Örnək həyat yolu

 

Azərbaycanın mərhum Prezidenti, Ümummilli lider Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant, şəhid Nəsrəddinov Rafiq Hüseyn oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

 

Haqqında danışdığımız bu qəhrəmanı bəlkə respublikamızda, bölgəmizdə tanıyanlar azdır. O, Quba rayonundan, Alpan kəndindən olan yeganə azərbaycanlı Milli Qəhrəmandır. Bakıda anadan olsa da, Qubaya, Alpana bağlı insan olub. Rafiq Nəsrəddinov  tez-tez Alpandakı qohumlarına baş çəkməyə gedərmiş.

 

Həyat yoldaşı Sevil xanım Rafiq bəy haqqında xatirələrini danışarkən onun çox qohumcanlı, millətsevər bir insan olduğunu bildirdi: "Rafiqlə yaşadığımız beş ildə onun Vətənə, torpağa bağlı bir insan olduğunu gördüm. Rafiq Azərbaycanın hər bir guşəsini sevirdi. Onun ata yurdu olan Qubaya, Alpana sevgisini həmin kəndə getdiyimdə hiss etdim. Rafiq bu kənd haqqında bildiklərini mənə danışarkən onun nəsil-kökünə necə bağlı bir insan olduğunu hiss etmişdim. Baxmayaraq ki, o, bu kənddə yaşamamışdı, amma daxilində yaşatdığı Vətən, xalq sevgisini, ata-baba yurdu olan Qubaya, Alpana olan sevgisi timsalında izhar edirdi. O, Alpan kəndində yaşayan əmisi qohumları ilə tez-tez əlaqə saxlayırdı. Təəssüflər olsun ki, bizi çox tez tərk etdi..."

 

Qeyd edək ki, Rafiq Nəsrəddinov 18 mart 1961-ci ildə Bakıda, dənizçi ailəsində anadan olub. O, 1968-78-ci illərdə Nərimanov rayonundakı 39 saylı orta məktəbdə təhsil alıb, oranı əlaçı, nümunəvi şagird olaraq bitirib. 1979-81-ci illərdə orduda tank qoşunlarında xidmət etdikdən sonra Bakı Dövlət Universitetinə daxil olub. 1987-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vuran R.Nəsrəddinov 5 il Su Təsərrüfatı İnstitutunda mühəndis kimi çalışıb. 1992-ci ilin yazında Milli Ordu sıralarına hərbi xidmətə çağırılır. Tank hərbi hissəsində zabit kimi xidmətə başlayan Rafiq tezliklə həmin hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin edilir.

 

Rafiqin hərbi hazırlığı, döyüş təcrübəsi igidliyi cəbhə yoldaşlarını da həmişə döyüşlərdə igidlik göstərməyə sövq edirdi. O, Ağdərə rayonunda bir neçə kəndin düşməndən azad edilməsində igidlik göstərib, düşmənin canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsində, ələ keçirilməsində müstəsna qəhrəmanlıq nümayiş etdirib.

 

Baş leytenant Rafiq Nəsrəddinov 6 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Qızılqaya kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə əməliyyata rəhbərlik edənlərdən biri kimi qəhrəmancasına şəhid olub.

 

Ailəli idi, iki qızı var. Rafiq Nəsrəddinov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Onun döyüşlərdə göstərdiyi qəhrəmanlıq, Milli Ordunun rəhbərliyi sağ qalan cəbhə dostları tərəfindən unudulmayıb, ölümündən sonra Milli Qəhrəman adı verilməsi üçün Prezident Aparatına təqdimat göndərilib. Onun adı əbədiləşdirilib. Belə ki, təhsil aldığı Nərimanov rayon 39 saylı məktəbə Milli Qəhrəmanın adı verilib, həyətində büstü qoyulub, yaşadığı binanın divarına xatirə-barelyef lövhəsi vurulub.

 

Ama Quba rayon mərkəzində, eləcə Alpan kəndində şəhid Rafiq Nəsrəddinovun adının əbədiləşdirilməsi məsələsi qaldırılmalıdır. Qarabağ müharibəsində şəhid olmuş, Milli Qəhrəman Albert Aqarunovdan sonra bu təltifə layiq görülmüş yeganə qubalı olan Rafiqin tanıdılması, onun qəhrəmanlığı, şücaəti, döyüş yolu haqqında daha ətraflı məlumatlandırma, adının müvafiq müəssisəyə, küçəyə, meydana verilməsi çox vacibdir. Bu işi həyata keçirmək şəhidimizin ruhuna ehtiram, qədirbilənlik nümunəsi olardı.

 

C.Ağaoğlu

 

525-ci qəzet.- 2018.- 28 mart.- S.8.