Dünyanı daha aydın görən şair

 

Əflatun dünyanın təzadlarına - kədərli-sevincli, acılı-şirinli, yoxuşlu-enişli, ölümlü-yaşantılı bu aləmin hikmətinə gənclik illərindən müdrikliklə baxmağı bacaran bir şairdir.

 

Bu müdriklik, demək olar ki, onun hər bir şerində özünü göstə-rir. Əgər desələr ki, Əflatunun poeziyasını səciyyələndirən əsas cəhət nədir, mən birinci növbədə onun şeirlərinə hər şeydən çox aid olan ümumiləşdirmə gücünü, şairin bu aləmdən aldığı təcrübənin yekunu kimi səslənən hikmət dolu misraları, bəndləri göstərərdim. Hər bir şeirində duyub-düşündüyü həyat həqiqətlərinin ümu-miləşmiş obrazını yarada bilməsidir Elə buna görə də şeir oxumağın mümkün olmadığı bu aləmdə Əflatunun şeirlərini oxumaq olur. Həm məhəbbət lirikasında, həm ictimai-siyasi, fəlsəfi şeirlərində bu cəhəti görmək mümkündür. El gözəllərinin, saf və sevimli vətən qızlarının təsvirinə həsr olunmuş şeirlərində məhəbbət aləminin şair beynində ümumiləşmiş obrazları ilə tanış oluruq:

 

İlk məhəbbət məktubunu yazanda

Qızlar məhəbbətdən şeir istəyir.

 

Sən demə, dünyanın səadət yolu

Görüş yerimizdən gəlib keçirmiş.

 

Məhəbbət məhəbbət romanı deyil,

Bir gündə oxuyub çıxasan başa.

Sənin məhəbbətin - ağac yarpağı,

Mənim məhəbbətim - sadiq budaqdır.

 

Bir an barmaq saxla, bəstəkar bacım,

Qadının öz qəlbi elə nəğmədir.

 

"Hicran cəza imiş eşq qanununda", "Sənsiz qürbət imiş, demə, vətən də", "Sevib-sevilməyi gözəl olanın Gözündə yarı da gözəl olubdur", "Gəlin gözəllikdən sevgi ummayaq, Sevgidən gözəllik ummalıyıq biz", "Bu ilahi gözəlliyin vəsfinə Şair kimdi, ulu tanrı söz desin", "Sevgi payızından tez bezmə hələ, Qabaqda sevginin sərt qışı durur", "Güneyin oluram - səni isidən, Sən məni üşüdən qüzey olursan", "İkili bir dünya yaratmışıq biz, Bəlkə də, sən onun şimal qütbüsən", "Məhəbbət görmüşəm ömrü qısadır Sevgi məktubunun sətirlərindən" ... kimi misra və beytlərdə hicranın ağrıları, sevgidə paklıq, təmizlik, gözəlliyin qüdrəti, sevginin əzabları, sevgilinin soyuqluğu, ötəri məhəbbətin qısa ömrü barədə şair xəyalının yaratdıqları təbii və təsirli aforizmlər kimi səslənir

 

Əflatun da, hər şeydən əvvəl, gözəllik şairidir; gözəllərin və gözəlliyin vəsfi onun yaradıcılığının daha çox görünən tərəfidir. Gözəli də, gözəlliyi də, aşiqin vurğunluğunu da ustalıqla təsvir edir. Bu cür şeirlər onun həyata, insan və təbiət gözəlliklərinə xoş və nikbin münasibətindən irəli gəlir, "Güldür, çiçəkdirsə dağın ətəyi, O dağın günəşli zirvəsi vardır" - deyən şair günəşli zirvələri, ümidli günləri yüksək qiymətləndirir. Şair qəlbi çox kövrəkdir:

 

Şimşəkdi - çaxmağı yox,

Bir çaydı - axmağı yox,

Buluddu - yağmağı yox

Ürək səndən küsəndə.

 

"İlk görüş yerimin dolar gözləri", "Əsli kimi alışaydın közümə", "Könlüm olub dərdin, qəmin ustadı", "İstəyirdim öpəm o bal dodaqdan, Qara gözün həyasından utandım", "Dodağının tamı dodaqlarımda, Ovcumda saçının qoxusu qalıb", "Özünüz çiçəksiz, çiçəksiz gəlin, Ürəksiz gəlməyin, qızlar, görüşə", "Mənim yollarımı nə duman, nə çən, Mənim yollarımı gözəllik kəsir"... kimi misra və beytlər göstərir ki, şair son dərəcə həssas qəlbə malikdir, gözəlliyə vurğunluğunu Məcnun, Kərəm vurğunluğu ilə müqayisə edir:

 

Əflatunam, nəvəsiyəm Məcnunun,

Görən onun atası kim, oğlu kim?

 

lll

 

Neçə yol Ərzurum gədiyində mən

Yıxılıb qalmışam qar uçqununda.

 

Əflatun şairin və şerin qarşısında ciddi tələblər durduğunu bilir və bunu başqa-larına da anlatmağa çalışır. Şeir ürəklərə od salmalı, insanın duyğu və düşüncələrini öz təsiri altına almalıdır, insan qəlbinə od qalamalıdır:

 

Mənim yüz kitaba adım düşüncə,

Kaş bircə ürəyə odum düşəydi.

 

"Şairlər doğulur əzab çəkməyə", - bu onun öz sözləridir və bunu bilə-bilə dünyanın hər əzabına dözdüyünü, lakin söz qoşmaqdan yorulmadığını bildirir: "Vallah, söz qoşmaqdan yorulmamışam". Şeirsiz ötən hər bir anını "hədəfə dəyməyən ox", şeirli anlarını "bir ilk bahar" hesab edir, "Sinəsində sənət diləyinin qaynadığ-ını" qeyd edir. Şairi elin dərdi,  vətənin parçalanmasından doğan ağrı-acılar daha çox ağrıtmalıdır. Elə buna görə də Əflatun el dərdi ilə dolanmağın "şirinliyini" də yaxşı duyur; el qeyrəti çəkənlərin daim əzablar içərisində olduğunu, bu dünyada yalanın ayaq tutub yeridiyini, həqiqətin dili tutulmasa da, haqqa, həqiqətə baxan olmadığını bilir. Şair olan öz halal tikəsi ilə dolanmalıdır:

 

Gərək el dərdini dada biləsən,

Yağ üstündən balı yaxmağa nə var?!

 

lll

 

Namərddən demişəm, mərddən demişəm,

Mən də sənin kimi dərddən demişəm.

 

lll

 

Yalan danışıram, tutulur dilim,

Doğru danışıram, sözüm yerimir.

Əflatun, el çəkməz şair çəkəni,

Milyona dəyişmə halal tikəni.

 

Sərdar Əsəd, Əli Kərim kimi çox erkən dünyadan getmiş istedadlı şairləri misal gətirir, onları özünə örnək bilir, onların nakam taleyini bir şair kimi dünya qeydi ilə içəridən yaralanmaları ilə izah edir:

 

Şairlər də vətən igidləridir,

Şairlər içindən yaralanıblar.

Bitsə də yarıda həyatı, ömrü,

Sənətdə əbədi yol gedir onlar.

 

Vaxtilə Sərdar Əsəd deyirdi:

 

Yerli-yerində hər söz qiymətli bir incidir,

Ürəkdən gəlməyənlər ürəkləri incidir.

 

Əflatun da bir şair kimi şerin bu cəhətini daim diqqət mərkəzində saxlamağı özünə şüar etmişdir:

 

Yerinə düşməsə ən dürlü söz də,

Ürəyi göynədib, dili incidər.

 

Poeziya insan duyğularının səlis, sərrast, ritmli və emosional ifadəsidir. Şeirdən söhbət gedirsə, poeziyanın şirin dili ilə insanların hisslərinə təsir etmək, onla-rın mənəvi aləmini zənginləşdirmək tələb olunursa, şair öz duyğularını düzgün oxumalıdır. Əks təqdirdə, həqiqi poeziyadan danışmaq olmaz, çünki poeziya zərif və həssas qəlbin bəzən titrək, bəzən ətrafa hikmət inciləri səpən dili, bəzən də üsyan edən, haqsızlığı, nadanlığı, yaramazlığı külə döndərməyə çalışan alovu, odudur. Yalnız həssas qəlbi olanlar həqiqi poeziya nümunələri yarada bilirlər. Həm də tələb olunur ki, duyğu və düşüncələrinə xəyanət etməyəsən, duyğuları qələmə alanda "özün olasan", onları saxtalaşdırmayasan.

 

Kirpiyim gözümə gözətçi durub,

Qoymayır yaxına yuxularımı.

Bir şair babayam, boynumu burub

Mən də oxuyuram duyğularımı.

 

lll

 

Taleyə gah küsüb, barışıram mən,

Xəyallar mülkündə sayrışıram mən,

Başqa vaxt hamıya qarışıram mən,

Mən şeir yazanda özüm oluram.

 

Əflatunun şair xəyalı bizim bu sirli dünyamız haqqında orijinal misralar, beyt və bəndlər yaratmışdır. Böyük Şəhriyar kimi, o da bu dünyanı "yalan dünya" hesab edir.

 

Biz Əflatunla birlikdə Kəlbəcərdə çox olmuşuq, Dəli dağın xalı kimi Yer üzünə sərilmiş çiçəkli yamaclarında çox gəzmişik, İstisuyun sanatoriya klubunda Q.Qasımzadə, M.Günər, M.İsmayıl, M.Aslan, D.Abbas, Ş.Əsgərov və başqalarının iştirakı ilə gözəl poeziya gecələri keçirmişik. Belə gecələrin özünü sevdirən, ətirli çiçəklərlə, gözəl qızların şairə baxıb çəkdikləri rəsmlərlə təbrik edilən bir nümayəndəsi də Əflatun olurdu. Çox zaman dibi görünməyən Bağırsaq dərəsindən aşağılara axan Tərtərin səsli-küylü mahnılarını birlikdə dinləmişik, sanatoriya qarşısındakı güllü-çiçəkli yamacın bal qoxusu ilə nəfəs almışıq. İndi mən Əflatunun "Bu doğma elim" şerini oxuyanda onun nələr çəkdiyini, o yerlərin həsrəti ilə necə qovrulduğunu hamıdan çox hiss edirəm:

 

Gah zildən, gah pəsdən ötəndə Tərtər,

Qayalar içində itəndə Tərtər,

Vətənsiz qalanda vətəndə Tərtər

Həsrətdən kövrələn səsinə qurban.

 

Şairin çiynində ağır bir dərd yükü də Təbriz dərdidir, Azərbaycanın vaxtilə Ru-siya ilə İran arasında parçalanmasından, ikiyə bölünmüş vətənin o tayının həsrə-tindən doğan kədərdir. Bu kədər hamımızın qəlbində vardır:

 

Təbriz unudulmaz əsrlər boyu,

O, öz torpağımız, öz daşımızdır.

Nə bilim, bəlkə də, Arazın suyu

Bir əsr yarımlıq göz yaşımızdır?!

 

Əflatun: "Bir diyar ağ günün xoş baharında, Bir diyar həsrətin sərt qışındadır" - dedikdə də şimalla cənubu müqayisə edir, lakin heç şübhəsiz, onun şimal üçün dediyi "ağ günün xoş baharı" da nisbi xarakterdədir, çünki bu xalq hələ azı altı yerə parçalanmış vətən torpağının çox kiçik bir küncünə qısılmışdır.

 

Əflatun da şifahi xalq şeiri tərzində yazan şairlərimizdəndir. Qoşma, gəraylı, bayatıları vardır. Yeri gəldikcə qəzəllər də yazmışdır. Obrazlılığa, poetik kəşflərə daha çox meyil edir, misraları tutumludur, mənalıdır, simvollardan, fikrin metaforik ifadəsindən, orijinal təşbehlərdən geniş istifadə edir, ona görə də hər bir şeiri oxunur, oxucu şairin təbii və özəl müqayisələrindən, orijinal qafiyələrindən ləzzət alır. Aşağıdakı bəndlərə diqqət yetirmək kifayətdir:

 

Ulduzlar gecənin göz yaşlarıdır,

Axıb yanağında gilələnibdir.

Ulduzlar səmanın naxışlarıdır,

Kiminsə əlilə ilmələnibdir.

Ulduzlar, bəlkə də, Qafdan asılan

Prometey əlində od parçasıdır.

 

lll

 

Tərpədib, dindirib ilhamım məni,

Bulaqlar önündə bulaqlaşmışam.

Özüm də bilmədən açıb qolumu

Mən bu gözəlliklə qucaqlaşmışam.

 

"Bəlkə, göbələklər meşə gözəlin Yaşıl xalatının düymələridir", "Göydə qatarlaşan qərib durnalar Bu payız şerimin şah misrasıdır" , Xəzər haqqında dediyi "O, qız qalasının göy örpəyidir, Nə vaxtsa başından sürüşüb düşüb" kimi beytlərdəki müqayisələr çox təbiidir. Duyğu və düşüncələri səmimi və zərifdir:

 

Elin şad günündə, xürrəm günündə

Aşıq mizrab vursa telə - nəğmədi.

 

lll

 

Danışdım sulara yuxularımı,

Sular bir qədər də duruldu, axdı.

 

lll

 

Çiynində əkməsən kədər yükünü,

Qəlbində dünyanın sevinci bitməz.

 

lll

 

Mənə zirvə olub mən duyduqlarım,

Məndən ucadadır məni duyanlar.

 

lll

 

Evin qapısından əvvəl qonağa

Ürəyin qapısı açılmalıdır.

 

Bizim bu yığcam qeydlərimiz Əflatunun poeziyası haqqında müəyyən təəssürat yaradır, gətirdiyimiz misra və beytlər göstərir ki, Əflatunun şeirlərini oxumağa dəyər, bunlar şeir yazmaq, şöhrət qazanmaq naminə yazılmış əsərlər deyil, həqiqi şair qəlbinin çırpıntıları və obrazlı ifadəsidir.

Qəzənfər KAZIMOV

Filologiya elmləri doktoru, Əməkdar elm xadimi

 

525-ci qəzet.- 2018.- 9 may.- S.7.