Amerikanın xilaskar peyğəmbəri - Abraham Linkoln

 

Telman ORUCOV

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Con Uilkis Butun sui-qəsd cəhdi

 

4 mart 1865-ci ildə yeni inauqurasiya günü idi. But qış ərzində çox və ya az qaydada özünü bu işə həsr edən, əsasən, cənublulardan ibarət olan bir dəstə toplanmışdı.

 

O, Gettisburqda yaralanmış Peyni də qəsdçilər sırasına daxil etmişdi. Burada digər iki köhnə Konfederat əsgəri var idi, onlar Baltimordan idilər, onlardan biri Butla bir məktəbdə oxumuşdu. Aktrisa Ella isə Butla sevişir, ona ərə getməyi arzulayırdı.

 

 Dəstənin üzvü Devid seçkinin nəticəsi ilə Butun çox məyus olduğunu gördü. Tiranı indi öldürmək lazımdır ki, onun yerini satqın Conson (Vitse-prezident Endryu Consonun özü cənublu idi) kimi nifrət edilən bir adam tutmasın.

 

Onlar 13 avqustda axırıncı şansa malik olmuşdular ki, Prezidentə məhvedici qədəhi ötürsünlər. Bu plan Prezidenti zəhərləmək məqsədini güdürdü, lakin qabaqcadan aşkarlandığından baş tutmadı. Prezident bir həftə yatmamışdı, öz həkimi Tompsondan xahiş etmişdi ki, ona yuxu dərmanı versin. Bu, olduqca əlverişli an idi. Riçmonddakı Konfederat hökuməti Butun arxasında dayanmışdı. Bir anlığa Prezident qətldən təhlükəsiz oldu. Vitse-prezident Endryu Conson Linkolndan daha çox təhlükədə idi. Qrantın üstün strategiyasından Konfederasiyanın başı fırlanırdı. Artıq Cənubda vuruşa bilən adam da qalmamışdı.

 

Prezidentin 18 yanvarda Ford teatrına gəlib “tamaşaya baxmaq istədiyi” elan olunduqda qiyamçı sima olan But hərəkətə gəldi. Teatrın arxasında qəsdçilər üçün iki at bağlanmışdı. Butdan siqnal olan kimi onun dostu olan aktyor teatrda bütün qaz işıqlarını söndürəcəkdi. Bu vaxt Prezident tutulacaq, sarınacaq və səhnəyə gətiriləcəkdi. Burada xüsusən güclü olan Peyn onu teatrın yanında gözləyən atlardan birinin belində qaçıracaqdı. Plan iki gün ərzində ehtiyatlı qaydada məşq edildi. Lakin sonra 18 yanvar axşamı Prezident teatra gəlmədi.

 

Con Uilkis But və Luis Peyn Prezident parkının qurtaracağında dayanmışdılar. But dəhşətə gəlirdi.

 

- Allahım! O, zəncilərə səs hüququ verəcəkdir.

 

Sonra Peynin qulağına pıçıldadı:

 

- İndi gəl, onu güllə ilə vur.

 

Peyn başını silkələdi:

 

- İndi yox, kapitan. Bu, çox risklidir. Və o, çox uzaqdır.

 

Prezident çıxışını bitirdikdə, But inauqurasiya nitqini nəzərdə tutaraq dedi:

 

- Bu, onun son çıxışı olacaqdır.

 

But iki teatrda işləyir, rollar oynayırdı. Onlardan biri Ford teatrı, digəri Qreverinki idi. O deyirdi ki, mən özüm Prezidentə və general Qranta qayğı göstərəcəyəm, yəni onları özüm öldürəcəyəm. Elə həmin vaxt Luis Syuardı öldürəcəkdi. Digəri isə Kolvud evi hotelində Vitse-prezidenti öldürəcəkdi. Bir sürətli zərbə ilə hökuməti başsız edəcəyik. Sonra biz Şimali Karolinaya gedəcək, orada həm də təpəlik yerlərdə vuruşan Constonun adamları ilə birləşəcəyik.

 

Qrant Riçmondun şimalında düşməni əzdikcə, Şeridan isə bu vaxt şəhərin cənubunu atəşə tuturdu. Konfederasiya parçalanırdı. Həmin vaxt But daha da qızışmışdı. Qəsdçilər düşünürdülər ki, bizim faciəvi ölkə üçün edə biləcəyimiz bir şey, yalnız sonuncu iş ola bilərdi.

 

Qəsdçilərdən biri Qay Yuli Sezarın qətli ilə nəticələnən qəsdin təşəbbüsçülərindən biri olan Mark Brutu nəzərdə tutaraq 4 mart günü dedi ki, mən düşünürəm ki, o, həmin gün Kapitolidə onu öldürmək cəhdinə hazırlaşırdı. İndi onun özü Sezara son, 23-cü zərbəni endirən Brutun rolunu oynamaq istəyirdi, Linkolna bıçaq zərbəsi vurmağı arzulayırdı. O, həm də özü ilə tapança da götürmüşdü. Axı Sezar b.e.ə. 44-cü ilin mart idilərində, həmin ayın 15-də qətlə yetirilmişdi. Linkolna qəsd də baş tutsaydı, həmin aya təsadüf edəcəkdi.

 

Saat 10-da yağış yağmaqda davam edirdi. Tədbirin marşalı düşündü ki, Prezident özünü kütləyə göstərməyəcəkdir, onu Kapitolinin içərisində qarşılayacaq, bu vaxt Vitse-prezident də içəridə and içəcəkdir.

 

But Senatın qalereyasında oturmuşdu. Ondan aşağıda Vitse-prezident, Tennessinin qubernatoru Endryu Conson tam sərxoş vəziyyətdə dayanmışdı. Ona yaxınlaşan Senat katibinə dedi ki, heç bir ştat Birlikdən çıxa bilməz. Conson Bibliyanı əlində tutub bərk səslə dedi:

 

- Mən Birləşmiş Ştatlara məxsus millətim qarşısında bu kitabı öpürəm.

 

But özünə yer tapa bilmirdi, o, kütlənin içərisində dayanmışdı, sol tərəfdəki cibində olan tapançanı əli ilə tutmuşdu.

 

Linkoln çıxış etməyə qalxanda, o, əslində, yayınılması mümkün olmayan bir hədəf idi. Lakin qəflətən çıxan günəşdən But başqa hər bir adam kimi özünü itirmişdi. Prezident çıxışına başladı:

 

- Həmvətənli sirdaşlarım!

 

Çıxış qısa idi. Nəhayət, çıxışında bir yer tapıb dedi:

 

- Və müharibə gəldi.

 

Meri, oğlu Robert də yanında olmaqla, Kapitolinin tribunasında oturmuşdu. Onun kentukkili atası həmişə deyirdi ki, hər iki adam eyni Bibliyanı oxuyur və eyni Allaha dua edir və hər kəs digərinə qarşı öz məqsədini güdür. Prezident isə daim Şimalı və Cənubu birləşdirməyə çalışır. Atası sözünə davam edərək: “Bu da qəribədir ki, istənilən sayda adam Allahdan kömək xahiş etməyə cəsarət göstərir ki, başqasının üzündəki tər hesabına öz çörəyini qazansın”. Bu vaxt Meri ağlamağa başlamışdı. “Hər iki dua edən cavab ala bilməcəyəkdir. Qüdrətli Allah öz niyyətinə malikdir”. Atası qızına bu sözlərlə müdriklik dərsi vermişdi.

 

Bütün baş barmağı indi tapançanın tətiyi üstündə idi. Həqiqətən də, öldürmək və ölmək üçün bunun kimi yer, həmçinin, bunun kimi bir vaxt lazımdır.  

 

Linkolnun inauqurasiyası və ikinci müddətin başlanması

 

Prezident çıxışının sonunda dedi:

 

- Heç kəsə qarşı qəzəb nümayiş etdirmədən hamı üçün mərhəmət göstərilməklə, hüququn möhkəmliyi ilə, necə ki Allah bizə haqqı görməyi vermişdir, gəlin biz içərisində olduğumuz müharibənin başa çatması uğrunda mübarizə aparaq, döyüşdə həlak olan hər kəsə, onun dul arvadına və yetim uşağına qayğı göstərək, - hər şeyi edək ki, qazanılan və bizim bütün millətin arasında davam edəcək sülhün qədrini bilək!

 

Gurultulu alqış eşidildi. But cibindəki tapançanı, yaxşı görünən bu hədəfə tuşlamışdı və tətiyi basdı, lakin atəş açılmadı.

 

Sonra Linkoln Ali Hakim Çeyzin qarşısında göylərdə yazılmış andı içdi:

 

- Mən təntənəli qaydada and içirəm ki, Birləşmiş Ştatların Prezidenti vəzifəsini sədaqətlə icra edəcəyəm və bütün bacarığımla onu (yəni Birləşmiş Ştatları-müəllif) qoruyub saxlayacaq, mühafizə və müdafiə edəcəyəm.

 

Top 21 yaylım atəşi açdı. But cibindən çıxardığı tapançanı yoxladı. O, təhlükəsizliyi sərbəstləşdirməyi yaddan çıxarmışdı, ona görə də atəş açılmamışdı.

 

Artıq Birlik qoşunları bütün istiqamətlərdə Riçmonda - Konfederatın paytaxtına doğru hərəkət edirdi. Şeridanın gəlib çıxması şəhərin tutulması demək idi. Müharibə Şimal üçün xüsusi əhəmiyyət kəsb edirdi. Lakin Şimal ordusu əvvəllər daim məğlub olurdu. Qrant deyirdi ki, əgər Şeridan bizə qoşulsa, ölkə deyəcəkdir ki, Şərq müharibələrə başladı, Qərb onları başa çatdırmışdır.

 

Prezident admiral Porterlə faytonda Pitersburqa gedirdi. Linkoln deyirdi:

 

- Bu, indi başa çatmışdır, birdəfəlik və hər şey üçün. Pitersqburq dəmir yolu stansiyasında kapitan Robert Linkoln “Pitersburqa xoş gəlmişsiniz, ser” deyə öz atasını salamladı.

 

Qrant isə onları, özünə qərargah kimi saxladığı evin yanında qarşıladı. Linkolnun əlini sıxdı. O dedi:

 

- Mister Prezident, bu gün saat 15-də general Ueytsel Riçmondun təslim olmasını qəbul etmişdir. Dünən gecə mister Devis və onun belə adlanan hökuməti Denvillə köçmüşdür. General Li indi Cənuba qaçmağa cəhd edir, lakin biz ona imkan verməyəcəyik. Nəhayət, biz onu axtardığımız yerdə götürəcəyik.

 

Linkoln dedi ki, mən bu xəbəri teleqrafla millətə çatdıracağam.

 

14 mart 1965-ci ildə Linkoln arvadı və kiçik oğlu Tedlə birlikdə göyərtəsində olduqlari “River Queen” gəmisi Siti Poyntdan (Məntəqə şəhəri) kənarda lövbər saldı. Linkolnu general Qrant salona apardı. Generalın arvadı Culiya missis Linkolna “Siti Poynta xoş gəlmişsiniz”deyib, onu salamladı. Bu, heç də Meriyə xoş gəlmədi, elə bil ki, Siti Poynt və ordu onunku imiş. Sonra onlar tək qalanda Culiyanın divanda oturması da onu narazı saldı. Axı heç kəs Birinci Ledinin icarəsi olmadan otura bilməzdi. Müharibənin gedişi barədə söhbət gedəndə, Meri, əri üçün sülh danışıqlarının çətin olacağını deyəndə,  missis Qrant bildirdi ki, indi heç bir sülh danışığı ola bilməz. Və əlavə etdi ki, mənim ərim Riçmondu götürməyənə qədər müharibə başa çatmayacaqdır.

 

Aprelin 2-də general Qrant Pitersburqu işğal etdi. Li geri, Liçmonda qaçdı.

 

Sonrası günü “Milvern” flaqman gəmisində o, admiral Porterlə birlikdə Riçmond limanına gəldi. Linkoln baş küçəni gəzəndə xarabalıqları gördü və şəhərə özlərinin çox ziyan vurduqlarını dedi. Sonra əlavə etdi ki, Birlik elə bərpa ediləcəkdir ki, heç kəs onda bütün böyük narahatlıqların ən kiçik çapığını da görməyəcəkdir. Süvari komandiri raport verdi: “Bu, Konfederatın İcraiyyə binasıdır, mister Prezident. O, indi sizindir”. Linkoln atdan düşüb Cefferson Devisin evinə girdi.  Linkolna həmin gündəki fəaliyyət barədə məruzə edildi. Prezidentə su, generallara və admirala isə viski gətirdilər. Onlar qələbə şərəfinə sağlıq dedilər.

 

9 apreldə saat 16.30-da general Qrantdan raport gəldi: “General Li özünün Şimali Virciniya ordusu ilə mənim irəli sürdüyüm şərtlər əsasında təslim oldu”. Linkoln dedi: “Bizim işimiz başa çatdı”.

 

Appamattoksun məhkəmə binasında Konfederat qoşunları özlərinin təslim olması barədə aktı imzaladı. Dörd il davam edən müharibə, ölkənin aqoniyası başa çatdı. Şimal qələbə çalmış, Cənub bütünlüklə məğlub olmuşdu. Birlik bərpa olunacaqdı və ölkəni indi yenidənqurmanın o qədər də asan olmayan problemləri gözləyirdi. Lakin qələbə sevincini Prezident Linkoln başda olmaqla bütün şimallılar yaşayırdılar, Cənub isə qatı matəm içərisində idi.

 

Başa çatan Amerika Vətəndaş müharibəsi qeyri-adi qanlı mübarizə olmaqla XX əsrdə baş verəcək total müharibələrin müjdəsi idi. 600 mindən artıq əsgər həlak olmuşdu. Dörd il müddətində Şimalın Birlik ştatları özlərinin fövqəl qüvvələrini səfərbərliyə almış və tədricən Cənubun Konfederat qüvvələrini darmadağın etmişdilər. Birliyi xilas etmək üçün başlayan müharibə bir qədər sonra həm də quldarlığa qarşı müharibəyə çevrilmişdi.

 

Linkolnun təşviş doğuran yuxusu

 

Abraham Linkoln bu vaxt yatırdı və ölüm yuxusunu görürdü. Qəflətən o, qeyri-təbii qaydada yuxudan oyandı, gözlərini qaranlığa saçdı.

 

Bir müddət bilmək istədi ki, görən, o, ölü ola və qəbirdə uzana bilərdimi. Sonra o, Merinin otağına keçdi, lakin arvadı orada yox idi. Dəhliz də boş idi. Linkoln əsgərlərin birinin yanından keçdi, onlar otağa girişi mühafizə etmək üçün durmuşdular. O soruşdu:

 

- Ağ Evdə kim ölmüşdür?

 

Əsgər dedi:

 

- Prezident.

 

Bu adam ona elə baxırdı ki, elə bil ki, o, görünən adam deyildir:

 

- O, qatil tərəfindən öldürüldü.

 

Sonra katafalkanın yanında olan qadın qəflətən qışqırdı. Linkoln öz çarpayısında yuxudan oyandı. Onun sifətini tər basmışdı. O bilmək istədi ki, görən, bu, nə deməkdir? Bu, mən idimmi, yoxsa başqası idi? Yuxular gələcəyin əksinə olurmu və ya yeni qaydada baş verir? O, uzun müddət qaranlıqda uzanıb, təəccüblənməyini davam etdirdi.

 

(Ardı var)

 

525-ci qəzet 2018.- 5 may .- S.22.