Sərhədçi əsgər

 

Vətənimin keşiyində

Dayanmısan, igid əsgər.

Doğma ata ocağından

Əziz gəlir sənə səngər.

 

Arxandadır doğma yurdun,

Önündədir xain düşmən.

Ölüm-qalım arasında

Öncə vətən düşünürsən.

 

Ölmək nədir vətən üçün,

Onda məzar da vətəndi.

Əgər yoxsa doğma yurdun,

Bu, ölümdən də betərdi.

 

Haydı, irəli!

 

Ayıq ol, igid əsgər,

Tuş gəlməsin yurduma

Mənfur düşmən gülləsi.

Əz başını zalımın,

Ərşə qalxsın naləsi.

Vətən sənə ümidli

Xaindi yağı düşmən.

Haydı irəli, əsgər,

Qoy yesin ağı düşmən.

 

Azadlığım məhv olar,

Sən olmasan önümdə.

Qorxub səndən çəkinir,

Vaxtsız gələn ölüm də.

 

Əlindədir bayrağım,

Dodaqlarında himnim.

Bil ki, sənlə azaddı

Mənim ana vətənim.

 

Dalğalan, bayrağım!

 

(Cümhuriyyətin 100 illiyinə)

 

Yol gəlmisən bir əsrdən bu yana,

Boyanmısan döyüşlərdə al qana,

Şəhidlərə laylay deyən bir ana,

Dalğalan sən, ey üç rəngli bayrağım,

Kölgəndədir cənnət vətən torpağım!

 

Baxıb sənə qürurlandı igidlər,

Dalğalandın, şəfəq saçdı üfüqlər,

Dara düşüb gizlədildin çox illər,

Dalğalan sən, ey üç rəngli bayrağım,

Kölgəndədir cənnət vətən torpağım!

 

Hər bir ölkə bayraq ilə tanınar,

Şəhidləri bayrağına sarılar,

Qarabağda zəfər marşı çalınar,

Dalğalan sən, ey üç rəngli bayrağım,

Kölgəndədir cənnət vətən torpağım!

 

Məzahir MƏZHƏR

 

525-ci qəzet  2018.- 2 may.- S.8.