Göyərçinlinin qonağı

 

Hekayə

 

İllər öz işini görmüşdü. Yaşlanmışdım. İşləmək üçün artıq səhhətim yol vermirdi. Direktorun təkidli xahişinə baxmayaraq ərizəmi yazıb işlərimi təhvil verdim. İnstitutdan çıxıb evə gəldim. Əşyaları əsasən kitablardan ibarət olan bir otaqlı mənzilim sanki birdən-birə daha da daraldı, məni sıxmağa başladı. Eyvana çıxdım.

 

Şəhərin adi, qayğılı günlərindən biri idi. Həyat qaynayırdı. Bütün olanları görür, ancaq gördüklərimi dərk edə bilmirdim, sanki beynimin xaricinə hündür bir hasar çəkilmişdi. Heç nə içəriyə daxil ola bilmirdi. Otağa keçdim, nə iləsə məşğul olub, başımı qatmaq istədim. Heç nə edə bilmirdim. Otağın içində o yana, bu yana vurnuxurdum. Gecənin qaranlığında meşədə azmış adama bənzəyirdim. O, qaranlıqda meşədə azmışdı, mən günün günorta çağı evimdə. Deyəsən, yolumu da, ağlımı da itirmişdim. Axtarırdım, tapa bilmirdim. Rəhmətlik nənəmin mənə dönə-dönə tapşırdığı sözləri xatırladım: "Ağlından muğayat ol, itirif eliyərsən haa!"

 

Gənc yaşlarında nənəmin mənə dediyi bu hasında bəzi mətləblərə işarə vardı. Qulağımda sırğa kimi asılan bu sözlər hey susmadan, dinmədən təkrar-təkrar səslənirdi.

 

Mətbəxdə nə qədər oturduğumu bilmirdim. Artıq gecə yarı idi. Yuxum ərşə çəkilmişdi. Eyvana çıxdım.

 

Qarşı binanın evlərinin birində güclü işıqlar yanırdı. Evin içində adamlar qaynaşırdı. Biri gətirir, biri götürür, biri alır, biri verirdi. Deyəsən, ailədə nə isə ciddi problem vardı. Fikir məni götürmüşdü. Görəsən, gecənin tən yarısı, yuxunun şirin vaxtında onları narahat edən nə idi?

 

Beş-on dəqiqə keçməmişdi ki, binanın qarşısında təcili tibbi yardım maşını dayandı. Demək, kimsə rahatsızlanmışdı. Yadıma uşaq yaşlarımda xəstələnməyim düşdü - ailəmiz, qohum-qonşularımız hamısı bir-birinə dəyərdi. Kimi həkim dalınca qaçar, kimi kəklikotu, moruqlu çay içirər, kimi də əvəlikli, əriştəli isti bişirərdi. Hər kəs əlindən gələni edib, məni bir-iki günə sağaldardılar.

 

Düşünürdüm, görəsən, xəstənin vəziyyəti necədir? Yaxşılaşırmı? Yaşlıdırmı? Uşaqdırmı? Qeyri-ixtiyari - "Allah köməyi olsun deyib" evə keçdim.

 

Yatağıma uzanmaq istədim, varlığımı bir qorxu, bir təlaş hissi bürüdü. Ürəyimdə, doğmaları başına pərvanə kimi dolanan xəstəyə bir həsəd, bir qibtə hissi yarandı. Yazıqlaşdım, sağa-sola boylandım. Kimisə axtarırdım. Kimi? Bilmirdim! Elə gücsüz, aciz idim, kiməsə sarılmaq, sığınmaq istəyirdim. Gecə yarı idi. Elə bil insan mənəviyyatını məhv edən qorxu, təlaş, vahimə hücum çəkirdi. Köməksiz idim. Həyəcanla səhərin açılmasını gözləyirdim. Sanki səhərdən kömək umurdum, səhər açılmırdı ki açılmırdı. Birdən dəhşətli tufan qopdu. Pəncərələri zərblə taybatay açdı. Hər şey yerindən oynadı. Bu günə kimi cəsarət edib, aça bilmədiyim həyat kitabımın səhifələrini sürətlə çevirməyə başladı. Keşkəmlərlə (keşməkeşlərlə) dolu bu kitab mənimlə bir ittihamçı kimi üz-üzə dayanmışdı. Cavabını ala bilməyəcəyi sualları ilə.

 

Müharibə başlayanda atam ali təhsilini yarımçıq qoyub, könüllü cəbhəyə getmişdi. Müharibədə ağır yaralanan atam, çox keçmədi ki, dünyasını dəyişdi. Anama son sözləri bu olmuşdu: "Çalış Həcər təhsilini yarımçıq qoymasın!".

 

Orta təhsilimi kənddə doğulub boya-başa çatdığım Göyərçinlidə almışdım. Universitetə daxil oldum. Ailənin tək övladı olduğum üçün anamla, nənəm üstümdə əsim-əsim əsirdi. Tətil vaxtlarında Bakıdan kəndə gələndə qohumlar, qonşular məni təmtəraqla qarşılayardı. Evimiz toy-bayrama çevrilərdi. Anam həmişə məni yol ayrıcındakı "Qonaq" ağacının altında gözləyərdi. Evdə gözləməyə səbri çatmazdı.

 

Türklər demiş ailənin, qohumların "şımarıq" bir qızı idim. Bakıya qayıdanda ailəmiz üçün, kəndimiz üçün burnumun ucu göynəyərdi. Bir neçə dəfə təhsilimi yarımçıq qoyub, kəndə qayıtmaq istədim, ancaq qrup yoldaşlarım məni fikrimdən daşındırardılar. Mənə təsəlli verib, daşları ətəyimdən tökdürərdilər:

 

"Görmürsən, biz də kənddən, rayondan gəlmişik. Biz də əzizlərimiz üçün darıxırıq. Darıxdığımız üçün təhsilimizi yarımçıq qoymalıyıq ki?!".

 

Yoldaşlarımın təsəlli və tənbehi, atamın anama dediyi son sözləri xatırlayıb kəndə qayıtmaq fikrini başımdan çıxardım. Var gücümlə dərslərimi daha ciddi hazırlamağa başladım. Bütün semestrləri əla qiymətlərlə başa vurdum.

 

Adi dərs günlərindən biri idi. Növbəti dərs Aslan Dəmirlinin idi. Aslan müəllimin mühazirələrində başqa kursların tələbələri də iştirak edərdi.

 

Tələbələr intizarla Aslan müəllimi gözləyərdi. O, gecikirdi. Nəhayət, qapı açıldı. Aslan müəllim rəngi qaçmış, əsəbi halda auditoriyaya daxil oldu. Tələbələrlə salamlaşdı. Auditoriyada var-gəl etməyə başladı. Tələbələr başını aşağı salıb susurdu. Hamı öz-özünə sual verirdi: "Görəsən, Aslan müəllimi bu dərəcədə əsəbiləşdirən kim və nə idi?".

 

Nəhayət Aslan müəllim sükutu pozdu:

 

- Bayaq kafedrada "Oqonyok" jurnalının təzə sayını vərəqləyirdim. Maraqlı bir başlığa rast gəldim: "Qafqaz Respublikalarının fəxrləri: Ermənilərin Ambartsumyanı, gürcülərin Şota Rustavelisi, Azərbaycanın nefti" - bu yazıya necə əsəbiləşməyəsən? Mənim millətimin fəxr etməyə kimləri yoxdur?! Təkcə dünya şöhrətli Nizamimiz Azərbaycan xalqının fəxr etməyinə bəs etməzmi?

 

O gündən qəlbimə Nizami qığılcımı düşdü. Universiteti bitirdim. Təyinatımı Nizami adına Ədəbiyyat İnstitutuna verdilər. Bütün fəaliyyətimi, gücümü Nizami yaradıcılığına yönəltmişdim. Yorulmadan çalışırdım. Ancaq mənə elə gəlirdi ki, namizədlik dissertasiyamda da, tədqiqat əsərlərimdə də nə isə çatışmır. Sanki, üçüncü bir şəxs şairin dünyasına daxil olmağa, onun fikirlərini dərk etməyə, duyğularını, hisslərini duymağa mənə bir maneə yaradırdı. Bu maneəni aradan götürmək üçün fars dilini, onun bütün incəliklərini öyrənməyə başladım. Uzun müddət vaxtımı alsa da, bu dili mükəmməl öyrəndim. Artıq Nizami dünyasına daxil olmuşdum. Onun düşüncələri, duyğuları ilə baş-başa idim. Nizami bir dərya idi, dibi görünməyən, ucsuz-bucaqsız bir dərya. Vaxtilə elmi rəhbərimin mənə dediyi sözləri xatırladım: "Elm bir dəryadır, çalış o dəryada qərq olmayasan".

 

Deyəsən, o dəryada qərq olmağa başlayırdım. Nə gecəm var idi, nə də gündüzüm. Yorulmadan çalışırdım. İllərin necə keçdiyindən xəbərim yox idi.

 

"Xəmsə"nin əksər hissələrini fars dilində əzbər bilirdim. Tələbə yoldaşım Ömər zarafatla deyərdi:

 

- Həcər, rəhmətlik Şeyx bilsəydi ki, sən fars dilini öyrənmək üçün bu qədər əziyyət çəkəcəksən, "Xəmsə"ni mütləq Azərbaycan dilində yazardı.

 

Sonra məzəmmət edib, deyərdi:

 

- Başını qaldır dünyaya bax! Sağına-soluna bax! Zərifəni yadına sal. Elə semestr olmazdı ki, kəsrləri olmasın. Tanışlıqla, tapşırıqla universiteti birtəhər bitirdi. Dünən məni doktorluq dissertasiyasının müdafiəsinə çağırmışdı. Müdafiəyə on dəqiqə gecikmişdim, yenicə oturmuşdum ki, mənə bükülü bir kağız verdilər. İçərisində Zərifənin mövzusuna aid sual var idi. Başa düşdüm ki, mən bu sualı Zərifəyə verməliyəm. Verdim də. O, bütün suallara dəqiqliklə cavab verdi, mənim sualıma da. Məni maraq götürmüşdü, belə bir sanballı mövzunu o necə işləmişdi?! Müdafiə etdi. Bu gün-sabah alacaq təsdiqini, olacaq elmlər doktoru, ailəsi, övladları var! Bəs, sən nəyin yiyəsisən?! Gəncliyini zay etdin, ailə qurmadın! Çoxdan hazır olan doktorluq işini müdafiə etmədin. Yerindən duran elmlər namizədi olur. Məgər, sənin biliyin, savadın, tədqiqat əsərlərin namizədlik çərçivəsinə sığandır?! İllərdi hazır olan doktorluq işini niyə müdafiə etmirsən?!

 

Mən Ömərə deyə bilmədim, hünər - elmli, savadlı olub, sanballı iş yazıb ortaya qoymaq deyil, hünər elmi çirkin məqsədlər üçün istifadə edənlərlə mübarizə aparmaqdı. Hünər elmdən bixəbərlərin "dəyərli məsləhətlərinə" qulaq asmaqdır. Bağışla məni, Ömər, mən bacarmadım!

 

Ömərlə bir qrupda oxuyurduq. Müəllimlərin, tələbələrin ona xüsusi hörməti vardı. Bu hörməti xarakteri, elmi, biliyi ilə qazanmışdı. Mənə qarşı xüsusi qayğısı, diqqəti hiss olunurdu. Qızlar dönə-dönə deyərdi: "Ömərin sənə fərqli münasibəti var. Ancaq cəsarət edib, bir söz deyə bilmir". Dünyanı dağıdırdım: "Siz nə danışırsız? O, mənim qardaşımdır!" deyirdim.

 

Bəlkə də qardaşım olmadığına görə məndə belə bir istək yaranmışdı. Deyilənə görə, qızlar arasında mən də seçilirdim - qəddi-qamətli, alagözlü, uzun saçlı, qoşa hörüklü, sarışın bir qız idim. Universitetin oğlanları öz aralarında mənə "saçlı" deyərmişlər.

 

Ömər isə mənə "buzlu" deyərdi. Onun bu adı mənə verməsinin səbəbini bilsəm də özümü bilməməzliyə vurdum. Ömər mənə təbiətimə yaraşan ad qoymuşdu. "Buzlu ki, buzlu". Qarşıma çıxan oğlanları dondura, dondura illəri yola salırdım. Elə düşünürdüm ki, zaman dayanıb, məni gözləyir. Sən demə, illər bir-birini əvəz edirmiş, sakitcə, xəlvətcə.

 

İki il öncə Ömər dünyasını dəyişdi. Bu itki mənim üçün çox ağır idi. Sanki, arxamdan möhtəşəm bir dağ uçub, dağıldı. Zamanın sınağından çıxan səmimi, sadiq qardaş kimi əziz olan bir insanı itirdim. Kövrəldim, göz yaşlarım yanaqlarımdan yuvarlanıb möhkəm-möhkəm qapadığım həyat kitabımın üzərinə töküldü...

 

Başımı qaldırıb, pəncərədən bayıra boylandım. Səhər açılırdı. Yerimdən güclə qalxdım. Elə bil daxilimdə kimsə məni idarə edirdi. Əl-üzümü yuyub, əl çantamı götürdüm. Qapını açdım, qeyri-ixtiyari geri çevrildim. Diqqətlə divarı başdan-başa tutan kitab rəfindəki kitablarıma, bir də masa üstündə yatıb qalan doktorluq dissertasiyama baxdım. Otaqda başqa dəyərli nəyim vardı ki?! Qapını bağlayıb, pillələrlə aşağı endim. Binanın qarşısındakı taksilərdən birinə əyləşib:

 

- Oğul, avtovağzala sür - dedim.

 

On dəqiqə keçməmiş sürücü maşını saxlayıb:

 

- Ana, çatdıq. Düşə bilərsiniz - dedi.

 

Təzə avtovağzalı birinci dəfə idi ki, görürdüm. Vağzalda insanlar qaynaşırdı. Adamların, avtobusların səsi bir-birinə qarışmışdı.

 

Yaxınlığımdakı avtobusun sürücüsü uca səslə: "Avtobus yola düşür, avtobus yola düşür, yerlərinizə əyləşin!" - dedi. Ətrafdakı adamların əksəriyyəti avtobusa mindi.

 

Mən sürücüyə yaxınlaşdım:

 

- Oğul, bəlkə bir nəfərlik boş yerin ola?

 

Sürücü mənə tərəf çevrilib, diqqətlə baxdıqdan sonra:

 

- "Bir yerin sahibi hələ gəlib çıxmayıb, gözlə, iki dəqiqəyə yola düşürəm. Əgər gəlməsə, inşallah gedərik" dedi.

 

İki dəqiqə keçdi. Yerin sahibi gəlib çıxmadı. Mən sürücünün köməyi ilə avtobusa qalxdım. Yol yoldaşlarım yerlərini rahatlayırdı. Kimi oturacağın arxasını aşağı salır, kimi yuxarı qaldırır, kimi də başı üzərindəki düyməcikləri qurdalayırdı. Sürücünün köməyi ilə yerimi tapıb, əyləşdim. Çaxnaşmadan sonra avtobusun içində bir sakitlik yaranmışdı. Hərə öz dünyasına çəkilmişdi. Kimi dağı arana, kimi də aranı dağa daşıyırdı.

 

Sürücü bu səssizlikdən bezmiş kimi qarşısındakı düyməni basdı. Avtobusun içərisinə qəribə bir musiqi səsi yayıldı. Sanki, fars, türk, hind musiqilərinin bir-birinə calaq edilmiş səsi idi. Azdan-çoxdan musiqidən başım çıxırdı. Bu musiqidə Azərbaycan ladından əsər-əlamət yox idi. Azərbaycanın musiqisi milli sərvətimizdir. Kökündən qidalanmayan musiqi necə milli sərvətimiz ola bilər?! Çox təəssüf ki, indi milli musiqimizi yaşadan yox, məhv edənlər peyda olub. Yan duracaqda oturan yaşlı bir kişi hirsli səslə:

 

 

- Ay oğul, onun səsini kəs! - Əsəbi halda əlindəki telefonu qurdalayıb, nəsə axtarırdı. Birdən avtobusun içərisinə həzin bir musiqi səsi yayıldı:

 

"İlk bahar gəldi, durnalar gəldi,

 

Bircə sən gəlib çıxmadın, harda qalmısan?..."

 

Musiqi bir anda hamını öz sehrli dünyasına apardı. Yaşlı bir kişi yaman kövrəlmişdi. Göz yaşlarını görən olmasın deyə islanmış yanaqlarını əlinin arxası ilə silirdi.

 

Fikir məni götürmüşdü - görəsən, onun gözlərini yolda qoyan, gəlib çıxmayan kim idi?. Üzüdönük övladlarımı, yoxsa gedər-gəlməzə yola saldığı ömür-gün yoldaşımı?! Qarşımda oturan gənc oğlan başını əlləri arasına alıb, qəmgin-qəmgin musiqini dinləyirdi.

 

Birdən aydınca bir səs eşitdim: "Ay qızım, haralarda qaldın, niyə gəlib çıxmırsan?" Bu, anamın səsi idi. Var gücümlə qışqırmaq istəyirdim: "Gəlirəm, ay ana, gəlirəm!"

 

Anama nə cavab verəcəkdim, bilmirdim. Anamın ilini verəndən sonra otuz il idi ki, kəndə ayaq basmırdım. Kimi görməyə gedəcəkdim ki, - uçub dağılan evimizi, viranəyə çevrilən bağ-bağçamızımı?..

 

Arxa oturacaqdan cavan bir oğlan yerindən qalxıb, avtobusun ortasına gəldi, üzünü yaşlı kişiyə tutub:

 

- Əmi olar mən də fikrimi bildirim?

 

- Buyur, oğul.

 

- Bilirsiz, əmi, düzdür, musiqi yaxşı musiqidir, ancaq indiki cavanlar başqa tip musiqini sevirlər. Allah xatirinə deyin bu musiqiyə oynamaq olar?!

 

Yaşlı kişi təmkini pozmadan:

 

- Fikrini bildirdiyinə görə çox sağ ol, oğul! Əvvəla bura toyxana deyil, durub qol götürüb oynayasan. Sonrası, oynamaq üçün oyun havası var. Bəla burasındadır ki, harada dinləməliyik, harada oynamalıyıq, çaşmışıq. Ona görə də toy məclisləri toyxanaya çevrilib. Mən şairlərin, bəstəkarların yerində olsam, toy məclislərinin toyxanaya çevrilən yerdə mahnılarının oxunmasına icazə verməzdim!

 

Sürücünün deyəsən, bu söhbət xoşuna gəlmirdi. Sürəti artırmışdı. Sərnişinlər bir-birinin dediklərini yaxşı eşitmirdi. Arxa oturacaqda oturan qadın yüksək səslə soruşdu:

 

- Görəsən, axşam üstünə kimi evimizə çatarıq?

 

Sual bütün sərnişinlərə ünvanlanmışdı. Bir nəfər dilləndi:

 

- Bu gedişlə getsə, inşallah çatarıq.

 

Cavab hamının ürəyincə oldu. Yaşlı bir qadın:

 

- Başqa gün olsaydı sürücünün belə sürətlə getməsinə mane olardım. Bu axşam ilin, ayın axır gecəsi olduğuna görə hami istəyir ki, evlərinə tez çatsın.

 

Deməli, bu axşam ilin, ayın axır gecəsi imiş. Hamı evinə tələsirdi. Mən hara gedirdim bilmirdim. Narahat idim, birdən kimsə soruşar hara gedirsən? Nə cavab verəcəkdim?...

 

Qarşıdakı oturacaqda oturan qadın arxaya çevrilib:

 

- Ay bajı, sənin də yadında olar - əlli-altmış il əvvəl ilin, ayın axır gejəsi necə hay-haraylı keçirilərdi. Tonqallar çatılar, göyə lopalar atılar, baja-baja gəzmək, baş bağlamaq, iynə salmaq, duzlu kömbə yemək, o gün nə heyvan, nə də quşun boğazına bıçaq çəkilməzdi. Süfrədə ancaq əriştəli aş, süddaş, ayran aşı, şirniyyat, meyvə, göyərti olardı.

 

Düşündüm ki, bu yaşlı qadın ya bizim, ya da qonşu kəndlərin birindən olmalı idi. Qadının sadaladıqları eyni ilə bizim kənddəki kimi idi.

 

Yadıma kirvə bayramlığı düşdü. Novruz bayramında ilk növbədə kirvələr yad edilər, bayramlıq göndərilərdi.

 

Xatirəmdə gülməli bir hadisə canlandı. Dodaqlarım qeyri-ixtiyari qaçdı. Gülümsədim. Qonşumuzun beş-altı yaşlarında Totu adlı topuş, yanaqları al-qırmızı oğlu vardı. Totu o qədər şirin idi ki, onu görən bağrına basıb, öpmədən əl çəkməzdi. O, bu öpüşləri heç xoşlamazdı. Ona yaxınlaşan adamları görən kimi əlləri ilə üzünü bərk-bərk qapayardı. Bu hərəkəti ona qarşı istəyi daha da artırardı.

 

Novruz bayramı idi. Anası Totunu çağırıb, bir qırmızı yaylıq arası şirniyyat verdi:

 

- Apar bu bayram payını kirvəmizgilə ver. Totu əvvəlcə getmək istəmir, sonra nə fikirləşdisə, bağlamanı götürüb, yola düzəlir. Bir azdan məhəlləyə xəbər yayıldı ki, Totu yolun ortasında dostlarını başına yığıb, bayram süfrəsi açıb, kirvəsinin bayram payını şirin-şirin yeyirlər. Totunun anası xəbər tutanda, süfrə boşalmış, Totu da qaçıb nənəsinin ətəyinin altında gizlənmişdi. Uzun müddət kənd camaatı Totunun bu bayram qonaqlığından danışıb, gülürdü. Düşünürdüm, görəsən, Totu sağdırmı?

 

Xatirələr bir-birinə calanıb, çözələnirdi. Çözələndikcə daxilimdəki sıxıntı üşələnib tökülürdü. Varlığımı bir rahatlıq bürümüşdü. İstəyirdim yol uzandıqca uzansın. Deməli, bu gün ilin, ayın axır gecəsi imiş...

 

Görəsən, qızlar yenə baş bağlayırmı? Kaş rəfiqələrimlə birlikdə gənclik illərinin ən maraqlı günü olan ilin, ayın axır gecəsini bir gün yaşaya biləydim. Şair necə də gözəl deyib:                

 

"Keçən günlərimi qaytaraydılar,

gələn günlərimi qurban verərdim."

 

Kim vermir, verməsin. Mən düşünmədən, daşınmadan qurban verərdim...

 

Bir il ilin, ayın axır gecəsini həsrətlə gözləyərdik. Bir ay qalmış hazırlığa başlayardıq. Əvvəlcə qızların sayını müəyyənləşdirərdik. Sonra mərasim kimin evində keçiriləcək, nələr hazırlanacaq, onunla məşğul olardıq. Çalışardıq ki, elə evdə keçirək ki, sərbəstliyimizə heç kim mane olmasın. Nəhayət, Məryəmgildə keçirməyi qərara aldıq. Onların ailəsi iki nəfərdən - Məryəm və anasından ibarət idi. Bütün məsələləri həll etdikdən sonra, nəhayət gözlədiyimiz gün gəlib çatdı.

 

Ancaq bir problem yaranmışdı. Güllünün analığı ona baş bağlamaq mərasimində iştirak etməyə icazə vermirdi. Güllü uşaq yaşlarından anasını itirmişdi. Atasının evləndiyi zalım, qəddar bir qadın idi. Fikirləşirdik ki, necə edək analığını razı salıb Güllünü məclisimizə gətirək. Qərara gəldik ki, hamımız xahişə gedək. Elə də etdik. Xahişdən, yalvarmadan sonra, Güllünün bir günlük işini görüb qurtardıqdan sonra analığı güclə razılıq verdi. Bir şərtlə - ara-qaranlıqda evdə olmalıdır. Güllünün həyatı çox ağır keçirdi. Gücü çatdı-çatmadı evin bütün işləri, təsərrüfat, mal-qaraya baxmaq onun üstündə idi. Ürək ağrıdan o idi ki, qardaşı ilə birlikdə qışın şaxtasında, soyuğunda, odsuz-ocaqsız, buz kimi dəhlizdə yatırdılar. Güllü qəşəng qız idi. Məlahətli, gözəl səsi vardı. Yanıqlı bayatılar qoşardı. Yadımda belə bir bayatısı qalıb:

 

"Əzizim, o dələndi,

Göylərdən od ələndi.

Səni ağlayan gördüm,

Başıma od ələndi."

 

O, bu bayatını qardaşı üçün qoşmuşdu. Güllünün halına hamımızın ürəyi yanırdı. Kömək etmək istəyirdik, ancaq necə bilmirdik. Ən əsası o idi ki, Güllü bu gün bizimlə idi. Hamımız deyib-gülürdük, bir-birimizə sarılıb təbrikləşirdik. Sanki illər uzunu bir-birindən ayrı düşmüş doğma insanlar bu gün bir araya gəlmişdi. Şər qarışana kimi deyə-gülə bütün işlərimizi görüb qurtarmışdıq.

 

Gözəl xalanın köməkliyi ilə xörəklərimiz də hazır idi. Kənddə əl-ayaq yığışanda üç nəfər qız bulağa "lal su" gətirməyə gedərdi. Çalışırdıq ki, yaşlıların "it oynadan" adlandırdıqları Güldəstə bu üçlüyün içində olmasın. Əgər o, tərkibdə olsa, o su "lal su" yox, "gülüş" suyu olcaqdı. Güldəstə hər dəfə and-aman edirdi ki, bu dəfə lal-dinməz gedib gələcək, hər dəfə andını pozurdu. Səhəngi doldurub, evə çata-çatda elə gülməli hərəkət edər, gülməli söz deyərdi ki, hamımız uğunub gedərdik. Bu hadisə dəfələrlə təkrar olunardı. İçərimizdə ən cəsarətli qız olan Çiçək evin küncündən səhəngi götürüb, çiyninə qoydu:

 

- Mən bulağa tək başına gedəjəm. Sizə qalsa, səhərə kimi bulaqla evin arasını ölçə-ölçə durarsınız.

 

Bunu deyib Çiçək bulağa yollandı. On-on beş dəqiqə keçməmiş səhəngi çiynindən yerə qoydu:

 

- Bu da sizin "lal su"yunuz. Gedib-gələnə kimi nə dinmişəm, nə danışmışam.

 

Güldəstə dedi:

 

- Çox sağ ol, ay Çiçək, mən bilirdim sən qoçaqsan, amma bu qədər də yox! Hə qızlar, "lal su"yumuz da gəldi, artıq işimizə başlaya bilərik. Məryəm, mənə tez içərisi dərin olan bir qab gətir.

 

Məryəm qabı gətirib, içərisini "lal su" ilə doldurdu. Yerə döşənmiş xalçanın ortasına qoydu. Hamımız dövrə vurub, qabın ətrafında oturduq. İki iynə götürüb, sap keçirilən hissəsinə pambıq dolayıb qabın içərisinə atdıq. Güldəstə qollarını çırmayıb, əlini qabın içinə salıb, suyu fırlatmağa başladı. İlk iynələr Güllünün bəxtinə atılmışdı. Oğlan kim idi? - onu heç birimiz bilmirdik, onu Güllü ürəyində gizli tutmuşdu. Güldəstə suyu nə qədər fırlatsa da, iynələr bir-birinə qovuşmadı ki, qovuşmadı.

 

Elə düşünürdük ki, əgər iynələr bir-birinə qovuşsa, həmin andaca Güllünün bəxti açılacaq, ürəyində gizli saxladığı oğlana qovuşub, çəkdiyi əzab-əziyyətdən qurtulacaq. İstədiyimiz alınmadı. Əhvalımız pozulmuşdu. İynəsalma mərasimimizi yarımçıq qoyduq. Hamımız qabın ətrafında susub oturmuşduq.

 

"İt oynadan" Güldəstə qızların əhvalını düzəltmək istədi:

 

- Ay qızlar, siz iynəni boş verin. İynə nədir ki, gördüyü iş nə olsun. Qarşıda duzlu kömbə var, əsas güc ondadır. Görəcəksiniz, mən Güllüyə elə duzlu kömbə bişirim ki, oğlanlar əllərində kasa ona su içirmək üçün novata dayanajaxlar. Görək, Güllü onların hansının kasasını alıb içəcək?

 

Güldəstənin zarafatyana dediyi sözlər hamımızın əhvalını düzəltdi.

 

Yeyib-içib, deyib-gülüb, əyləndik. Gecə yarı olmuşdu. Xəbərimiz yox idi. Gözəl xala yan otağın qapısını açıb:

 

- Ay qızdar, gejə gejədən keçib, gejdi, sobaya odun doldurmuşam, yanıb keçməmiş kömbələriniz, bişirin.

 

Məryəmə tapşırdı:

 

- Ləyənə un töküb, yanıma gətir. Kömbənin duzunu mən özüm tökəjəm.

 

Məryəm ləyənlə un gətirdi. Gözəl xala xəmirin duzunu vurub, dönə-dönə tapşırdı;

 

- Bax ha, olmaya-bilməyə munnan artıq duz tökəsiniz.

 

Gözəl xala yan otağın qapısını örtəndə Güldəstə Güllüyə yaxınlaşıb, yavaşdan:

 

- Ay qız mənim bu kömbənin duzundan gözüm su içmədi, belə duzdu kömbəylə adam yanıf-yaxılmaz. Sənin kömbənə əlavə duz tökmək lazımdı. Gərək yanıf-yaxılasan ki, sənə su içirsinlər. Güllü Güldəstənin fikri ilə razılaşıb, kömbəsinə əlavə duz tökməsinə razılıq verdi. Qızlar kömbələrinə istədiyi kimi naxış vurub sobanın üstünə düzdülər. Ala-yanıq, qara-yanıq bişirib tez yeməyə başladılar. Güllünün kömbəsi həddindən artıq duzlu olduğundan çətinliklə yeyirdi. Udquna bilmirdi, tez-tez öskürür, gözlərindən yaş axırdı. Hamımız kömbəni rahatlıqla yediyimiz halda, Güllünün halına təəccüb qalmışdıq.

 

Yatmaq vaxtı idi. Gözəl xalanın nə qədər yorğan-döşəyi vardısa, hamısını xalçanın üstünə tökdük. Özümüzə yataq üçün yer düzəltdik. Ləyəndəki "lal su" dan hərə bir kasa doldurub, baş ucuna qoydu. Yerimizə uzandıq. Çalışırdıq ki, tez yuxulayaq. Bu vaxt gözəl xala ara qapını açıb:

 

- Ay qızdar, gəlin təzə çay dəmləmişəm. İçib, sonra yatın. Səsimizi çıxarmadıq. Heç birimiz yatmamışdıq. Elə düşünürdük ki, çayı içib yanğımız sönsə, sonra bizə kim su verər?! Gözəl xala bizdən səs çıxmadığını görüb:

 

- Bıy başıma xeyir, indicə danışıb, gülmürdülərmi? Nə tez yatdılar?

 

Sonra qapını sakitcə örtüb yerinə uzandı.

 

Yata bilmirdik. Yerimizin içində o tərəf, bu tərəfə çevrilirdik. Duzlu kömbə içimizi yandırırdı. Çalışırdıq tez yataq, yuxuda da olsa, bizə verilən suyu içək. Hamımıza maraqlı suyun kim tərəfindən içirdilməsi idi. Bir azdan çevrilmələr kəsildi. Qızlar yuxuladı. Mən nə qədər çalışdım yatam, yata bilmədim. Birdən qulağıma zarıltı səsi gəldi, kimsə zarıyırdı: "Ay allah, içim yanır, ay allah, içim yanır".

 

Başımı qaldırıb, səs gələn tərəfə boylandım, bu səs Güllünün səsi idi. Ara bir deyinirdi: "Bu qədər duz tökmək olardı?!"

 

Güllünün zarıltısına Güldəstə də ayıldı. Güllüyə tərəf çevrilib: "Ay qız, ay bajı, mənim nə günahım var, iynələr birləşsəydi, kömbənə əlavə duz tökməzdim. Mən sənə yaxşılıq etmək istəyirəm. Sən başını yorğana bərk-bərk bük, gözlərini yum. Onda yatajaxsan".

 

Güldəstə məsləhətini verib, yorğana bürünüb, üzünü divara tərəf çevirdi. Yorğanın ucu Güllünün başı ucunda kasadakı "lal su"yu dağıtdı. Ağrının təsirindənmi, yoxsa bəxt suyunun dağılmasındanmı Güllü için-için ağlamağa başladı. Onun belə yanıqlı ağlaması məni də kövrəltdi. Sakitcə yerimdən qalxıb, yan otağa keçdim. Gözəl xala yatmamışdı. Məni görən kimi yerindən qalxdı. Təlaşla soruşdu:

 

- Noluf, ay qızım?

 

- Xala mənə heç nə, ancaq Güllüyə nəsə olub. Duzdu kömbə yeyəndən sonra "İçim yanır" deyib zarıyır. Munun içində yenə o "it oynadan" Güldəstənin qaynatması olmaya.

 

- Qızım, get sakitcə Güllünü buraya gətir, çalış qızlar oyanmasın.

 

Güllü ağrıdan ikiqat olmuşdu. Gözəl xala onu bu halda görüb, kövrəldi, başını sinəsinə sıxıb:

 

- Qorxma, qızım, bir az döz, çox çəkməz ağrın-acın hamısı çıxıb, gedəcək - deyib Güllüyə iki stəkan, qaynanmış ilıq su içirtdi.

 

- İndi Gözəl xalan sənə bir bəziryən hörrəsi bişirsin, yeyərsən, zərrə qədər ağrı-ajın qalmaz.

 

Doğrudan da, hörrəni yeyəndən sonra Güllünün rəngi-ruhu özünə gəldi, ağrıları yavaş-yavaş azaldı. Sanki bu ağrılar həm də mənim idi, yüngülləşdim, yan otağa keçdim. Qızlar mışıl-mışıl yatırdılar, kimisinin üzündə güllər açmışdı, kimi qaşqabaqlı, bulud kimi tutulmuşdu. Məni maraq götürmüşdü. Görəsən, onlar yuxuda nə görürdülər? Elə şirin yatmışdılar, qıyıb oyatmadım. Düşünürdüm, ola bilsin onlardan kiməsə bu an su içirirdi.

 

Dan yeri sökülürdü. Hava yavaş-yavaş işıqlanırdı. Güllü paltarını geyinib, getməyə hazırlaşırdı. Gözəl xala dil töküb yalvarırdı.

 

- Ay qızım, bu ala-toranlıqda hara gedirsən, itin-pişiyin acıq vaxtı?

 

- Yox, xala, əgər indi getməsəm, işlərim bir-birinə qarışar. Sonra axşama kimi görüb qurtara bilmərəm.

 

Gözəl xala Güllünün onsuz da ağır keçən həyatını daha da ağırlaşdırmaq istəmədi.

 

- Yaxşı nə deyim, ay bala gedirsən, get. Allah baxtını, yığvalını açıq etsin. Güllü getdi.

 

Gözəl xala çox kövrəlmişdi. Göz yaşlarını boğaraq:

 

- Gorun çatlasın, ay Müsəmbər, ay insafsız balanı kimin umuduna qoydun. Bir parça səvininmi, yoxsa əhli-kef ərininmi? Beş küçüyü də peydahladıb, bu yazıq yetimi də onlara külxanu etdi.

 

Gözəl xala Güllünün anası Müsəmbər xalanın ən yaxın rəfiqəsi idi. Ona görə də Güllünün dözülməz, ağır həyatı ona daha çox təsir edirdi.

 

Yan otaqdan qızların deyib-gülmək səsləri gəlirdi. Onlar iki-bir, üç-bir əl-üzlərini yuyub, yemək otağına gəldilər. Otaqdakı gərginlik onlara da təsir etdi. Bu kədərli abı-havanın səbəbini başa düşdülər. Ancaq heç nə soruşmadılar. Güllü getmişdi. Güllünün gəlişi qızları nə qədər sevindirmişdirsə, gedişi o qədər kədərləndirmişdi.

 

Başbağlama mərasimimizin ən maraqlı hissəsi bu gün olmalı idi. Oxuyub-oynamaq, deyib-gülmək, yuxularımızı danışmaq, bəzəyib gülmək. Güllünün məlahətli, yanıqlı səsini eşitmək üçün bir il səbirsizliklə gözləmişdik. Güllü getmişdi. Danışmaq belə istəmirdik. Başbağlama mərasimimizi yarımçıq qoyub, dağıldıq...

 

Düşünürdüm, görəsən, qızlardan kimlər qalıb, kimlər köçüb, o dünyaya. Yuxulu kimi idim, varlığımı bir rahatlıq bürümüşdü. Yerimdən tərpənmirdim. Qorxurdum yenicə tapdığım bu hüzuru itirə bilərəm. Sərnişinlər yol yorğunluğunu atmaq üçün bir-biri ilə danışıb-gülürdü. Bircə mən yorulmamışdım. İstəyirdim yol uzandıqca-uzansın. Dolaşıb, düyünə düşən kələfi açıb, hey çözələyə-çözələyə gedim.

 

Yol uzunu şəhərlər, kəndlər, insanlar bir-birini əvəz edirdi. Gözlərim pəncərədən yola dikilib qalmışdı.

 

Qarşıda kənd görünürdü. Müasir tikililəri olan bir kənd. Yolun hər iki tərəfində puçurlamış söyüd ağacları sıralanırdı. Sanki ağaclar Günəşin hərarətindən puçur-puçur tər tökürdü. Budaqların ucundakı puçurlar isə tər damcıları idi. Kəndin içindəki bağlarda, bağçalarda ağacların çoxu çiçək açmışdı. Ağaclar bəyaz donlu gəlinə bənzəyirdi. Bu gözəlliyi seyr etməkdən doymurdum. Birdən ürəyimi bir təlaş bürüdü. Günəşin bu hərarəti, nəvazişi, təbiətin cilvəsi kaş sizi aldatmasın. Şirin dilləri, riyakar yalanları ilə saf, təmiz qızları aldadıb, yoldan çıxaran, həyatlarını tar-mar edən oğlanlar kimi! Düşünürdüm kaş bu gözəlliyə dəyib, toxunan olmayaydı.

 

Xatirələrim çözələnib, məni uşaqlığıma qovuşdururdu. Uşaq idim. Kəndimizə yaz ilk qədəmlərini basırdı. Təbiətdə bir canlanma var idi. Bütün canlılar qış yuxusundan oyanıb, bir-birinə gülümsəyirdi. Sanki təbəssümlə bir-biri ilə salamlaşırdı. İnsanlar da təbiətin bu sevincinə qoşulmuşdu. Kimi əkir, kimi səpir, kimi də qış gözəlliyini əlindən almış ağacları darayıb, budaqlarına sığal çəkirdi. O günlər ən xoşbəxt günlərim, atalı-analı günlərim idi. Mən atamla birlikdə puçurlamış, hələ tumurcuqları tam açılmamış söyüd ağaclarının budaqlarından qoma-qoma qırıb, quzularımıza gətirərdik. Quzular puçurlu, tumurcuqlu budaqları elə iştahla yeyərdi ki, mən də bu mənzərəyə baxmaqdan doymazdım. Bir-iki dəfə mən də özümü saxlaya bilməyib, tumurcuqlardan ağzıma alıb dadına baxmaq istədim. Ancaq yeyə bilmədim. Yemək mümkün deyildi. Acıtəhər, qəribə bir tam vardı. Düşünürdüm bu acı tamlı tumurcuqları quzular necə yeyir? Quzular yeyib doyandan sonra maraqlı əyləncələri başlayardı.

 

Evimiz təpənin üstündə yerləşdirdi. Ətrafı sanki quzular üçün qaçış dairəsi idi. Quzular yeyib, doyandan sonra bir-bir evimizin tininə yığışardı. Nəhayət, özünə çox güvənən, qarşıya keçər, startı o verərdi. Qabaq ayaqlarının birini yerə vurar, o an quzular atılardılar və evin başına dolanaraq qaçmağa başlayardılar. Onların qaçışı o qədər əyləncəli idi ki, sanki "dirədöymə" oyunu oynayırdılar. Quzuların hamısı əmlik quzular idi. Qaçarkən ayaqlarının tappıltısı, cam boyda quyruqlarının şappıltısı qəribə bir səs ahəngi yaradırdı. Onların bu əyləncələri məni elə məftun edirdi ki, özümdən asılı olmayaraq mən də bu qaçışa qoşulurdum. Quzular kimi qaçmağa başladım. Tez-tez sağ dizimi sol, sol dizimi sağ dizimə keçirərək qaçmağa başladım. İki dövrə başa vurdum. Sevincimin həddi-hüdudu yox idi. Dünyanın ən xoşbəxti mən idim. Çalışırdım quzulardan geri qalmayım. Mənə elə gəlirdi ki, mənim onlara qoşulub qaçmağıma quzular da sevinir. Qaçışın növbəti dövrəsində ayaqlarım bir-birinə keçdi, özümü saxlaya bilmədim, üzü üstə yıxıldım. Dizlərim, üz-gözüm qan içində idi. Qışqırıb, ağlamağa başladım. Məni bu vəziyyətdə görən quzular yerə mıxlanıb, peşiman-peşiman mənə baxırdılar. Sanki özlərini günahkar bilib, səssiz-səmirsiz məndən üzr diləyirdilər. Nənəm səsimi eşidib, təlaşla özünü mənə yetirdi, məni qan içində görüb:

 

- Nənən ölsün, nənən ölsün. Durduğun yerdə nə oldu sana deyib, təlaşla tez-tez təkrar edirdi, noldu sana? Noldu sana?

 

Məsələdən agah olandan sonra nənəm hirsli-hirsli:

 

- Haqq oluf sana, min dəfə demişəm farağat dur - kəlləm-ayaq olma.

 

Ağrının təsirindən, qışqırtımdan nənəmin nə dediyini anlamırdım. Nənəm üz-gözümün, dizlərimin qanını təmizləyib, üstünə nə isə çəkmişdi. Yaralarıma baxıb, hirsli-hirsli deyinirdi: Qız uşağı az atdanıb-düşər. Aldın payını? Bəs bilmirsən qodux oynayanda qar yağar?!

 

Mən səsimi yüksəldib:

 

- Nənə, sən nə danışırsan, heç yanımda qodux var idi ki, oynayaydı?

 

- Nə təhər yox idi. Budu eyy, bu boyda qodux!

 

Nənəmin məni qodux adlandırmasına o qədər də bənd olmadım. Əsas o idi ki, qar yağacaq! Bir anda ağrımı-acımı unutdum. Məni maraq götürmüşdü, görəsən, qar bu gün yağacaq? Nənəm çox hirsli idi. Cəsarət edib, qarın nə vaxt yağacağını ondan soruşa bilmirdim. Nəhayət marağım cəsarətimi üstələdi:

 

- Nənə, qar nə vaxt yağacaq?

 

Nənəm hirsli-hirsli:

 

- Gözlə yağacaq.

 

Hər gün nənəmdən soruşurdum:

 

- Nənə, bəs qar nə vaxt yağacaq? Sən deyirdin yağacaq - gözlə yağacaq?!

 

Qarın yağmasını elə istəyirdim ki, o da yağmır ki, yağmırdı.

 

Artıq hər tərəfə yaz gəlmişdi. Ağaclar , açıq çəhrayı paltarlarını geymişdi.

 

Atam nədənsə narahat idi. Tez-tez zəlvərə baxıb deyirdi:

 

- Zəlvərə yaman qar yağır, qorxuram səpələntisi bizi də tutsun, həm də havada sazax var. Bu heç yaxşı əlamət deyil.

 

Nənəm tez:

 

- Allah eləməsin, ay bala, xalx basdırdığını basdırıb, səpdiyini səpib. Allah eləməsin, Allah eləməsin!

 

Nənəmlə atamın danışığından heç nə başa düşmürdüm. Atamı heç belə gərgin görməmişdim. Gecə yarıdan keçirdi. Onların heç yatmaq fikri yox idi. Mənə heç kəsin əhəmiyyət vermədiyini görüb, sakitcə yatağıma uzanıb yatdım. Yuxudan oyananda səhər açılmışdı. Yerimdən qalxmaq istəmirdim. Axşamkı gərginlik daha da artmışdı. Deyəsən, nənəmgil gecəni heç yatmayıblar.

 

Atam tez-tez: "Xalxın vəziyyəti çox çətin olacaq", tez-tez təkrar edib, papirosu-papirosun oduna calayıb, otaqda var-gəl edirdi. Anamla nənəm susurdu, nə dinir, nə də danışırdılar. Birdən nənəm:

 

  - Kaş dilim quruyaydı uşağa o sözləri deməyəydim - nənəm hey özünü danlayırdı.

 

Atam dözməyib, əsəbi halda:

 

- Ay ana, qanımızın bu qara vaxtı sən də uşax-uşax danışma. Allah sənin sözlərinə görəmi qar yağdırdı?!

 

- Ay bala mən dili qurumuş tez-tez uşağa dedim:

 

- Gözlə qar yağajax, gözlə qar yağajax. Qurban olduğum əlbət məni eşitdi. Şükür şavatına, məsləhət onundu. Nə deyirəm ki, ay bala!

 

Nənəm atamın əsəbiləşməsinə baxmayaraq, yenə eyni sözləri təkrar edirdi:

 

- Dilim qurusun gərək o sözləri uşağa deməyəydim.

 

Mən bu gərginliyin səbəbini başa düşə bilmirdim. Cəsarət edib kimsədən bir söz də soruşa bilmirdim. Yerimdə uzanmaqdan bezib, paltarımı geyinməyə başladım. Heç kəs mənə baxmırdı, sanki mən yoxdum.

 

Bayıra çıxmaq istədim. Qapını açdım - hər tərəf ağappaq qar örtüyünə bürünmüşdü.

 

Qeyri-ixtiyari qışqırmağa başladım:

 

- Qar, qar! Nənə, sən düz deyirdin. Qar yağır, qar, ay can! Ay can! Nənə, bir bax qar, qar!

 

Mənə elə gəldi ki, nənəm mənim sözlərimi eşitmir. Qışqıra-qışqıra çevrildim. Nənəm günahkar kimi başını aşağı salıb, gözlərini yerə dikmişdi. Mən susdum. Mat-mat nənəmə baxırdım. Deməli, qarın yağmasının günahkarı nənəm imiş.

 

Qar öz gəlişi ilə deyəsən, yaxşı iş görməmişdi. İki-üç gündən sonra qar əridi. Qar öz gəlişi ilə bağların çiçəklərini tünd qəhvəyi rəngə boyayıb getmişdi. Ağaclar ağlayırdı. Budaqların ucundan damcılayan göz yaşları torpağın üzünü dəlik-deşik edirdi.

 

Ağaclar ağlayırdı. Dünyaya göz açmamış, qoynunda ikən məhv olan balaları üçün ağlayırdı. Mən də ağaclara qoşulub ağlayırdım. Çiçəkləri solan, quşları susan, pərən-pərən düşən bağımızın, bağçamızın bu acınacaqlı halına ağlayırdım.

 

Özümdən xəbərsiz gözlərimdən süzülən yaş damlaları dizimin üstündən əl çantamı isladırdı...

 

Avtobusun sürəti azalmışdı. Sürücü ucadan nəisə tez-tez təkrar edirdi. Sərnişinlər bir-birinin üzünə baxıb, dinmirdi.

 

Avtobus dayandı. Sürücü ucadan "Göyərçinli, Göyərçinli" deyib, avtobusun içərisinə tərəf boylandı. Heç kəs nə dindi, nə tərpəndi. Mən pəncərədən bayıra baxırdım. Birdən gözüm əzəmətlə dayanmış qocaman qovaq ağacına sataşdı - varlığımı qəribə bir hiss bürüdü. Az qalırdım qanad açıb, uçam. Tələsik avtobusdan düşdüm. Sürücünün yüksək səslə mənə eşitdirə bilmədiyini Qonaq ağacı səssiz-səmirsiz mənə eşitdirdi:

 

- Hara gedirsən? Hara gedirsən? Bura sənin doğmaca kəndin Göyərçinlidir, Göyərçinlidir.

 

Qonaq ağacının yaşı bəlli deyildi. Kim əkmişdi, kim böyütmüşdü nə dədələrimiz bilirdi, nə babalarımız Qonaq ağacının dibindən gecə-gündüz gur sulu, sərin bulaq axırdı. Gələn-gedən bulağın sərin suyundan içər, qonağın kölgəsində dincələr, sonra yoluna davam edərdi. Bəlkə ona görə də kənd camaatı ona Qonaq ağacı deyirdi. Qonaq ağacının sinəsindən iki yol ayrılırdı. Biri qəbiristanlığa, digəri kəndin mərkəzi sayılan "ortalığa". O ortalığa ki, kəndin kişilərindən kimi axtarsan, orada taparsan. O ortalıq ki, dünyanın bütün qarışıq-dolaşıq məsələləri orada "həll" olunardı.

 

Avtobus uzaqlaşdı. Mən Qonaq ağacına tərəf sanki yerimirdim, uçurdum. Kimisə görməyə can atırdım. Qonaq ağacının altında kimsə yox idi. Yerə mıxlanıb qaldım. Sağa, sola boylandım. Nə gələn vardı, nə gedən. Nəzərlərim qeyri-ixtiyari uzaqlara yönəldi. Həmişə başı qarlı-dumanlı zəlvəri, sinəsi nərgizli, bənövşəli Babakər dağlarını görmək istədim, görə bilmədim.

 

İki yol ayrıcında qalmışdım.

 

Üzümü kənd tərəfə çevirdim. Şər qarışırdı, qalanmış tonqalların işığı kəndi nura boyamışdı. Baca-baca gəzən uşaqların səsi, göyə atılan lopalar kənddə bir canlanma, bayram əhval-ruhiyyəsi yaratmışdı. Kəndin bu cah-cəlallı mənzərəsinə donuq nəzərlərlə baxırdım. Bir anlıq uzun illər həsrət qaldığım doğmaca kəndimin bu bayram şənliyində mən də iştirak etmək istədim. Addımımı atmamış içimdən bir səs gəldi: "Hara gedirsən? Hara gedəcəksən? Kimin qapısını döyəcəksən? Kimin qapısını ərk edib açacaqsan?" Doğrudan da - hara gedəcəkdim? Kənddə qohum-əqrəbam olsa da, nə mən onları tanıyırdım, nə də onlar məni. Bu əziz gündə heç kəsin qapısını döyməyə cürət etmədim.

 

Qəbiristanlığa tərəf çevrildim. Anidən ürəyim sancdı. Daxilimdən qəribə bir güc məni qəbiristanlığa doğru çəkirdi. Qaranlıqda qəbiristanlığın vahiməli görünüşü bu istəyimin qarşısını kəsirdi. Üzü qəbiristanlığa tərəf nə qədər dayandığımı bilmirəm...

 

Birdən kürəyimə sanki, iti xəncər saplandı... Müvazinətimi itirdim. Qonaq ağacının gövdəsinə sarıldım. Dəhşətli ağrı sinəmə yayıldı. Güclü bir əl içimi söküb çıxarırdı. Get-gedə gücdən düşür, nəfəsim kəsilirdi... Qollarım boşaldı, arxası üstə yerə yıxıldım.

 

Bir qədər keçdi, ağrı-acım tamam kəsildi. Hər tərəf nura boyanmışdı. Qəbiristanlıqdan Qonaq ağacına uzanan işıq zolağı ilə bir kölgə hərəkət edirdi. Qolları yana açılmış: "Anan ölsün, anan ölsün, səni çoxmu gözlətdim?"

 

Anamın qucağında idim, rahat, ağrı-acısız...

 

Dan yeni sökülürdü. Kəndə hay düşdü ki, qonaq ağacının altında bir qadın keçinib.

 

Kənd camaatı ağacın altına toplaşdı. Camaat bilmirdi nə etsin. Heç kəs meyitə yaxınlaşmağa cürət etmirdi. Sanki ağacın altında canlı bir insan onlara baxıb, gülümsəyirdi.

 

Belə qərara gəlindi ki, kəndin ağbirçəyi Güllü ananı gətirsinlər. O, nə məsləhət görsə, elə də etsinlər.

 

Güllü ana gəldi. Meyitə xeyli diqqətlə baxdı, lakin tanıya bilmədi. Düşünürdü ki, gecə vaxtı bu yaşlı qadının buralarda nə işi ola bilər? Hər kimdirsə buraların adamıdır. Güllü ana üzünü camaata tutub:

 

- Meyiti bizə aparın! - dedi.

 

Cavanlardan biri soruşdu:

 

- Ana, bəlkə həkim, polis gələnə kimi ona toxunmayaq?

 

- Ay oğul, rəhmətliyin işi nə həkimlikdi, nə polislik. Üzündə, gözündə qançırı, yarası yox. Çantası yanında, tənəsi qulaqlarında, üzüyü də barmağında. Burada həkimlik, polislik nə iş var? Bu, Allahın işidir. Onun yazısını qurban olduğum belə yazıbmış, şükür məsləhətinə!

 

Üzünü camaata tutub:

 

- Beş-altı nəfər qəbir qazmaqda səriştəsi olan yanıma gəlsin!

 

Tez camaatın içindən altı nəfər Güllü ananı dövrəyə aldı:

 

- Uşaxlar, qəbiristanlığın yuxarı başında, təpənin üstündə özümə yer saxlatmışdım. Qəbri həmin yerdə qazarsınız.

 

Camaatın içindən orta yaşlı bir kişi:

 

- Güllü ana, bir məsələ qaldı!

 

- Nə məsələ? - deyib səs gələn tərəfə çevrildi.

 

- Bəs, rəhmətliyi qəbrin içində kim rahatlayacaq?

 

Güllü ana düşünmədən:

 

- Oğlum Osman! Qalan işlərlə işiniz olmasın. Nə lazımdırsa, hər şeyi yerli-yerində olajax.

 

Güllü ana meyiti öz əlləri ilə yudu. Əlləri meyitin qulağındakı sırğalara dəyəndə əl saxlayırdı. Sırğalar sanki ona nə isə demək istəyirdi... Xatırla, xatırla bu qozalı tənələri xatırla!

 

Güllü ana çalışırdı ki, ona tanış gələn bu sırğaları xatırlasın, elə bil kimsə yaddaşını silib, atırdı. Yadına sala bilmirdi ki, Həcər onuncu sinfi bitirəndə Heyran xala qızına bağışladığı sırğalar, həmən qozalı sırğalar idi.

 

Cənazə qaldırılanda Güllü ana camaata müraciət etdi:

 

- Allah hamınızdan razı olsun. Rəhmətliyin hər işi yerli-yerində, el adətincə görüldü. Ancaq mənim bir xətam oldu. Müsəlman şəriətinə görə dünyadan köçən kəfəndən başqa heç nə aparmamalıdır bu dünyadan. Ancaq mən rəhmətliyi qulağında tənəsi, barmağında üzüyü, yanında çantoyu ilə qəbrə göndərirəm!

 

Hamı bir ağızdan:

 

- Allah bağışlasın! Allah bağışlasın

 

Məzar qəbiristanlığın ən hündür yerində idi. Oradan həm zəlvər, həm Babakər dağı görünürdü. Güllü ananın istəyi ilə baş daşına bu sözlər yazılmışdı: "Göyərçinlinin qonağı".

 

Həmayil ƏHMƏDQIZI

 

525-ci qəzet  2018.- 29 mart - S.7.