Məryəm Əlizadə: "Şuşalı günlərimin xiffətini çəkirəm"

"MƏNİM ÜÇÜN ŞUŞANIN İŞĞALINDAN BÖYÜK FACİƏ YOXDUR"

 

Müsahibimiz Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Məryəm Əlizadədir.

 

- Məryəm xanım, bu gün cəmiyyətimizdəki hərbi vətənpərvərlik ovqatını necə dəyərləndirirsiniz?

 

- Mən müəlliməm, daha çox gənclərlə işləyirəm. Müşahidələrimə əsasən tam inamla deyə bilərəm ki, torpağını, yurdunu sevən vətənpərvər bir gənclik yetişib. Aprel döyüşləri gedən günləri yaxşı xatırlayıram. Gənclər həmin vaxtlar heç bir çağırış gözləmədən orduya yollanmağa hazır idilər. Halbuki onlara heç kim səfərbər olmaq əmri verməmişdi. O günlərdə gənclərin hərbi vətənpərvərlik hissləri coşmuşdu. Onlar özlərini yurdumuzu qorumağa hazır hesab edirdilər. Əgər həmin ərəfədə Ali Baş Komandanın əmri olsaydı, gənclərimiz yurdumuzu işğalçılardan azad etmək üçün döyüşlərə atılmağa və düşməni məhv etməyə yollanacaqdılar. Bu, çox müsbət haldır. Vətənpərvərlik elə bir hissdir ki, o, insanda birdən-birə formalaşmır. Yaşadığımız mühit özü vətənpərvər gənclər hazırlayır. Həmişə qəhrəman olan Azərbaycan xalqı tarixdə pozulmaz izlər qoyub. Qədim tariximizə boylananda çox şərəfli səhifələr görürük. Qəhqəmanlıq ənənələri bu gün də gənclərin qanında yaşamaqdadır. Bu gün cəmiyyətdə vətənpərvərlik ovqatı yüksəkdir. Amma düşünürəm ki, bu, azdır. Axı biz, müharibə şəraitində yaşayırıq, torpaqlarımızın iyirmi faizindən çoxu ermənilər tərəfindən işğal edilib. Ona görə də tədris ocaqlarında bu istiqamətdə çox ciddi işlər aparılmalıdır və aparılır da... Vətənimiz, müstəqilliyimiz naminə hamımız çalışmalıyıq. Yurdumuzu qorumaq bizim vətəndaşlıq borcumuzdur.

 

- Müharibələr zamanı ölkə vətəndaşlarının üzərinə qaçılmaz vəzifələr düşür. Hamı yalnız qələbə naminə çalışmalıdır. Sizcə, müharibə gedən günlərdə yazıçı və şairlər, ümumiyyətlə, yaradıcı adamlar nə etməli, hansı addımları atmalıdır?

 

- Hər bir vətəndaş məsuliyyət hissini unutmamalıdır. Müharibə gedən ölkədə qələbə naminə bir vətəndaş kimi şair, yazıçı, rəssam, bəstəkar, teatr və kino xadimlərinin da üzərinə müəyyən vəzifələr düşür. Düzdür, yaradıcı insanlar bu istiqamətdə müəyyən işlər görüblər, müharibə mövzusuna müxtəlif əsərlər həsr ediblər, filmlər çəkiblər. Acı olsa da deyim ki, bütün bu əsərlər hələ istənilən bədii səviyyəyə yüksəlməyib, hədəfə düzgün istiqamətlənməyib. Müharibə mövzusunda olan əsərlərin çoxu ağlaşma, ahu-zar və göz yaşlarından ibarətdir. Gəlin bir anlıq düşünək, baxaq görək belə zəif əsərlərlə gəncliyi necə ruhlandırmaq olar? Bununla cəmiyyətin içinə necə gedə bilərik? Bu günlərdə mətbuat səhifələrində Xalq yazıçısı Elçinin bir məqaləsini oxudum. O, sozügedən məsələlərə daha tutarlı faktlarla toxunur və çox haqlı olaraq təəssüflənir ki, müharibə mövzusunda elə bir dəyərli, dünya ədəbiyyatı səviyyəsinə çıxarılması mümkün olan əsərlər yazılmayıb. Məncə, bu mövzuda elə əsərlər yaranmalıdır ki, onların bədii səviyyəsi yüksək olsun, insanları düşmən üzərinə səfərbər edə bilsin. Bu əsərlər o qədər təsirli olmalıdır ki, hər bir vətəndaşın içindəki vətəndaşlıq hissini oyatsın. Ən başlıcası da odur ki, müharibə mövzusuna köklənmiş əsərlərdən qələbə qoxusu gəlməlidir.

 

- Böyük Vətən müharibəsi illərində yazıçı və şairlər qələmə sarılıb xalqı, döyüşçüləri qələbəyə ruhlandıran əsərlər yazdılar. Amma Qarabağ müharibəsində biz bu fəallığı müşahidə etmədik. Sizcə, bu, nədən belə oldu?

 

-  Doğrudan da, o dövrdə Böyük Vətən müharibəsindən bəhs edən bədii cəhətdən çox güclü əsərlər yaradıldı, filmlər çəkildi. O vaxtlar bizim görkəmli şairlərimiz Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza və başqaları tez-tez cəbhə bölgələrinə gedir, azərbaycanlı döyüşçülər qarşısında çıxış edir, onları qələbəyə ruhlandırırdılar. Bu sənətkarların qələmindən çıxan bədii əsərlər cəmiyyəti müharibəyə səfərbər edə bilirdi. Üstündən uzun zaman keçməsinə baxmayaraq, bu əsərlər bədii dəyərini bu gün də qoruyub saxlayır. Böyük Vətən müharibəsindən bəhs edən filmlər günün bu günündə də sevilə-sevilə baxılır. Deməli, bədii dəyəri yüksək olan əsər həmişə tamaşaçı və oxucu rəğbəti qazanır. Təəssüf ki, Qarabağ müharibəsi zamanı bu fəallığı görmədik. Çox istərdim ki, bizim sənətkarlarımız və ədəbiyyat xadimlərimiz bu mövzuya biganə qalmasınlar. Cəmiyyəti Vətənin müdafiəsinə səsləmək gücündə olan əsərlər yaratsınlar. Aprel döyüşləri bir daha sübut etdi ki, bizim ordumuz, əsgərimiz çox güclüdür. Deməli, güclü döyüşçüdən zəif əsərlər yazmaq bizə heç bir uğur vəd etmir. Gərək sənətkar mövzuya böyük önəm versin, işinə məsuliyyətlə yanaşsın, onu dərindən duyub içindən keçirsin. Müharibə mövzusuna səthi, ötəri yanaşmaq yolverilməzdir. Məncə, yaradıcı adamların devizi belə olmalıdır: güclü ordu, güclü əsgər və güclü əsər. Bu məşhur deyimi də heç vaxt unutmamalıyıq: Hər şey qələbə üçün, hər şey cəbhə üçün. Müharibə şəraitində yaşadığımız indiki çağlarda bu, hər birimizin, hər günümüzün şüarı olmalıdır. Yaradıcı insanlar isə həmişə ön sıralarda getməlidir.

 

- Məryəm xanım, necə fikirləşirsiniz, qələm silaha nə vaxt, hansı anlarda, hansı zamanlarda çevrilməlidir?

 

- Məncə, qələm də silah kimi elə bütün zamanlarda güclü və kəsərli olmalıdır. Yeri gələndə, məqamı yetişəndə isə bu kəsər, bu itilik daha da artmalıdır. Müharibə şəraitində qələm, səs və söz böyük səfərbəredici gücə malikdir. Üçü bir vərəqdə, bir musiqidə, bir əsərdə birləşəndə daha güclü və yenilməz olur. Müharibə vaxtı yerində və vaxtında deyilən söz çox şeyi həll edə bilər. Məncə, hətta səsin də rolu böyükdür. Böyük Vətən müharibəsi illərində Levitanın səsində nə qədər səfərbəredici qüvvət və qüdrət var idi. Qarabağ müharibəsi barədə operativ məlumatları ictimaiyyətə çatdıran Şəmistan Əlizamanlının səsi çox təsirlidir. Onun oxuduğu mahnı və marşlar isə hər kəsin zövqünü oxşayır, vətənpərvərlik hisslərini coşdurur. Böyük Vətən müharibəsinin təcrübəsini unutmamalıyıq. O dövrü əks etdirən həm bədii, həm də sənədli filmlərdə güclü qələbə ovqatı var. Düşünürəm ki, elə filmlər telekanallarda tez-tez nümayiş etdirilməlidir. Bir də ki, vətənpərvərlik ruhlu verilişlərin meydanını genişləndirmək işimizin xeyrinə olardı. Bu verilişlərə müharibə mövzusunda danışmağa mənəvi haqqı olanlar, vətəndaş mövqeyi nümayiş etdirən insanlar dəvət edilsə, daha yaxşı olar. Onda gənclər də elələrinə baxıb nümunə götürərlər. Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında təbliğat vasitələrinin rolu böyükdür. Biz torpaqlarımızın iyirmi faizdən çoxunun düşmən tapdağı altında qaldığını bir an belə unutmamalıyıq. Yurdumuzun qəsbkarlardan azad olunması üçün hər birimiz bir vətəndaş kimi üzərimizə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməliyik. Bu, təkcə mənim deyil, bütün ziyalıların fikridir. Böyük Vətən müharibəsi illərində çox qısa bir zaman içində qələmlər silaha çevrilib qələbəyə xidmət etdi. Bu təcrübədən biz də yararlanmalıyıq.

 

- Müharibə rahat günlərimizə gərginlik qatıb ovqatımızı korladı. Ağ günlərimizin rəngi dəyişdi. Müharibəyə qısaca necə tərif vermək olar?

 

- Müharibə dağıdıcı bir qüvvədir. Müharibəni həyatın məhvi, dünyanın sonu adlandırardım. Yüz illərlə qurulan şəhərləri müharibə bir neçə günün içində dağıdıb yerlə yeksan edir. Mərmilər min illik tarixi abidələri bir göz qırpımında yer üzündən silir. Hansı ki, bu abidələr bəşəriyyət tarixinin inciləridir. Amma müharibə tərəfdarı olanlar sanki insan qanına susayıblar, bütün baş verənləri görmək və duymaq istəmirlər. Maddi maraq insanlığı, humanistliyi üstələyib. İnsanlara yalnız ölüm və acı göz yaşları gətirən müharibələr yer kürəsini məhvərindən çıxarır, onun inkişafının, yaşamasının qarşısını alır. Televiziya ekranlarından Suriyanın dağıdılmış, yandırılmış, daşı-daş üstündə qalmayan şəhərlərinə baxanda göz yaşlarımı saxlaya bilmirəm. Yer üzünün bütün humanist insanları müharibəni pisləməlidirlər. Görkəmli ziyalılar sinəsini irəli verib milli mənəviyyatımızın keşiyində dayanmalıdır. Əgər müharibə insanlara ölüm, bəşəriyyətə fəlakət gətirirsə, dünyanın harasında olursa-olsun uca səslə ona "yox" deyilməlidir.

 

- Sizin həyatınız, ömrünüzün bir parçası Şuşa ilə bağlıdır.

 

- Mən Bakıda dünyaya göz açmışam, amma uşaqlığım Şuşada keçib. Yeddi il Şuşada, Malıbəylidə nənəmin yanında qalmışam. Babam Səlim bəyin həm Şuşada, həm də Malıbəylidə evi var idi. Mən milli dekorativ sənət nümunələrini çox sevirəm. Çünki onlar özlərində tarixin izlərini yaşadırlar. Həm Şuşadakı, həm də Malıbəylidəki evimizdə çoxlu milli dekorativ sənət nümunələri var idi. Marağımı görən yaxın qohumlar da evlərindəki milli dekorativ sənət nümunələrini mənə bağışlayıb deyirdilər ki, Məryəm, sən bunları qoru, saxla. Mən də imkan daxilində onları toplayırdım. Demək olar ki, həm Malıbəylidə, həm də Şuşadakı evimizdə muzey yaratmışdım. Burada bütün qədim alətlərimiz, dübək, fərməş, xalça, palaz, gümüş toqqa və bilərziklər, məcməyi, parç və sairlər var idi. Bütün bunlar mənim üçün bir dünya idi. Təəssüflər olsun ki, Şuşa işğal olunan ərəfədə mən bu sənət nümunələrini şəhərdən çıxara bilmədim. Çünki mən o yerlərin düşmən əlinə keçəcəyinə heç vaxt inanmırdım. Bir vaxtlar əzab-əziyyətlə topladığım milli dekorativ sənət nümunələrimiz torpaqlarımızla bərabər düşmən əlinə keçdi. İndi yəqin ki, gavurlar həmin sənət nümunələrinə də sahib duraraq aparıb qoyublar muzeylərinə. Həmin milli dekorativ sənət nümunələrini öz adlarına çıxıb erməni xalqının "qədimliyindən" dəm vururlar. Düşmən belə şeylərə vərdiş edib. Ermənilər həm torpaqlarımıza, həm sənət əsərlərimizə, həm musiqimizə, həm mətbəximizə, ümumiyyətlə, yaxşı nəyimiz varsa hamısına sahib durmağa çalışırlar. Mənə elə gəlir ki, ermənilərin içində xalqımızın böyüklüyünə, tarixi qüdrətinə, yüksək mədəniyyətinə, qəhrəmanlığına bir qibtə, xainlik, gözü götürməməzlik var. Qəribədir, daşnaklar özümüzə düşmən gözü ilə baxırlar, amma xalqımızın yaratdığı maddi-mənəvi nemətlər o qədər xoşlarına gəlir ki, onlara yiyə durmağa çalışırlar. Çox anormal bir cəhddir. Bu yaxınlarda beynəlxalq simpoziumda iştirak etmək üçün İstanbula getmişdim. Universitet rektoru məruzəmi bəyəndiyi üçün məni yüksək maaşla həmin ali təhsil ocağına işləməyə dəvət etdi. Vətənimdən ayrıla bilmədiyim üçün imtina etdim. Mən milli ziyalıyam, kökümlə bu Vətənə bağlı insanam,  başqa yerdə yaşamağı təsəvvür edə bilmirəm. Düzdür, Türkiyə də mənə çox əzizdir. Amma doğma vətəndə yaşamaq daha yaxşıdır.

 

- Yəqin ki, Şuşa və Malıbəyli ilə bağlı xatirələriniz bitib-tükənən deyil...

 

- Birinci sinfin sentyabr ayını Malıbəylidəki məktəbdə oxumuşam. Sonrakı illər yay tətillərində Qarabağa gedirdim. Beləcə, illər ötüb keçir, mən də yavaş-yavaş böyüyürdüm. Mən o yerlərə çox bağlı bir insanam. Qarabağ torpağı mənim üçün çox əziz və doğmadır, çünki yurd yeridir. Bu yaxınlarda Respublika Xalça Muzeyinin əlli illiyi ilə bağlı tədbirə qatılmışdım. Sənətşünas yoldaşlardan biri yaxınlaşaraq dedi ki, Məryəm xanım, xəbəriniz varmı ermənilər Amerikada xalça sənəti ilə bağlı beynəlxalq bir mərkəz yaradıblar? Həmin mərkəzin embleminə isə sizin havasını udub, suyunu içdiyiniz Malıbəyli kəndinin şəklini qoyublar. Bu xəbərdən çox məyus oldum. Bilirsinizmi, Malıbəyli kəndi xalçaçılığın ən qədim məskənlərindən, mərkəzlərindən biridir. Şuşa bəylərindən olan Səlim bəyin xanımı İmmi nənəm el-obada ən məşhur xalça toxuyan idi. Görkəmli rəssam və xalçaşünas alimimiz Lətif Kərimov tez-tez Malıbəyliyə gələrdi. O, kənddə xalça sexi açmış və həvəskar qadınları işə dəvət etmişdi. Dəfələrlə də nənəmin yanına gəlib xahiş etmişdi ki, gedib o qadınlara xalça toxumağı öyrətsin. İmmi nənəm də bu böyük sənətkarın sözünü yerə salmamışdı. Kənddə nənəmin barmaqlarının izi qalmış xalçalar çox idi. Onlardan birini də mən evimdə göz-bəbəyim kimi qoruyub saxlayıram.

 

Doğma yerlərimizi işğal edən ermənilər beynəlxalq xalça mərkəzi açmaqla demək istəyirlər ki, yəni biz Malıbəylini ələ keçirmişik, burada nə varsa hamısı bizimdir. Amma yamanca səhv edirlər... Şuşanın işğalıdan, sözün həqiqi mənasında, sarsıldım. Babamın yurdu düşmən əlinə keçmişdi. Mənim üçün bundan böyük faciə yoxdur. İndi Şuşalı günlərimin xiffətini çəkirəm. O vaxtlar indikindən cavan idim. Həmin günlərdə qərara gəldim ki, əgər qadınları da müharibəyə səfərbər etsələr, birinci mən gedəcəyəm. Döyüşüb vuruşmasam da, hansı işlərdəsə əsgərlərə kömək edərəm. Belə hisslər insanı qürurlandırır. Əzizlərimin çoxu Malıbəylidə dəfn olunub. Ermənilər doğma ocaqlarımızı zəbt etdikdən sonra qəbirləri də dağıdıblar. Düşmən o yerlərdə azərbaycanlıların yurd yerlərinin  izini silmək üçün belə edir. Erməni vəhşiliyinin sərhəddi yoxdur. Qardaşımın oğlu, babamın adını daşıyan Səlim rəssamdır. O, həm Malıbəylidəki, həm də Şuşadakı evimizin rəsmlərini yağlı boya ilə işləyib. Həmin əsərləri evimizin ən baxımlı yerindən asmışam. O rəsmlərə baxdıqca Şuşalı, Malıbəylili günlərim kino lenti kimi gözlərim önündən gəlib keçir. Bu həsrətə dözmək çox çətindir.

 

- Qeyd etdiyiniz kimi, siz  gənclərlə işləyirsiniz. Tələbələriniz təhsillərini bitirəndən sonra hərbi xidmətə yollanırlar. Ordu sıralarında olarkən onlarla hansı bir formadasa əlaqə saxlaya bilirsinizmi?

 

- Bəli, əhatəmdə olanlar həm gənclər, həm də yaradıcı insanlardır. Mən tələbələrimə də dost gözü ilə, gələcəyin sənətkarları kimi baxıram. Onlar təhsillərini başa vurandan sonra böyük həvəslə ordu sıralarına yollanırlar. Həmin günlərdə tələbələrin gözlərində sevinc parlayır. Onları belə ovqatda görəndə ürəyim qürurla dolur. Sevinirəm ki, bu oğullar sabahımızın əsgərləri olacaqlar. Tələbələrim hərbi xidmətə gedəndə bir-bir hamısı gəlib mənimlə görüşürlər. Hamısını bağrıma basıb xeyir-dua verirəm. Tapşırıram ki, hərbi işi yaxşı öyrənib döyüşlərdə uğur qazansınlar. Mən hərbi xidmətə yollanan tələbələrimə Qarabağın, Şuşanın xilaskarı kimi baxıram. İnanıram ki, onlar yurdumuzun azadlığı uğrunda qəhrəmanlıqla vuruşacaqlar. Məzuniyyətə gələndə mənimlə görüşüb ordu həyatından həvəslə danışırlar. Onlardan xoş sözlər eşitdikcə ürəyim dağa dönür. Şükürlər ki, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində ordu quruculuğunda uğurlu islahatlar həyata keçirilir. Nəticə göz qabağındadır. Hər şey kökündən dəyişilib, yenilənib. İndi ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etməyə qadir və hazırdır. Bir vətəndaş kimi bu, məni çox sevindirir.

 

- Siz sənətşünassınız. Sənət və müharibə, yaxud əksinə, müharibə və sənət. Bunların bir-birinə təsiri, yaxud əks-təsiri varmı?

 

- Görkəmli teatr xadimi, dramaturq Bertold Brextin müharibə mövzusunda "Kuraj ana və uşaqları" adlı məşhur bir pyesi var. Çox təsirli və düşündürücü əsərdir. Müharibə nədirsə, nə qədər dağıdıcı, məhvedicidirsə, B.Brext bu pyesində onu yüksək bədii ustalıqla, həm də bütün çılpaqlığı ilə təsvir edir. Mən arzu edərdim ki, bizdə də belə əsərlər yaransın. Rejissor, Xalq artisti Rafiq Əliyev həmin pyesi bir neçə il əvvəl Azərbaycan Dövlət Dram Teatrında hazırlamışdı. Tamaşaya baxanda da, pyesi oxuyanda da müharibəyə nifrət edirsən, yer üzündə müharibələrin olmasını istəmirsən. Pyesdə müharibənin törətdiyi insan faciələrinin bütün dəhşəti göstərilir. Bu pyesdə müharibənin bədii təsvirində sənət və sənətkar qələbə çalır. Əsəri oxuduqca təsvir olunan hadisələrdən təsirlənirsən, hisslərin coşur, fikirlərin dəyişir. Bax, sənətin gücü də bundadır. Yazıçı tərənnüm etmək istədiyi ideyanı oxucuya bədii vasitələrlə çox ustalıqla çatdırır.

 

- Müharibə mövzusunda yazılmış əsərlər sizdə hansı hisslər oyadır?

 

- Bu mövzuda əsərləri oxuduqca adamın içində müharibəyə də, onu törədənlərə qarşı da yalnız nifrət hissləri oyanır. Amma ağır olsa da, belə əsərləri oxumaq lazımdır. Çünki hamısı müharibənin əleyhinə yazılıb.

 

- Aprel döyüşləri cəmiyyətin Silahlı Qüvvələrə olan münasibətini kökündən dəyişdi, xalqın orduya sevgisi artdı. Bu döyüşlər barədə də fikrinizi bilmək istərdik.

 

- Ordu hər birimizin qürur mənbəyidir. Aprel döyüşləri gedən günlərdə uğurlarımıza çox sevindim. Ordumuza olan sevgim artdı. Mən həmin günlərdə bir daha gördüm ki, analar necə də qəhrəman oğullar doğublar. Aprel döyüşünün iştirakçıları da, şəhidləri də bir daha göstərdilər ki, Vətən onlara gənc həyatlarından da, canlarından da əzizdir. Deməli, Vətən hər şeydən yüksəkdir.

 

Mən Silahlı Qüvvələrimizin şəxsi heyətinə xidmətlərində uğurlar və qələbələr arzulayıram. Xalqımız bu gün torpaqlarını qorumağı onlara etibar edib. İnanıram ki, zabit və əsgərlərimiz qəhrəmanlıqları və hünərləri ilə xalqımızın etimadını doğruldacaq və bizi yeni qələbələri ilə sevindirəcəklər. Möhtərəm prezidentimiz, Silahlı Qüvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir əmrinə hazır olacaqlar.

 

Vahid MƏHƏRRƏMOV

525-ci qəzet.- 2018.- 8 may.- S.4.