Yaşamaq, yaratmaq ona yaraşırdı

 

Qəzənfər PAŞAYEV

Professor

Həyat qəribədir, bəzən təsadüfən tanış olduğun adam səndə elə dərin təəssürat yaradır ki, istər-istəməz onunla indiyə qədər tanış olmadığına təəssüflənirsən.

 

İndiki kimi yadımdadır, bizi yazıçı Mustafa Çəmənli tanış edəndə o dedi: "Qəzənfər müəllimi yaxşı tanıyıram. Onun Rəsul Rza ilə "Kərkük bayatıları" kitabı çıxanda 8-ci sinifdə oxuyurdum. "Altı il Dəclə-Fərat sahillərində" kitabı çıxanda isə Maarif Nazirliyi nəzdində mətbəənin direktoru idim".

 

Elə ilk tanışlıqdan hiss etdim ki, o, müsbət enerjili, müsahibi ilə asanlıqla münasibət qura bilən insandır.

 

Bəxtə bax, sən demə, mənimlə söhbət edən bu gülərüz, bəstəboy adam "Təhsil" nəşriyyatının direktoru Bəhruz Axundov imiş.

 

O vaxt Mişel Nostradamusla bağlı kitabım çapa hazır idi. Bəhruz müəllim dedi: "Əlyazmanı mənə gətirin, vərəqləyim. Xoşuma gəlsə, yarıqiymətinə çap edərik". Bir həftədən sonra yanına getdim. Məni çox mehribanlıqla qarşıladı, sanki yüz ilin dostu idi. Əsər xoşuna gəlmişdi. Çox böyük həcmli, çoxsaylı illüstrasiyalarla dolu "Nostradamusun möcüzəli aləmi" (Bakı, "Təhsil", 2007, 760 səh.) kitabım həqiqətən də yarıqiymətinə nəfis şəkildə çap olundu. Kitab Bakıda və xarici ölkələrdə yarmarkalarda nümayiş etdirildi. Kitabın titul vərəqinin arxasında yazılmışdı: "Naşir - Bəhruz Axundov". Sonralar fikir verdim, az-az kitabda naşir olduğunu göstərirdi. Üç min tirajla çıxan kitab tezliklə satılıb qurtardı. Kitaba tələbat çox idi. Kitabın ilk çapında Bəhruz müəllim mənə böyük hörmət etdiyinə görə, gələcək nəşrlərdə onun xeyrinə-şərinə qarışmadım.

 

Taleyimdən razıyam ki, görkəmli naşirimiz Əjdər Xanbabayev kimi nəşriyyat işini dərindən bilən, onunla yaşayan ikinci bir peşəkar naşirlə yaxın oldum. Onlar kitabı duyur, sanki kitabla nəfəs alırdılar. Kitaba olan məhəbbətləri övlad sevgisi qədər tükənməz idi. Onların taleyində də bir oxşarlıq vardı. Unudulmaz Əjdər müəllim canını fəda etdiyi müstəqilliyimiz, azadlığımız, Bəhruz müəllim isə Qarabağ həsrətilə əbədiyyətə qovuşdular.

 

Bəhruz müəllim dərin biliyə, hərtərəfli dünyagörüşünə malik ziyalı idi. Mən nəşriyyata gedəndə yanında nəşriyyatın işçiləri olsa belə, məni qəbul edər, işçilərinə deyərdi: "Gedin işinizlə məşğul olun. Siz burda, mən burda. Qoyun Qəzənfər müəllimlə dərdləşək" - deyərdi.

 

Şərq aləmi ilə çox maraqlanırdı. Bir dəfə ərəblərin adət-ənənələrindən söz düşmüşdü. Dedim ki, hüzn yerinə xüsusi molla çağırmırlar. Məclisi istənilən adam yola verə bilər. Gözləmədiyim halda Bəhruz müəllim dedi: "Bizim Ağdam rayonunun Əfətti kəndində toy məclislərində, kimsə əhd eləməyibsə ki, oğlum və ya qızım olsun toyuna filankəsi çağıracam, kəndin camaatı deyir ki, bu gün məclisimizi filankəslər aparsın". O danışır, mən isə düşünürdüm: "İlahi, Qarabağın ab-havası, suyu, təbiəti gör necədir ki, orada hamı oxuya bilir, hamının ilahi səsi var".

 

Bir dəfə də söhbət Qərb aləmindən düşmüşdü. Yana-yana dedi ki, xaricdə hər tində kitab mağazası, bizdə isə qoşa-qoşa apteklər var. Haqlı idi. Yerinə düşdüyünə görə 1983-cü ildə ABŞ-da ixtisasartırma kurslarında olarkən təsadüf etdiyim bir hadisədən söz açdım. Arizona Universitetində hamının ehtiram göstərdiyi prof. Sesil Robinson vardı. Prof. Robinson mənim Azərbaycandan olduğumu biləndə, ya qəsdən məni yoxlamaq üçün (ilk günlər hamımızı KQB-nin agenti hesab edirdilər), ya da filoloq olduğumdan ingiliscə şeir oxudu və soruşdu: "Bu kimin şeiridir?"

 

Dahi şairimiz Səməd Vurğunun "Zəncinin arzuları" poemasından oxuyurdu. Mən cavab əvəzinə oxuduğu parçanı əzbərdən dedim:

 

O, kürsüyə sinə gərdi:

Danışmadı, susdu bir dəm.

Çatıb qara qaşlarını fikrə getdi

o bir anlıq.

 

On il Türkiyədə, İncirlikdə işləyən, türk dilini mükəmməl bilən prof. Cin Faust dedi: "Professor, sizin oxuduğunuzu Dr.Paşayev öz ana dilində əzbər dedi".

 

Professor Robinson məmnun oldu. Mən isə sevimli şairimizlə qürur duydum. O da məlum oldu ki, Arizona Universitetində 1974-cü ildə Moskvada çap olunan "Azərbaycan poeziyası antologiyası"ndan bir nüsxə var imiş. Mən özümlə çox böyük həcmli bu antologiyadan iki nüsxə aparmışdım. Birini prof. Robinsona, bir nüsxəsini isə Universitetin kitabxanasına bağışladım. Bir gün şəhərdə gəzərkən kitab mağazasına girdik.

 

Gördüm professor Robinson piştaxtanın arxasında durub üç-dörd alıcı ilə şirin söhbət edir. Məlum oldu ki, kitab mağazası ona məxsusdur. Alıcıların zövqünü, hansı kitablara üstünlük verdiklərini və s. öyrənir və mühazirələrində istifadə edir.

 

Bu fikir Bəhruz müəllimi məşğul etdi. Vaxt keçdi, bir də gördüm nəşriyyatda kitab mağazası yaradıb. Kitaba tələbatı öyrənir, imza günləri təşkil edirdi. Tanınmış şairlərimizdən Vaqif Bəhmənli və Rəşad Məcidin imza günlərində iştirak edərkən bunun əsl bayrama çevrildiyinin şahidi oldum. Oxucularla müəlliflərin birbaşa təmasında bundan yaxşı nə ola bilər?!

 

Sovet sistemi çökdükdən sonra kitab nəşri və yayımı zəiflədi. Özəl nəşriyyatlar səviyyəsinə, faydalılığına fikir vermədən nə gəldi çap eləməyə başladılar. Nə yaxşı ki, elə bir dövrdə Bəhruz müəllim kimi bir naşir ortaya çıxdı. Sovet vaxtı nəşriyyatlarda yaxşı nə vardısa öz nəşriyyatında bərpa etdi. Redaktorlar, korrektorlar, bədii və texniki tərtibat şöbələri yarandı. Kitablar öz nəşriyyatının mətbəəsində çap olunmağa başladı.

 

Burada Abdulla Ələkbərov, Mustafa Çəmənli, Akif Rüstəmov, Məleykə Əsgərova kimi ömrünü kitab işinə həsr edən peşəkar mütəxəssislər çalışırlar. Mən hələ artıq püxtələşmiş Aqil Əmrahov, Mələk Cəlilova, Səadət Quluzadə, Ülkər Şahmuradova və başqalarını demirəm.

 

Bəhruz müəllim elə bir məktəb yaradıb ki, elə bir kollektiv formalaşdırıb, müasir avadanlıqla təchiz olunmuş elə bir müəssisə qurub ki, burada ən yüksək keyfiyyətli kitablar çap olunur. Xüsusi vurğulamaq istəyirəm ki, bəzi nəşriyyatlardan fərqli olaraq burada kitaba təkcə biznes gözü ilə baxmırlar. Ona təhsil, elm, mədəniyyət, mənəviyyat daşıyıcısı, müqəddəs varlıq gözüylə baxırlar.

 

Bütün bunlar Bəhruz müəllimin gərgin əməyi sayəsində mümkün olmuşdur. Ömrünün 35 ilini kitab nəşrinə həsr edən bu peşəkar naşir etiraf edirdi ki, kitab, özünü dərk edəndən bəri duyduğu, sevdiyi və qarşısında hər an ehtiramla baş əydiyi ən mötəbər varlıqdır. Hər şey kitabdan başlayır: təhsil, elm, mədəniyyət, mənəviyyat, inkişaf. Biz buna görə kitablara minnətdar olmalıyıq - deyirdi.

 

İnanılası deyil, bütün kitabların bədii tərtibatında, üz qabığının hazırlanmasında, kağızın seçilməsində şəxsən iştirak edir, qiymətli fikirlər söyləyir, tövsiyələr verirdi. Hər biri 500 səhifədən artıq olan 7 cildlik "Seçilmiş əsərləri"min (Bakı, "Təhsil", 2012) nəfis şəkildə çıxmasında, kitab sərgilərinə aparılmasında Bəhruz müəllimin xidməti böyük idi. Bəhruz müəllimin mədəniyyəti, ziyalılığı, işə can yandırmağı, müəlliflərə münasibəti inanılmaz dərəcədə yüksək idi.

 

Bakı əhlində mənalı kəlam var: "Qənimət adam!" Yəni hamının harayına hay verən, işinə yarayan, qəlbi xeyirxahlıqla döyünən, əl tutan, alicənab və güvənc yeri olan insana ikicə kəlmə ilə "qənimət adam" deyirlər. Bəhruz müəllim qənimət adam idi.

 

Onun əsl müəllim kimi rəvan danışmağı, elm adamı kimi mülahizələr irəli sürməyi həmişə məni təəccübləndirirdi. Sən demə, həqiqətən də müəllim imiş. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirmiş, Universitetin dosenti imiş. Özü haqqında danışmağı xoşlamırdı. Odur ki, bunları sonralar öyrəndim.

 

Bəhruz müəllimin vaxtında "Təhsil" nəşriyyatı nəinki işçilərin, eləcə də müəlliflərin doğma evinə çevrilmişdi. Bu doğma evə ümidlə, inamla gələrək nə qədər elm adamı, qələm sahibləri, bəstəkar və musiqişünaslarla görüşərdik. Onun "Təhsil" nəşriyyatında nail olduğu nizam-intizam, səliqə-sahman, kitaba sevgi, müəlliflərə ehtiram sağlığında olduğu kimidir. Ayrı cür ola da bilməz. Müqəddəs saydığı işini oğlu Tural ləyaqətlə yerinə yetirir.

 

Bəhruz müəllimin kitaba övlad sevgisi həm də bədii yaradıcılıqla məşğul olmasından qaynaqlanırmış. Onun çoxsaylı məqalələri, hekayələri, publisistik yazıları, şeirləri vardır.

 

Yazıçılar Birliyinin üzvü idi. Doğrudur, etiraf edirdi ki, heç vaxt özünü şair hesab etməyib. Lakin onun "Dünənki sabah" kitabında yer alan şeirlərini oxuyanda (s.201-270) etirafının təvazökarlıqdan başqa bir şey olmadığını düşünmək olur. Xüsusən də onun Qarabağ həsrətindən, Qarabağ möhnətindən, yurd itkisindən, didərgin və köçkünlərdən söz açan şeirləri adamı haldan-hala salır:

 

Vətəndə vətənsiz soydaşlarım var,

Çadırda inləyən qardaşlarım var,

Minlərlə şəhidim, sirdaşlarım var,

Soruşma halımı, qəlbi dağlıyam,

Torpaqsız, anasız qarabağlıyam.

 

və ya:

 

Bu il Qarabağa bahar gəlmədi,

Dağlar çiçək, düzlər lalə görmədi.

Qız-gəlinlər çələng hörə bilmədi,

Ağlama, bənövşə, toxtaq ol bir az,

Ağlama, Novruzda ağlamaq olmaz.

 

Əminəm ki, gün gələcək, Qarabağ azad olunacaq, dərd-ələmlə, ürək ağrısı ilə Qarabağa ağılar, qəmli şeirlər həsr edən Bəhruz müəllimin ruhu şad olacaq.

 

Bəhruz müəllim dünyasını dəyişəndə bu böyük insanla vidalaşmağa gələnlərin sayı-hesabı yox idi. Tanınmış ziyalılar, qələm sahibləri, alimlər, ağsaqqallar vida sözü dedilər. Türkiyədə Bəhruz müəllimi müalicə edən məşhur türk həkimi göz yaşlarını saxlaya bilmirdi. Sanki doğma qardaşını itirmişdi.

 

Uzun illərdən bəri tanıdığım, həqiqətən də dost münasibətində olduğum, Bəhruz müəllim haqqında mən də vida sözü dedim. Təsəllini onda tapırıq ki, Bəhruz müəllim kimi şəxsiyyətlər onu tanıyanların qəlbində əbədi yaşayırlar.

 

Yaşamaq, yaratmaq Bəhruz müəllimə yaraşırdı. O, sevərək yaşadı, sevilərək əbədiyyətə qovuşdu.

 

 

525-ci qəzet 2018.- 29 mart.- S.4.