiçəklərlə, məhəbbət rəmzi olan yaşıl səmənilərlə qarşılayır. Bu adət nə qədər nəcibdirsə, bir o qədər də qədimdir. Pəncərələrdə bir qarış qalxmış yaşıl buğda səmənisi neçə min ildir ki, xalqımızın bolluq arzusuna, çörəyə hörmətə çevrilmişdir. Azərbaycan xalqı ən gözəl adət və ənənələri göz bəbəyi kimi qoruyur, keçmişə baxaraq bu günə qədər qədirşünaslıqla qiymət verməyi bacarır. Bolluq arzusu olan səməni bu gün də evlərimizi bəzəyir, bizə baharın gəldiyini xəbər verir, tarlaya çıxın - deyir, əkinin, səpinin vaxtıdır, gözəl şəhər və kəndlərimizi təzə bağlarla bəzəməyin, yeni meşələr salmağın, toyun-mağarın vaxtıdır".

 

Yazıçı yaradıcılığı boyu milli mədəniyyətimizin təəssübkeşi olub. Onun mədəniyyət tariximizə, sənət məsələlərinə həsr etdiyi elmi-nəzəri məqalələri, esseləri və müsahibələri axtarış ruhunun təzəliyi ilə diqqəti cəlb edir. Dramaturgiyaya, teatra, kinoya, musiqimizə, xanəndəlik sənətinə, təsviri sənətimizə, mənəviyyatımıza həsr etdiyi məqalələri bu gün də öz aktuallığı və məna tutumu ilə seçilir. İlyas Əfəndiyevin Azərbaycan mədəniyyətindəki rolu çağımızda yeni meyarlarla elmi-nəzəri fikrin arsenalında müqayisəli tədqiq edilməyib. Onun yaradıcılığı hərtərəfli öyrənilməyə layiqdir və xüsusi tədqiqatın predmetidir.

 

İlyas Əfəndiyev dram əsərlərilə Akademik Milli Teatrımıza yeni çalar, yeni ruh, yeni üslub və təravət gətirdi. Dramaturgiyamızda lirik-psixoloji dram məktəbini və onun poetikasını yaratdı. "...Teatr xalqın ən incə duyğularını, romantik xəyallarını, sevincini, dərdini, arzularını ifadə edir. Xalqın teatrı onun milli mədəniyyətinin təntənəsidir". "İlyas Əfəndiyev teatrı" teatr prosesində yeni bir mərhələ idi. Onun teatra həsr etdiyi məqalələri estetik siqləti və fəlsəfi tutumu ilə yadda qalır. "Teatr həmişə mənəvi yüksəliş anlayışı olub. Teatr yalnız ədəbiyyat və incəsənət deyil, eyni zamanda, tamaşaçı mədəniyyətinin də meyarıdır".

 

"Müasirlik, sənətkarlıq, xəlqilik" (musiqimiz haqqında qeydlər) məqaləsində İlyas Əfəndiyev yazır ki, "Hər bir xalqın mədəni-intellektual inkişafında incəsənətin bütün sahələri sırasında musiqi də bir ölçü, meyar sanbalında qəti səsə malikdir. Ədəbiyyat, rəssamlıq, heykəltəraşlıq kimi, musiqi də sosial həyatı əks etdirir. İncəsənətin böyük möcüzələrindən olan muğamlardakı ecazkar təsir qüvvəsi, kökünü uzaq əsrlərdən alan mərdlik, qəhrəmanlıq nidaları, mənəvi zənginlik xalqımızın mətin mübarizələrinin əks-sədası deyilmi?"

 

Müəllifin elmi-nəzəri məqalələri arasında xanəndəlik, müğənnilik sənəti haqqında da maraqlı mülahizələr var. Və bu mülahizələrdə muğam sənətinin sehri, qədim kökləri, valehedici gözəlliyi yüksək sənətkarlıqla incələnir. Burada ayrı-ayrı böyük xanəndələrin ifa tərzi, sənətkarlıq məharəti, səsin gözəlliyi və sənətkarlığı, müğənninin səhnə mədəniyyəti konkret faktlar əsasında aşkarlanır: "Məlumdur ki, xanəndəlik sənətinin kökləri bizdə çox uzaq əsrlərə gedir. Xalqımız böyük xanəndələrin xatirəsini, onların ifasındakı gözəlliyi ürəyində əbədiləşdirib. Klassik ustadların sənəti, nəfəsi, avazı haqqında xatirələr, onların hər birinin ifasında, səsində məxsusi cəhətlər haqqındakı fikirlər şifahi olaraq nəsillərdən-nəsillərə keçir... İslamın "Segah"ı, Cabbar Qaryağdıoğlunun "Qatar"ı, Seyid Şuşinskinin səsi bu gün də bir əfsanə kimi yad edilir. Qarabağda deyərdilər ki, "Dünyaya iki oxuyan gəlib, biri Həzrəti Davud, digəri Seyiddir. (Əfsanəyə görə, Davud peyğəmbərin səsinə çatan səs yoxmuş dünyada)".

 

İlyas Əfəndiyev fenomeni, İlyas Əfəndiyev yaradıcılığı Vətənə, xalqa, istiqlalımıza tarixi xidməti ilə önəmlidir. Xalqımızın milli xüsusiyyətlərini dərindən öyrənməyə, dərindən duymağa çağırırdı ustad sənətkar. Hər bir insanda yüksək şüurun, Vətən sevgisinin, torpağa məhəbbətin və ali mənəviyyatın olmasını arzu edirdi. "Yüksək mənəviyyat uğrunda" məqaləsində yazırdı: "Həqiqi vətəndaş yalnız gözəlliklərdən zövq alan bir seyrçi deyil. Vətənin və xalqın rifahı və inkişafı naminə görülən ümumi işin ağırlığının müəyyən hissəsini çiynində daşıyan, bir az da aydın desək, özünün yüksək vicdani borcunu məhz bunda görən ilhamlı bir fədaidir".

 

Görkəmli ədib milli-mənəvi dəyərlərimizi, adət və ənənələrimizi, xalqımızın folklor ədəbiyyatını dərindən öyrənməyi təbliğ edirdi. Yazıçıya görə, mənəvi mədəniyyətin yüksəkliyi hər bir insan üçün vacib şərtdir. Bu baxımdan, qüdrətli qələm sahibinin zaman məhdudluğu tanımayan zəngin bədii irsi milli ruhumuzun mənəvi tərcümanına çevrilib. Mənəvi dəyərlərimizin qorunması və yaşadılmasına yazıçı böyük qiymət verirdi: "Mən milli-mənəvi dəyərlərimiz haqqında düşünərkən, babalarımızın vaxtilə müqəddəs saydıqları namus ənənələrinin yanından sükutla keçə bilmirəm. Bizim milli namusumuz hər dövrdə, hər bir çətinlikdə xalqımızın mənəvi dayağı olub. Milli namus yalnız ər-arvad məsələlərinə aid olmayıb. Atalarımız milli namus dedikdə, vətən, millət namusu, qonum-qonşu təəssübü, böyük-kiçiyə hörmət və izzət haqqında düşünüblər".

 

Sənətkarın kino fəaliyyəti və bu mövzuya həsr etdiyi məqalələri də ayrıca tədqiqat obyektidir. Məlumdur ki, ustad sənətkarımız bir müddət kinostudiyada ssenari şöbəsinə rəhbərlik edib. Milli kinomuzun vəziyyəti, inkişaf yolları həmişə ədibin diqqət mərkəzində olub: "...Beləliklə, biz kino sahəsində də, teatr aləmində də birbaşa "mərkəzə" baxan, onların çaldıqları ilə oynayan, heç bir müstəqilliyi olmayan əyalət miqyasında idik". Müəllif öz fikir və mülahizələrini davam etdirərək daha sonra yazırdı: "Yetmiş ildə bizim mənəviyyatımız və həmin mənəviyyatın bədii yaradıcılıq dünyası heç bir zaman azad, müstəqil olmamışdır, heç bir zaman "yuxarısız", "Mərkəzi Komitəsiz" olmamışdır". Məlum olduğu kimi, İlyas Əfəndiyev 1940-cı illərdə, cavan yaşlarında üç il kinostudiyada ssenari şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 30-cu illərin sonlarında yazıçının qələmə aldığı məqalələrindən biri də kinoya həsr olunmuşdur. Həmin illərdə Bakı kinoteatrlarında nümayiş etdirilən "Bataqlıq saldatları" filmi barədə yazıçı eyni adlı məqalə yazmış və "Yeni yol" qəzetində çap etdirmişdir. Sonra "Gənc işçi" qəzetində "Yadigar" adlı ssenaridən parçalar çap etdirir. 1942-ci ildə isə onun "İradə" kinossenarisi və "Balıqçılar" adlı kinonovellası işıq üzü görür. Sonralar "Tufandan sonra" adlı kinonovellası və "Qaçaq Süleymanın ölümü" adlı bir kino povesti çapdan çıxmışdır. İlyas Əfəndiyevin bədii əsərləri əsasında bir neçə bədii və televiziya filmləri çəkilmişdir: "Yun şal" (1965.Rej.R.Kazımovski), "Körpüsalanlar" povestinin motivləri əsasında çəkilmiş "Çarvadarların izi ilə" (1974.Rej.T.İsmayılov), "Bizi dağlarda axtarın" (1976.Rej.N.Abbasov), "Mahnı dağlarda qaldı" pyesinin motivləri əsasında istehsal olunmuş "Gözlə məni" (1981.ssenari Elçin,rej.K.Rüstəmbəyov), "Sarıköynəklə Valehin nağılı" romanının motivləri əsasında "Bircəciyim" televiziya filmi (1986.rej.Ə.Əbluc), "Hökmdar və qızı" pyesinin motivləri əsasında "Hökmdarın taleyi" (2009.ssen.Elçin, rej.R.Fətəliyev, D.Fatxulin).

 

İlyas Əfəndiyev kino sənətinə dair diqqəti cəlb edən bir sıra maraqlı məqalələrin də müəllifidir. O "Bakıdan Göy gölə", "Sovet Azərbaycanı", "Qara daşlar", "Xəzər neftçiləri haqqında dastan" filmlərinə dair məqalələr yazaraq müxtəlif ədəbi dərgilərdə çap etdirmişdir.

 

"Azərbaycan kino sənəti nə üçün geridə qalır?" məqaləsində yazıçı əsas səbəblərdən biri kimi kino sənətinin inkişafını ədəbiyyatın ümumi inkişaf prosesindən kənarda qalması ilə səciyyələndirir. Həmçinin, studiyanın bədii şurasında gedən ssenari müzakirələrinin aşağı səviyyədə keçirilməsi, rejissorların bu müzakirələrdə dayaz fikirlər söyləməsi xüsusi qeyd edilir. Yazıçı fikrini davam etdirərək yazır: "Azərbaycanda kino sənətinin geridə qalmasının səbəblərini araşdırarkən, birinci növbədə, ədəbiyyatla əlaqədar məsələlərdən danışmaq daha doğru olardı. Hamıya məlumdur ki, mükəmməl bədii ssenari olmadan film yaratmaq mümkün deyildir. Bədii ssenari ədəbiyyatın nisbətən gənc janrıdır. Ssenari yazıçıdan son dərəcə ciddi, gərgin əmək və fədakarlıq tələb edir". Yazıçının fikrincə, "məsələ ssenarilərin sayca çox olmasında deyildir. Yazılan ssenarilərin yüksək keyfiyyətli olmasına, bədii cəhətcə mükəmməl yazılmasına çalışmaq lazımdır". Ədəbi əsərlərin ekranlaşdırılmasında ssenariçi istedadı ilə rejissor, operator, bəstəkar, rəssam və aktyor ilişgiləri birləşəndə ekranda əsl əsrarəngiz mənzərə yaranır. Çünki ssenariçi əsərin ideya-estetik məzmununu dərindən duyaraq hər bir obraz üzərində işləyərkən onun hərəkətlərini, hiss və duyğularını, canlı nitq üslublarına dair olan elementləri və ifadə formalarına xüsusi diqqət yetirir. Yüksək bədii dəyərə malik ssenarilərdə böyük xarakterlər açılır, zəngin hisslərin, ehtirasların mənbəyi çözülür, fəlsəfi-ictimai mənalar açılır. Ədib belə qənaətə gəlir ki, yazıçılarla kino sənəti mütəxəssisləri arasında sıx əlaqə yaranmalı, ardıcıl və müntəzəm təcrübə mübadiləsi aparılmalıdır. Bu baxımdan zəngin yaradıcılıq arsenalına malik əbədiyaşar sənətkarımız İlyas Əfəndiyevin kinoşünaslığın nəzəri problemlərini və poetik xüsusiyyətlərini özündə ehtiva edən məqalələri elmi-nəzəri siqləti və konseptuallığı ilə əhəmiyyətlidir. Xalq yazıçısının hekayə, povest, kinonovella, roman və pyesləri Azərbaycan kinematoqrafçıları üçün geniş imkanlar açır. Dramaturqun nəsr əsərləri kinematoqrafik ifadələrlə zəngindir. Ədibin elə nəsr əsərləri var ki, onlar "oxunmur", sanki "baxılır". Çağımızda İlyas Əfəndiyevin povestləri və romanları bədii filmlər, xüsusilə teleseriallar üçün zəngin ədəbi materialdır.

 

Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz xidmətləri olan görkəmli sənətkar 60 illik çoxçeşidli yaradıcılığı ilə mədəniyyət xəzinəmizi xeyli zənginləşdirdi. İlyas Əfəndiyevin yardıcılığı milli ədəbiyyatımızın, teatrın, kino sənətinin inkişafına böyük təsir göstərmiş, onu ayrılmaz hissəsi olmuş və mədəniyyətimizin yeni səviyyəyə qalxmasını təmin etmişdir.

 

İlyas Əfəndiyev yaradıcılığının estetik özülündə milliliklə bəşəriliyin vəhdəti durur. Xalq yazıçısı bədii yaradıcılığında özünü novator və orijinal bir sənətkar kimi tanıtdı. Bədii yaradıcılıqda yenilikçi və orijinal olmaq isə əslində, mədəniyyətin avanqardına çevrilib onu irəli aparmaq deməkdir. XX əsr Azərbaycan milli mədəniyyət tarixində "İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti" ifadəsi, anlayışı və praktiki təzahürü danılmaz kulturoloji faktdır.

 

İlyas Əfəndiyev XX əsr Azərbaycan nəsrinin, dramaturgiyasının, ədəbi dilinin və teatr sənətinin inkişafında xüsusi yeri olan sənətkardır. Qüdrətli qələm sahibi ədəbi dilə və müqəddəs əlahəzrət Sözə yüksək qiymət verirdi: "Ədəbi dilimizin inkişafında ən mühüm vəzifələrdən biri, əlbəttə, yazıçıların, şairlərin üzərinə düşür. Yazıçı üçün dil onun ürəyinin tərcümanıdır. Ədəbiyyata gətirilən sözü yazıçı elə işlətməlidir ki, o, hamı üçün anlaşıqlı olsun. Xalqın ruhu ilə, canlı danışıq dili ilə mayalanmış əsərlər həmişə ümumxalq məhəbbəti qazanır". İlyas Əfəndiyev həmişə oxunan və sevilən sənətkardır. O, Sovetlər İttifaqı dönəmində gündə bir havaya oynayan, yalnız hakim ideologiyanın sifarişi ilə "əsərlər" yazan "yazıçıları" özünəxas ustalıqla tənqid edirdi. Yazıçı Azərbaycanın gələcəyinə böyük ümidlər bəsləyirdi: "...Mənim Azərbaycanın gələcəyinə ümidlərim böyükdür. Çünki Azərbaycan xalqının vətəninə, torpağına bağlılığı, sevgisi əbədidir. Bu gün millətin vətənpərvərlik duyğusunun yeni təlatümünün coşub kükrəyən dövrüdür". Daim əsərlərində xalqımızın milli azadlıq mübarizəsini, müstəqilliyini, istiqlaliyyətini tərənnüm edən müqtədir sənətkarımızın bədii əsərləri bu gün də öz aktuallığını və dəyərini qoruyub saxlayır. Xalq yazıçısı İlyas Əfəndiyevin Azərbaycan mədəniyyətində rolu mövzusunun özü önəmli bir məsələ olmaqla Azərbaycan kulturoloji elmi üçün də mühüm bir məsələni gündəmə gətirir. Bu mövzu həm İlyas Əfəndiyevin ədəbi-bədii irsinin araşdırılması, həm də milli mədəniyyətimizin aktual problemlərini çözmək baxımından da böyük əhəmiyyət kəsb edir.

 

525-ci qəzet  2018.- 20 mart.- S.6.