Qəm yükünü tutub köçən nurlu şəxsiyyət

 

Cismani ömrün faniliyinin fəlsəfəsi qəmə mübtəlalıqla birbaşa bağlıdır. Ona görə də hər bir nəcib insan nurlu şəxsiyyət qəm yükündən xali deyil.

 

Zəngin tarixi, yaşarlı ənənəsi olan çox qədim bir nəslin yetirməsi, bir qədər obrazlı desək, ulu bir soyun layiqli varisi olan dosent Həmzə Hacı Qasım oğlu Qasımzadə 1977-ci ildə gəlimli-gedimli, son ucu ölümlü dünyadan qəm yükünü tutub köç etməklə heyranlarında hədsiz könül ağrıları yaratdı. Yeri gəlmişkən onu da qeyd edək ki, bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən Həmzə Qasımzadənin doğumunun 110 illiyinin xüsusi qeyd edilməsi təbii olmaqla yanaşı, həm də qədrşünaslıq hesab edilə bilər. Çünki tale kitabını universitetimizin divarları arasında yazan klassik pedaqoqların yubileylərinin xüsusi qeyd edilməsi artıq son illərdə ənənəyə çevrilmişdir.

 

Həmzə Qasımzadədən söz düşmüşkən qeyd etmək lazımdır ki, onun atası Hacı Qasım Allaha, islam dininə sonsuz məhəbbəti ilə fərqlənən, müqəddəs məkanımız olan Məkkəni ziyarət edən və xeyirxahlığına görə Naxçıvan əhli tərəfindən xüsusi ehtiram göstərilərək təqdir edilən imkanlı şəxs olmuşdur.

 

Akademik Məmməd Cəfər Cəfərovun Böyük ədəbiyyatşünas İsa Həbibbəylinin elmi redaktorluğu və “Ön söz”ü ilə nəşr olunan “Xatirələr” adlı iri həcmli memuarında müəllif  Həmzə Qasımzadənin atası Hacı Qasımı Naxçıvanın ən varlı və imkanlı şəxslərindən biri kimi səciyyələndirir. “Xatirələr”in müəllifi Şahab məhəlləsində Hacı Qasımla qonşuluqda yaşadığı üçün onu  ömür-gün yoldaşı Zəhra xanımı dərindən tanıyırdı, onların yoxsullara himayədarlığını məxsusi vurğulaması da bu baxımdan təbiidir. Həmzə Qasımzadənin anası (mənim nənəm-Himalay Ənvəroğlu) söyləyirdi ki, Qaçaq Nəbinin Hacı Qasıma böyük ehtiramı var idi. 

 

Bunu yerli hakimiyyət orqanları da yaxşı bilirdi. Onunla döyüşə göndərilənlərin önündə Hacı Qasım olsa da, Qaçaq Nəbi məhz orta cərgədəkini nişan alardı. Hacı Qasımın Naxçıvan - Dərələyəz mahalının əhalisi arasında böyük nüfuzu əlbəttə ki, erməni quldurlarını hədsiz qıcıqlandıra bilərdi. Ona görə də Hacı Qasımı aradan götürmək üçün məqam gözləyirdilər. Bu məqam 1918-ci ilin mart ayında reallaşdı. Hacı Qasım Culfa rayonunda dostları ilə görüşüb Ordubada yollanarkən Aza kəndi yaxınlığında ermənilərin pusqusuna düşür və quldurlarla qeyri-bərabər atışmada xaincəsinə qətlə yetirilir. Kəhər atın Hacı Qasımsız həyətə daxil olmasını nənəm Zəhra xanım ürək ağrısı və sonsuz kədər hissi ilə dilə gətirərdi. Beləliklə, Hacı Qasımın 1908-ci ildə oktyabr ayının 14-də Naxçıvan şəhərində anadan olan Həmzə Qasımzadə və 1914-cü ilin sentyabr ayının 12-də doğulan kiçik oğlu Ənvər Qasımzadə ana himayəsi ilə böyüməli olmuşlar. Orta məktəbi Naxçıvan şəhərində bitirən Həmzə Qasımzadə 1927-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Tarix-ictimaiyyət” fakültəsinə daxil olur. 1930-cu ildə tələbə yoldaşları Mehdi Hüseyn, Süleyman Rəhimov, Mehdixan Vəkilov və Əlisöhbət Sumbatzadə ilə birlikdə ali məktəbi bitirir. Göstəriciləri xüsusi fərqləndiyinə görə Həmzə Qasımzadə təhsil aldığı universitetdə müəllim kimi saxlanılır. 1958-ci ildə siyirməsində rast gəldiyim kiçik formatlı bir qəzetdən oxuduğum bir məlumat məni hədsiz fərəhləndirdi. Qəzetdə Həmzə Qasımzadənin məvacibindən imkansız tələbələrə yardım etməsindən bəhs edilirdi. 1937-ci ilə qədərki fəaliyyəti, bir gənc müəllim, vətənpərvər ziyalı kimi özəl aurası əlbəttə ki, repressiya aludəçilərinin diqqətindən yayına bilməzdi. 1937-ci ildə Həmzə Qasımzadə ona görə universitetdən xaric edilir.

 

Ən sonda “əsas suçu” bu olur ki, o, mühazirələrini məhz ərəb əlifbası ilə yazıb. Buna görə də nəinki işdən çıxarıldı, eyni zamanda, həbs olunaraq Sibirə-cəza evinə göndərildi. Ciddi günah tapmadığına görə sovet məhkəməsi ilk dəfə beş il müddətinə həbs etdi. Sonrakı beş illər Sibirin Kılımı deyilən və dözülməz şəraiti ilə ad çıxaran bir cəza məkanında “təşkil edilən məhkəmə”də müəyyən edilirdi. Beləliklə, Həmzə Qasımzadə bu minvalla 18 il həbsxana həyatı yaşamalı olmuşdur. Həbsxana yoldaşları Həmzə Qasımzadəyə deyilənə görə, orada da müəllim deyə müraciət edərək ehtiram bəsləyirdilər. Həmzə müəllim dahi Azərbaycan dramaturqu Hüseyn Cavidlə eyni bir həbsxanada cəza çəkirdi. Həmzə müəllim H.Cavidin xəstə vaxtlarında daim onun yanında olub və ona hədsiz qayğı göstərdiyini deyirdi. Həmzə müəllim etiraf edirdi ki, H.Cavidlə yalnız həbsxanada tanış olublar. Lakin ataları Hacı Qasım və Molla Abdulla Naxçıvan şəhərinin Şahab məhəlləsinin sakinləri olaraq bir-birlərini əlbəttə ki, yaxından tanıyırmışlar. H.Cavidin son nəfəsini məhz Həmzə Qasımzadənin dizi üstündə dərməsini o, könül ağrısı ilə dilə gətirirdi. Məhz ürəkdə sonsuz nisgil doğuran bu olayı Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasının professoru Quşdan Bağırov təfsilatı ilə yazıb “Kommunist” qəzetində çap etdirmişdir.

 

Həmzə Qasımzadə 1955-ci ildə bəraət aldıqdan sonra Bakıda ona iki otaqlı yeni mənzil verildi. Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda işlə təmin olundu. Eyni zamanda, Pedaqoji texnikumda rus bölməsində müəllim kimi fəailiyyətə başladı. Özünün dediyinə görə, 1957-ci ildə yenidən ADPU-da, onun üçün son dərəcə doğma və əziz olan təhsil müəssisəsində müəllim kimi işləmək qərarına gəlir. O zaman universitetin rektoru Xalq şairi Səməd Vurğunun böyük qardaşı professor Mehdixan Vəkilov idi. Qeyd edildiyi kimi, o, Həmzə Qasımzadənin tələbə yoldaşı olmuşdur. Həmzə müəllim qeyd edirdi ki, rektorun qəbuluna gələnlərin içində məni yalnız səsimlə tanıdı: “Allah saxlamış, bayaqdan bir səsini çıxardsana”. Beləliklə, həmin gündən ADPU-nun “Tarix-filologiya” fakültəsində müəllimi kimi fəaliyyətə başlayan Həmzə Qasımzadə 1962-1965-ci illərdə universitet Həmkarlar İttifaqı Komitəsinin sədri, 1960-1970-ci illərdə Tarix-filologiya, 1970-1976-cı illərdə isə Tarix fakültəsinin dekanı vəzifələrində çalışmışdır.1963-1969-cu illərdə professor Şövqü Ağayev Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuşdu. Şövqü müəllimin Həmzə Qasımzadə şəxsiyyətinə dərin ehtiram bəsləməsi, görünür, heç də təsadüfi deyilmiş. Bunu deyərkən biz Tarix-filologiya fakültəsinin dekan müavinliyinə xeyli namizədlər olduğu halda,  o, məhz Həmzə müəllimin namizədi Afad Qurbanovun tərəfini saxladı. Onu da xüsusi vurğulamaq lazımdır ki, Afad Qurbanov doktorluq dissertasiyasını müdafiə edib təsdiqini alandan sonra Həmzə müəllim tarix-filologiya fakültəsindən  filologiyanı ayırıb Afad Qurbanova həvalə edilməsi qənaətinə gələrək bu məsələ barəsində Şövqü Ağayevə müraciət edib. Şövqü Ağayev deyirmiş ki, ay Həmzə müəllim, hər kəs istəyir ki, səlahiyyət dairəsi geniş olsun. Siz isə onun bir hissəsini başqa birisinə təklif edirsiniz. Həmzə müəllim özü dosent olduğu halda elmlər doktorunun dekan müavini kimi çalışmasını qəbul edə bilməzdi.

 

Digər tərəfdən, fakültələrin ayrılması onların gələcək inkişafına da stimul yaradardı. Afad Qurbanov Həmzə müəllimin bu qayğı və diqqətini heç zaman unutmadı. Sonrakı illərdə də müəyyən problemlərin çözümündə onunla məsləhətləşərdi. Həmzə müəllim gözü-könlü son dərəcə tox insan idi. Dünya malına, sərvətə heç bir maraq göstərməzdi. Dekan olduğu on il ərzində heç vaxt qəbul imtahanına qalmadı. Rektorlar həm Şövqü Ağayev, həm də Həşim Ağayev ondan xahiş edərdilər ki, heç olmasa ən sonda qəbul olanların yekun siyahılarının əmrə hazırlanmasında iştirak edin ki, prosesin ədalətli keçdiyi düşüncəyə gəlsin. Həmzə müəllimin bəzi həmkarları gileylənirdilər ki, Həmzə müəllim niyə belə edir. Axı insanın qocalması, xəstələnməsi də var ki, bunları əvvəldən düşünmək lazımdır. Sibirin soyuq və amansız cəza evində keçirdiyi məşəqqətli 18 il Həmzə müəllimi heç də qocalda bilmədi. Çünki içində Rəbbinə sonsuz bir güvən var idi. Məhz bu güvənc 69 yaşına qədər (1977-ci il, 25 iyul) gümrah saxladı.

 

Sibirdə cəza çəkənlərin əksəriyyəti qara ciyər serrozundan dünyalarını heç 60 yaşına çatmamış dəyişdikləri halda, Ulu Tanrı ona 69 yaşa çatmaq imkanı verdi. Həmzə müəllim 20 günün içində heç bir əzab çəkmədən, maddi sıxıntı keçirmədən çox rahatca fani dünyadan köçdü. Lakin yaşadığı dövrdə qəm yükünü də kifayət qədər tutmuşdu. Uşaq yaşlarında ermənilərin qeyri-bərabər döyüşdə, xaincəsinə atası - Naxçıvan mahalının ən mötəbər şəxslərindən olan Hacı Qasımı qətlə yetirmələri, gənc yaşlarından İrkutski həbsxanasında ömür sürməsi, ailə həyatı qurandan cəmi 2 ay sonra günahsız yerə həbs olunması işıqlı gələcəyi olan bu insanın qəm karvanını son mənzilə qədər əzm və iradə ilə çəkib aparması, görünür, o qədər də asan olmayıb. İçində yaşatdığı ağır illərin qəmini heç vaxt biruzə verməzdi. Gülər üzü, xoş rəftarı insanlar tərəfindən böyük rəğbətlə qarşılanırdı. Bu kimi mənəvi dəyərlər onu kollektivin sevimlisinə çevirmişdi. Hətta bir çoxları ona ümidlə baxırdı. Çünki Həmzə müəllim həmişə haqqın, ədalətin tərəfində olub. Bu gün universitetimizdə fəaliyyət göstərən bir çoxları onun fədakarlığını, haqqa qahmar çıxmaqdan çəkinmədiyini etiraf edir və könül xoşluğu ilə dilə gətirirlər.

 

Həmzə müəllim istedadlı təşkilatçı olmaqla yanaşı, həm də gözəl müəllim idi. Fakültədə Şərqi Avropa xalqlarının ən yeni tarixi kursundan mühazirə  dərslərini deyirdi. Bu kurs yeni olduğu qədər də çətin idi. Mühazirə mətninin olmasına baxmayaraq, ona baxmazdı və son dərəcə məharətlə və sərbəst şəkildə bu çətin və mürəkkəb fənni biz tələbələrə aşılardı. Xisləti həsəd və qısqanclıqdan azad olan hər kəsin inkişafını və uğurunu sevinclə qarşılayardı. Ötən əsrin 30-cu illərində universitetdə saxlanılmasına, aspiranturaya daxil olmasına köməklik göstərdiklərinin bir çoxunun 50-ci illərdə professor, kafedra müdiri, akademik və hətta rektor kimi görməsindən qürurlanırdı. Ona bu kimi elmi dərəcələr qismət olmasa da, bunu talenin hökmü, alın yazısı kimi yorumlayaraq heç də kədərlənmirdi, çünki həsəd hissindən uzaq idi. Yalnız  dostlarının, həmkarlarının və yetirmələrinin ona Həmzə müəllim deyə müraciət etmələrindən kifayətlənirdi. Aspirant yoldaşı olmuş AMEA-nın müxbir üzvü, professor Əbdüləzəl Dəmirçizadə ilə Tbilisiyə ezamiyə edildikləri zaman orada keçirdikləri xoş məqamları sevinclə xatırlardı. ADPU-da xatirini əziz tutduğu yaxınları bəs qədər idi. Lakin ən yaxın və ürək dostu böyük Azərbaycan şairi M.Ə.Sabirin yeganə oğul övladı pedaqoji universitetdə qiyabi işlər üzrə prorektor, dosent  Məhəmmədsəlim Tahirli idi. O, həm də orta əsrlər dünya ədəbiyyatının dəyərli mütəxəssisi idi. Biz onun dərslərindən həm bilik, həm də biliyi çatdırmaq ustalığından mənəvi zövq alırdıq. Nə edəsən ki, ömür fanidir. İndi nə Həmzə müəllim, nə   Məhəmmədsəlim müəllim cismən bizimlədi. Lakin mənən bizimlədilər. Xatirə və könüllərdə yaşayırlar.

 

Həmzə müəllim dünyasını dəyişəndə Məhəmmədsəlim Tahirli prorektorluğunu davam etdirirdi. Heç yadımdan çıxmaz, dost və qardaş bildiyi Həmzə Qasımzadənin şəklini böyüdüb ramkaya salaraq kabinetinin divarından asmışdı. Görünür, əsil, nəsil, şəcərə hər iki şəxsiyyəti mənən və ruhən bir araya gətirmişdir. Ruhları şad olsun. Əslində, tale sayə kimi hər kəsi aram-aram izləyir və heç kəsin kölgəsindən önə keçməsi mümkün deyil. Hacı Qasımın şəcərəsinin gəlimlilərinin bir gedimlisi də Həmzə Qasımzadənin kiçik qardaşı 1914-cü il təvəllüdlü Ənvər Hacı Qasım oğlu Qasımzadə idi. Həmzə müəllimin qürurla Naxçıvana yola saldığı bu ali təhsilli mühəndis vətəni üçün çox gərəkli işlər görə bilərdi. Qısa bir zamanda Naxçıvanın içməli su ilə təmin olunması üçün şəhərin Qədim Qala ərazisində dağlardan süzülüb gələn yeraltı kəhriz inşa etdi ki, bunu çoxları taleyönlü hesab edirdi. Başqa mühüm problemləri də reallaşdıra bilərdi ki,  1941-1945-ci illərin qanlı müharibəsi buna aman vermədi. Müharibəyə könül xoşluğu ilə yollandı və 1943-cü ildə alman faşizmi ilə Ukrayna uğrunda savaşda həlak oldu.

 

Beləliklə, o da böyük qardaşı kimi taledən üz döndərə bilmədi. Nəslin, şəcərənin daşıyıcılarının enişli-yoxuşlu, dönüm və döngəli tale yolunu düşüncəyə gətirdikdə və bu kontekstdə olub keçənlərə nəzər yetirdikdə bir daha qane olursan ki, ata Hacı Qasımdan qaynaqlanan, barlanan mərdlik, millət və vətən sevgisinin varislərində yeni bir coşğu ilə boy göstərməsi təsadüfi deyilmiş, əksinə, təbii və qanunauyğun imiş. Bu kontekstdə “ot kökü üstə bitər” deyimi yerini alır. Belə olduqda etiraf etmək lazımdır ki, minlərlə gənc vətən oğlu vətənpərvərliyi, yurd sevgisini, torpaq müqəddəsliyini uca tutmağı Həmzə Qasımzadənin öyüdyönlü nəcib əməllərindən əxz edirdilər. Onun bir çox tələbələri bu gün Həmzə Qasımzadə ilə mənən bir araya gələrək elmin, pedaqoji fikrin və ictimai-siyasi həyatın keşməkeşli yollarında fərəhlə, inam və etiqadla irəliləyirlər. Bir çoxları kimi mən də Həmzə Qasımzadədən atalıq qayğısı görmüşəm. Nə xoşbəxt ki, Rəbbimiz Həmzə Qasımzadə kimi dünyamızı rövnəqləndirən işıqlı, nurlu şəxsiyyətləri varlandırıb. Həmzə Qasımzadə Rəbbimizin onun üçün ayırdığı ömür payını şərəflə yaşadı, ilkinliyə qovuşaraq könüllərə köçdü. Qəmin kəm Həmzə müəllim! Ruhun şad olsun! Xatirələr səni yaşatmaqdadı!

 

 

Himalay QASIMOV

ADPU-nun kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor

 

525-ci qəzet.- 2018.- 31 mart.- S.14.