Satirayumorun iki ustadı: Mir Cəlal və Əziz Nesin

 

Şahanə MÜŞFİQ

 

Azərbaycan ədəbiyyatının ən böyük satira ustalarından Mir Cəlal Paşayev həyatı boyunca heç bir çətinliyə baxmadan yazıb-yaratmış, şirin axıcı diliylə oxucuların ürəyinə yol tapa bilmişdi.

 

Düşünmək istəyi olmayanları belə, bəzi məsələlər haqqında fikirləşməyə məcbur edən Mir Cəlal yaradıcılığının bir başlıca xüsusiyyəti məhz hər nəsildən olan oxuculara xitab edə bilmək kimi müstəsna qabiliyyətidir. O, bütün yaradıcılığı boyunca mövzularını gündəlik həyatın içərisindən, qəhrəmanlarını xalqdan seçdi. Geniş xalq qruplarının problemlərini böyük bir ustalıqla dilə gətirərkən, kütləvi dəyişmə müddətindəki insanın vəziyyətini yetkin bir formada əks etdirdi.

 

Mir Cəlal qələmə aldığı hekayələrdə, əsasən, Azərbaycan həyatının ictimai ziddiyyətlərini, istismarçı  həyat tərzini, qatı dini təəssübkeşlik və cəhaləti tənqid hədəfi seçmişdi.

 

Hekayələrindəki bu xüsusiyyət onu Türkiyə ədəbiyyatının tanınmış satira ustası Əziz Nesinlə yaxınlaşdırır. Əslində, bu baxımdan Əziz Nesinin, qeyri-ixtiyariolsa, Mir Cəlalın izindən getdiyini söyləyə bilərik.

 

Hər iki ədibin hekayələrində hər dövr, hər nəsil üçün aktual olan, vətənin dərdlərini əks etdirən problemlər öz əksini tapıb.

 

Əziz Nesinin müsbət qəhrəmanları daha çox kiçik məmur, sənətkar və işsiz yoxsullardır ("Yoxsulluğa eşq olsun!", "Satış məsələsi", "Meydan saatları" və s.). Bu cür xarakterlər Mir Cəlalın  hekayələri üçün də səciyyəvidir. Ədib yumoristik hekayələrində sadə zəhmətkeş insanların qüsurlarını dərin rəğbətlə, onları daha ağıllı, xeyirxah, mədəni görmək, yenilik və yüksəliş naminə nöqsanlarını aşkara çıxarır. Yumoristik hekayələrində Mir Cəlalın zəhmətkeş, sadə insanlara dərin məhəbbəti, onlarda nəcib keyfiyyətlər görmək arzusu ifadə olunur. Buna görə də yazıçı ayrı-ayrı adamlardakı islah olunacaq qüsurları da qayğı ilə aşkara çıxarmağa çalışır. Ədibin hekayələri üzərində müşahidə belə bir qənaətə əsas verir ki, onun gülüşünə, dostanə təbəssümünə hədəf olan qəhrəmanların əksəriyyəti sadədil adamlardır. Məsələn, "Əsgər oğlu" hekayəsində Ehtiyat xala öz sevimli nəvəsini ali təhsil almağa göndərir. Onun öz nəvəsini Moskvada, yüksək elm ocaqlarında görmək arzusu çox təbii təsvir olunur. Lakin o, nəvəsinin qəbul olunacağından narahatdır. Ona görə də özünə bu cür təsəlli verir: "Yox, Hafizin dərsi kimdən əskikdir. Bünyad müəllim hər yerdə tərifləmirmi? Naxış kimi xətti var. Özü əsgər balası, özü təyyarə modeli düzəldən, özü komsomol... Onun daşdan keçən atestatı var. Yox! Kim nə deyə bilər! Bərkə qalanda lap nazirin yanına gedərəm. Bir oğlum var, ona da yer tapmayacaqmı?"

 

Bu daxili  monoloqda Ehtiyat xalanın təfəkkür tərzi müvafiq bəhanələri, əsasları göstərilir. Gətirdiyi bəhanələr ona inkarolunmaz bir həqiqət kimi görünür. Əslində isə sadədil qadının müsabiqə və imtahanın gedişi haqqında aydın təsəvvürü belə yoxdur. Ona görə də o, dərk edə bilmir ki, Bünyad müəllim Hafizi tərifləməsə də, nəvəsinin xəttinin gözəlliyi də, təyyarə modeli düzəltmək bacarığı da,  hətta əsgər balası olması da qəbul imtahanının müvəffəqiyyətlə vermək üçün  əsas hesab edilə bilməz. Lakin Ehtiyat xala üçün bu əsaslar kifayət hesab olunur. Buna görə də onun mülahizələri təbəssüm doğurur və hekayəyə bir səmimiyyət ahəngi verir.

 

Hər iki sənətkar öz hekayələrində dövlət qulluğunda olan bəzi savadsız, məsuliyyətsiz, xalqa yetərincə xidmət etmək həvəsi göstərməyən insanları satira atəşinə tutur. Məsələn, Əziz Nesin yaradıcılığında ən gözəl yerlərdən birini tutan "Bir qəzet filan tarixdə necə bağlandı" hekayəsində savadsız, qəzetdən, jurnalistlik peşəsindən xəbəri belə olmayan bir şəxsin dəfələrlə müxtəlif mətbuat orqanlarında işə düzəlib, sonradan öz səhvləri ucbatından bu işlərdən qovulduğundan, sonda isə hətta bir qəzetin bağlanmasına belə səbəb olmasından danışılır.

 

Belə bir savadsız məmura Mir Cəlal yaradıcılığında da rast gəlirik. Belə ki, "Həkim Cinayətov" hekayəsində məsuliyyətsiz, savadsız, tənbəl və vəzifəsi bu olduğu halda xalqına xidmətdən narazı olan bir həkimdən danışılır. Bu həkimin məsuliyyətsizliyi bir xəstənin can çəkişməsinə belə səbəb olur.

 

Bu iki sənətkarı bir-birinə yaxınlaşıran ən ümdə cəhətlərdən biri də hekayələrini adlandırmaq üsullarıdır. Belə ki, həm Əziz Nesin,   həm də Mir Cəlal əsərlərinin mövzularından öncə adları da bir gülüş, bir təbəssüm doğurur. Hələ hekayəni oxumağa başlamamışdan öncə adları böyük marağa səbəb olur. Məsələn, Əziz Nesin yaradıcılığında ən yüksək yerlərdən birini tutan "Adamı zorla dəli edərlər", "Taxtalı köydən məktublar", "Damda dəli var", "Avtomobil yarışı", "Şaxta baba həbs edildi" və b., Mir Cəlal yaradıcılığında böyük önəm kəsb edən "Həkim Cinayətov", "Təzə toyun  nəzakət qaydaları", "Bostan oğrusu", "Anket Anketov", "İclas qurusu", "Xarici naxoşluq" və digər hekayələr bu qəbildəndir.

 

Həm Mir Cəlalın, həm də Əziz Nesinin hekayələri bir növ haşiyə, ricət xarakteri daşıyır və təsəvvürün ümumi ahəngindən fərqli olaraq lirik, emosional söz və ifadələrlə verilir. Hekayədəki hüsn-rəğbət tərzi ilk baxışda müəllifin üstüörtülü kinayəsini duymağa imkan vermir. Ancaq əhvalatın təsviri və hadisələrin açılma (razvyazka) nöqtəsində müəllifin əsl niyyəti duyulur. Belə satirik üsul hekayənin maraqla oxunmasına imkan yaradır.

 

O, bəzən qəhrəmanın özü üçün adi, başqaları üçün qəribə görünə biləcək etiraflarını, heyrət yaratmaq məqsədilə deyilən sözlərini misal gətirməklə gülüş doğurur. Adətən, belə hallarda gülüşə hədəf olan obraz öz sözlərini, dəlillərini qənaətlərini həqiqət hesab edir, özünün haqlı olduğunu şüurlu surətdə iddia edir. Əslində isə bu qənaətlər həyatın ümumi yüksəlişi və əzəməti qarşısında gücsüz və gülməli görünür.

 

Məlumdur ki, yumoristik əsərdə yazıçı təsvir olunan hadisə,     əhvalat və xarakterin əsasən, yaxşı, nümunəvi cəhətlərini təsdiq etməklə, yeniliyə, yüksəlişə mane olan köhnəlik qalıqlarına gülür, onun islahına çalışır. Yumorda qəzəb, nifrət bəsləmək deyil, bəlkə qəhrəmanın köhnə düşüncə tərzini, hərəkət və rəftarındakı qüsurları islah etmək meyli daha güclüdür.

 

Mir Cəlal bəzən öz qəhrəmanını təqdim etməklə yumor yaradır. Məsələn: "İki Mirzə Şəfi var. Birisi bildiyiniz məşhur Mirzə Şəfi, ikinci mənim məşhur etmək istədiyim Mirzə Şəfidir". "Mirzə" hekayəsinin epiqrafı olan bu cümlələr oxucunun diqqətini elə ilk andanca cəlb edir və tədricən hiss olunur ki, Azərbaycanın görkəmli şairi olan Mirzə Şəfi Vazeh ilə müqayisədə müəllifin təqdim etdiyi köhnəpərəst, əyyaş müəllim Mirzə Şəfi nə qədər aciz və nə qədər gülüncdür. Bundan əlavə müəllifin niyyəti də aşkara çıxır. Məlum olur ki, müəllifin məqsədi belələrini məhdudlaşdırmaq deyil, rüsvay etməkdir. Müəllifin kinayəsi, istehzası epiqrafın özündə belə aydın hiss olunur.

 

Bənzər xüsusiyyəti Əziz Nesin yaradıcılığından gətirdiyimiz nümunədə də görmək olar: Çaxır Yaqub bəyin əslini-kökünü bilənlər hələ yaşayırlar. Çaxır Yaqub bəyin əlindən gəlsə, çox yox hələ bundan iyirmi il əvvələ qədər, hər yaz kəndindən durub, ayağı yamaqlı bir şalvarla yüyürərək bu torpaqlara işləməyə gəldiyini bilənləri öldürər".

 

1939-cu ildə çap olunmuş "Kəmtərovlar ailəsi" hekayəsinin başlanğıcına diqqət yetirin:

 

"- Yallah, yallah! Hardasan? Keyfin necədir?

 

- Sən nə təhərsən?

 

- Göz dəyməsin, qıvraqlaşmısan.

 

- Bir qıvralığım yoxdu. İşdən baş açıram ki!

 

- Neyliyək, bir görüşək?

 

- Bu vıxatnoy zanitəm. Gələn vıxadnoy bəlkə...

 

- Evdə olacaqsan?

 

- Gələ bilsən, gözləyərəm.

 

- Gözlə. Bir təhər eləyib gələrəm.

 

Bir-birinin əlini hərarətlə sıxan, hal-əhval tutan bu əziz dostlar görəsən kimdirlər?

 

Desəm ikisibir şəhərdə yaşayır, inanmayacaqsınız.

 

Desəm ikisibir evdə yaşayır, heç inanmayacaqsınız. "Necə ola bilər ki, bir evdə yaşayasan, bir-birindən xəbərsiz olasan?" - deyəcəksiniz.

 

Desəm ər-arvaddırlar, təəccüblənib: "Nə danışır bu?!" deyəcəksiniz" . Bu hekayədə pul hərisliyi bir ailənin bütün günü işləyib zəhmətlə yığdığı mal-dövlətin yenə də fasiləsiz işləməsi ucbatından bir oğru tərəfindən çox arxayıncasına oğurlanmasından danışırsa, Əziz Nesinin "Budur evləndik" hekayəsində isə pul hərisliyi və hiyləgərliklə oğlanın qızı aldatmasından və sonra da özü öz diliylə bunu bir mərifətmiş kimi etiraf etməsindən danışılır.

 

Hər iki sənətkarın əsərlərinə xas olan məziyyətlərdən biri məhz onlardakı qüvvətli vətəndaşlıq hissidir. Bu hekayələrdə, öz vətənini hər cür xarici təsirdən azad görmək istəyən vətənpərvər bir yazıçının həmişə ehtiraslı nəfəsi duyulmuşdur. Hər iki qələm sahibi hər zaman vətənin, xalqın səadəti üçün çalışmışlar.

 

Əziz Nesin Türkiyə, Mir Cəlal isə Azərbaycan ədəbiyyatında   həqiqətən kiçik satirikyumoristik hekayənin böyük ustasıdır. Hər ikisinin əsərlərinin ictimai-məzmunu, maraqlı kompozisiyası, yığcam sujeti, lakonik dili təqdirəlayiqdir. Oxucu onları sanki hiss etmədən, birnəfəsə mütaliə edir, lakin mütaliə edib qurtardıqdan sonra xeyli vaxt təsirindən azad ola bilmir.

 

Həm Mir Cəlal, həm də Əziz Nesin zəngin irs qoyub getdi. Elə bir irs ki, öyrənməli, nümunə götürməli, davaminkişaf etdirməli cəhətləri çoxdur. Elə bir irs ki, onda dərin realizm gücünə malik sosial kəsərli bədii nümunələr, xalqın dərd-sərini, ağır vəziyyətini, aktual problemlərini əks etdirən, güldürən, güldürdükcə düşündürən, düşündürdükcə ibrət götürülən satirik hekayələr var. Mir Cəlal da, Əziz Nesinucuz şöhrət həvəsinə düşmədən, xalqına xidmət idealına arxalanaraq təbiətinə uyğun sadəlik və təmkinlə yazıb-yaratdılar və həm ədəbiyyat tariximizdə, həm də xatirələrdə əbədiləşdilər.

 

525-ci qəzet 2018.- 2 may.- S.7.