Böyük ürək sahibi

 

Qəribə və maraqlı tale yolu keçib. Əslən Qərbi Azərbaycanın Zəngəzur mahalında, Masis rayonunda dünyaya göz açıb.

 

Knyaz Mirzəyev lap kiçik yaşlarından Azərbaycan, kürd, rus dillərini mükəmməl öyrənib. Şübhəsiz, mənfur qonşularımızın da dilini o cümlədən. Orta məktəbdə möhtəşəm hafizəsiylə hamının rəğbətini qazansa da, erməni öz xislətini göstərib, o, daima sıxışdırılıb, təzyiqə məruz qalıb. İnadkarlığı, zəkası isə bu qaraqaş, qaragöz oğlanı yolundan sapdırmayıb: həmişə oxuyub-öyrənib, savadıyla meydan sulayıb.

 

Ədəbiyyata məhəbbət, dil sevgisi yaxasından əl çəkməyib. Elə yaşadığı paytaxt şəhərində, necə deyərlər, gözüyumulu Pedaqoji Universitetə qəbul olunub, şərq dilləri fakültəsinin fars filiologiyası ixtisasına yiyələnib. Gənc Knyaz burada da fərqlənib, adından söz eşitdirib. Sübut edib ki, heç bir ayrı-seçkilik qabağını kəsə bilməz, onu məqsədindən döndərməyə qadir deyil. Klassikmüasir Azərbaycan ədəbiyyatını dərindən öyrənib. Çoxlu sayda əlavə kitablar oxumaqla tələbələr arasında bir baş yuxarıda dayandığını təsdiqləyib.

 

Knyaz İbrahim oğlunun söylədiklərindən: "İrəvanda fəaliyyət göstərən Pedaqoji Universitetdə çalışdım. Çünki kadr azlığı vardı. Təyinatla orada saxladılar. O vaxtlar həm klassik irsin tədqiqinə, həm də müasir dövr ədəbiyyatın təhlilinə dair dalbadal məqalələrim çıxdı. Baxmayaraq ki, Ermənistanda yaşayırdım, Azərbaycanla əlaqələrim möhkəm idi. Tanınmış ziyalıları, görkəmli yazıçıları tanıyır, onlarla dostluq əlaqələri qururdum. Mən indi xeyirxahlarım olmuş Süleyman Rəhimovun, Mirzə İbrahimovun, Əli Vəliyevin, Süleyman Rüstəmin, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Osman Sarıvəllinin, Hüseyn Arifin adlarını hörmətlə çəkir, ustadlarımı yad edirəm. Onların hər biri şəxsiyyət idi, klassik Azərbaycan kişisiydi. Mənə qayğı və diqqət göstərirdilər. Mirzə müəllim bir dəfə hələ heç namizədlik dissertasiyamı müdafiə eləməmişdən əvvəl qayğılı-qayğılı "bala, Knyaz, sən orda Azərbaycan dilində dərs deyirsən, ədəbiyyatımızı təbliğ edirsən, bundan böyük təsəvvürümə gəlmir, sənin kimi dərrakəli, bacarıqlı, istedadlı cavanların gözümüz üstə yeri var. Tezliklə elmi mövzu götür, Bakıda müdafiə elə, alim ol, məni həmişə arxanda hiss et", - dedi. Xoşbəxtlikdən bu fürsəti fövtə vermədim, ustadın sözünü yerinə yetirdim. Gözəl ziyalı, alim-şair Qasım Qasımzadə ilə məsləhətləşəndən sonra "Azərbaycan-kürd ədəbi əlaqələri" mövzusunu seçdim, mövzunu Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda təsdiq elətdirdim. Bu barədə Mirzə müəllimə məlumat verdim. Dərhal sifətinə işıq gəldi. "Nə yaxşı, nə yaxşı, işlənməmiş mövzudur. Tələs, oğlum! Mən sənin elmi rəhbərinəm, sözümün üstündə dururam. Ancaq arxivlərdə tər tökməli olacaqsan, qədim məxəzlərə baş vuracaqsan. İnanıram ki, işin alaçiy yox, elmi sanbalı ilə diqqət çəkəcək" - söylədi və əlimi sıxdı.

 

Müdrik Mirzə İbrahimovun tövsiyələrini rəhbər tutan gənc təhqiqatçı günlərlə kitabxanalardan, arxivlərdən çıxmadı. Özü demişkən, bir ayağı Bakıda, bir ayağı isə dərs dediyi İrəvan universitetindəydi. Bakıya gələ bilməyəndə şərqşünas-filoloq dostları yardımçı olurdular. Mütəxəssislər həvəslə mövzusu ilə bağlı rəylər verir, ünvanına əlavə kitablar, jurnallar göndərirdilər. Şəksiz-şübhəsiz, cavan araşdırıcının Azərbaycanda böyük dayağı məhz Mirzə İbrahimov idi. Məlum olduğu kimi, o zaman Mirzə müəllim nəinki Azərbaycanda, bütün SSRİ-də, yaxın-uzaq xarici ölkələrdə tanınırdı. Bəzən başını qaşımağa vaxt tapmırdı. Bu nurani insan isə hətta vaxt tapıb Knyaz İbrahim oğlu Mirzəyevin yolladığı məktubları belə cavabsız qoymurdu. Bax, böyüklük bu idi.

 

Knyaz Mirzəyevin ciddi səyləri bəhrəsini verdi. O, Azərbaycan və kürd xalqlarının ədəbi-tarixi əlaqələrini eyni müstəvidə araşdırdı. Nizami Gəncəvini, İzzəddin Həsənoğlunu, İmaməddin Nəsimini, Şah İsmayıl Xətaini, Məhəmməd Füzulini, o cümlədən, klassik fars şairlərini - Ömər Xəyyamın, Əbülqasım Firdovsinin, Sədi Şirazinin, Əbdürrəhman Caminin və başqalarının yaradıcılığı ilə kürd ədəbiyyatının incilərini, folklorunu paralel surətdə öyrəndi, müqayisələr apardı.

 

İndi o illərdən xeyli vaxt ötüb. Knyaz Mirzəyev çoxdan Qazaxıstan Respublikasının Almatı şəhərinə köçüb. Ailəsi ilə birgə buranı məskən seçib. Qohum-əqrəbası, əsasən Azərbaycana, Rusiyaya, Türkiyəyə və Qazaxıstana üz tutublar. Yaşı yetmişi haqlayan bu mərd, böyük ürəkli insan namizədlik dissertasiyasını da, doktorluq işinixeyli müddətdi müdafiə edib. Yaşı arta-arta uğurları da artıb. Xeyli kitab yazıb, nəşr etdirib. Həm Azərbaycan ədəbiyyatına dair, həm də kürd xalqının mədəni irsində  rol oynamış söz sərrafları haqda. Qazaxıstanın şair və yazıçıları da diqqətindən kənarda qalmayıb. Pedaqoq-alimin Muxtar Auezov, Abay Kunanbayev, Cambul Cabayev, Oljas Süleymenov haqda yazdığı kitab və məqalələr yaxşı nümunələr kimi qarşılanıb. Bəzi əsərləri siqlətinə görə ölkənin dövlət mükafatlarına layiq görülüb. Knyaz müəllimin böyük Nizami Gəncəvinin bənzərsiz "Xəmsə"sinə həsr elədiyi monoqrafiyası dərslik kimi filoloji fakültələrdə istifadə olunur.

 

Bir neçə ay öncə Knyaz İbrahim oğlu ilə gözəl Almatı şəhərində görüşərkən ünvanına dünyanın müxtəlif guşələrindən gələn məktub və teleqramları göstərdi. Sözsüz, hərarətli sözlərin xeyli hissəsi Azərbaycandan göndərilmişdi. O, müxtəlif ictimai xadimlərin, akademiklərin təbriklərini kənara qoyub, Xalq yazıçısı Anarın ünvanladığı səmimi məktubundan sətirlər oxudu. Anar müəllimin özünəməxsus üslubda qələmə aldığı, orijinal şəkildə qiymətləndirdiyi alim, pedaqoq, dövlət xadimi kimi səciyyələndirdiyi Knyaz İbrahim oğlu artıq izahata ehtiyac duymadı.

 

Əziz Əliyev, iqtisadçı-alim, sahibkar: "Knyaz müəllim böyük alim, gözəl insandır. Bu müqəddəs insan üçün millət söhbəti yoxdur, hamıya bir gözlə baxır. Əsrin əvvəllərində, həmin qarışıq illərdə Knyaz Mirzəyev çiynini irəli verdi, Almatı Pedaqoji Universitetində Azərbaycan dili kafedrası yaratdı. Onu yaşatmaq üçün Bakıdan ədəbiyyatşünaslar, dilçilər, pedaqoqlar dəvət elədi, rektordan xahiş-minnətlə onlar üçün dərs saatları ayırtdı. Yadımdadır, o zaman gözəl alim Vaqif Arzumanlı ilə tanış oldum. Çox bilikli, savadlı şəxs idi, tez-tez gəlib-gedirdi. Başqaları da vardı, adlarını unutmuşam. Knyaz müəllim Bakıdan təşrif gətirənlərin kirayə pullarınacan cibindən verir, ya da imkanlı tanış-tunuşdan xahiş edib ödətdirirdi. Təki Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələr yaransın, bunlar inkişaf eləsin, dirçəlsin".

 

Həqiqətən 1993-2000-ci illərdə Almatıda fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyat kafedrası Knyaz Mirzəyevin təşəbbüsü ilə yaradılmışdı. Kafedrada qazax dili məhz Türk-Altay dilləri ailəsinin bir qolu kimi öyrədilirdi. O cümlədən, Azərbaycan dili ilə müqayisəli şəkildə. O zaman Məhərrəm HüseynovVaqif Arzumanlı kimi tanınmış alimlər hər dəfə gələndə özləri ilə dərs vəsaitləri gətirirdilər. Bu, tədrisə kömək edirdi. Axı, o zaman SSRİ yenicə dağılmış, türkdilli respublikalar arasında bağlar qırılmaq üzrəydi, bunun bərpası çətin və çoxşaxəli proses idi.

 

Biz Knyaz müəllimlə söhbətləşərkən köhnə bir müraciətin surətini tapıb üzə çıxartdı. Mətndən məlum olurdu ki, məktubun əsli dərslik xahişi ilə BDU-ya göndərilib və müsbət nəticələnib. Dişiylə-dırnağıyla sanballı Pedaqoji Universitetdə kafedra açan qeyrətli yurddaşımızın dəstəyi ilə gənc müəllimlər cəlb olunub. Nailə Tağıyeva, Məmməd Yusifov, Həsən Əliyev, Gülnaz Bektürqanova dissertasiya müdafiə edərək, alimlik dərəcəsinə yiyələniblər. İndi onların bir çoxu dildən və ədəbi əlaqələrdən dərs deyirlər.

 

Doğrudur, Abay Kunanbayev adına Almatı Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrası bir qədər istiqamətini dəyişib, indi Şərq dilləri kafedrası adlanır. Knyaz İbrahim oğlu bunu milli kadrların çatışmazlığı ilə izah etdi. "Təəssüf ki, yalvar-yaxarla gətizdirib alim edirik, işləri düzələn kimi qaçıb gedirlər. Ya işguzar-biznes adamların təsirinə düşüb dolanışıq xətrinə uzaqlaşırlar, ya da Bakıya, Ankaraya üz tuturlar. Ha təbliğat aparıram, yol göstərirəm. A bala, alimlikdə pul-para olmasa da, şan-şöhrət, nüfüz var, el-oba məhəbbəti var. Biznes qurursan, lap yaxşı, onu əlindən alan yoxdur ki? Paralel surətdə pedaqoji fəaliyyətini də davam etdir, alimliyindən də əl çəkmə. Sən Allahın verdiyi istedadı, potensialı niyə itirib havaya sovurursan? Eşitmək istəmirlər. İndiki cavanlar tamam başqa cür yetişirlər. Ancaq 2000-ci ildən zəruri səbəbdən kafedranın adı dəyişilsə də, Azərbaycan dili burada hökmran dil rolunu oynayır, zəngin Azərbaycan ədəbiyyatı da eləcə. İndi Türkiyədən cavan aspirantlar gəlib burda çalışır, yerli xalqın dilini öyrənir, alim olub vətənlərinə qayıdırlar".

 

Məşhur ingilis filosofunun sözüdür: "Elm əhli heç vaxt qaranlıqda qalmaz". Almatı görüşlərimdə tez-tez Nizamidən, Füzulidən, Şəhriyardan, Səməd Vurğundan, Məmməd Arazdan şeir parçaları söyləməyi xoşlayan professor hərdən bir təvazökarlıqla "qardaş, bağışla, lap yaddan çıxartmışam ki, sən şairsən, əslində, səni dinləmək lazımdır, çağdaş poeziyamızdan bir-iki nümunə de. Bu qərib diyarda feyziyab olaq" sözləriyə məni dilləndirirdi. Xeyirxah, mehriban, ağzından dürr tökülən Knyaz müəllimin nurani çöhrəsinə baxan adam "xoşbəxt bəndədir, Allah nurundan yaradıb" qənaətinə gəlir. Adam bu narahat, çılğın təbiəti həm də bu alim, şair təbiətli (Azərbaycan Yazıçılar Birliyinin üzvüdür) şəxsin sadəlövhlüyü, kövrəkliyi, mərdi-mərdanəliyi önündə baş əymək istəyir. zaman zəng eləsən, ya "qardaş, sən qonaqsan, gözlə, özüm gəlirəm" deyir, ya da mobil telefonunda sakit səslə "iclasdayam, yığıncaqdayam, dövlət tədbirindəyəm, dərsdəyəm, özüm səni axtararam" söyləməklə dərhal həmkarını nigarançılıqdan qurtarır.

 

Elxan Zal Qaraxanlı, şair: "Özündən əvvəl adını eşitmişdim. Qəribə cazibə qüvvəsi var Knyaz müəllimin, bir dəfə görən kimi həmişə səni maqnit kimi çəkir, cəzb edir. O, sanballı kitabların müəllifidir. Azərbaycanın uğurlarının minnətsiz təbliğatçısıdır. Olduqca istiqanlıdır. Azərbaycanın Almatıda yerləşən mədəni muxtariyyətinin sədri Əbülfəz bəyi çağırıb neçə il öncə mənimlə tanış edib. Bu münasibətlə ziyafət verib. Mən Oljas Süleymenovun tərcüməçilərindən biriyəm. Bir dəfə bunu ona deyəndə, qəfildən Oljasın mobil telefonunun nömrəsini yığdı, onu məclisə çağırdı. Mən təəccüb elədim, axı, Süleymenovun Qazaxıstanda nüfuzu, dünyada şan-şöhrəti hamıya bəllidir, hər kəsin telefonuna, ötəri zənginə cavab vermir. Bu faktın özü təsdiq elədi ki, Knyaz müəllim avtoritetdir, şəxsiyyətdir, hörmət-izzət sahibidir. Eyni zamanda, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin üç-dörd kitabını tərcümə edib Azərbaycan oxucularına çatdırmışam. Knyaz Mirzəyev şəxsən Nazarbayevin tanıdığı, yığıncaqlarda yanına dəvət elədiyi, səmimi surətdə ehtiram bəslədiyi nadir simalardan biridir. Mən də dəyərli dostumun 70 yaşını ürəkdən təbrik edirəm".

 

Ağacəfər HƏSƏNLİ

Bakı-Almatı

 

525-ci qəzet  2018.- 30 mart.- S.8.