"Mehmanxana sahibəsi"nin səhnədə yeni cilvəsi

 

 

İtalyan ədibi Çezare Paveze deyir ki, qadınlar özlərini gücsüz olanlara ideal kimi, güclü olanlara bir əşya kimi təqdim edərlər.

Karlo Qaldoninin "Mehmanxana sahibəsi" əsərinin baş qəhrəmanı Mirandolina məhz belə qadınlardandır. O, daxilən güclü inadkar qadın olsa da, harda necə, kiminlə hansı cürə davranmağı çox gözəl bilir. Mənbəyini unutduğum bir məsəldə isə deyilir ki, ağıllı qadın harda axmaq görünməyi yaxşı bilən qadındır. Mehmanxana sahibəsi onu sevənlərin, eşqindən qarşısında mum kimi əriyənlərin idealı, sözünü keçirə, təsir göstərə bilmədiklərinin gözündə isə "gücsüz əşya" olmağı yaxşı bacarır.

Çoxları kimi mənim əsərlə ilk tanışlığım televiziya tamaşası sayəsində olmuşdu. 1978-ci ildə Azərbaycan Dövlət Televiziyasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Lütfi Məmmədbəyli Ədalət Ziyadxanov, televiziya rejissoru isə Tariyel Vəliyev olub. Füsunkar şıltaq mehmanxana sahibəsini mərhum sənətkarımız Xalq artisti Zərnigar Atakişiyeva canlandırıb. Həmin tamaşada Rəfael Dadaşov, İlham Namiq Kamal, Hamlet Qurbanov, Ələsgər Məmmədov kimi Azərbaycan teatr kino sənətinin korifeyləri iştirak edirlər.

Xatırlamaq yerinə düşərdi ki, azərbaycanlı tamaşaçı ilk dəfə bu səhnə əsəriylə 1952-ci ildə tanış olub. İkihissəli komediya həmin ilin sentyabrın 11-də Akademik Milli Dram Teatrında Mehdi Məmmədovun quruluşunda tamaşaya qoyulub. Ətrafındakı bütün kişilərin qəlbini oğurlayan azad ruhlu Mirandolinanı səhnədə böyük sənətkarımız Barat Şəkinskaya yaradıb.

Artıq 66 ildir ki, bu əsər öz marağını, orijinallığını itirmir. Bunun əsas sübutu kimi isə bu günlərdə Gənc Tamaşaçılar Teatrında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan tamaşanı misal göstərə bilərik. İllərdir ki, əsər teatrın repertuarında yer almağına baxmayaraq, hər dəfə yeni maraq yeni şövqlə nümayiş olunur.

Rolları Əməkdar artistlər Leyli Vəliyeva (Mirandolina-mehmanxana sahibəsi), Şövqi Hüseynov (Ripafratta-kavaler), Nofəl Vəliyev (Fabrisio-lakey), Gülər Nəbiyeva (Deyanira-aktrisa), Anar Səfiyev (Kavalerin xidmətçisi), aktyorlar Elşən Hacıbabayev (Forlipopoli-markiz), Rəşad Səfərov (Albaforita-qraf), Şəbnəm Hüseynova (Ortenziya-aktrisa) ifa edirlər.

Tamaşanı, bir sözlə, qisas ya qadının intiqamı kimi xarakterizə etmək olar. Səhnə əsəri qadın-kişi intriqası üzərində qurulub. Burada bütün hallarda qadınları mehmanxana sahibəsi Mirandolina təmsil edirsə, kişilərin cəhbəsində "döyüşçülər" tez-tez dəyişir. Bu dəyişimin əsas səbəbi isə sizin təxmin etdiyiniz kimi, qadının hər dəfə qələbə qazanmağıdır. Ən böyük yaddaqalan cəbhələr isə Mirandolina Kavalerdir...

Heç təsadüfi deyil ki, yazımın əvvəlində mehmanxana sahibəsi haqqında şıltaq, azad ruhlu epitetlərini işlətdim. Məsələ budur ki, gənc xanım Mirandolina atasının ölümündən sonra ona miras qalan mehmanxananı idarə etməyə başlayır. Onun gözəlliyinin, işvəsinin, ya da zərifliyininmi nəticəsidir, bilinməz, amma ətrafındakı bütün kişilər ona aşiqdir. Buraya mehmanxanada qonaq qalan əsil nəcabətli cənablar, hətta xidmətçilər daxildir. Var-dövləti başından aşıb daşan qraf Albaforita ona cürbəcür bahalı hədiyyələr verir, onun gözünü bunlarla boyamağa çalışır. Müflisləşmiş markiz Forlipopoli onu himayə etmək istəyir. Atası vəsiyyətində onu xidmətçi Fabrisioya tapşırıb. Mirandolina isə bunların heç birinə boyun əyəcək qadın deyil. O, namuslu azadlıqsevərdir. Heç bir hədiyyə, himayə xidmət onun başını dumanlandıra bilməz. Nazlanmasına, işvəkar davranışlarına, şıltaqlığına baxmayaraq, o, həmişə öz namusunu qoruyur, onun üçün eşqbazlıq, sevgi, məhəbbət kimi hisslər yaddır.

Lakin onun arxasıyca sürünən, dərdindən dəli-divanə olan bu qədər kişinin arasında bir nəfər var ki, ona gözünün ucu ilə baxmır, əksinə qadınları lənətləyir, onlara aşiq olan kişiləri axmaq adlandırır. Bu, kavaler Ripafrattadır. Kifayət qədər pulu, var-dövləti, cəmiyyətdə layiqincə statusu olan kavalerin tək düşməni qadınlardır. O, bu zərif məxluqları şeytanın özü adlandırır. Onun fikrincə, qadının kişilərə qarşı işlətdiyi ən böyük silahı işvəsi göz yaşlarıdır. O özü heç zaman bu silahlara aldanmaz. O, belə deyir. Amma gəlin görün ki, özü elə məhz Mirandolinanın bu silahları ilə "yaralanır".

Onunla heç zaman alışmadığı kobudluqla rəftar edən bu adamın "ağlını başına gətirmək" mehmanxana sahibəsinin ən böyük əyləncəsi halına gəlir. Deyir, düşmənə qalib gəlmək istəyirsənsə, onunla öz dilində danışacaqsan. Sahibə kavalerə qarşı məhz bu mövqedə dayanır, onu öz silahı ilə vurur. Bu, qadınlara qarşı nifrət silahıdır. Təbii ki, zaman keçdikcə silahların növləri dəyişir: naz, mehribanlıq, səxavət, itaət, göz yaşları nəhayət, ürək getmə. Bütün cəhdlərdə isə hədəf məqsəd birdir: kavaleri söylədiyi bütün sözlərinə görə peşman etmək, ona qadınların əsl gücünü göstərmək.

Beləcə, bütün qadınlara qarşı ürəyi daşa dönmüş kavalerin qəlbinə məhəbbət toxumları səpilir. O da adını "Mirandolinaya aşiq olanlar" siyahısına yazdırır. A.Düma deyirdi ki, qadının sevmədiyi kişiyə heç vaxt yazığı gəlməz. Elə Mirandolinanın da kavalerə yazığı gəlmir. Əslində, onun ətrafındakı heç bir kişiyə yazığı gəlmir. Onun ərə getmək, hansısa kişinin himayəsini qəbul etmək kimi fikri, istəyi yoxdur. Onun zövq aldığı bir şey var: kişilərin diqqəti, məhəbbəti. Yəni mehmanxanaya gələn hər bir kişi mütləq sahibəni sevməli, ona evlilik təklif etməli, sonda isə bütün xəyalları, arzuları puç olmalı idi. Deyəsən, bu, Mirandolina mehmanxanasının yazılmamış qanunu idi.

 

Əsər bütün hallarda "məhəbbət üçbucağı"dır. Bu üçbucağın yan tərəfləri tez-tez dəyişsə , mərkəz bir olaraq qalır: mehmanxana sahibəsi.

Əməkdar artist Leyli Vəliyevanın böyük məharətlə yaratdığı Mirandolina özünün cəldliyi, şıltaqlığı, hərəkətlərindəki dinamikliyi ilə fərqlənir. Zərnigar Atakişiyevanın televiziya tamaşında canlandırdığı obraz qədər işvəkar, nazlı idisə, Gənc Tamaşaçılar Teatrının aktrisası bu obraza bir az da kobudluq əlavə etmişdi. O, ruhundakı azadlıqdan, çılğınlıqdan irəli gələn kobudluğunu işvə, ədayla ört-basdır etməyə çalışsa da, bəzən hardasa mütləq üzə çıxır. Ancaq bütün hallarda sahibə cəlbedici mehribandır.

Komediyanın mərkəzi sürətlərindən olan kavaleri isə sondakı qəribə bir az da kövrək taleyinə baxmayaraq, Əməkdar artist Şövqi Hüseynov daha komik yaratmışdı. İllər öncəyə gedib Rafael Dadaşovun canlandırdığı kavaleri xatırlayanda iki obraz arasında yerlə göy qədər fərqlilik müşahidə etmək olar. Əgər Rafael Dadaşov öz ifası ilə komediyaya ağırlıq, ciddilik gətirmişdisə, Şövqi Hüseynov əksinə öz obrazının cəmiyyət üçün gülüş doğuran tərəflərini daha qabarıq göstərməyi onun həqiqətən kinayəli gülüşə layiq olduğunu sübut etməyi bacarmışdı. 

Mirandolinanın kavalerə qarşı oynadığı oyun qədər əyləncəli zövqverici olsa da, nəticələri heç gözlədiyi kimi olmur. Heç zaman eşqi yaxınına buraxmayan kavaler tapdığı eşqlə necə davranacağını bilmir. O, bu işlərdə, qadına qarşı davranışda naşıdı. Eşqin yaratdığı qısqanclıq xislətindəki kobudluqla birləşəndə ortaya qorxunc bir valıq çıxarır. Bu, qadının özünüqorxuya salır və o, təcili düşdüyü bu vəziyyətdən çıxış yolu axtarır. Çıxış yolu isə xidmətçi Fabrisiodur. Onu hər kəsdən çox sevən və atasının son nəfəsində onu əmanət etdiyi Fabrisio ona qarşı hər zaman sədaqətli və itaətkardır. Onunla evlilik Mirandolinanın çox sevdiyi azadlığını əlində saxlamağına və namusunu qorumağına kömək edəcəkdi. Ağıllı qadın da məhz bu yolu seçir.

Düşünürəm ki, Cənnət Səlimova bu əsərdə də özünün yaradıcı zövqünü və peşəkarlığını danışdırmağı bacarıb. Bu, özünü həm aktyor seçimində, həm də hadisələrə qarşı rejissor yanaşmasında göstərir.

Əməkdar artist Nofəl Vəliyev xidmətçi Fabrisionun qərarlılığını, Elşən Hacıbabayev markizin qorxaqlığını və lovğalığını, Rəşad Səfərov qrafın qondarma əsalətini (əslində isə özündən müştəbehliyini), Şəbnəm Hüseynova və Gülər Nəbiyeva aktrisaların əsil nəcabətli xanımların cah-cəlallı həyatlarına duyduqları həsədi, Anar Səfiyev xidmətçinin itaətkarlığının, qorxaqlığının arxasında gizlənmiş hiyləgərliyini çox dəqiq və məharətlə açıb göstərməyi bacarmışdılar.

İkihissəli komediyada tamaşaçını yorulmağa qoymayan əsas məsələlərdən biri də səhnə dekorasiyası ilə musiqi tərtibatı idi. Səhnədə həqiqi bir mehmanxana təəssüratının yaradılmasında sözsüz ki, tamaşanın quruluşçu rəssam Elşən Sərxanoğlunın zəhməti danılmazdır. Səhnə dekorasiyası müxtəlif məkanların məhdud ərazidə çevik dəyişkənliyinə və hadisələrin dəqiq həllinə çox gözəl şərait yaradırdı.

 

Şən və məzəli səhnə əsəri musiqi tərtibatçısı İradə Muradovanın seçdiyi bir-birindən gözəl italyan mahnıları ilə daha da əyləncəli təsir bağışlayırdı.

Necə deyərlər, tamaşanı qadınların gücünü xor görən kişilərə qarşı məharətlə hazırlanmış dərs də adlandıra bilərik: mehmanxana sahibəsinin dərsi...

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 28 mart.- S.7.