“Qatillə görüş”: sadəliyin cazibəsi

 

Şahanə MÜŞFİQ

 

Etiraf edim ki, yazıya başlamamışdan öncə fikrimdə fərqli, bədii, cəlbedici, bir az da qəliz cümlələr qurmuşdum. Amma elə ki yazmaq üçün masa arxasına keçdim, bütün cümlələr üzünü çevirib getdi, sanki “Sən elə bir müəllifdən və onun əsərindən yazırsan ki, burada bizə ehtiyac yoxdur, sən də sadə ol: onun özü və qələmi kimi!”- deyirdilər.

 

Haqlıdırlar!

 

Əjdər Ol adı çəkiləndə ilk yadıma düşən söz “sadəlik” olur. Əjdər müəllimi əvvəlcə şeirlərindən, sonra hekayələrindən, ən sonda isə şəxsən tanımışam. Və bütün hallarda bu “sadəlik” sözü sanki bizi qarabaqara izləyib. O, insan kimi də, şair kimi də, nasir kimi də təvazökarlığın simvoludur. Bu sadəlik mətnlərində də özünü göstərir. Onun mətnləri strukturu, mövzu və ideyası, sujet xətti ilə o qədər sadə, aydın və axıcı olur ki, istənilən oxucu çox rahatlıqla onları oxuya və anlaya bilər, bir stəkan sərin suyu başına çəkirmiş kimi...

 

Əgər bu “sadəlik” sözünün yanına bir “səmimilik” sözünü də əlavə etsəniz, elə bilin ki, Əjdər Ol yaradıcılığının portretini cızmısınız.

 

Onun “Qatillə görüş” hekayəsini ilk dəfə “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” kitabından oxumuşdum. Hekayədə ilk diqqətimi çəkən müəllifin iki xüsusiyyətinin çuğlaşması oldu: zahirindəki soyuqqanlılıqla daxilindəki səmimiyyət... Yazıçı təhkiyəsində nə qədər səmimidirsə, hadisələrə və qəhrəmanlarına münasibətində bir o qədər də soyuqqanlıdır. Bu cür ağır hadisəni soyuqqanlı şəkildə oxuya bilməyən bizlərsə, sadəcə müəllifin bu peşəkarlığına heyrət etməklə kifayətlənməli oluruq.

 

Əsər çox sadə, rahat və aydın təsvirlə başlayır. Buna təsvir demək də olmaz, sadəcə məlumat: “Universitetdə müəllimliyə başladığım ildi. Yaşca tələbələrimdən çox da böyük deyildim, qaynayıb-qarışmışdıq, mənə əməlli-başlı ərkləri vardı”. Bura qədər hər şey adi və gözəldir. Sonra nə olursa, oxucu gözünü on səhifəlik bir qəribəliyin içərisində açır...

 

Hekayəni oxuduqca sanki bütün əhvalatlar gözümün qarşısında canlanırdı. Halbuki müəllif bütün əsərlərində olduğu kimi, burada da uzun-uzadı təsvirlərdən, yersiz cümlələrdən qaçır, hər olay haqqında bir-iki cümlə deməklə kifayətlənir. Amma hiss edirsən ki, burada dərin bir həyat hekayəsi var. Mavi ekranda daha gözəl canlana biləcək bir hekayə...

 

Sonradan öyrəndim ki, mənim hekayə haqda düşündüklərimi artıq rejissor Ruslan Hüseyn öz təcrübəsindən keçirib və Azərbaycan kinosunda “Qatillə görüş” adlı bir ekran işi var. Hələ 2013-cü ildə çəkilən film təəssüf ki, müəyyən səbəblərdən yetərincə nümayiş olunmayıb.

 

Əjdər Olun sözügedən hekayəsinin ssenarisi əsasında rejissor Ruslan Hüseynin quruluşunda çəkilən film dedektiv janrında olsa da, hadisənin kökü sevgiyə, məhəbbətə söykənir. Universitetlərin birində tələbə qız Rəna gənc müəllimi olan Rasim müəllim ona vurulduqdan sonra günlərin birində yoxa çıxır. Rasim müəllim Rənanı sevsə də, aralarında olan müəllim-tələbə məsafəsini ön plana çıxararaq Rənanı axtarmır. Amma Rasim müəllim Rənanı heç vaxt unutmur. Digər tərəfdən, bir oğru bandası cinayətlər törədərək tamaşaçı nəzərində hadisələrin istiqamətini dəyişir.

 

Rejissorla bu əsərə müraciəti haqqında söhbət edərkən öyrənirəm ki, sən demə, o da Əjdər Ol yaradıcılığını sevənlərdəndir: “Əjdər müəllimin bir çox əsərlərini oxumuşam. Onun hadisələrə münasibəti və təsvirini çox bəyənirəm. Demək olar ki, onun bütün nəsr əsərləri film üçün bir ssenaridir. Bu hekayə də həmçinin. Hətta düşünürəm ki, mən əsəri ekranlaşdırarkən Əjdər müəllimin qələminin gücünü tamaşaçıya çatdıra bilmirəm. Əsər onun qələmində daha güclüdür, nəinki kamera qarşısında”.

 

Film tamamilə yeni kollektivi ilə diqqət çəkir. Ekran işinin quruluşçu operatorları Şəhriyar Köçərizadə və Ruslan Ağazadə, baş prodüsseri Etibar Hüseynovdur. Aktyorların çoxunu tamaşaçılar o qədər də yaxşı tanımır, yəqin. Filmdə Yusif Cəfərzadə, Elvina Qurbanova, Emiliya Qurbanova, Ruslan Ağazadə, Ruslan Hüseynov, Etibar Hüseynov, Şaban Şener, Sevinc Səfərova, Azər Qadaşov və başqaları rol alıblar.

 

Hekayədə olduğu kimi, filmdə də hadisələr birinci şəxsin - Rasim müəllimin (Yusif Cəfərli) dilindən danışılır. Gənc müəllim öz tələbəsi Rənaya vurulur. Rəna zəngin həyat yaşayan, dərsi, universiteti çox da vecinə almayan, sözü birbaşa üzə deyən qızdır. Deyəsən, elə müəllimi də bu sonuncu xüsusiyyəti ilə özünə cəlb edə bilir. Qabil müəllimin imtahanına hazır gəlməyən, bu da azmış kimi onunla mübahisə də edən gənc qız bütün tələbələrin kənarda, bucaqda danışdıqlarını, qorxularından dilə gətirə bilmədiklərini düz müəllimin gözlərinin içinə deyir: “Sizin dərslərinizdə darıxırdım”, “Siz maraqsız danışırsınız”, “Qabil müəllim bilsin ki, o, pis adamdır, tələbələr onu sevmirlər. Dalınca bircə xoş söz deyən yoxdur”.

 

Bəli, Rəna belə qızdır. Heç nədən və heç kimdən qorxmayan, həqiqətin gözlərinin içinə düz baxmağı bacaran, həyatı çox da ciddiyə almayan biri... Təəssüf ki, bu cür insanlar, illah da ki, qızlar cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bu və ya başqa şəkildə bu cür olmaqlarının bədəlini ödəyirlər.

 

Rəna da bunun bədəlini öz canıyla ödəyir...

 

Bu sujet həm hekayədə, həm də filmdə olduğu kimi qalıb. Amma təbii ki, filmdə rejissor əlavələri də olmalı idi. Ruslan Hüseyn də filmə bir neçə başqa paralel hadisələr və yeni personajlar əlavə etməklə hadisələri dedektiv janrın tələblərinə uyğun olaraq daha da müəmmalı şəklə salıb. Bu müəmma, hekayədə olduğu kimi, yalnız filmin sonunda açılır.

 

Filmin ilk səhnələrində Rəna öz rəfiqəsi Məhinlə (Emilya Qurbanova) qarşımıza çıxır. Evin tək qızı olan Məhin ölümcül xəstəliyə tutulub. Onun müalicəsini Rəna öz üzərinə götürür. Bu səhnədə biz Rənanın rəfiqəsi üçün necə narahat olduğunu, təlaşlandığını görürük. Qabil müəllimlə sərt və kobud davranan qız burada kövrək və həssasdır, çox sevdiyi rəfiqəsini ölümün pəncəsindən ala bilmək üçün hər cür fədakarlığa hazırdır. Gənc aktrisa Elvina Qurbanovanın maraqlı ifası ilə Rəna getdikcə gözümüzdə sirr pərdəsinə bürünür. O kimdir, nə işlə məşğuldur, hadisələrlə əlaqəsi nədir?! Bütün bu suallar filmin sonuna qədər tamaşaçını öz cazibəsində saxlayır.

 

Filmin ən uğurlu obrazlarından biri aktyor Yusif Cəfərlinin canlandırdığı Rasim müəllimdir. O, sevdiyi qız Rənadan fərqli olaraq, çox sakit, saf bir oğlandır. Hələ gənc yaşında ikən az qala öz yaşıdlarına dərs deməli olur. Bu da, təbii ki, onun düşüncələrində, hisslərində qarışıqlıq yaradır. Rasim müəllim həm də bir az kompleksli insandır. Bunu onun Rənayla söhbətində və Rəna haqqındakı düşüncələrində daha aydın görmək olar. Elə buna da səbəb tələbə-müəllim münasibətləridir. Ta əzəldən cəmiyyətimizdə müəllim-şagird, müəllim-tələbə arasında görünməz bir sədd olub. Bu səddi keçmək mümkün deyil. Müəllim hər zaman tələbəsi ilə məsafəli olmalı, tələbə müəlliminin hər bir hərəkətini, sözünü birmənalı qəbul etməli, ona hörmət bəsləməlidir. Rasim müəllim üçün də Rəna bir qızdan, qadından öncə onun tələbəsidir. Tələbəsini sevmək sanki bir ayıbmış kimi, o, bu hisslərini ciddi-cəhdlə gizləməyə çalışır. Bəs buna müvəffəq olurmu? Rasim müəllim bir həqiqəti unutmuşdu: sevgi varsa, mütləq üzə çıxacaq, onu gizləmək mümkün deyil! Elə son səhnədə Rənanın ölüm xəbərini alarkən yanaqlarından süzülən yaşlar kimi... Yusif Cəfərli bu obrazı özünəməxsus şəkildə oynayıb. Gənc müəllimin içindəki təlatümlər, əzab, fikir dolaşıqlığı və tərbiyəsindən qaynaqlanan ədəb-ərkan aktyorun üz cizgilərində, mimika və jestlərində əks olunub.

 

Başqa bir xətdə isə oğru bandası fəaliyyətdədir. Bu bandadakılar getdikləri təntənəli tədbirlərdə hansısa varlı ailəni gözaltı edib, onun haqqında məlumat toplayandan sonra münasib vaxtda evini soyurlar. Bandanın başçısı Sosu (Sevinc Səfərova) ləqəbli qadındır. Bandanın digər üzvü Nicatla sevgili olan bu qadın filmdəki digər qadınlardan tamamilə fərqlidir. O, elitar görünüşü ilə olduğu bütün yüksək səviyyəli məkanlarda insanları aldada bilir.

 

Bəzi filmlərdəki kimi burada da rejissor həm də aktyor olaraq qarşımıza çıxır. Oğru bandasının üzvü Nicatı filmin rejissoru Ruslan Hüseyn oynayır. Amma görünür ki, onun bu rolu nə rejissorluğuna, nə də aktyorluğuna mane olur.

 

Hadisələrin düyün nöqtəsi Rənanın yoxa çıxmasındadır. İmtahandan bir gün sonra üçün Rasim müəllimə görüş təyin edən gənc qız elə həmin gün yoxa çıxır. Yoxa çıxmamışdan öncə özü hazırladığı tortu bibisi oğlu vasitəsi ilə Rasim müəllimə çatdırır. Ancaq Rəna haqqında düşünən müəllim isə tortu gətirən uşağın üzünə belə diqqət etmir.

 

Film boyunca müxtəlif hadisələr, personajlar bir-birini əvəzləsə də, Rəna haqqında heç bir məlumat verilmir. Ta sona qədər...

 

Əjdər Ol hekayəsinin sonunda Rənanın başına gələn əhvalatı yaşlı müəllimin - Qabilin dili ilə Rasimə çatdırır. Sən demə, Rənanın bibisi bir oğru bandasının üzvü imiş. Tutulan banda üzvlərindən biri bibisini satır. Girdikləri evlərin birində Rəna da olduğundan həm Rəna, həm də bibisi elə imtahanın səhəri günü, yəni Rasim müəllimə görüş təyin etdiyi gün tutulurlar. Bunu özünə sığışdıra bilməyən bibisi oğlu isə (Rasimə tort gətirən) elə türmədəcə anasına bıçaq çəkir. Rəna araya girdiyindən bıçaq qızın ürəyindən dəyir, o ölür. İstintaq zamanı Rənanın heç nədən xəbəri olmadığı, günahsızlığı aşkarlanır. Təəssüf ki, çox gec...

 

Film isə bununla bitmir. Təkcə Rəna deyil, onun bibisi də günahsızdır. Banda başçısı Soso qadından oğurladığı yaxa sancağını girdikləri evlərdən birinə atır. Beləcə günah onların boynunda qalır... Davamı isə hekayədə olduğu kimidir.

 

Burada tamaşaçını bir sual düşündürür: Rənanın qatili kimdir? Uşaqlığından böyüklərin təlqin etdiyi, amma heç zaman mənasını tam açıqlamadığı namus, qeyrət, şərəf sözlərini qulaqlarında sırğa edib, bu sözlərin mənasını başa düşmədiyi halda hadisələrin mahiyyətinə varmadan əlinə bıçaq alan bibioğlu, günahsız insanları öz suçlarına alət edən o quldur dəstəsi, hadisələri elə göründüyü kimi qəbul etməyə alışmış, səbəb və nəticə axtarmayan cəmiyyət, yoxsa müəllimlik adına sığışdırmadığından sevgisini etiraf etməyə və sonra Rənanı axtarmağa cəhd etməyən Rasim müəllim? Məncə, hərəsi bir az təsirkardır.

 

Rejissor Ruslan Hüseyn sonluğu da özünəməxsus tərzdə yekunlaşdırır.

 

Rənanın ölüm xəbərini alan Rasim müəllim göz yaşları içərisində qızın qatili ilə görüşünü xatırlamağa çalışır: “Qabil müəllimdən ayrılandan sonra xeyli müddət Rənanın bibisi oğlunu xatırlamağa çalışdım. Ancaq görüşdüyümüz gün fikrim-zikrim Rənanın yanında olduğuna görə oğlanın üz cizgilərinə ötəri baxmışdım. Bu səbəbdən də heç cür onu gözümün qabağına gətirə bilmədim. Yəqin haçansa Rənanın qatili ilə üz-üzə gəlsəm, onu tanımaram”.

 

... Və 7 il sonra, saçları ağarmış Rasim müəllim küçədə cılız bir oğlanla qarşılaşır, onu harda gördüyünü xatırlamağa çalışsa da, alınmır...

 

525-ci qəzet  2018.- 5 may.- S.17.