Vətənsevərlikdə və maarifpərvərlikdə Xəlil ağa Hacılarov örnəyi

 

100 il bundan əvvəl Naxçıvana erməni-daşnak quldur dəstələrinin hücumu başlanan kimi Naxçıvanın vətənpərvər qürurlu oğulları tutduğu mövqelərdən asılı olmayaraq Naxçıvana qayıtdılar.

 

Daşnakların onların himayədarları olan xarici müdaxiləçilərin qarşısını almaq üçün onlar qətiyyətlə doğma Naxçıvanın müdafiəsinə qalxdılar. Həmin illərə aid olan sənədləri öyrənərkən bu vətənpərvər oğullar içərisində Xəlil ağa Hacılarovun da adına tez-tez rast gəlinir.

 

1919-cu il 30 yanvar tarixli bir sənəddəki məlumata görə, təşkil edilmiş komissiyanın tərkibində Xəlil ağa da vardır. 1920-ci ildən sonra ancaq maariflə bağlı sənədlərdə adı çəkilən Xəlil ağanın 1918-1920-ci illərdəki fəaliyyəti haqqında o qədər yazılmayıb. Xəlil ağanın adı yazıçı Əli Səbri Qasımovun Əziz Şərifin xatirələrində hörmətlə çəkilir.

 

Xəlil ağa İsmayıl ağa oğlu Hacılarov 1892-ci ildə (bəzi sənədlərdə 1895-ci il) Naxçıvan şəhərində doğulmuşdu. O, 1906-cı ildə Naxçıvan şəhər məktəbini, 1913-cü ildə isə Qori Müəllimlər Seminariyasını bitirmişdi. Bir müddət müəllimlik etdikdən sonra təkrar təhsilini davam etdirmək üçün Tiflisə qayıdır. Baxdığımız sənədlərdə onun Stavropol Ali Pedaqoji İnstitutunda Tiflis Aleksandrovski Müəllimlər İnstitutunda təhsil alması haqqında məlumatlara rast gəlinir.

 

1918-ci ildə Naxçıvana qayıdan Xəlil ağa Naxçıvan şəhərindəki ibtidai məktəbdə müəllim işləyir. O illərdə müəllim işləməklə yanaşı, Naxçıvanda yaradılan Araz Türk Respublikasının fəal üzvlərindən olur. Onun ata babası Həşim ağa çar Rusiyasının hökmranlıq etdiyi illərdə Naxçıvanın pristavı vəzifəsində çalışıb. Xəlil ağanın təhsil almasında onun yaxın qohumu polkovnik Əbülfət ağa Şahtaxtinskinin böyük köməyi olub. Ancaq Xəlil ağanın Şahtaxtinskilərlə necə qohum olduqlarını ətraflı öyrənmək mümkün olmasa da, onun Tiflisdə təkrar ali təhsil almasında, o vaxtlar Qafqazda çox böyük nüfuzu olan Əbülfət ağa Şahtaxtinskinin rolu vardı.

 

Araz Türk Respublikasının əldə edilən sənədlərini öyrənərkən aydın olur ki, həmin illərdə Xəlil ağanın adı həmişə böyük şair dramaturq Hüseyn Cavidlə birgə çəkilir. Onun rus dilini mükəmməl bilməsi bir çox müraciətlərin məktubların hazırlanmasında əsaslı yardım göstərmişdir.

 

Naxçıvanda sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvan MSSR-in torpaq işləri üzrə xalq komissarının müavini təyin edilir. 1922-ci ildən 1928-ci ilə qədər Naxçıvan MSSR-in Xalq Maarifi Komissarlığının kollegiya üzvü olan Xəlil ağa Hacılarov Naxçıvanda qısamüddətli pedaqoji kursların, bir sıra məktəblərin təşkil olunmasında böyük xidmətlər göstərir. Onun gördüyü bu işlər haqqında olan sənədlər Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunur.

 

Xəlil ağa Hacılarovun "zikur" "ünas" pedaqoji texnikumlarında pedaqoji fəaliyyəti tədqiqatçı alimlər İbrahim Mollayev Nazim Məmmədov tərəfindən tədqiq edilib. Ona görə bu haqda geniş söhbət açmayacağıq. Naxçıvan MSSR Xalq Komissarları Sovetinin tapşırığı ilə Xəlil ağa Naxçıvan Pedaqoji Texnikumunu yaradıb. Onun özünü texnikuma müdir təyin etmişlər. 1927-ci ildə texnikumun ilk buraxılışı olur. Sovet hakimiyyəti illərindəki sənədlərdə sadəcə Xəlil Hacılarov yazılan Xəlil ağanı zadəgan mənşəyinə görə həmişə təqib edirdilər. Əgər o illərə aid sənədləri izləsək, bunun şahidi olarıq.

 

Ümummilli liderimiz Heydər Əliyev Naxçıvana gələrkən etdiyi tarixi çıxışlarının birində naxçıvanlı doktor Məmmədtağı Sultanov onun təqib olunması haqqında ətraflı danışmışdı. Naxçıvanda hamının "doktor Sultanov" deyə müraciət etdiyi həkimin yaşadığı gözəl mülk Zaviyə məhəlləsində, Bazarçayın sahilində idi. Alim Əziz Şərifin atası ilə divar-divara qonşu olan Sultanovlar Xəlil ağanın yaxın qohumları idilər. Xəlil ağanın qızı rus dili müəllimi olan Gülnarə xanım doktor Sultanovun oğlu Polad həkimin həyat yoldaşı idi. Bir az da irəliyə getsək, həm Sultanovların, həm Hacılarovun Nehrəmdə geniş torpaq əraziləri var idi. Maraq üçün deyək ki, dövlət xadimi yazıçı N.Nərimanovun xalası Fatmanisə xanım doktor Sultanovun anası idi. Polad bəyin qızı İsmət xanım Balabəy Aşurbəyovun həyat yoldaşı olduğundan təqib edilənlərin siyahısında onlar da vardı. Bütün bu təqiblər Xəlil ağanın da həyatından yan keçmədi.

 

1928-ci ildə Xəlil ağa Tiflisə köçməyə məcbur olur. O, 1941-ci ilə qədər Tbilisi Azərbaycan Pedaqoji məktəbinin fəhlə fakültəsinin dərs hissə müdiri işləyir. Xəlil ağa 1939-1950-ci illərdə A.S.Puşkin adına Tbilisi Dövlət Müəllimlər İnstitutunun Azərbaycan şöbəsində baş müəllim işləməklə bərabər, eyni zamanda, həmin şöbənin müdiri olub. 1950-1957-ci illərdə isə Gürcüstanın ayrı-ayrı məktəblərində dərs müdiri müəllim işləyib.

 

Xəlil ağa, necə deyərlər, gözdən uzaqda yaşamaqla onu izləyən təhlükələri özündən müəyyən qədər uzaqlaşdırmağa nail olmuşdu. Qürbətdə Naxçıvan həsrəti ilə yaşasa da, qəlbən bağlandığı pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş, buna görə bir sıra orden medallarla təltif edilmişdir.

 

1957-ci ildən təqaüdə çıxsa da, ömrünün sonunadək pedaqoji təcrübəsini gənc müəllimlərə öyrətmişdir. Keçən il Tbilisidə olarkən onun bir vaxtlar işlədiyi Azərbaycan məktəbinə getdim. Çox maraqlı bir faktla rastlaşdım. Hələ onu həmin məktəbdə hörmətlə xatırlayırlar. Başqa bir həmyerlimizin qızı Nazlıbəyim Şahtaxtinskaya (İsa Sultanın qızı) da onunla həmin məktəbdə işləyib. Gürcüstanın Əməkdar müəllimi Xəlil ağa 1970-ci ildə Tbilisidə vəfat etmişdir. Yeri gəlmişkən, Xəlil ağanın iki oğlu da maarif sahəsində tanınmış pedaqoqlar olmuşlar. 1925-ci ildə Naxçıvanda anadan olan oğlu Kamal 1943-cü ildə Tbilisidəki 43 nömrəli rus orta məktəbini bitirib, Dmitrov adına Tbilisi aviasiya zavodunda usta köməkçisi, sonra isə müstəqil usta kimi işləyir. O, 1945-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat şöbəsinə daxil olur 1949-cu ildə oranı bitirir. Elə həmin ildən həyat fəaliyyətini xalq maarifinə bağlayan həmyerlimiz 1973-cü ildə Gürcüstanın əməkdar müəllimi fəxri adına layiq görülür. O da atası Xəlil ağa kimi bir çox medalların, fəxri fərmanların  döş nişanlarının sahibidir.

 

Tbilisidə çox böyük nüfuz sahibi olan Kamal müəllim 1981-ci il yanvarın 6-da vəfat edib. Tblisinin Nutsubidze küçəsində naxçıvanlı Xəlil ağanın varislərinin bu gün də yaşadığı bir ev var. Burada yaşayanların qəlbində kövrək bir nəğmə çalınır. Həmin nəğmədəki vətən həsrəti-Naxçıvan həsrətidir. Bir vaxtlar doğma Naxçıvanı quldur yağı daşnaklardan qoruyan Xəlil ağa ilə Tbilisidə və Naxçıvanda öyünməyə, qürur duymağa mənəvi haqları var.

 

Musa RƏHİMOĞLU (Quliyev)

AMEA Naxçıvan Bölməsi Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2018.- 8 may.- S.8.