Həmzət bəy Qəbulovun "Molla Nəsrəddin"dəki yazıları

 

Həmzət bəy Qəbulov-Şirvanlı haqqında bir neçə söz

 

Həmzət bəy Həbibulla bəy oğlu Qəbulov-Şirvanlı 1884-cü ildə Zaqatala dairəsinin Qax kəndində anadan olub.

 

O, ilk təhsilini Qaxda aldıqdan sonra Stavropol gimnaziyasında oxuyub, sonra isə təhsilini Kiyev hərbi məktəbində davam etdirib.

 

Təhsilini bitirib Tiflisə dönən Həmzət bəy bir müddət burada dövlət vergi idarəsində işləyib. Ancaq bu cansıxıcı iş mənəvi cəhətdən onu qane etməyib. Rəsmi dövlət qulluğunu birdəfəlik buraxaraq publisistika ilə məşğul olmaq istəyib. Tez-tez mətbuatda ayrı-ayrı məsələlərə öz münasibətini bildirib, ictimai işlərdə, mədəni tədbirlərdə fəal iştirak edib. Publisistikaya marağı onu əbədi olaraq mətbuata bağlayıb. O, Tiflisdə rus dilində nəşr olunan "Zakavkazye" qəzetində (1906-1914) 1908-ci ildən "müsəlman şöbəsi"nin müdiri vəzifəsində işləməyə başlayıb.

 

Həmzət bəyin "Zakavkazye" qəzetində çalışmağa başlaması Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı ən yaxşı nümunələrin bu qəzetdə dərc edilməsinə təkan verdi. Bu illərdə "Zakavkazye" qəzeti Azərbaycan mövzusuna daha geniş yer verdi. Yalnız onu demək yetər ki, Vaqifin məşhur "Bəh, bu bağın nə əcəb sərvi-dilaraları var" müxəmməsinin rusca ilk poetik tərcüməsi, C.Məhəmmədquluzadənin "Ölülər" komediyası haqqında ilk rəy, M.F.Axundzadənin rusca ilk tərcümeyi-halı və başqa bir çox yazılar məhz Həmzət bəyin sayəsində bu qəzetdə dərc edilib.

 

Mətbuatdakı işi Həmzət bəy Qəbulovu yalnız mənəvi baxımdan təmin edirdi, özünü bütünlüklə xalq işi uğrunda mübarizəyə həsr edən bu görkəmli ziyalının maddi durumu isə əsla ürəkaçan deyildi. Bir kasıb komada yaşayır, əskimiş paltar geyir, daimi ehtiyac içində yaşayırdı.

 

Ruhca idealist olan, dünya nemətlərindənsə mənəvi qidanı üstün tutan Həmzət bəyin nimdaş sürtukunun altında xalqına sonsuz məhəbbət dolu, qaynar bir ürək çırpınırdı; elə bir ürək ki, onun yiyəsi yurduna, elinə xidməti dünyanın hər cür naz-nemətindən üstün tuturdu.

 

H.Qəbulov mətbuatdakı çıxışlarında başlıca diqqəti xalqının mədəni tərəqqisinə, maarifə, klassik irsin, yeni ədəbiyyatın təbliğinə, ana dili, qadın azadlığı məsələlərinə və başqa sahələrə yönəldir, hər dəfə maraqlı fikirlər irəli sürürdü.

 

Həmzət bəy mədəni inkişaf uğrunda mübarizənin əsas vəzifələrindən birini ana dilinin saflığını yad təsirlərdən qoruyub saxlamaqda görürdü. O deyirdi ki, xalqla heç kəsin başa düşmədiyi ərəb-fars tərkibləri ilə deyil, təmiz ana dilində, onun başa düşdüyü dildə danışmaq lazımdır. Onun fikrincə, bu məsələ həll edilməsə, aparılan mübarizə istənilən nəticəni verməyəcək.

 

Görkəmli mütəfəkkir M.F.Axundzadənin 100 illik yubileyinin keçirilməsinin ilk təşəbbüsçülərindən və əsas təşkilatçılarından biri H.Qəbulov olmuşdu. Onun bir çox ən yaxşı məqalələri M.F.Axundzadəyə həsr edilib.

 

Həmzət bəy beynəlmiləlçi publisist idi. Başqa xalqların da ədəbi-mədəni nailiyyətləri onu sevindirirdi. O, müsəlman Şərqinin məşhur sənətkar və filosoflarından biri olan əl-Qəzali haqqında geniş fikir söylədiyi, çeçen teatrı və əlifbasının yaradılmasını alqışladığı kimi, gürcü sairi Akaki Seretelinin 50 illik yubileyini də ürəkdən təbrik etmişdi. Onun bu münasibətlə göndərdiyi təbrik məktubu Azərbaycan-gürcü ədəbi əlaqələri tarixi üçün də qiymətli sənəddir.

 

Bütün ömrünü xalqının tərəqqisi uğrunda işə həsr etməyi düşünən H.Qəbulovun sağlamlığı onun arzularının tam gerçəkləşməsinə imkan vermədi. Tələbəlik illərindən başlanmış xəstəlik M.F.Axundzadənin yubileyi ərəfəsində daha da şiddətləndi. Onun səhhəti o dərəcədə zəiflədi ki, hətta yubilyar haqqında hazırladığı məruzəni təntənəli gecədə oxumağa belə taqəti olmadı, həmin məruzəni Tiflis Xeyriyyə Cəmiyyətinin katibi M.F.Əfəndiyev oxudu.

 

Ağır xəstəliyinin müalicəsinə vaxt da, maddi vəsait də tapa bilməyən H.Qəbulov Axundzadənin yubiley təntənəsindən cəmi bir ay sonra - 1912-ci il yanvarın 9-da Tiflisdə Haqqın dərgahına qovuşdu. Onun vaxtsız vəfatından iki gün sonra - 11 yanvar 1912-ci ildə "Baku" qəzetində Hüseyn bəy Minasazov yazırdı: "Daim millətin mənafeyi keşiyində duran cavan bir jurnalistin ölümü hiss ediləcək itkidir. Bu itki adamı bir də ona görə yandırır ki, mərhum Həmzət bəy kimi səmimi, təmiz qələm sahibləri bizim aramızda azdır".

 

Həmzət bəyin publisistik irsi, təəssüf ki, indiyədək toplanaraq kitab halında xalqa çatdırılmayıb. Biz onun "Molla Nəsrəddin" məcmuəsində 1909-1910-cu illərdə "Sofi Zənbil" gizli imzası altında dərc edilmiş 15 yazısını bir yerə yığaraq "525-ci qəzet"in oxucularına təqdim edirik.

 

(Əvvəli ötən sayımızda)

 

QREK BAYRAMI

 

("Molla Nəsrəddin", 13 sentyabr 1909-cu il, ¹ 34)

 

Biri var idi, biri yox idi, Nuxa şəhərində Davaxana bazarında muncuq satan Ciğayev Cabbar namında  bir oyunbaz  var idi. Bu yazığı neçə illərdir ki, İsmayıl Sadıqov tamaşa üçün salıbdır meydana. Sadıqov cənabları bu fəqiri gah ceyranı oynadır, gah uzundərə oynadır, gah qopartma  muğamı oynadir. Bəzi vaxt Ciğayev duymasın deyə bir neçə mütəşəxxis hacıları tovluyub İsmayıl özü  dəxi oyun meydanına daxil olur; ancaq əksər övqat oyun meydanı Ciğayevin təsərrüfündədır, zira bu cənab naşükür deyil, hər günə havacat olsa  oynamağa hazırdır.  Xülasə, bu vücudlar mazipərəstlikdə o qədər şöhrət tapıblar ki, hər bir mazipərəstlərin bunlar piri hesab olunur... Bəli, keçək mətləb üstə. Cənab Sadıqov "Millət qəzetəsilə  furqonçu xalvarında bir təfavüt bilməyir. Ona görə hər günə mətalib olursa dərhal mübarək qələminə alıb verir Ciğayev cənablarına ki, o da imzaladıb atsın xalvara!..   Mən bircə işə məəttəl qalmışam, əgər Sadıqov cənablarının yazdqları qabil mətalib isə, nə üçün özü imza etməyir? Əgər naqabil mətalib isə, Cığayev ilə nə ədavəti var ki, o yazıgı ələ salıb?.. Hə, mətləbdən uzaq düşdük. Ciğayev cənabları bu vaxta kimi deyirdi: "Mən əsl müsəlman firqəsindəyəm". Ancaq bu günlərdə məlum oldu ki, bu cənab əsl qrek firqəsinə mənsub imiş. Ondan ötrü ki, bir günü dükançılar görürlər ki, Ciğayev cənabları öz həmməsləklərilə bir bəşaşətli bayram edir... Axırda məlum olur ki, dreklər Niyazi bəyin qətlinə dair verdikləri  xəbərdən şad və xoşnud olub bayram edirlər. Bu cənab o bayrama iştirak etməklə məsləkdaşları olan qreklərin rizasını kəsb ediyormuş. Allah tükü sanda xeyir versin!..

 

İndi nuxalı qardaşlardan rica edirəm, məftil teleqraf  ilə məlum etsinlər. Əvvələn-Sadıqov İsmayılın Ciğayev Cabbar ilə nə ədavəti var? Saniyən-Ciğayevin Nuxada olmağını qreklər bilirmi? Əgər bilməyirlər isə təxirsiz onlara məlum edəsiniz, yoxsa Şeyx Hacı Osman əfəndiyə deyərəm İlusu qəryəsində nəsryənsər oxuyan itini zincirdən açıb göndərər məşrutəçiləri tikə-tikə elər.

 

Sofi Zənbil

 

ŞEYX

 

("Molla Nəsrəddin", yanvar 1910-cu il, ¹ 1)

 

Dağıstanın "Taşlı" məhəlindən neçə illərdir ki, "elmsiz bikar bir yekə nəfər - cahil, biar, zorbaca  xər"  Dübür İsa adlı bir şeyx çidarı qırıb gəlir düz  Qovax-çöl kəndinə və  "Gözəl  xala" kimi burada başlayır şeyxlik  eləməyə. Hərçəndi həmin kəndin "Çopur Ömər" kimi  kəmetiqadları  şeyxin əməli - qəbihəsini   bilib məzkuru  o  kənddən çıxartmağı öz camaatına bir neçə kərə tövsiyə edibsə də, camaatın əksəri mömin və cahil olduqlarından Şeyx İsa Dübür ilə behişt səfərinə hazırlanırdılar. Həmin kəndin möminə övrətləri kəmali - ədəblə hər gün Dübür İsanın xidmətinə bərəkət almağa gəlirlərmiş. Sora il dolanır, ay batır... İsa Dübür şıllaq atır. Axır bir ay bundan  müqəddəm biri gözəl, digəri bir az çirkin iki nəfər cəvanə gəlinlər Şeyx İsa Dübürün xidmətinə gəlirlər. Cənab Şeyx çirkin gəlini çöldə qoyub gözəl gəlini çəkir öz otağına, burada məzkurə gəlini özü ilə dizbədiz oturdub və başını aşağı salıb  başlayır mü-raqibəyə. Məzlumə gəlin Şeyx İsa Dübürün kəramətini görən kimi daban alır evlərinə. Haman kəndin bir para adamları bu kəraməti eşidən kimi dərhal gedib Piləkənddə olan Şeyx İsanın qardaşına təvəqqe edirlər ki, gəlib Şeyx İsanı Qovaxçöldən aparsın, çünki  o kənd kafi dərəcədə  bərəkətlənibdir...

 

Allah Dağıstanın himar və tənbəl və biar adamlarına, yəni şeyxlərə ömür versin. 

 

Sofi Zənbil   

 

KEÇƏN İLİN ATÇOTU

 

("Molla Nəsrəddin", 14 fevral 1910-cu il, ¹ 7)

 

1) Keçən il, əlhəmdülillah, Qafqaz həbsxanaları vücudi-möhtərəmlər ilə ləbaləb dolub xarici millət üçün heç bir azadə vakansiya qalmadı.

 

2) Camaati-müslimin, himmət babətindən olaraq, qətnamə ilə hər kənddən 2-3 nəfər yetimləri naxır və buzov akademiyalarına göndərib, axırda onlara hər biri bir  çanaq toyuq dəni hədiyyə elədilər.

 

3) Diş, baş, göz və qeyri ağrıların dəfi üçün yaş yetirmiş və dünya görmüş qoca agaclara əvvəl-axır 352748 cırıq-cındır bağlandı.

 

4) Yanvarın ibtidasından 31 dekabra kimi hər həftə cümə günləri 7516 nəfər ana-bacılarımız hər biri bir badya aş ilə millətimizin ehyasına çalışan mücahid məhbuslarımızı ziyarət etməyə təşrif buyururdular.

 

5) Möhtərəmə analarımızın övladlarına verdikləri tərbiyədən dolayı 17393 nəfər məsum uşaqların burnunda çöp qalıb, bu cümlədən 8314 uşağın çöpü  üfürülüb qalanları tək səbir gəldiyindən  gələsi ilə qaldı.

 

6) Gələcəkdə fəxr edəcəyimiz millət balalarının mühafizəsi üçün 24593 bədnəzər duası yazılıb, onların çiyinlərinə dəxi 36649 ədəd  itmuncuğu tikildi.

 

7) Cənab cindarlarımız xəstələrin şəfası üçün 61351 sürxbad oxuyub, 319 arşın göy qədək yandırıb, 9327 çardaqda başı-ayağı bağlı qarğı-qamış həbs ediblər və bunların əlavə  465 ədəd qara qoçun ətini yeyib gəmiklərini dəfn ediblər və

 

8) Mərhumani-millətin günahlarının məğfirəti üçün təziyələr  də biri bir abbasıdan bisavad adamlar tərəfindən 123  ədəd  saxta  və səhv cüz oxunub, 3528 yerdə möhtərəm mollarımız boğça-boğça  oynadılar.

 

Sofi Zənbil 

 

KÜRT

 

("Molla Nəsrəddin", 7 mart 1910-cu il, ¹ 10)

 

Molla əmi! Ölənlərinizə Allah rəhmət eləsin. Mənim rəhmətlik nənəm həmişə bizə nəsihət edərdi ki, bala, Allah xatirinə məhlədə toyuq saxlamayın. Çünki quşların içində bu toyuq firqəsi ən naşükürlərdəndir. Zira bunlara hər gün nə qədər dən töküb hörmət eləsən də, bu heyvanlar öz təbiətlərində sabit qalıb, genə fürsət ələ düşdükcə bitəklif evə girib palaz-paltarı zibilliyəcəkdir. Hərgah bir də sən üstə çıxıb xahiş eləsən ki, bu dəvətsiz müsafiri evdən çıxarasan, dərhal həmin toyuq irəfə çıxıb qab-qacağı yerə salıb qıracaq, necə ki, həkim Cəlalın evindəki qab-qacağı Zəyəmli Abdulla Nadir oğlu qıran kimi, başlayacaq sənin evində "qaq-qaq" deyə rusca danışıb evin bərəkətini qaçırmağa və bəzi vaxt irəfdən balaca uşağın başına bir ağır şey salıb məsum uşağın ölməyinə dəxi səbəb olacaq. Məsələn, necə ki, yarım ay bundan müqəddəm Qaxbaşlı Hacı İsmayıl övrəti Məsumə dörd yaşında olan ögey qızının başından maşa ilə vurub öldürən kimi. Bəli, rəhmətlik nənəm arabir bizə belə təsəlli dəxi verərdi. Toyuğun yenə hər zərərinə dözmək olar, amma kürtün rəftarını Allah düşmənə də göstərməsin. Məsələn, gedib nə zəhmət ilə və baha qiymətə ikisi bir şahıdan 25, 30 ədədə yumurta alıb tökürsən kürtün altına ki, cücə çıxarsın. Bir də ya görəcəksən cücələr çıxana yaxın bu bədzah kürt yumurtaları sındırıb cümləsini içibdi necə ki, möhtərəm ruhanilərimiz mövfuqat pullarından pürrəng və pürşəkər çay içən kimi. Yaxud cücələri çıxarıb bir az böyüklədəndən sonra bu məlum kürt dimdiyi ilə o məzlum cücələrin başını, gözünü yarıb yola salır. Bəzən belə də ittifaq düşür ki, kürt bədxasiyyət və bəd-əxlaq olduğundan cücələr soyuz edib kürtü baykot edirlər. Necə ki, Qaxda məhəllə imamı Hacı Əbdülrəhman əfəndini bədrəftar olduğundan öz cammatı altı aydır ki, baykot edirlər. Məzkur  Hacı Əfəndi otuz ildir ki, Qaxda yuxarı məsciddə imamdir. Onun öz camaatı ilə olan bu vaxta kimi rəftarının nəticəsi budur ki, bir əsrdən bəri bir-biri ilə nəslən və qan ilə qohum olmuş otuz ev camaatı bir-biri ilə düşmən edib və məscidi qapadıb özüdə gedib vəqf evində oturub. İndi molla əmi, mənim fikrimə bir şey gəlir necə ki, məlumdur ki, Yevropa aləmində hər kəs iyirmi beş, otuz ya əlli il xidmət eləyəndə onun camaatı onun şərəfinə bir nişangah qayırırlar ki, həmişə o vücudi möhtərəmin ismi zikr olunsun. Bəlkə bu mənzur ilə imam hacı Əbdülrəhman əfəndi otuz illik xidmətindən dolayı camaata rəhm edib onları xərcə salmayıb özü bir pamyatnik qayirmaq istəyir ki, bu nəhv ilə onu adı həmişə yad olunsun. Molla əmi! And verirəm səni axsaq Sofi Bilal Musafayevin miyanə canına, hərgah İmam Hacı Əfəndinin fikri belə isə bu üsuli cədid pamyatniki Yevropa aləminə məlum etməklə biz müsəlman tayfasının papağını ucaldasuz. Əfv edəsiz çox uzun oldu.

 

Sofi Zənbil

 

QAÇMAQ HÜNƏRDİR

 

("Molla Nəsrəddin", 2 may 1910-cu il, ¹ 16)

 

Ravilər belə rəvayət edirlər ki, məşhur Koroğlunun yüz hünəri var idi, 99-u qaçmaq idi. Odur ki, bir şəxs istəsə ki, dünyada şan-şöhrət qazansın, gərək Koroğluya haşiyə düşsün, necə ki, Ləkit qəryəsində olan Şeyx Əbdülvahab əfəndi kimi.

 

Bu hərif neçə illərdir ki, Dağıstanın bir koyulundan çıxıb, Ləkit camaatını xoşbəxt eləmək üçün bu kəndə gəlib, avam camaatın köməyi ilə ev-eşik sahibi olub oturmaqla hələ şeyxlik edir?! Bunun bir yetim qardaşı qızı var imiş. Dörd il bundan müqəddəm məzkurəni vəlisi hesab olunan qardaşı İsmayıldan döyə-döyə razılıq alıb cibişdan xatirəsi üçün haman kəndli Hacı Mamay əfəndiyə nikah edir. Sora Hacı Mamay əfəndi vəfa edir. Sora qızın başına nə müsibətlər gəlir. Xülasə, Şeyx Əbdülvahab əfəndi biçarə qıza etdiyi zülmü əgər qoyaq tərəzinin bir tayına və bir tayına qoyaq bu günlərdə Tiflisdə doqquz yaşında ərə verilən bir qıza olunan zülmü və birəhmliyi, o vədə tərəzinin meyl İrəvan və Naxçıvanın kasıb bəylərinin qaməti kimi dümdüz durub heç bir tərəfə əyilməz.

 

Molla Əmi! And verirəm sən vaizin doğru olan moizəsindən rəncidə olan Car bazarının qumarbaz mücahidlərinin imanlarına. Ləkit camaatından sual edəsiniz bu bədxasiyyət və bədşarval şeyxi hardan və nə növ ilə tutub gətiriblər?

 

Sofi Zənbil

 

QARAÇI DİLƏYİ

 

("Molla Nəsrəddin", 16 may 1910-cu il, ¹ 19)

 

Qaraçı tayfasının dünyada ən mühüm diləyi və öz balalarını qucağına götürüb hər saat onlara təlqin etdikləri sözləri budur: "hapulara, hapulara, o gün olsun oğlum düşsün qapılara". Bunlara nisbətən Almalı camaatının da dünya və mafihada əvvəlinci arzuları və balaca övladlarına hər ləhzə təlqin etdikləri sözlər budur:

 

İgid seçməz haram ilə halalı,

Qarət ilə kəsb eləyər cəlalı.

 

Sofi Zənbil

 

Abdurrəhman QABULZADƏ

525-ci qəzet.- 2018.- 3 may.- S.6.